Azərbaycan - Suriya münasibətlərinin
yeni səhifəsi başlayıb
"Azərbaycanın apardığı siyasət
vahid və sabit Suriya arealı üçün qiymətlidir"
Son vaxtlar Azərbaycanın əməkdaşlıq
baxımından önəm verdiyi ölkələrdən biri
də Suriyadır. 2024-cü ilin 8 dekabrında Bəşər
Əsəd rejiminin süqutundan sonra Bakı-Dəməşq əlaqələrində
də yeni bir səhifə açıldı, münasibətlərin
inkişafı üçün yeni imkanlar yarandı.
Əslində iki ölkənin əlaqələrinin tarixi
çox dərin və qədimdir, bu, İpək Yolu əsrinə
gedib çıxır. Həm keçmiş Sovetlər
İttifaqı zamanı, həm də Azərbaycan müstəqillik
qazandıqdan sonra münasibətlər çox yaxşı səviyyədə
olub, rəsmi səfərlər həyata keçirilib. İki
ölkənin xüsusilə mədəni, humanitar sahələrdə
sıx əlaqələri olub. Amma Suriyanın keçmiş
rejimi antiazərbaycan mövqeyi nümayiş etdirib, bir
sıra beynəlxalq təşkilatlarda ölkəmizin əleyhinə
çıxış edib, Azərbaycanın ərazi
bütövlüyü məsələsində birmənalı
mövqe tutmayıb. Bu, erməni diasporunun, ümumiyyətlə
erməni amilinin təsiri altında baş verib.
Hazırda isə münasibətlər yeni bir dinamika
alaraq inkişaf etməkdədir. On iki illik fasilədən
sonra Azərbaycanın Suriyanın paytaxtı Dəməşqdəki
səfirliyinin fəaliyyətini bərpa etməsi münasibətlətin
bərpasında ilk addım oldu. Eyni zamanda, Bakı Suriyaya
humanitar yardım göstərən ilk ölkələrdən
biri oldu. 2024-cü il dekabrın 29-da Azərbaycan xarici işlər
nazirinin müavini Yalçın Rəfiyev Dəməşqə
səfər edib həmkarı, Suriyanın keçid hökumətinin
xarici işlər naziri Əsəd Həsən
Əş-Şeybani ilə görüşərək Suriya
üçün bu vacib mərhələdə Azərbaycanın
Türkiyə ilə birlikdə Suriyanın yanında
olduğunu bildirdi.
Aprelin 11-də Antalyada keçirilən IV Antalya
Diplomatiya Forumu çərçivəsində Azərbaycan
Prezidenti İlham Əliyev və Suriyanın keçid
dövrü Prezidenti Əhməd Əl Şaraa arasında
görüş keçirildi.
Görüşdə Əhməd Əl Şaraa Azərbaycan
tərəfinin dəstəyinə görə dövlət
başçısına minnətdarlığını bildirərək,
gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik
sahələrində Azərbaycanın Suriyaya dəstək
göstərməsinin önəmini qeyd edib.
Əhməd Əl Şaraa Azərbaycan tərəfinin
dəstəyinə görə dövlətimizin
başçısına minnətdarlığını
bildirdi. O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik
sahələrində Azərbaycanın Suriyaya dəstək
göstərməsinin önəmini qeyd etdi.
Bu baxımdan Azərbaycanın Baş nazirinin
müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə
heyətinin Suriyaya səfəri əməkdaşlıq
imkanlarının müzakirəsi üçün əhəmiyyət
daşıyır. Qeyd edək ki, Suriyanın keçid
dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan
nümayəndə heyətini qəbul edib. Suriyanın
iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar
və digər rəsmilərlə də görüşlər
keçirilib.
Azərbaycan - Suriya münasibətlərinin hansı
perspektivləri var və əməkdaşlıq
üçün hansı sahələr prioritet təşkil
edir?
