Şəhid
atasının məktubu
BÜTÖVLÜYÜNƏ QOVUŞAN VƏTƏN
ONLARIN ƏMANƏTİDİR
Şəhid atası yazmışdı. Hər
misrası polad əridən marten sobası kimi isti və
doğma olan bu məktubu oxuyanda hiss etdim ki, dərdin zirvəsindən
boylanan bir atanın yazdığından çox deməyə
sözü var.
Söz haqqı, söz demək haqqı hər zaman
onlarındır. Haqqımızda yazdığı fikirlərdə
də haqlı idi. Zəfərlə taclanan Vətən
müharibəsində daxili qoşunların əsgər və
zabitlərinin göstərdiyi şücaətləri, arxa cəbhədə
daxili işlər orqanları əməkdaşlarının
sabitliyi qorumaq, təhlükəsizliyi təmin etmək kimi vəzifələrini
peşəkarlıqla, məsuliyyətlə yerinə yetirdiklərini
şəhid atası kiçik məktuba böyük ürəklə
sığdırmağı bacarmışdı.
Onları təkcə əlamətdar günlərdə
deyil, hər gün yad edən, qayğıları ilə
maraqlanan Daxili İşlər Nazirliyinin, eləcə də Nəsimi
Rayon Polis İdarəsinin rəhbərliyinə və şəxsi
heyətinə təşəkkür etməyi də
unutmamışdı Xüsusi Təyinatlı Qüvvələr
mənsubu, şəhid kapitan Həmidağa Hüseynzadənin
atası Bağı kişi.
Daxili İşlər Nazirliyinə ünvanlanan məktubla
bağlı Nəsimi RPİ ilə əlaqə saxlayanda idarə
rəisi, polis polkovniki Vüqar Ağayevin: "O doğma
ocağa bizim əməkdaşlarımızla birgə getsəniz
daha münasib olar", - deməyi, düzü, marağıma
səbəb oldu. Ziyarətə çevrilən şəhid
evini doğma ocağı bilən həmkarıma deməyə
başqa söz tapmadım.
Bələdçimiz şəxsi heyətlə iş
üzrə rəis köməkçisi, polis
polkovnik-leytenantı Zaur Kərimov oldu...
Bizi şəhidimizin qardaşı Amin
qarşıladı. Onun öz doğmasını, əzizini
görürmüş kimi hər birimizlə, xüsusilə
polis polkovnik-leytenantı Zaur Kərimovla görüşməsi,
əslində, çox mətləblərdən xəbər
verirdi. Daha doğrusu, bu istilik, bu səmimiyyət bu evə,
ocağa doğma olanlara, onların dərdini öz dərdi,
sevincini öz sevinci bilənlərə göstərilə bilərdi
ancaq.
Şəhid atalarını kövrək
baxışlarından, şəhid analarını isə
oğul axtaran gözlərindən tanımaq olur. Bizi qəhrəmanımızın
divara vurulmuş şəkli önündə bağrına
basan Bağı kişi: "Oğlumdur, Həmidağadır",
- dedi. Həmin an mənə elə gəldi ki, şəkilə
doğru uzanan o əllərdən dünyanın ən
ağır daşları asılıb, o əllər dil
açıb ölümsüzlüyə qovuşan qəhrəmana
"Polis qardaşların xatirələrinin boy verdiyi evimizə
gəliblər", - demək istəyir. Şəklin
yanında baş-başa verən qardaş bayraqlar sanki onlara
sayğı duruşunda hərbi salam verən zabitimizin ruhunu
görüb daha əzəmətli dalğalanırdılar.
"Daxili İşlər Nazirliyinin əməkdaşları
və hərbi qulluqçuları da Zəfərimizin
memarlarındandır. Birinci Qarabağ müharibəsində
olduğu kimi, Vətən müharibəsində də həm
ön, həm də arxa cəbhədə onların göstərdiyi
fədakarlıqları biz şəhid ailələri çox
yüksək qiymətləndiririk. Bizim qanlı
döyüşlərdə düşmən bağrı yaran
övladlarımız bilirdilər ki, onların
doğmaları, əzizləri, ailələri əmin əllərdədir.
