Qalib əsgərin gündəliyi
YAXUD UNUDULMAZ SURXAY QURBANOVUN ŞƏRƏFLİ
DÖYÜŞ VƏ FƏALİYYƏT YOLUNDAN SƏTİRLƏR
Tanıtma
Surxay Qurbanov Qarabağın ağayana, köhnə
kişilərindən idi. Məclislərdə yeri
"buyur-buyur"la yuxarı başda olardı.
Bayır-bacada, yolda-rizdə qarşılaşanlar - istər
böyük, istər kiçik olsun - hörmətlə, izzətlə
onunla salamlaşar, lap yaxınlar isə əl tutub
görüşmək, hal-əhval bilmək üçün
qabağına gedərdilər.
1977-ci ildə, ömrünün 65-ci ilini
tamamlamamış haqq dünyasına qovuşan Surxay müəllim
elə cavan yaşlarından beləcə xətir-hörmət
yiyəsi, bir el ağsaqqalı mərtəbəsində,
ucalığında idi. Surxay müəllim öz
ömür-gün yolu, o ömür-gün yolundakı
işi-əməlləri ilə bunları haqq etmişdi.
O, 1912-ci ilin bir payız günü, oktyabr ayında
Şuşa qəzasında, Ağdamın Seyidli kəndində
dünyaya gəlmişdi. 1930-cu idə, on səkkiz
yaşında pedaqoq kimi əmək fəaliyyətinə
başlamışdı. Ağcabədi, Ağdam
rayonlarının müxtəlif kəndlərindəki məktəblərdə
sıravi müəllim, tədris hissə müdiri, direktor
işləmişdi.
Sonra... Sonra da qan yaddaşımıza çevrilən
1941-1945-ci illər... Və 1941-ci ilin iyun ayından, müharibənin
elə başladığı gündən 1945-ci ilin avqust
ayına kimi İkinci Dünya müharibəsinin
iştirakçısı, Şimali Qafqazdan
başlamış 1-ci və 2-ci Ukrayna Cəbhəsində
döyüş yolu keçmiş əsgər, zabit!
Keçmiş döyüşçü qalib əsgər
kimi ordudan tərxis edilib Ağdama qayıtdıqdan sonra rayonda
partiya və sovet orqanlarında çalışdı. Sonralar
bir müddət hüquq-mühafizə orqanlarında işlədi.
Ümumittifaq Qiyabi Hüquq İnstitutunun məzunu olan Surxay
Qurbanov Oğuz (keçmiş Vartaşen) rayon prokuroru, Gəncə
vilayətinin Prokurorluğunda İstintaq İdarəsinin rəisi
vəzifəsində çalışıb.
1953-cü ildə yenidən pedaqoji fəaliyyətə
qayıdan Surxay müəllim 1954-cü ildən 1977-ci kimi,
dünyasını dəyişənəcən Ağdam şəhər
3 nömrəli məktəbin direktoru olub.
İkinci Dünya müharibəsində
döyüş xidmətlərinə görə
"Qırmızı Ulduz", "Birinci dərəcəli
Vətən müharibəsi" ordenləri, "İgidliyə
görə" medalı ilə təltif edilən Surxay
Qurbanov pedaqoji fəaliyyətinə görəsə
respublikanın "əməkdar müəllimi" adına
layiq görülüb.
Hələ yaz idi...
1941-ci il iyun ayının axırları olsa da,
Qarabağda hələ də sanki yazın əvvəlləri
idi. Onuncular buraxılış imtahanlarını verib
qurtarmış, indi də doğma məktəblə
vidalaşırdılar. Bu münasibətlə məktəbdə
təntənəli yığıncaq keçirilirdi. Müəllimlər
məzunları bir-bir təbrik edir, onlara gələcək həyatlarında
uğurlar arzulayırdılar. Cavan müəllimlərdən
Surxay Qurbanov da çıxış etdi.
