Qranitdə əbədiləşdirilən
dövlətçilik
Azərbaycan heykəltaraşlıq sənətinin
görkəmli yaradıcılarından biri, Xalq rəssamı
Ömər Eldarov yarım əsrdən artıq dövrdə
yaratdığı bənzərsiz monumental və memorial əsərlərlə
böyük şöhrət qazanmışdır. Əzim
Əzimzadə adına rəssamlıq məktəbinin milli
heykəltaraşlıq ənənələri ilə İlya
Repin adına Sankt-Peterburq Rəssamlıq, Heykəltaraşlıq
və Memarlıq Akademiyasının sənət prinsiplərini
üzvi şəkildə birləşdirən görkəmli
heykəltaraş Ömər Eldarov Azərbaycan heykəltaraşlığında
yeni bir istiqamət yaratmağa nail olmuşdur. İlk növbədə
onu qeyd etmək lazımdır ki, dünya şöhrətli
fırça ustadı Tahir Salahov kimi, Ömər Eldarov da Azərbaycan
heykəltaraşlıq sənətində sərt realizm
üslubunda möhtəşəm əsərlər
yaratmışdır. Həmçinin Ömər Eldarov
süjetli heykəllər yaratmaqla Azərbaycan heykəltaraşlıq
sənətində orijinal bir yol açmışdır.
Ən əsası isə Xalq rəssamı Ömər Eldarov
ölkəmizdə düşünən heykəltaraşlıq
məktəbinin banisi miqyasında qəbul olunur.
Düşünən heykəltaraşlıq Ömər
Eldarovun sərt realizmindən doğan mütəfəkkir heykəllərini
meydana çıxarmışdır. Onun Məhəmməd
Füzuli (Tokay Məmmədovla birlikdə), Xurşidbanu Natəvan,
Hüseyn Cavid, Sədrəddin Ayni, Robindranat Taqor, Üzeyir
Hacıbəyli, Ziya Bünyadov və başqalarına aid əsərlərində
mütəfəkkir şəxsiyyətlərin tişə ilə
möhtəşəm heykəlləri
canlandırılmışdır. Yaratdığı heykəllərin
elmi-nəzəri cəhətdən təhlili göstərir
ki, lirik-romantik çalarlar Ömər Eldarovun sərt realist
üslubunun üzvi tərkib hissəsi olub, onun bənzərsiz
sənətini zənginləşdirməyə xidmət edir.
Ümumiyyətlə, Xalq rəssamı Ömər
Eldarov böyük şəxsiyyətlərin
obrazlarını yaradarkən onların fəaliyyətlərindəki
vətənə, dövlətə və xalqa
bağlılığı vəhdətdə ifadə etmək
ideyasını ön mövqeyə çəkir. Ömər
Eldarovun bütün əsərlərində özünü
göstərən bu prinsip ustad heykəltaraşın görkəmli
dövlət xadimi Heydər Əliyevə həsr olunmuş
heykəl-abidələrində parlaq əksini
tapmışdır. Möhtəşəm obrazın və
dövlətçilik ideyasının eyni olmasına
baxmayaraq, Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin çoxsaylı heykəllərini yaratmış
Ömər Eldarov heç vaxt özünü təkrar etməmişdir.
O, hər dəfə bu dahi şəxsiyyətin
obrazını yaradarkən onun parlaq simasını fərqli
bir düşünülmüş detalla daha da zənginləşdirmişdir.
Ömər Eldarovun heykəltaraşlıq Heydər
Əliyevnaməsində xalqımızın və ölkəmizin
xilaskarı, müstəqil dövlətimizin banisi və
böyük qurucusu olan görkəmli dövlət xadiminin
möhkəm iradəsi, qətiyyəti, müdriklik və
uzaqgörənliyi, xalqa ürəkdən bağlı
olması düşünülmüş xarakterik cizgilər
vasitəsilə hər dəfə orijinal şəkildə əks
etdirilmişdir. O, mümkün olduqca heykəllərində
böyük müasiri olmuş, yaxından
tanıdığı, şəxsiyyətinin və siyasətinin
böyük miqyasını aydın surətdə mənimsədiyi
Ulu öndər Heydər Əliyevin malik olduğu dərinlik və
ucalığın mahiyyətini fərqli detallarla
açmağa və bənzərsiz formada canlandırmağa
çalışmışdır.