O 44 gündə, sözün əsl mənasında, Azərbaycan
Polisi güvən yerinə çevrildi. Müharibədən
keçən 5 il ərzində isə rayonumuzun polisləri
bizi tək qoymadılar, bu gün də
yanımızdadırlar".
Dəmir nizam-intizam, Vətən sevgisi ilə
yanaşı, müqəddəs andın çətiri
altında birləşən, dövlət tərbiyəsi
görmüş oğulların həssaslığından, vətəndaşlara
təhlükədən daha yaxın olmalarından,
canlarını belə əsirgəməyib həyat
qurtarmalarından çox yazmışıq, çox
yazıblar. Bu sözləri də şəhid atasının
dilindən ünvanımıza eşitmək çox
qürurverici idi.
Hər an, hər söz xatirəyə çevrildiyi
kimi, hər görüş də xatirəyə çevrilir.
Bir məktubun sorağı ilə üz tutduğum doğma
ocağın qapıları bu gün hər kəsin
üzünə açıqdır.
İnanırıq ki, şəhidimizin ata yurduna bundan
sonra təşrif buyuranlar Vətən sevgisinə bələnmiş
bir ömrə şahidlik edən şəkillərdə,
geyimlərdə, əsgər çəkmələrində,
bir sözlə, döyüşçüyə aid hər
şeydə bir müqəddəsliyin, Vətənə
sevginin nişanəsini görəcəklər.
Yaddaşlara yazılan, xatirəsi ehtiramla anılan
şəhid kapitan Həmidağa Hüseynzadəni tanıtmaq
üçün qısa ömrünün böyük
akkordlarına yenidən nəzər salaq.
Şəhidimiz 13 avqust 1990-cı il Bakıda
doğulub. 1997-2008-ci illərdə A.Şaiq adına 54
saylı tam orta məktəbdə oxuyub. Məktəbi bitirdikdən
sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
daxil olub və 2012-ci ildə fərqlənmə ilə bitirib.
2013-cü ildən Ağcabədi və Ağdam rayonlarında
xidmət edib. Elə həmin il Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi
yubiley medalı ilə təltif olunub.
Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə
2014-cü ildən başlayıb. Əvvəlcə baş kəşfiyyatçı,
qrup komandirinin müavini, daha sonra qrup komandiri vəzifəsində
xidmət edib.
Türkiyədə və Gürcüstanda keçirilən
təlimlərdə iştirak edib, sertifikatlar alıb. Aprel
döyüşlərində göstərdiyi igidliyə
görə möhtərəm Prezidentimiz cənab İlham
Əliyev tərəfindən medalla təltif olunub.
O, rus, ingilis və erməni dillərini bilirdi.
Düşmənlərin pusquya salınmasında dil bilgisi,
savadı, qərarvermə bacarığı onun çox
köməyinə çatmışdı.
Torpaqlarımızı azad etmək, illərin qisasını
almaq fürsəti verən Vətən müharibəsi
ümumilikdə xalqımızın, xüsusilə Həmidağa
kimi döyüşlərdə, mühüm
tapşırıqlarda püxtələşən, təcrübə
qazanan xüsusi təyinatlıların ən çətin
sınağı idi.
Cəsur kəşfiyatçının müharibənin
ilk günlərində Murovdağ silsiləsindəki
"Canavar qulağı" adlandırılan postları
düşməndən geri almaq üçün əsgərləri
ilə birlikdə göstərdiyi böyük fədakarlıqlar
bu gün də dillər əzbəridir.
Sentyabrın 28-də isə "xallı" (Aprel
döyüşlərindən sonra düşmən onu belə
adlandırırdı. Şəhidimizin üzündə qara
xalı vardı), Həmidağa düşmənin növbəti
həmləsini dəf edərkən şəhidlik zirvəsinə
ucalır. O, II Fəxri xiyabanda torpağa
tapşırılıb. Ölümündən sonra
"Qarabağ ordeni", "Kəlbəcərin azad
olunmasına görə", "İgidliyə görə"
və "Vətən uğrunda" medalları ilə təltif
olunub. Şəhidimizin Həmidə adlı övladı bizlərə
yadigar qalıb.
Hafiz TƏMİROV
Polis polkovniki
525-ci qəzet .- 2025.- 6 may(№77).- S.13.