Çıxışını o, belə bir təkliflə
bitirdi ki, sabah bazar günüdür, istərdim orta məktəbi
qurtarmağınız münasibətilə Marafon
qaçışına çıxasınız.
Dağlarımızın, düzlərimizin onsuz da
çal-çağırlı, laləzar vaxtıdır.
Şagirdlər sevimli müəllimlərinin təklifinə
dərhal tərəfdar çıxsalar da, çoxu intizarda
qaldı: "Marafon qaçışı? O nə
qaçışdır elə?"
Surxay müəllim şagirdlərinin baxışlarından əlüstü
onların sualını oxudu. Bir qədər fikrə gedib:
- Bilirsinizmi, uşaqlar, - deyə izah etdi, - qədim
dünya tarixində deyilir ki, Elladanın Marafon adlı düzənlik
yerində yunanlarla düşmən arasında amansız
döyüş gedirdi. Yunanlar öz torpaqları uğrunda
özlərindən güclü düşmənlə cəsarətlə
vuruşurdular. Vətənə, məhəbbət hissi onlara
yenilməz qüvvət vermişdi. Düşmən tərəf
məğlub olub qaçmağa üz tutdu. Bir afinalı
döyüşçü isə bu şad qələbə xəbərini
şəhər əhalisinə tez çatdırmaq
üçün Marafon düzənliyi ilə Afina
arasındakı 42 kilometrlik bir məsafəni
qaça-qaça gedib özünü şəhərə
çatdırır, ucadan qışqırır ki,
afinalılar, sevinin! Biz qalib gəldik!
Uzun bir yolu dayanmadan qət etmiş
döyüşçünün nəfəsi kəsilir və
o, yerə sərilərək həlak olur.
Surxay müəllim susub sözünə ara verdi,
sonra:
- Hə, uşaqlar, - bu igidlik şərəfinə o
vaxtdan bəri 42 kilometrlik məsafəyə Marafon
qaçışları keçirilir.
Ertəsi günü Marafon qaçışına
çıxmaq niyyətilə məzunlar evlərinə
dağılışdılar. Ancaq...
lll
Elə səhəri günü Surxay müəllim
şagidləri ilə birgə Marafon qaçışı əvəzinə
rayon mərkəzi Ağdama, hərbi komissarlığa
yollandı, cibində də cəbhəyə
könüllü getmək üçün ərizəsi!
Axı Vətən darda idi! Alman faşistləri qəflətən,
o vaxt vətən bildiyimiz bir ölkəyə - Sovetlər
İttifaqına hücum etmişdilər. Böyük bir
ölkə amansız düşmənlə müharibəyə
qalxmışdı. Şagirdləri ilə Marafon
qaçışına çıxmasa da, Surxay müəllim
həmin böyük və əzəmətli "Qələbə"
xəbəri uğrunda, təkcə SSRİ adlı bir məmləkəti
deyil, bütün bəşəriyyəti faşist taunundan
xilas etmək üçün düşmənlə
döyüşə getdi. Şagirdlərinə vətəni
sevməyi öyrədən müəllim cəbhəyə
getdi ki, həm də onlara həmin vətəni
qorumağı öyrətsin...
Ağdamdan, əzizlərindən, doğmalarından
Surxay müəllimin ünvanına məktublar gedirdi, əvvəlcə
Sovet-İran sərhədinə göndərilmiş Surxay
müəlliminsə aradan bir müddət keçmiş məktubları
döyüşən ordudan gəldi...
lll
Surxay müəllim cəbhəyə
yollandığı ilk vaxtlardan gündəlik tutmağa
başlayıb. Odun-alovun içində, mərmi, güllə
yağışı altında, ardıcıl olmasa da,
keçdiyi döyüş yolunun salnaməsini bəzən
geniş, bəzən də cəmi 2-3 sətirlə qeydə
alıb. Elə bu da hər gün, az qala hər an
ölümlə üz-üzə qalan cəsur
döyüşçünün bir hünəri, igidliyidir.