Azərbaycan heykəltaraşlığında görkəmli
dövlət xadimi Heydər Əliyevin abidəsi ilk dəfə
1987-ci ildə Ömər Eldarov tərəfindən
yaradılmışdır. Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin Siyasi Büronun üzvlərindən
iki dəfə Sosialist Əməyi Qəhrəmanı
adına layiq görülmüş görkəmli dövlət
xadimlərinin doğulduqları şəhərdə
büstünün ucaldılması haqqındakı qərarına
əsasən həmin yüksək və fəxri göstəricilərə
malik olan SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini,
Siyasi Büronun üzvü Heydər Əliyevin
Naxçıvan şəhərindəki büstünün
müəllifi Xalq rəssamı Ömər Eldarovdur. Bu, Ulu
öndər Heydər Əliyevin sağlığında dahi
şəxsiyyətə ucaldılmış ilk heykəltaraşlıq
nümunəsidir. Büstün Ömər Eldarov tərəfindən
hazırlanması Heydər Əliyevin seçimi ilə əlaqədar
olmuşdur. Bu baxımdan Ömər Eldarovun xatirələri
görkəmli dövlət xadiminin nadir sənət nümunəsi
olan büstünün yaradılması tarixinə
aydınlıq gətirir: "Sağlığında onun yeganə heykəlini mən düzəltmişəm.
Bu işdən ötrü məni də Heydər Əliyev
özü seçmişdir.
...Onu çox görmüşdüm, amma belə
yaxından görməmişdim. Görüşdə mənə
dedi ki, "Moskvada çox heykəltaraş var, amma mən istəyirəm
ki, heykəlimi sən düzəldəsən".
Danışdıq. Getdim Moskvaya. Orada iki saat Heydər
Əliyev oturub, mən ona baxıb işləmişəm. Həmin
model bütün heykəllərimin əsasıdır.
Naturadan işlənən hər bir əsər daha
yaxşı alınır və daha düzgün olur" Ömər Eldarov.
Gördüyüm qayğını unutmaram. "Azərbaycan"
qəzeti, 3 fevral 2005-ci il ).
Görkəmli dövlət xadimi Heydər Əliyevin
Naxçıvan şəhərindəki əzəmətli
büstü ölkəmizdə Siyasi Büronun qərarı
ilə ucaldılmış yeganə heykəltaraşlıq
nümunəsidir. Ömər Eldarovun yaratdığı Heydər
Əliyev heykəlləri dahi şəxsiyyətin görkəmli
dövlət xadimi kimi yüksək ali dəyərlərinin,
qüdrətinin bədii ifadəsi olmaqla bərabər, həm
də bu heykəllərin ucaldılması üçün
münasib məkanın düzgün seçilməsi ilə
də müəyyən olunur. Ulu öndərin öz
sağlığında, 1987-ci ildə Naxçıvanda
ucaldılmış büstünün arxasında
görünən Möminəxatın türbəsi və
Araz çayı onun böyük vətənpərvər
dövlət xadimi, öz köklərinə bağlı olan
uzaqgörən azərbaycançı dahi rəhbər
olduğu mənasını ifadə edir. Eyni zamanda,
Naxçıvandakı büstünün ətrafından bir
neçə ölkənin - Türkiyə Cümhuriyyətinin
və İran İslam Respublikasının coğrafi sərhədləri
və ərazilərinin görünməsi Heydər
Əliyevin beynəlxalq aləmdə qəbul olunan dünya
miqyaslı böyük siyasi xadim olması fikrini mənalandırır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin
Naxçıvan şəhərinin Baş meydanında Ömər
Eldarov tərəfindən ucaldılmış əzəmətli
heykəlinin fonundakı Xatirə muzeyi isə Azərbaycan
xalqının ən çətin, məsuliyyətli dövrlərində
böyük dövlət xadiminin bu diyarda
çalışıb işlədiyi, xilaskarlıq
missiyasını həyata keçirdiyi illərdəki xidmətlərinin
insanların qəlbində və tarixin yaddaşında əbədi
yaşayacağına mənalı bir işarədir. Xalq rəssamı
Ömər Eldarovun Türkiyə Cümhuriyyətinin Qars
şəhərində ucaldılmış Heydər Əliyev
abidəsinin fonundakı qədim və möhtəşəm
Qars Qalası da bu qüdrətli liderin türk
dünyasında daşıdığı missiyanı
dolğun surətdə ifadə edir. Ömər Eldarovun təqdimatında
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və
türk dünyasının möhtəşəm alınmaz
Qalasıdır. Açıq səma və doğma torpaq
detalları Ömər Eldarovun ölkəmizin müxtəlif
regionlarında ucaldılmış Heydər Əliyev heykəllərinin
daşıdığı əbədiyyət mənasını
diqqət mərkəzinə çəkir.