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı
bildirib ki, Azərbaycan və Suriyanın yeni hökuməti
arasında son bir neçə ayda münasibətlərin yeni
səhifəsi başlayıb. Tarixən Azərbaycan və
Suriya xalqları bir-biri ilə qonşuluqda yaşayıb və
müəyyən müddətlərdə vahid geosiyasi məkanın
aparıcı aktorları olublar. Bəşər Əsəd
dövründə Suriyanın Türkiyə ilə münasibətlərinin
soyuqluğu fonunda rəsmi Dəməşq heç bir məntiqi
əsası olmayaraq Azərbaycanla münasibətləri korlayıb,
onlar üçün heç bir önəm daşımayan
Ermənistana siyasi dəstək (hərçənd
Suriyanın son 15 ildə dövlət kimi mövcudluğu sual
altında idi) verib.
O əlavə edib ki, 2024-cü ilin sonunda Əsədin
ölkədən qaçmasından və Dəməşqdə
yeni siyasi elitanın hakimiyyətə gəlməsindən
sonra iki ölkə arasında əlaqələrinin yenidən
qurulması və dərinləşdirilməsi gündəmdədir:
"Bu günlərdə Baş nazirin müavini Samir Şərifovun
rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya səfər
etdi. Suriya Ərəb Respublikasının keçid
dövrü Prezidenti Əhməd Əl Şaraa Samir Şərifovun
rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib. Məlumdur ki, 44 günlük müharibədən sonra
regional əməkdaşlıq, qlobal Cənub ölkələri
ilə münasibətlərin genişləndirilməsi Azərbaycanın
xarici siyasətində prioritetlər sırasında mühüm
yer tutur. Suriya mövzusunda qardaş Türkiyə ilə
koordinasiya və panislamist diplomatiyanın gücləndirilməsini
də nəzərə alsaq, Azərbaycanın Suriyanın və
İraqın yerləşdiyi Yaxın Şərq ilə Avropa
arasındakı bu vacib regiona diqqətinin artması təsadüfi
deyil".
Onun sözlərinə görə, tərəflər
arasında münasibətlərdə bir neçə komponent
üzrə işlər aparıla bilər: "Birincisi,
diplomatik istiqamət - səfirliklərin yenidən aktivləşdirilməsi
və diplomatik missiyaların genişləndirilməsi, BMT,
İƏT və Qoşulmama Hərəkatı çərçivəsində
əməkdaşlıq.
İkincisi, iqtisadi əməkdaşlıq. Azərbaycan
şirkətləri Suriyanın yenidənqurulmasında
iştirak edə bilər. Bura tikinti, infrastruktur və enerji
sahələri aiddir. Kənd təsərrüfatı sektorunda
da əməkdaşlığın perspektivliyi var . Xüsusilə,
dərman və neft-kimya məhsulları. Bu baxımdan
yaxın gələcəkdə birgə biznes forumların təşkili
istisna deyil.
Enerji və logistika - enerji infrastrukturunun bərpasında
yardım (elektrik, qaz təchizatı).
Azərbaycan-Türkiyə-Suriya nəqliyyat dəhlizi
- Dəniz limanları vasitəsilə yüklərin tranziti
(Bakı - Latakiya xətti).
Humanitar və təhsil sahəsində əməkdaşlıq.
Suriyalı tələbələr Azərbaycan universitetlərində
təhsil ala bilərlər. Azərbaycanın Suriyada humanitar
layihələrdə iştirakı (xüsusilə su, səhiyyə,
təhsil sahələrində). Mədəniyyət və
İslam həmrəyliyi kontekstində ortaq layihələr həyata
keçirilə bilər.
Nəhayət, geosiyasi faktorlar, imkanlar və risklər.
Azərbaycan-Suriya əlaqələri İsrail-Türkiyə və
İsrail-İran qarşıdurması fonunda xüsusi siyasi məna
daşıyır. Bu kontekstdə tərəflərin
maraqları, regional qüvvələr balansı, geosiyasi
dinamika vacibdir.