İndi də gündəlikdən sətirlər.
1942-ci ilin yayı
"Düşmən Zaqafqaziya respublikalarına can
atır. Faşistlər Mozdoku almış, bəzi yerlərdə
Terek çayını keçmişlər. Hissəmizdən
minomyot batalyonu təşkil etdilər. Xeyli hazırlıq təlimi
keçdik. İyunun axırlarında cəbhəyə yola
düşdük. Bizi Qudurmes stansiyasında 10-cu qvardiya
atıcı korpusuna verdilər. Terek çayı üzərindəki
dəmir yol körpüsünü keçib düşmənlə
döyüşə başladıq.
Mozdok cəbhəsində müdafiə
döyüşləri gedir. Müdafiədə durduğumuz ərazi
çılpaq qumluqlardan ibarətdir. Bərk istilər
keçir. Uzaqdan qum təpələri görünür.
Göydə günəş, yerdə torpaq yanır. Ancaq... ən
çox yanan döyüşçülərdir. Susuzluq
hamımızı əldən-dildən salıb. Bir-birindən
xeyli uzaqda yerləşən su quyularına isə
gündüzlər yaxın düşmək mümkün
deyil. Düşmənlər quyuları atəş altında
saxlayır. Yalnız gecənin qatı zülmətində
sürünə-sürünə quyulara çatır,
sapoqlarımızdan dolaqlarımızı çıxarıb
bir-birinə bağlayır, flyaqalarımıza bərkidib
quyulara sallayaraq su çıxarırdıq. Sonrasa cəld geri
dönməyə çalışırıq.
Bəzən qabını su ilə doldurub öz səngərinə
çatmağa az qalmış düşmən gülləsinə
tuş gələn əsgər də olurdu. Yaxın döyüşçü
dostlarımdan birinin taleyi beləcə sona yetdi.
Aldığı güllə yarasından yerində qovrulan əsgər
son nəfəsdə də olsa, yanğısıını
söndürmək üçün flyaqasını
başına çəkmək istədi. Lakin onu
dodaqlarına aparmağa gücü
çatmadığından qab yerə düşdü, su da
tamam yerə calandı. Əsgər üzü üstə
torpağa yıxıldı. Dodaqları ilə torpağı
yalayırdı. Bilmək olmurdu ki, o, su calanmış nəmli
torpağa dodaqlarını sürtməklə susuzluğunu
yatırmaq istəyirdi, yoxsa uğrunda vuruşub qurban getdiyi
torpağı son nəfəsində öpüb onunla vidalaşırdı..."
1942-ci ilin payızı
"Öz səngərlərimizdə düşmənin
növbəti hücumunu gözləyirdik. Bu zaman böyük
bir "Yunkers" dəstəsinin cənub istiqamətində
uçduğunu gördük. Tez səngərlərimizə
yatıb saydıq: 85 təyyarə idi. Lakin onlar bizim səngərlərə
bomba salmayıb başımız üstdən uçub
keçdilər. Bombardmançı təyyarələr
Bakıya tərəf uçurdu. Bütün azərbaycanlı
döyüşçülər dərindən köks
ötürdülər: "Deməli, Bakını
bombalayacaqlar..." Bu kədər hissi qəlbimdə kinə,
qəzəbə çevrildi. "Qoymarıq doğma Azərbaycan
torpağına faşist ayağı dəysin. Qəbrinizə
çevirəcəyik Şimali Qafqazı. Mozdokdan o yana
doğma Bakıdır!" Demə, o zaman bir tək mən
yox, bütün azərbaycanlı döyüşçülər
ürəklərində belə bir müqəddəs and
içiblərmiş: düşmənlər Mozdokdan
üzü biz tərəfə keçə bilməz".lll
...İbrətamiz bir tarixi rəvayətdə deyilir
ki, skiflərlə vuruşan Dari adlı hökmdar onların sərkərdələrini
ağır sözlərlə məzəmmət edir ki, bəs
sizin döyüşçülər açıq
döyüşdən qorxub geri çəkilirlər...