Bakı şəhərindəki Fəxri xiyabanda
salınmış heykəltaraşlıq kompleksi Azərbaycan
xalqının Ümummilli lideri, görkəmli dövlət
xadimi Heydər Əliyevə ucaldılmış ən
möhtəşəm abidə hesab olunmağa layiqdir. Məsuliyyət
hissi ilə demək olar ki, Fəxri xiyabandakı Heydər
Əliyev abidə-kompleksi Xalq rəssamı Ömər Eldarovun
şah əsəridir. Bu, Azərbaycan heykəltaraşlığında,
xüsusən də Ömər Eldarovun
yaradıcılığında xüsusi yer tutan Heydər
Əliyev heykəlləri silsiləsinin möhtəşəm
və ümumiləşdirilmiş yekunu və zirvəsidir.
Geniş mənada Fəxri xiyabandakı Heydər Əliyev abidə-kompleksi
Azərbaycan heykəltaraşlıq sənətinin ən
mühüm yaradıcılıq nailiyyətlərindən
biridir.
Bakı şəhərində Fəxri xiyabandakı
möhtəşəm Heydər Əliyev abidə-kompleksi
üçün seçilmiş fon - mərmər qranit
üzərində Azərbaycan xəritəsinin
canlandırılması rəmzi şəkildə Heydər
Əliyevin ölməz adının Azərbaycan xalqı ilə
və müstəqil dövlətimizlə əbədiyyətə
qədər bir olacağı, yaşayacağı, əbədiyyət
qazanacağı fikrini mənalandırır. Bu möhtəşəm
abidə sözün əsl mənasında
xalqımızın və dövlətimizin rəmzinə
çevrilmiş Ümummilli lider Heydər Əliyevin
bütün əzəmətini və qüdrətini, eyni
zamanda, mübarizəsinin mahiyyətini özündə əyani
surətdə əks etdirir. Müstəqil dövlətçilik,
qüdrətli lider və azərbaycançılıq Heydər
Əliyev abidə-kompleksinin fəlsəfəsini canlı
şəkildə mənalandırır. Hər dəfə
insanlar bu ölməz sənət abidəsinin
qarşısından keçərkən dərin iftixar hissi
ilə "Borcumuzdur bu ehtiram" - deyərək, irəliyə
doğru inamla addımlayırlar.
Xalq rəssamı Ömər Eldarovun çoxillik heykəltaraşlıq
fəaliyyətində ayrı-ayrılıqda, paralel şəkildə
mövcud olan monumentallıq və memoriallıq Heydər
Əliyev abidə-kompleksində bir yerdə ifadə
olunmuşdur. Ümumiyyətlə, Bakı şəhərində
Fəxri xiyabandakı Ömər Eldarovun Heydər Əliyev
abidə-kompleksi Azərbaycanda, bəlkə də dünyada
monumental heykəltaraşlıqla memorial heykəltaraşlığın
vəhdəti əsasında yaradılmış nadir sənət
əsəridir. Bu möhtəşəm abidə-kompleksdə
Ümummilli lider Heydər Əliyevin əzəmətli heykəli
Azərbaycan monumental heykəltaraşlığının əfsanəsidir.
Fəxri xiyabandakı abidə-kompleksdəki akademik Zərifə
xanım Əliyevanın abidəsi isə ölkəmizdə
memorial heykəltaraşlığın möcüzəsidir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin monumental
heykəli Xalq rəssamı Ömər Eldarovun istinad etdiyi əsas
yaradıcılıq metodu olan sərt realizm üslubunun bariz sənət
nümunəsidir. Azərbaycan oftalmologiya elminin
yaradıcısı Zərifə xanım Əliyevanın
nadir abidəsi isə Ömər müəllimin sərt
realizminə fərqli çalarlar gətirən lirik-romantik
üslubun bənzərsiz, təkrarsız təzahüründən
yoğrulmuş dahiyanə heykəltaraşlıq örnəyidir.
Eyni zamanda, həyat yolu böyük mübarizələrlə
dolu olan görkəmli dövlət xadimi Heydər Əliyevə
bütün məqamlarda etibarlı dəstək olmuş Zərifə
xanımın heykəlinin abidə-kompleksdə yer alması
Ulu öndərin taleyini həyatda olduğu kimi, Fəxri
xiyabanda da tamamlayır.
Ümumiyyətlə, Xalq rəssamı Ömər
Eldarov Azərbaycan heykəltaraşlıq sənətində
dövlətçilik təfəkkürünün yerini və
əhəmiyyətini dərindən və qabarıq şəkildə
əks etdirən heykəltaraşdır. Ümummilli lider Heydər
Əliyevə həsr etdiyi heykəllər qalereyası
böyük sənət əsərləri olmaqla
yanaşı, həm də Azərbaycanın dövlət
müstəqilliyinin heykəllərə çevrilmiş əzəmətli
abidələrdir.
