"Xəzər dənizi quruyarsa, çox
böyük ekoloji faciə baş verər"
"Xəzəryanı dövlətlər bu dənizin
qorunması ilə bağlı düzgün bir plan həyata
keçirsələr,vəziyyət qaydasına düşər"
Dünyanın ən böyük gölü olan Xəzər
dənizi quruma təhlükəsi ilə üz-üzədir.
Əslində Xəzərin səviyyəsi 1990-cı illərin
ortalarından etibarən azalmağa başlayıb. Dənizin
su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə
isə 20-25 santimetr enmə müşahidə edilib.
Mütəxəssislərin fikrincə, Xəzərin
qurumasına səbəb ilk növbədə iqlim dəyişikliyidir.
Təxminən 20 il əvvəl Rusiyanın mərkəzi hissəsindən
keçən və yağıntılarını Volqa su
hövzəsinə tökən Atlantik okeanından daim
siklonlar gəlirdi. Bu sular Xəzər dənizinə
tökülürdü və dənizin öz buxarlanma
balansı, su axını var idi. Hazırda bu siklonlar daha da
şimala doğru hərəkət edir və
yağıntıları Moskva, Sankt-Peterburq ərazilərinə
tökür və Şimal Buzlu Okeanına qarışır.
Hazırda isə Volqada su qıtlığı yaranıb, o,
çox dayazlaşıb və müvafiq olaraq Xəzər dənizi
də eyni halla üzləşib.
Son 30 ildə dəniz səviyyəsi 2,5 metrə
yaxın azalıb, bu yaxın illərdə isə illik azalma həyəcanverici
həddə - 20-30 santimetrə çatıb. Həmin sürətli
dayazlaşma təcili tədbirlər görülməsini tələb
edən ciddi ekoloji və iqtisadi risklərə səbəb
olur. UNEP tərəfindən bu yaxınlarda
hazırlanmış "Xəzər dənizinin səviyyəsinin
tərəddüdləri və iqlim dəyişiklikləri"
hesabatı iqlim dəyişikliyi, regional hidrologiya və dəniz
səviyyəsinin düşməsi arasında mürəkkəb
əlaqəyə dair kritik fikirlər təqdim edir. Onun əsas
nəticələri arasında dəniz səviyyəsindəki
dəyişikliklərin ekosistemlərə, iqtisadiyyatlara və
infrastruktura bir sıra təsirlərini aradan qaldırmaq
üçün əlaqələndirilmiş, transsərhəd
tədqiqatlara təcili ehtiyac olduğu yer alır. Əldə
edilən fikirlərə əsaslanmaq və ekspert dialoqunu davam
etdirmək vacibdir. Bu, iqlim dəyişikliyinin Xəzər dənizinin
sahil zonasına və onun infrastrukturuna təsirini azaltmaq
üçün birgə strategiya və uyğunlaşma
planının hazırlanmasına kömək edəcək.
Xəzər dənizi suyunun getdikcə azalması son
illər yenidən narahatlıq doğurur. Qeyd etdiyimiz kimi,
ekoloqların böyük əksəriyyəti bunun səbəbini,
əsasən, son illər yağıntıların və
qlobal istiləşmə nəticəsində Xəzər
hövzəsinə tökülən suyun həcminin
azalması ilə əlaqələndirir.
Coğrafiya üzrə elmlər doktoru, professor
Əmir Əliyev deyir ki, Xəzərin səviyyəsinin bundan
sonra da 1-1,5 metr də aşağı düşəcəyi
proqnozlaşdırılır: "Bu müddət ərzində
əgər Baltik sistemi ilə - 29 metrə gəlib
çıxsa, yəni 1977-ci il səviyyəsindəki kimi
olsa, əlavə olaraq ərazilərimizin təxminən 13 min
hektarı da su altından çıxacaq. Həmin
çıxan torpaqlardan istifadə etmək istəyirlər.
Amma nəzərə almaq lazımdır ki, Xəzərdə
100 illik dəyişmələr var. Məsələn, Xəzərdə
ən yüksək səviyyənin 1805-ci ildə
bugünkündən 5-6 metr yuxarı olduğu müəyyən
olunub. O gündən bu günə qədər Xəzərin
səviyyəsi aşağı düşüb. Bu proses təxminən
2050-ci ilə qədər davam edəcək. 2050-dən sonra
yenidən Xəzərin səviyyəsində qalxma baş verəcək.