Skiflərin sərkərdəsi düşmənə
belə cavab verir ki, bizim əsgərlər bəzən
döyüş meydanından ona görə geri çəkilirlər ki, arxada əkilmiş
zəmilərimiz, şəhər və kəndlərimiz
yoxdur. Əgər sən bizim döyüşçülərimizin
cəsarətinə, qeyrətinə bələd olmaq istəyirsənsə,
onda babalarımızın, ulularımızın qəbirləri
olan yerlərə yaxınlaş...
Bax, onda bilərsən ki, kimlərlə
vuruşursan...
lll
Alman faşistlərinin işğal edə-edə gəlib
çıxdıqları Şimali Qafqazdan az qala üç
addımlıqda isə babalarımızın, ulularıməızın
əbədi uyuduqları torpaqlarımız, əkin-biçin
yerlərimiz, əzəli və əbədi Vətənimiz -
doğma Azərbaycan idi.
lll
1942-ci ilin qışı"Bizim korpusun
döyüşçüləri Mozdok istiqamətində
düşmənin hücumlarının
qarşısını alıb. Faşistlər Orconikidze şəhərində
hücuma keçdiyindən bizi oraya müdafiəyə
göndərdilər. Bütün gecə yol getdik. Ertəsi
gün sübh çağı Orconikidze şəhərinin
Bazarkin rayonuna çatdıq. Yerli sakinlərdən öyrəndik
ki, dünən faşistlərin üç kəşfiyyat
tankı şəhərə soxulubmuş.
Bazarkin bizim Qarabağ rayonlarına
oxşayırdı. Eyni ilə bizim tərəflərdəki
kimi ağacların budaqlarından payızdan qalan meyvələri
sallanırdı. Çoxdan bəri meyvə üzünə həsrət
qalan döyüşçülər yenicə meyvəyə
girişmişdilər ki, havada faşist təyyarələri
göründü. Pokrışkinin təyyarəsi havaya
qalxdı. Düşmən təyyarələri səmada
qartal görmüş qarğa kimi pərən-pərən
düşdü. Faşistləri Terekin o biri üzünə
qovmağa başladıq. Biz çayı keçərkən
düşmən yandırıcı güllələr
atmağa başladı. Müharibədə
yandırıcı güllənin dəhşətini ilk dəfə
onda gördük. Qoşunlarımız şəhərin bir
neçə rayonunu azad edib Kazbek dağıının ətəklərinə
çatdı. Burada düşmənin çoxlu
texnikasını və sursatını qənimət
götürdük. Həmin anbarlarda sarı kağıza
bükülmüş bulkalar vardı. Üzərində də
hazırlandığı tarix yazılmışdı: 1938-ci
il. Bu, faşistlərin müharibəyə çoxdan
hazırlaşdığını sübut edən faktlardan
idi".
1943-cü il, 10 mart
"Daxil olduğum 269-cu qvardiyanın zenit topçu
polku yeni tapşırıq almışdır. Novorossiysk şəhərinə
desant çıxarmaq. Hazırlıqdan sonra
komandanlığın əmrini yerinə yetirdik. Başqa hissələrlə
birlikdə axşam gəmilərlə Novorossiyskə
yollandıq. Düşmən bizi dənizdə
qarşıladı. Ancaq döyüşçülərimiz
misilsiz igidliklər göstərdilər. Bu gün səhər
tezdən "Proletari" sement zavodu ərazisində
fevralın 4-də çıxarılmış qoşun hissələri
ilə birləşdik. Biz də "Kiçik
torpağ"ın sakinləri olduq..."
