Maqsud İbrahimbəyova
həsr olunmuş yaradıcılıq gecəsi keçirilib
Mayın 4-də Beynəlxalq Muğam Mərkəzində
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
Xalq yazıçısı, Dövlət mükafatı
laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun
anadan olmasının 90 illiyinə həsr edilmiş
yaradıcılıq gecəsi keçirilib.
525.az "Trend"ə istinadən xəbər verir
ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli
və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Maqsud İbrahimbəyovun zəngin
yaradıcılıq irsindən bəhs edən videoçarx
nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar Maqsud İbrahimbəyovla
bağlı xatirələrini bölüşüb. O,
görkəmli sənətkarla uzun illər davam edən
dostluğundan söz açaraq bildirib ki, Maqsud İbrahimbəyov
təkcə istedadlı yazıçı və dramaturq deyil,
həm də dərin intellektə və güclü yumora
malik bir insan olub.
Xalq yazıçısı
çıxışında Maqsud İbrahimbəyovun
özünəməxsus yumor hissindən danışaraq, onun
zarafatlarının hər zaman
düşündürücü və incə məna
daşıdığını bildirib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri,
Xalq artisti Polad Bülbüloğlu
çıxışında Maqsud İbrahimbəyovu qeyri-adi
yumor hissinə və incə zarafatlara sahib bir şəxsiyyət
kimi xatırladığını qeyd edib. Polad
Bülbüloğlu Maqsud İbrahimbəyovla dostluq
dövründə onun ssenaristi olduğu filmlərinə,
tamaşalarına musiqi bəstələdiyini bildirərək
deyib: “Bu, sadə dostluq deyil, deyərdim ki,
yaradıcılıq dostluğudur. Maqsud həmişə iradəli
və məqsədyönlü idi, eyni zamanda o, zarafatları
ilə bizi həmişə güldürərdi”.
Onun sözlərinə görə, Maqsud İbrahimbəyovun
zarafatları və aforizmləri indiyə qədər
yaşayır, dilə gətirilir.
Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun
birinci müavini Mixail Qusman çıxışında
bildirib ki, Maqsud İbrahimbəyovun şəxsiyyətinin
miqyası, intellekti və insani cazibəsi onun
yaradıcılığını da üstələyirdi. O,
Maqsudu dövrünü müşahidə edən, dərin
düşüncəli və tamamilə qərəzsiz bir
şəxs kimi xarakterizə edib. M.Qusman, həmçinin
vurğulayıb ki, İbrahimbəyov güclü yumor hissinə
malik, insanlarla asanlıqla ünsiyyət quran biri olub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli
Maqsud İbrahimbəyovun çox qürurlu bir insan olduğunu
bildirib. O, yazıçı ilə uzun illərə dayanan
dostluğundan söz açaraq, M.İbrahimbəyovun yüksək
mənəvi dəyərlərə sahib, zəngin intellektə
malik və cəmiyyətə böyük töhfələr
vermiş bir şəxsiyyət olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin
yazıçının ssenari müəllifi olduğu filmlərdən
seçilmiş fraqmentlər təqdim olunub.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin
direktoru Anna İbrahimbəyova gecənin yüksək səviyyədə
təşkilinə görə Heydər Əliyev Fonduna, Mədəniyyət
Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə dərin
təşəkkürünü bildirib.
Çıxışlardan sonra Maqsud İbrahimbəyovun
“Püstə ağacı” əsəri əsasında
hazırlanmış və Vaqif Əsədovun rejissoru
olduğu eyniadlı mono-tamaşanın nümayişi olub.
Qeyd edək ki, Maqsud İbrahimbəyovun anadan
olmasının 90 illiyinə həsr edilmiş
yaradıcılıq gecəsi Prezident İlham Əliyevin
2025-ci il 13 fevral tarixli Sərəncamına əsasən təşkil
olunub.
525-ci qəzet .- 2025.- 6 may(¹77).- S.9.