Ona görə də Xəzərin səviyyəsinin belə dəyişmələrinə
adaptasiya olunmaq lazımdır. Həmin o su altından
çıxan ərazilərdə isə çox böyük
obyektlər tikmək məsləhət deyil. Çünki Xəzərin
səviyyəsi qalxanda onlar su altında qalacaqlar. Ümumiyyətlə,
son 4 min ildə aparılan müxtəlif coğrafi, arxeoloji,
tektonik müşahidələr göstərir ki, 250 ildən
bir Xəzərin səviyyəsində enmə və qalxmalar
olur. Bu proses Xəzər üçün xarakterik qəbul
edilib. İndi 250 il onun enmə periodudur. Dediyim kimi, təxminən
bu əsrin ortalarına qədər enmə dövrü davam
edəcək. Enmə dövrünün içərisində
kiçik qalxmalar da ola bilər. Amma ümumi tendensiya enmə
dövrüdür. 2050-ci illərdə bu dövrün
qurtaracağı nəzərdə tutulub".
Ekoloq Qorxmaz İbrahimovun dediyinə görə, Xəzər
dənizi quruyarsa, çox böyük ekoloji faciə baş
verə bilər: "Dəniz suyunun azalması bir perioddur.
İqlim dəyişiklikləri ilə bağlı olan
müxtəlif səbəblər var. Xəzərin su
daşıyıcılarının iqlim dəyişikliyinə
görə suvarmaya cəlb olunması, istilənmə və
buxarlanmanın artması, yağıntıların azalması
bu sıraya daxildir. Xəzərdə enmə-qalxma
amplitudasını hər zaman görmüşük. Əgər
Xəzəryanı dövlətlər bu dənizin
qorunması ilə bağlı səmimi mövqe tutub
düzgün bir plan həyata keçirsələr,vəziyyət
qaydasına düşər. Dəniz təkcə ölkəmizə
məxsus deyil. Dünyanın iri qapalı su hövzəsi və
ən böyük gölüdür. Bu gölü xilas etmək
barədə təkcə biz yox, bütün beynəlxalq təşkilatlar
düşünməlidir. Əlbəttə, belə bir dənizi
itirmək çox kədərli hal olardı. Mən heç
də o fikirdə deyiləm ki, Xəzər dənizi yox olub
gedəcək. Amma "Xəzər quruyarsa, ərazimiz
artar", - deyə düşünənlər səhv fikirdədirlər.
Birincisi, Aral gölünün qurumasına nəzər salsaq,
görərik ki, oradakı canlılar, təsisatlar və
biomüxtəliflik məhv olub. Bu bir yana, bir də insanlar
köç edir, yaşaya bilmirlər. Çünki duzlu səhraya
çevrilən yerdən ancaq xəstəlik yayılır.