Oxuduqlarımdan
"Bu sahə doğrudan da kiçikdir" - otuz kvadratkilometrdən
azdır. Həm də böyükdür - fədakar qəhrəmanların
qanına boyanmış hətta bir qarış torpaq beləcə
böyük ola bilər. Şəraitin oxucuya aydın
olmasından ötəri onu deyim ki, desant çıxarılan
günlərdə buxtanı keçib Kiçik torpağa qədəm
qoyan hər kəs orden almışdır".
Daha bir fakt
"Hesablanmışdır ki, Kiçik
torpağın hər bir müdafiəçisinin payına
ölüm saçan 1252 kq metal
düşmüşdür".
1943-cü il, 30 oktyabr
"Bir aydan çoxdur ki, Kiçik torpaqdayıq.
Hər gün düşmənin saysız-hesabsız həmlələrini
dəf edirik. Bura əsl mərdlik və igidlik
meydanıdır. Faşistlərin səyinə baxmayaraq, hər
gün axşam böyük torpaqdan bizə kömək,
döyüş sursatı, yemək və sair gətirilir. Hətta
içməli suyu da böyük torpaqdan alırıq. Ağır
döyüşlər, yuxusuzluq, ərzaq sarıdan çəkdiyimiz
çətinliklər döyüsçülərimizin iradəsinə
qıra bilmir".
1943-cü il, 18 sentyabr
"Səhər açılsa da, hələ hava
qaranlıq idi. Novorossiysk üzərində çoxlu təyyarə
uçduğunu, dənizdən bizə doğru xeyli
böyük və kiçik gəmilər
üzdüyünü gördük. Bizimkilər idi!
Düşmən üzərinə həlledici
hücuma keçdik. Faşistlərin uzun müddətli
müdafiə xətti yarıldı. Altı günlük
küçə vuruşmalarından sonra şəhəri
faşistlərdən təmizlədik.
Kiçik torpaqda bizim topçu alayı düşmənin
qırx yeddi təyyarəsini məhv etmişdi. Onlardan birini
idarə etdiyim iri kalibrli "DŞK" markalı puleymotla
vurub saldığım üçün məni
"İgidliyə" görə medalı ilə təltif
etdilər".
1944-cü il, 18 oktyabr
"Döyüşlər artıq Çexoslovakiya
torpaqlarında gedir. Biz Karpat dağlarının ətəklərində
vuruşuruq. Payız olsa da, yaxınlaşan qışın
şaxtalı nəfəsi hiss olunur. Düşmənin əks
hücumlarını gözləyirdik. Lakin faşistlərin
haradan həmlə edəcəklərini bilmirdik. Odur ki,
kiçik dəstələrə bölünüb qəfil
hücumların qarşısını almaq üçün
müdafiə mövqeyinə keçmişdik. Bizim zenit
puleymotçu bölmə əsas qüvvələrdən
xeyli aralı düşmüşdü. Heç kəs
düşmənin dolama dağ yolları ilə bu istiqamətdə
həmlə edəcəyini gözləmirdi. Əsas vəzifəmiz
ensiz dağ yolunu qorumaq idi. Səhərə yaxın əks tərəfdən
düşmən piyadalarının
yaxınlaşdığını gördük.Üç nəfərin
üstünə 250 faşist gəlirdi. Qərargaha xəbər
vermək üçünsə nə ratsiya, nə fişəng
var idi. Uca dağların o tayına isə səs çata
bilməzdi... Cəld mövqe seçib qəflətən atəş
açdım. Döyüş 6 saatdan çox idi ki, davam
edirdi. Sursatımız tükənir, yorğunluqdan gözlərimiz
qapanırdı. Bizim mövqeyə minlərlə güllə
aramsız yağış kimi yağırdı. Birdən
döyüşçülərdən biri həyəcanla
bağırdı: "Komandir, əllicə patronumuz
qalıb!" Nə etməli? Ancaq birdən möcüzə
baş verdi. Müharibədə odun-alovun içərisindən
keçən döyüşçünün sağ
qalması elə müharibənin saysız-hesabsız
möcüzələrindən deyilmi?!