Eyni zamanda, Ömər Eldarovun təqdimatında
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal
Atatürkün Bakı şəhərindəki heykəli də
qardaş ölkənin müstəqil dövlətçilik
abidəsi kimi əzəmətlə ucalır.
Arxasındakı çoxmərtəbəli binanın ağ rəngli
fasadı Mustafa Kamal Atatürkün heykəlinin bütün
parlaqlığı ilə görünməsinə şərait
yaradır. Mustafa Kamal Atatürkə Bakı şəhərində
əzəmətli heykəl ucaldılması Azərbaycan-Türkiyə
münasibətlərinin strategiyasını müəyyən
edən Heydər Əliyevin "Bir millət - iki dövlət"
kəlamının daha bir təsdiqidir.
Dağıstanda, Mahaçqala şəhərində
qoyulmuş görkəmli elm və dövlət xadimi Əziz
Əliyevin əzəmətli heykəlində də çoxcəhətli
fəaliyyətə malik bu görkəmli şəxsiyyətin
tərcümeyi-halındakı dövlətçilik motivləri
qabarıq şəkildə əks
etdirilmişdir. Əziz Əliyevin Dağıstandakı heykəli
Dərbənddə doğulmuş Ömər Eldarovun vaxtilə
bu regiona İosif Stalinin qəzəbindən xilas edərək,
əhalinin köçürülməsinin
qarşısını almış əsl dövlət xadimi
Əziz Əliyevə olan böyük ehtiramının da heykəlləşmiş
ifadəsidir. Bütün bu heykəllər həm də
Ömər Eldarovun mükəmməl dövlətçilik
baxışlarına malik görkəmli elm və sənət
xadimi olduğunu göstərir. Buna görədir ki, Azərbaycan
cəmiyyətində Ömər Eldarov həm də
tanınmış ictimai xadim kimi qəbul olunur. Görkəmli
dövlət xadimi Heydər Əliyev Xalq rəssamı Ömər
Eldarovun sənətinə yüksək qiymət verərək
demişdir: "Ömər Eldarov Azərbaycan mədəniyyətinin
inkişafında misilsiz xidmət göstərmişdir. Mən
Ömər Eldarovu çox illərdir ki, yaxından
tanıyıram. Onun əsərlərinin demək olar ki,
hamısı ilə tanışam. Hələ iyirmi il bundan əvvəl
mən Ömər Eldarovu Azərbaycan mədəniyyətinin,
incəsənətinin ən görkəmli simalarından biri
hesab etmişəm. İndiyədək onun heykəltaraşlıq
sahəsindəki xidmətləri bu fikri ardıcıl olaraq təsdiq
edibdir.
...Azərbaycan heykəltaraşları arasında
Ömər Eldarov xüsusi yer tutur: həm yaratdığı
əsərlərin bədiiliyinə, yüksək təsirliyinə,
gözəlliyinə görə, eyni zamanda, öz sənəti
sahəsində çox məhsuldar işinə görə.
Ömər Eldarov nə qədər yüksək səviyyədə
heykəltaraşdırsa, o qədər də zəhmətkeş,
fədakar və işgüzar bir adamdır. Mən vaxtilə,
hələ çox illər bundan əvvəl Ömər
Eldarovun emalatxanasında olmuşam. ...Azərbaycanın
görkəmli mədəniyyət, incəsənət xadimlərinin,
ədəbiyyatımızın görkəmli simalarının, ictimai xadimələrin
heykəllərini yaradan Ömər Eldarov olubdur" (Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli
oftalmoloq alim, akademik Zərifə Əliyevanın heykəlinin
təqdimat mərasimindəki nitqi. Bax: "Xalq qəzeti",
22 aprel 1997-ci il).
