Uca amallar üçün
yaşanmış ömür
...Doğmaları, yaxınları onun 80 illiyinə
hazırlaşırdılar. Ancaq Seyfəl müəllim bu
yubileyinə cəmi on doqquz gün qalmış, aprelin 7-də
dünyasını dəyişdi...
Seyfəl müəllimin vaxtaşırı mütaliə
etdiyi kitablardan biri də böyük fransız
yazıçısı Viktor Hüqonun "Səfillər"
romanı idi. Bu ölməz əsərində maarifi
işığa bənzədən dahi yazıçı qəhrəmanlarından
birinin dili ilə belə deyir: "İşıq! Hər
şey işıqdan yaranır, işığa da
qayıdır".
Müəllim də elə işıqdır. O,
işıqla qarşısındakı neçə-neçə
şagirdin zehni, qəlbi nura boyanır. Seyfəl İbrahimov
Surra kənd natamam orta məktəbində Azərbaycan dili və
ədəbiyyatı müəllimi kimi maarif
işığını həm daşıyır, həm də
yayırdı.
...Özündən əvvəl onun yaşca
kiçik qardaşı ilə tanış idim. Onda ötən
əsrin 80-ci illəri idi, "Ulduz" jurnalında,
"Ədəbiyyat və incəsənət" qəzetində,
"Gənclik" nəşriyyatının çap etdiyi
almanaxlarda hekayələrim dərc olunurdu. Əlbəttə,
yazılarımın işıq üzü gördüyü əsas
mətbu orqan isə o illər "Qurucu" adı ilə
çıxan yerli rayon qəzeti idi. O illərdə bu qəzetdə
ədəbiyyatda ilk addımlarını atan Ağalar Mirzə
və Sadıq İbrahimov imzalı müəlliflərin
yazıları vaxtaşırı dərc olunurdu. Ağalar
Mirzə ilə yaxın idim. Sadığın isə
imzasını tanıyırdım. Şəxsən
tanış olanda bildim ki, Sadıq hələ tələbədir,
ADU-nun filologiya fakültəsində oxuyur. Sadıq
İbrahimovun Sadıq Elcanlı imzası ilə
tanınmasına onda hələ xeyli var idi.
O zaman mən rayonun Vələsli adlanan kənd məktəbində
müəllim işləyirdim. Və hər gün rayon mərkəzi
Şabrandan (keçmiş Dəvəçi) yolboyu buruqlara
gedən fəhlələri yığa-yığa gəlib
keçən maşına minib yola düşürdüm. O fəhlə
maşınının əyləndiyi bir dayanacaq da Surra kəndi
idi.
Aradan bir neçə il keçəndən sonra Surra
kənd məktəbində işləməli oldum. Əvvəl
məktəbin dil-ədəbiyyat müəllimi ilə
tanışlığım yarandı. Tez də
dostlaşdıq. Məlum oldu ki, o, dostluq etdiyim
Sadığın (artıq Elcanlı idi) qardaşı Seyfəl
müəllimdir.
Orada yerli iki müəllim var idi ki, biri məktəbdə
əsas fənlərdən olan dil-ədəbiyyatı tədris
edən Seyfəl müəllim idi.
Elə bir ünsiyyətcilliyi yox idi. Bu, mənə qəribə
gəlirdi. Dil-ədəbiyyat müəllimi olasan, sinifdə
şagirdlərə Nizamidən, Xaqanidən, Füzulidən dərs
keçəsən, ancaq müəllimlər otağında
heç kəsin söhbətinə qoşulmayasan. Zəngin
içəri vurulmağını intizarla gözləyib, dərhal
da sinif otağına tələsəsən...
Amma hərdən tənəffüs vaxtı mənimlə
söhbətləşərdi. Bilirdi ki, Bakıya gedəndə
qardaşı Sadıqla müntəzəm
görüşürəm. Telefon zənglərimiz də olur.
Qardaşı artıq tanınmış bir
yazıçı olduğundan Seyfəl müəllim
qürur duyurdu.
Müqəddəs peşəsinə ürəkdən
bağlı olan Seyfəl müəllim yaxşı bilirdi ki,
uşaqlar quru mühakimə və təhlilə meyl edən ədəbiyyat
müəllimlərini sevmirlər. Ədəbiyyat müəlliminin
sinif otağında, şagirdlər qarşısında ən
vacib silahı Sözdür. Ana laylası qədər mehriban,
şirin, Dədə-Qorqud öyüd-nəsihətləri qədər
müdrik, bəzən də qoç Koroğlu
qoşmaları qədər sərt olan Söz!
Oğlu-qızı şagirdlərim idi. Bölgəmizdə
özünəməxsusluğu ilə seçilən Surra kəndinin
(Sadıq Elcanlı öz kəndləri haqqında qələmə
aldığı "Bura Parisdir" yazısında bunu ətraflı
ifadə edib) yaşlıları kimi elə balacaları da zirək,
söz oynadan, deyib-güləndir. Seyfəl müəllimin
övladlarınin o biri müəllimlərin dərslərində
sakit-səmirsiz olduqlarını deyə bilmərəm. Amma mənim
dərsimi "əla"ya oxuyurdular, sinifdəki ən sakit
uşaqlar idilər. Bilirdim ki, bu hal daha çox
atalarının mənim haqqımda evdə
danışdıqlarının hesabınadır.
