"Qucağını
geniş aç, gəlirəm, Ana torpaq!"
ZAUR USTACIN "40 GÜN-40 ŞEİR" KİTABI
HAQQINDA QEYDLƏR
İnsan nəsli tarixən sözə tapınıb,
sözə sığınıb, sözdən güc
alıb, içindəki yanğını sözlə
söndürüb. Bəşər tarixində ən qanlı
hadisələr sözlə ifadə olunub. Söz bəşər
övladının sevinc və kədərinin ifadəçisi
olub.
Hər zaman savaşlarda olduğu kimi, Qarabağ savaşında
da işğalçıya ilk zərbələrimizi Sözlə,
poeziya ilə vurduq. 1990-cı illərdən poeziyamızda
torpaqlarımızın qorunmasına
çağırış mövzusu diqqət çəkdi.
Hüseyn Arifin "Göyçəlilər,
dağılmayın Göyçədən" misrası ilə
mübarizlik motivləri şeirimizə hakim oldu. Daha sonra
şəhidlik, torpaq itkisi, didərginlik, qərib məzar
mövzuları da ön plana çıxdı. Və nəhayət,
Ali Baş Komandanın göylərə yüksələn və
düşməni qorxudan Dəmir Yumruğu həyatımızı,
yaşantılarımızı dəyişməklə bərabər,
poeziyamıza Zəfər və şanlı qəhrəmanlıq
mövzularını ərməğan etdi.
Qarabağın, torpaqlarımızın
azadlığı mövzusu, demək olar ki, Azərbaycan
şairlərinin heç birinin
yaradıcılığından yan keçməyib.
Döyüşçü və zabit şairlərimiz isə
keçdikləri həm ağrılı, həm şərəfli
ömür yollarınındakı yaşantılarını
oxucularla bölüşməyi üstün tutdular. Bu
baxımdan Zaur Ustacın da şeirləri diqqət çəkir.
Onun Qarabağ mövzusunda
yazdığı şeirləri mətbuatımızda
ardıcıl çap olunur və sevilərək oxunur.
Zaur Ustacın şəhidlərimizin əziz xatirəsinə
həsr etdiyi "40 gün-40 şeir" kitabı oxucunu həm
kövrəldir, həm də qürurlandırır.
"Zabitlər" şeiri gələcək
nəslin peşə seçiminə yönələn bir
çağırışdır. Qeyd edim ki, bu, "Zabitlər"
ismi ilə rastlaşdığım ilk şeirdir.
Bu çox həssas hekayə;
Duymaz onu hər ürək.
Duymaq üçün bu qəlbi,
Bu yoldan keçmən gərək!
Duyğulu misralardır, dəyərli fikirlərdir.
Əslində bu düşüncələri də elə
zabit ömrü yaşayanlar daha yaxşı anlayıb qəbul
edər:
Zabit hava, zabit su,
Zabit yol, zabit torpaq,
Zabit tənha bir ağac,
Zabit zirvədə bayraq!
Şaxtada sınar şaxı,
Gündə çıxar cızdağı.
Palçıqlı çəkmələri
Daşıyır Yurd torpağı.
Sadə olduğu qədər də qürur, fəxarət
hissi ilə dolu misralar... Məni Murov dağlarına
götürdü bu misralar. Qarlı Murovda igidlik zirvəsini fəth
edən, orada buz heykəllərə dönən
döyüşçü zabitlərimiz gözlərim
önündə canlandı.
"Bu belədir" (Əsgər haqqında ballada)
şeiri döyüşçü əsgərin özü
ilə söhbətidir. "Qucağını geniş
aç..." şeiri isə qəhrəman gizir Pəncəli
Teymurova həsr olunub.
Qucağını geniş aç, gəlirəm, Ana
torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam
taq-taraq,
Hər "gəlirəm" deyəndə, əlimdə
vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi...
Sancmışam sancağımı, rahat gəlirəm
indi...
Bir döyüşçünün hərb yolunu bu
cür dəqiq və təsirli verə bilmək hər
şairə nəsib olmur. Zaur ustac o
döyüşçülərlə bir vaxt eyni həyatı
paylaşdığı üçün belə duyğulu
misralar yaza bilib:
Sıra ilə gəlirik, yer ver girək qoynuna...
Çox dilək diləmişdim - Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin
düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını
sıxma ha...
"Oğul düşmən çəpəri",
qurban gedər torpağa...
Bu misralarda canını torpaq uğrunda qurban verən
bütün döyüşçülərimizin parlaq
obrazı canlanır. Hətta belə demək mümkünsə,
igidlərimizin sözlə çəkilmiş portretini
görmüş oluruq. Kitabda general Polad Həşimova, qəhrəman
zabitimiz İlqar Mirzəyevə həsr edilən təsirli
şeirlər də yer alıb. Eyni zamanda 44 günlük
savaşda qalib olmağımıza yol açan Xalq-Ali Baş
Komandan-Ordu birliyi də poetik dillə təqdim edilib.
Ömrünün 50-ci baharını yaşayan vətənpərvər
şairimiz Zaur Ustaca həyat və yaradıcılıq
yollarında yeni uğurlar diləyirəm. Qələmi iti,
könlü sözlü-söhbətli olsun!
Mərziyyə NƏCƏFOVA
Filologiya elmlər doktoru, AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin
baş elmi işçisi
525-ci qəzet .- 2025.- 6 may(№77).- S.15.