Azərbaycan-Suriya münasibətləri,
İsrail-İran və İsrail-Türkiyə
qarşıdurması kontekstində qlobal və regional siyasətin
mürəkkəb şaxələrini əks etdirir. Bakı,
bu mürəkkəb geosiyasi mühitdə balanslı və
praqmatik siyasət aparmaqla həm öz təhlükəsizlik
maraqlarını qoruyur, həm də yeni diplomatik və
iqtisadi fürsətlər yaradır. Unutmaq olmaz ki, bu gün
münasibətlərin inkişafı üçün yaranan
yeni fürsətin həm də tarixi, mədəni əsasları
var. Məsələni siyasiləşdirməmək
üçün qədim Azərbaycan dövlətlərinin və
hökmdarlarının Suriya ilə bu və ya digər şəkildə
bağlılıqları üzərində dayanmasaq, təkcə
mədəniyyət və ədəbiyyat sahələrinə
toxunmaq kifayətdir ki, iki xalq arasında tarixi
bağlılığı başa düşək. Azərbaycan
klassik ədəbiyyatının tanınmış simaları
- Nizami Gəncəvi, Xaqani Şirvani, Füzuli və
başqaları ərəb-islam dünyasının, o cümlədən
Suriyanın intellektual dairələrində
tanınırdılar və hazırda da tanınmaqdadırlar.
Onların əsərləri Şamda, Bağdadda, Hələb
və Qahirədə yayılıb, elmi-fəlsəfi mühitə
təsir göstərib".
Politoloq əlavə edib ki, bu gün də müasir Azərbaycan
Suriyanın inkişafında özünəməxsus yer tuta
bilər: "Xatırladım ki, Samir Şərifovun səfəri
Azərbaycan və Suriya liderləri arasında Antalyada
keçirilən görüşdə əldə edilən
razılıq əsasında baş tutub. Aprelin 11-də Antalyada
keçirilən IV Antalya Diplomatiya Forumu çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın
keçid dövrü Prezidenti Əhməd Əl Şaraa
arasındakı görüş Cənubi Qafqaz və Yaxın
Şərq regionlarında yeni geosiyasi reallıqlar fonunda
mühüm əhəmiyyət kəsb edir.
Görüşün əsas məqamları və
strateji əhəmiyyəti ondan ibarətdir ki, Prezident
İlham Əliyev, Suriyada baş verən dəyişiklikləri
müsbət qiymətləndirərək Əhməd Əl
Şaraanı təbrik etdi və Azərbaycanın Dəməşqdəki
səfirliyinin uzun fasilədən sonra yenidən fəaliyyətə
başladığını elan etdi. Bu addım, iki ölkə
arasında diplomatik əlaqələrin
canlandırılması və qarşılıqlı
etimadın bərpası baxımından əhəmiyyətlidir.
Başqa bir əhəmiyyətli məqam Suriyanın bərpasında
Azərbaycanın iştirakıdır. Prezident Əliyev, Azərbaycanın
Suriyanın enerji, infrastruktur və təhlükəsizlik sahələrində
bərpa prosesində iştirak etməyə hazır
olduğunu bildirdi. Bu, Azərbaycanın regionda təsirini
artırmaq və iqtisadi əməkdaşlığı
gücləndirmək niyyətini göstərir.
Üçtərəfli əməkdaşlıq təşəbbüsü
- Azərbaycan-Suriya-Türkiyə, xüsusi
vurğulanmalıdır. Görüş zamanı tərəflər,
Azərbaycan, Suriya və Türkiyə arasında üçtərəfli
əməkdaşlıq çərçivəsinin
yaradılması imkanlarını müzakirə ediblər. Bu
təşəbbüs, regional sabitliyin və iqtisadi
inteqrasiyanın gücləndirilməsi baxımından
strateji əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, görüş zamanı
Prezident İlham Əliyev Əhməd Əl Şaraanı Azərbaycana
rəsmi səfərə dəvət edib və bu dəvət
məmnuniyyətlə qəbul olunub. Bu səfər, ikitərəfli
münasibətlərin daha da inkişaf etdirilməsi və
yüksək səviyyəli dialoqun davam etdirilməsi
üçün mühüm platforma ola bilər.
Beləliklə, Azərbaycan xarici siyasətində son
5 ildə fəaliyyət və təsir arealının daha da
genişləndirməyə davam edərək regional gücdən
- proseslərə təsir etməyi bacaran beynəlxalq aktor
kimi tanınır. Suriyada bir çox dövlətlərin
proseslərdə sabitsizləşdirici mövqeyi fonunda Azərbaycanın
apardığı siyasət vahid və sabit Suriya arealı
üçün qiymətlidir".
Pərvanə
525-ci qəzet .- 2025.- 6 may(№77).- S.6.