XVII yüzilliyin dahi fransız yazıçısı
Balzak yazır ki, ata həmişə öz atalıq səadətindən
feyz almalıdır. Seyfəl müəllim də belə
xoşbəxt atalardan idi.
Seyfəl müəllimin taleyinə müəllimlik səadəti
ilə yanaşı, ailə xoşbəxtliyi də
düşmüşdü. Elinin-obasının ləyaqətli
övladları olan üç qız, üç də
oğul atası idi. Mədəniyyət işçisi olan
oğlu Nəriman deyir: "Atam məktəbdə Azərbaycan
dili və ədəbiyyat fənnindən müəllimim olub.
Bütün fənlərdən "5" aldığım
halda ondan "4" alırdım. Nə qədər
çalışsam da, cavablarımdan tam qane olmurdu. Onun
xarakteri dəyişməzdi. Atam son nəfəsinə qədər
sadə, zəhmətkeş, gözütox, dürüst və
ədalətli insan kimi qaldı. O, səhvimiz olanda bunu
birbaşa üzümüzə deməzdi. İroniyalı bir
lətifə danışar, ya da vəziyyətə uyğun
ibrətamiz məsəl çəkməklə eyham
vurardı. Qazandığı hörməti, etibarı
ömrünün sonunacan da qoruyub saxladı".
Hüzr məclisinə qələm dostum,
yazıçı-publisist Novruz Nəcəfoğlu ilə birgə
getmişdik. Qardaşlarının həyatda qalan
böyüyünə - Sadıq Elcalıya
başsağlığı verdik. Sadıq da doluxsuna-doluxsuna
Seyfəl müəllimlə vəfatından bir müddət əvvəl
son görüşündən, yataq xəstəsi olsa da, kitab
oxumağından, mütaliəsindən
qalmadığından söz açdı.
Yeri gəlmişkən, Əməkdar jurnalist,
Naxçıvan MR-nin Əməkdar incəsənət xadimi
Sadıq Elcanlının Seyfəl müəllim haqqında dedikləri
mərhum pedaqoqun portret cizgilərinin aydın təcəssümüdür:
"O, ana yurdum, doğma kəndim Surranın ilk alitəhsilli
müəllimi idi. Azərbaycan Pedaqoji İnstitutunun filologiya
fakültəsini (indiki Pedaqoji Universitet) bitirmişdi.
Ömrü boyu Surra kənd məktəbində Azərbaycan
dili və ədəbiyyatı fənnindən dərs dedi.
Xalqına, dövlətinə şərəflə xidmət
etdi, milli mədəniyyətimizin fədakar, təəssübkeş
nümayəndələrindən biri oldu.
İlk baxışdan qaraqabaq, qapalı adam təsiri
bağışlayırdı Seyfəl müəllim. Sanki
qapısı bağlı, zəngin bir otaq idi; o otağın
qapısını açmaq, sahibi ilə ünsiyyət
qurmaq, dünyanın olmuşundan, olacağından söhbət
etmək o qədər də asan deyildi. Lakin qəfildən qəlbinin
qapılarını açar, səmimi söhbətləri,
şirin zarafatları, unudulmaz qayğıkeşliyi ilə
hamını sevindirər, düşündürərdi.
Tale elə gətirdi ki, mən də Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) Filologiya fakültəsinə daxil oldum, mətbuatda
ədəbi yazılarla çıxış etməyə
başladım. O vaxt Seyfəl müəllimin böyük
qardaş sevincinə, sevgisinə şahid oldum...
Ölümündən iki-üç ay əvvəl xəstələndiyini
eşidib, oğlum Qurbanla görüşünə
getmişdik. Kitablarımdan bir neçəsini, haqqımda
çap olunan jurnalı da aparmışdıq. İlk dəfə
idi ki, Seyfəli belə xəstəhal, yorğun
görürdüm. Qəlbinin qapılarını taybatay
açmışdı, gözlərində dərya kimi
daşan sevinc vardı. Və bir cümləsi əbədilik
yadımda qaldı: "Ömrüm boyu heç kimin
bostanına daş atmadım, bütün həyatımı
evimə, ailəmə həsr etdim". Bu şərəflə
yaşanan bir ömrün həqiqət akkordu, Seyfəl
Qurbanqulu oğlunun mənəvi ucalıq, pak ziyalılıq
zirvəsi idi..."
Həqiqətən də, Seyfəl müəllim
ömrünü şərəfli bir peşədə -
müəllimlikdə, bir də müqəddəs
anlayış kimi daim uca tutduğu ailəsinin yolunda fədakarlıqla,
ləyaqətlə yaşayıb, eləcə də
tamamladı.
Ruhu şad olsun!
Aydın Tağıyev
525-ci qəzet.- 2025.- 7 may(№78).- S.15.