Hazırda Urmiya gölü də qurumaqdadır. Göl quruyur
və ətrafa zəhər saçır. Azərbaycan ərazisinin
artacağını deyən insanlara demək istəyirəm
ki, Xəzər dənizi quruyarsa, ancaq zəhər
saçacaq".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
bildirilib ki, Xəzər dənizində suyun səviyyəsi
getdikcə aşağı düşür və bu proses son
20-30 ildə daha ciddi şəkildə müşahidə
olunur. Onun da əsas səbəblərindən biri qlobal iqlim dəyişmələri
nəticəsində Xəzərə tökülən
çayların suyunun azalmasıdır. Doğrudur, müəyyən
zamanlarda dənizdə suyun səviyyəsində enmələr
müşahidə edilsə də, sonradan yenə də
qalxıb. Yəni belə qabarma və çəkilmələr
müxtəlif dövrlərdə baş verib. Xəzər dənizi
qapalı su hövzəsi olduğundan onun səviyyəsində
mövsümi dəyişmələr labüddür. Suyun səviyyəsinin
dəyişməsində başlıca amil onun hövzəsinin
iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən
dənizin su balansı elementlərindən, yəni onu qidalandıran
çaylardan və düşən yağıntının
miqdarından, həmçinin buxarlanmadan asılıdır:
"Dənizin dibində baş verən tektonik hərəkətlər
də səviyyənin dəyişməsinə təsir
göstərən amillərdəndir. Bu gün Xəzərin əsas
qida mənbəyi olan Volqa çayının axarında da azalma
müşahidə edilir. Tədqiqatlara əsasən, dənizdə
suyun səviyyəsinin azalması 2040-cı ilə qədər
davam edəcək. Tarixi mənbələrdə vaxtilə məşhur
Qız qalasının dəniz sularının içərisində
olması haqqında məlumatlara rast gəlirik. Hazırda isə
dənizlə qalanın arasında kifayət qədər məsafə
yaranıb. Deməli, Xəzər sularının çəkilməsi
prosesi nə bu günün, nə də dünənin
işidir. Göründüyü kimi, məsələ olduqca
ciddidir. Eyni zamanda Xəzər dənizinin səthinə
düşən yağıntılar da su balansının gəlir
hissəsi hesab edilir. Bütün bunlarla yanaşı, son illər
yeraltı su balansının gəlir hissəsində rolu və
dəniz səviyyəsinə təsiri də zəifdir. Bir
çox alimlərin gəldiyi qənaət isə ondan ibarətdir
ki, atmosfer sirkulyasiyasının qlobal dəyişməsi dəniz
səviyyəsinin dəyişkənliyinə təsir göstərir.
Bu dövrdə stabil formada ardıcıllıq yoxdur. Günəş
aktivliyinin atmosfer sirkulyasiyasına təsirinin fiziki mexanizmi də
məlum deyildir. Xəzər dənizinin çoxillik səviyyə
tərəddüdü və günəş aktivliyinin dəyişməsi
cədvəlinin analizi nəticəsində müəyyən
olunmuşdur ki, dənizin səviyyə tərəddüdləri
günəş aktivliyindən asılıdır.
Dünyanın ən böyük gölü olan Xəzər
dənizinin səviyyəsi 1995-ci ildən sürətlə
azalmaqda davam edir. Bu səviyyə dəyişmələri
artıq 100 ilə yaxındır ki, müxtəlif elmi-tədqiqat
işləri ilə təhlil edilir. Xəzər dənizinə
axan çay suyunun gah azalıb, gah artması da əsas səbəblərdən
biridir. Məlumdur ki, çaylarda da su həmişə eyni səviyyədə
olmur. Burada düşən yağıntılar, əriyən
qar təbəqəsi də böyük rol oynayır.
Dünyada baş verən iqlim dəyişiklikləri nəticəsində
artıq son illər qar və yağış
yağıntılarında da azalma müşahidə edilir.
Ona görə də dənizin səviyyəsində belə kəskin
dəyişmələr baş verir. Bütün bunlar onu deməyə
əsas verir ki, Xəzər dənizində suyun səviyyəsinin
enməsi son illərin aktual, bir o qədər də cəmiyyəti
ciddi narahat edən müzakirə mövzusudur".
Xəzər dənizini taleyin hökmünə buraxmaq
olmaz. Bu baxımdan bir sıra beynəlxalq konvensiyaların tələblərinə
ciddi əməl olunmalıdır. Onlardan biri də "Xəzər
dənizində dəniz mühitinin mühafizəsi
haqqında" çərçivə konvensiyasıdır.
Bu konvensiyaya görə, hər bir tərəf, o cümlədən
Azərbaycan dəniz mühitinin qorunması məqsədilə
öhdəlik götürüb. Ölkəmiz bu öhdəliyi
yerinə yetirir. İlk növbədə dənizə
axıdılan çirkab sularınının, atmosferə
buraxılan zəhərli qazların qarşısı
alınır, neft və neft məhsulları ilə çirklənmiş
torpaqlar təmizlənir. Qeyd edək ki, qurudulması
mümkün olmayan göllərin təmizlənməsi və
əhali üçün istirahət zonasına çevrilməsi
istiqamətində layihələr həyata keçirilir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 6 may(№77).- S.12.