Sən demə, qonşu məntəqənin komandiri, zəif
də olsa, atəş səslərini eşitmiş, bizə
kömək göndərmişdi. Lakin biz hələ bunlardan
xəbərsiz idik. Və belə qərara gəlmişdik ki,
bu patronları da atıb qurtardıqdan sonra son qumbara ilə
özümüzü məhv edək!
Faşistlər isə özlərindən sayca qat-qat
çox olan sovet əsgərləri ilə döyüşə
girdiklərini zənn edərək atəş bölgəsinə
tüstü şaşkaları atdılar və tüstü pərdəsi
altında geri çəkilməyə məcbur oldular.
Haşiyə
Köməyə gələn
döyüşçülərimiz döyüş
meydanında 102 faşist cəsədi sayıblar. Surxay Qurbanov
I dərəcəli "Vətən müharibəsi"
ordeni ilə təltif olunub, komandanlıq isə onu Sovet
İttifaqı Qəhrəmanı adına təqdim edib.
1945-ci il, 15 aprel
"Bu günə keçən gecə həlak ola
bilərdim... Komandanlıq dağda yeni döyüş mövqeyi
tutmağı əmr etmişdi. 220 kiloqram
ağırlığında pulemyotları çaydan
keçirib qarşıdakı yamacda qurmalı idik. Ancaq
pulemyotları döyüş mövqeyinə aparmazdan əvvəl
kəşfiyyata getdik. Dəstəmizə vzvod komandiri,
dörd pulemyotçu və on nəfər
döyüşçü daxil oldu. Mən vzvod komandiri ilə
qabaqda gedirdim. Qəfildən səngər qazan faşistlərə
rast gəldik. Düşmən zabiti bizim komandirin üstünə
atıldı. Onlar əlbəyaxa oldular. Mən cəld
komandirin köməyinə tələsdim. Faşist zabiti onu
üstələmişdi. Atəş açmaq da
mümkün deyildi. Mən hər ikisini qollarım arasına
alıb sıxdım. Faşistin qolları boşaldı.
Komandri buraxıb bu dəfə məndən
yapışdı. Biz yamac aşağı yumbalana-yumbalana
bir-birimizi vururduq. Axırda faşist zabitinin sinəsinə
çıxıb pistoletə əl atdım. Pistoletin dəstəyi
ilə onun başına vurub gəbərdə bildim".
lllÖz igid həmyerlisi Qafur Məmmədovun qəhrəmanlığını
təkrar edib komandirini ölümdən xilas etdiyinə
görə döyüşçü Surxay Qurbanov
"Qırmızı Ulduz" ordeninə layiq
görüldü.
Praqa uğrunda 1945-ci ilin may ayında son döyüşlərdə
iştirak edən Surxay Qurbanov qalib əsgər kimi həmin
ilin noyabrında doğma Vətənə qayıtdı.
Ağdamda yaxası orden-medallı igid zabiti hörmətlə,
ehtiramla qarşıladılar.
Surxay müəllim evdə çox oturmadı. Onu
rayon Partiya komitəsinə çağırdılar. Surxay müəllim
raykomun təlimatçısı oldu. Bir müddət sovet
işində çalışdı. Sonra onu
hüquq-mühafizə orqanlarında işə dəvət
etdilər. Surxay Qurbanov isə qəlbən müəllim idi.
Onun həyatında başlıca şey uşaqlara məhəbbət
idi. Və 1953-cü ildə Surxay müəllim yenidən pedaqoji
fəaliyyətə qayıtdı.
lll
Surxay müəllimin 50-ci illərin ortalarında qələmə
aldığı bir əlyazmasında Qarabağ
xanlığının tarixindən, ermənilərin bu yerlərə
köçürülməsindən bəhs olunur. Həmin
illərdə Surxay müəllimi Qarabağın tarixini
yazmağa, ermənilərin bu yerlərə
köçürülməsindən söhbət
açmağa vadar edən nəymiş görən?! Axı
o vaxtlar "Hayastan"la sovet Azərbaycanının
"qardaş" olduğu illər idi...