Ümumiyyətlə, Xalq rəssamı Ömər
Eldarovun görkəmli dövlət xadimi Heydər Əliyevə
həsr etdiyi bənzərsiz heykəllər müstəqil Azərbaycan
dövlətçiliyinin qranitdə əbədiləşdirilmiş
möhtəşəm abidələridir. Nəticə olaraq
keçdiyi ömür və sənət yolunu nəzərə
alaraq, inamla belə demək olar ki, Xalq rəssamı Ömər
Eldarov Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin silahdaşıdır. O, görkəmli dövlət
xadimi Heydər Əliyevin həyatı və mübarizəsini,
həyata baxışını və ideyalarını dərindən
başa düşmüş və böyük məharətli
qranitdə əbədiləşdirmişdir. Bakı şəhərində
Fəxri xiyabandakı möhtəşəm abidə-kompleks təkcə
bugünkü nəsillər üçün deyil, zaman
keçdikcə Azərbaycanın gələcək nəsilləri
üçün daha çox müqəddəs and yerinə
çevriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev də Xalq rəssamı Ömər Eldarovun milli mədəniyyətimizin
inkişafı sahəsindəki xidmətlərini yüksək
qiymətləndirmişdir. Prezident İlham Əliyevin Sərəncamları
ilə ölkəmizdə Ömər Eldarovun dövlət səviyyəsində
yubileyləri keçirilmiş və görkəmli heykəltaraşa
müstəqil dövlətimizin ən ali ordenləri və
mükafatları verilmişdir. Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən 1997-ci ildə
"İstiqlal" ordeni ilə təltif edilmiş Xalq rəssamı
Ömər Eldarovu Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 2009-cu ildə müstəqil dövlətimizin
ən yüksək mükafatı olan "Heydər Əliyev
mükafatı"na layiq görmüş, 2017-ci ildə isə
"Heydər Əliyev" ordeni ilə şərəfləndirmişdir.
Prezident İlham Əliyev Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru, akademik Ömər Eldarovun anadan
olmasının 90 illik yubileyi münasibəti ilə ona
"Heydər Əliyev" ordeni təqdim edərkən
demişdir: "Ömər Eldarovun yaratdığı əsərlər
xalqımızın maddi-mədəniyyət nümunəsinə
çevrilmişdir. Bu əsərlər həm ölkəmizdə,
həmçinin bir çox keçmiş sovet
Respublikalarında məşhurdur. Azərbaycan xalqının
Ulu öndəri Heydər Əliyev Ömər Eldarovun sənətini
hər zaman yüksək qiymətləndirmişdir. Onun əsərləri
yüksək mədəniyyət nümunələridir...
Ömər Eldarov ölkəmizin əsas hüdudlarından kənarda
da yaxşı tanınır. Onun yaratdığı heykəllərin
xarici ölkələrdə də ucaldılması
böyük məmnunluq doğurur.
Ömər Eldarov Rəssamlıq Akademiyasının
rektoru kimi də gənc kadrların hazırlanmasında
böyük rol oynayır.
Vətəninə və xalqına ləyaqətlə
xidmət edən Ömər Eldarovun, dərin istedada malik olan
bu şəxsiyyətin fəaliyyəti həmişə
böyük maraq doğurmuşdur".
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva da anadan olmasının 95 illiyi
münasibətilə təbrikində Xalq rəssamı Ömər
Eldarovun ümumxalq ehtiramı qazanmış görkəmli sənətkar
kimi çoxcəhətli xidmətlərinin yüksək qiymətləndirildiyini
nəzərə çatdırmışdır: "Sizi 95
illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik
edirəm! Sizə möhkəm cansağlığı və
uzun ömür arzulayıram! Öz
yaradıcılığınızla milli təsviri incəsənətimizin
gözəl ənənələrini zənginləşdirdiyinizə
görə çox sağ olun! Siz Azərbaycanın yüksək
mükafatlarına layiq görülmüsünüz. Lakin
düşünürəm ki, ən böyük
mükafatınız xalqımızın Sizə olan
böyük sevgisi və hörmətidir".
Göründüyü kimi, Xalq rəssamı Ömər
Eldarov Azərbaycan heykəltaraşlıq sənətində
görkəmli dövlət xadimi Heydər Əliyevin
adını və obrazını qranit heykəllərlə əbədiləşdirmişdir.
Ömər Eldarovun yaratdığı möhtəşəm
heykəllər dərin istedadla və böyük zəhmətlə
qranitdə əbədiləşdirilmiş müstəqil
dövlətçilik abidələridir.
Xalq rəssamı Ömər Eldarov mənalı
ömür yolu və parlaq sənəti ilə Heydər
Əliyev - İlham Əliyev epoxasının əbədiyyət
qazanmış əsəridir.
Görkəmli heykəltaraş, akademik Ömər
Eldarovun ucaltdığı möhtəşəm Heydər
Əliyev heykəlləri xalqımız üçün,
xüsusən, yeni nəsillər üçün əsl azərbaycançılıq,
müstəqil dövlətçilik və vətənpərvərlik
dərsləridir.
5 may 2025-ci il
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti,
Akademik
525-ci qəzet .- 2025.- 6 may(№77).- S.10-11.