Allah rəhmət eləsin Surxay müəllimə!
Kim bilir, bəlkə də, bu, erməni xislətinə
yaxşı bələd olan, tarixdən yaxşı baş
çıxaran bir ziyalının uzaqgörənliyi, bu yerlərə
rus siyasətilə köçürülən ermənilərin
nə vaxtsa Qarabağa yiyə durmaq iddiasına düşəcəklərini
əvvəlcədən hiss edən müdrik bir insanın bizə
xəbərdarlığı imiş: öz yurdunun
keçmişinin, dünəninin tarixini öyrənib bilməyən
sabah o torpaq uğrunda vuruşmağı, qorumağı da
bacarmaz!..
Bir də: - Koramal kimi bir şeydi ermənilər, - deyərmiş
Surxay müəllim, - gərək gözləyək
özümüzü, fürsət gözləyirlər
sancmağa..."
lll
Məkrli ermənilər o fürsəti ötən əsrin
səksəninci illərində tapdılar. Havadarlarına
arxalanan bədnam qonşularımız əsrlərdən bəri
arın-arxayın, gen-bol yaşadıqları, bir vaxt onlara
qucaq açmış doğma torpaqlarımıza tamah
saldılar, hətta beynəlxalq tibbi təşkilatlarda
"erməni xəstəliyi" adı ilə qeyd olunan,
düçar olub yoluxduqları mərəzə, dənizdən-dənizə
"Böyük Ermənistan" yaratmaq xülyasına
düşdülər. Beləcə, ötən əsrin 80-ci
illərinin sonlarında Birinci Qarabağ Müharibəsi
alovlandı. Minlərlə soydaşımız doğma
ata-baba yurdundan qaçqın, didərgin düşdü. Ermənilər
ötən əsrin ən amansız qanlı faciəsini,
Xocalı soyqırımını törətdilər.
Kəndlərimiz, şəhərlərimiz
işğal olundu. Eləcə də Ağdam...
Doğma Qarabağın müdafiəsi uğrunda
Surxay müəllimin də neçə-neçə
şagirdi şəhid oldu, itkin düşdü, yaralanıb əlil
qaldı...
Surxay müəllimin işıqlı ruhu göynəyə-göynəyə,
ah-fəğan qopara-qopara, xarabalığa çevrilən
müqəddəs torpaqlarımız üzərində
narahat-nigaran uçub dolaşdı. Rahatlıq bilmədi. Və
aradan 30 il keçəndən sonra ana torpağın
özü kimi öz haqq dünyasına qovuşan yüzminlərcə
qarabağlılarla birgə Surxay müəllimin də ruhu
sevinib şad oldu, rahatlıq tapdı. Müzəffər Ali
Baş Komandanımız cənab İlham Əliyevin
döyüş əmri ilə xalq-ordu-komandanlıq qüdrəti
Dəmir Yumruğa çevrilib düşmənin
başına endi, 44 günlük Vətən müharibəmizdə
tarixi qələbə çaldı, torpaqlarımız erməni
işğalından azad olundu. Üçrəngli zəfər
bayrağımız-müqəddəs Azərbaycan
Bayrağı Xankəndidə dalğalandı. Bu tarixi Qələbə
uğrunda cəbhədə döyüşənlər
arasında Surxay müəllimin Birinci Qarabağ müharibəsində
vuruşan keçmiş şagirdlərinin övladları da
var idi. İkinci Qarabağ müharibəsində onlardan kimisi
şəhid oldu, kimisi qazi... Vətən müharibəmizdə
bu dəfə keçmiş qalib əsgərin doğma
xalqı yenidən qalib oldu!
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet .- 2025.- 6 may(№77).- S.14;15.