VAXTIN OĞLU
Onun ilk gənclik illərində fırtınalı həyatın
qoynuna atıldığı çağlardan artıq bir əsr
ötür. Yüzilliklər dəyişilib, minilliklər əvəzlənib,
vaxt çox sirlərin üstündəki pərdələri
qaldırıb. Amma onun ömrünün çox səhifələri,
elə keçmişdəki kimi, müəmmalara bürünərək
qalmaqdadır.
Burada, əlbəttə, bir qanunuyğunluq da var. Bu, tək
onun deyil, dünyanın harasında, hansı vaxt kəsiyində
yaşamasından asılı olamayaraq hər təhlükəsizlik
xidməti əməkdaşının, kəşfiyyatçının
aqibətidir.
Çox zaman onların ən misilsiz şücaətlərindən
heç ən yaxınları, hətta ailə üzvləri
belə xəbər tutmur. Hansısa hünərinə, əməyinin
bəhrəsinə görə başqalarına mükafatlar,
fəxri nişanlar təntənə ilə təqdim edilir və
həmin təntənələr o adamı elə təltifin
özü qədər qanadlandırır. Kəşfiyyatçısa
bəzən ən yüksək mükafatı da kənar
gözlərə görünmədən,
alqışsız-filansız alır, ən yaxşı halda
buna məhdud dairədə bir neçə həmkarı
şahid olur.
Məxfilik o insanları ölümlərindən sonra
da müşayiət edir, zahirən nəzərə
çarpmadan yaşayıb həyatdan da elə o cür - sakit
getdikləri kimi, ad-sanları, hətta söyləniləsi və
öyünüləsi əməlləri də dünənlərdə
qalır, vaxt ötəndən, nəsillər dəyişəndən
sonra isə yerli-dibli tarix yaddaşının alt qatına
çökür.
Belə bir çekistimiz, belə bir kəşfiyyatçımız
olub - Məmmədhüseyn Əsədov.
İndi onu yaxın qohum-əqrəbası daxil, Azərbaycan
boyu tanıyan barmaqla sayıla biləcək qədər az
adam varsa da, onun 80 il, 90 il, 100 il əvvəl bağlı
olduğu, icrası xüsusi qəhrəmanlıq tələb
edən hadisələrdən bu gün çoxları
agahdır. Ancaq onun o məşhur hadisələrə aidliyini
sıradan olan insanlar bu barədə yazılmasa, deyilməsə,
haradan bilər ki?!
Bu hadisələrin arasında eləsi də var ki, hətta
tarixin çəmini dəyişə bilərmiş. Tədbirlər
görülməzsə, nələrinsə qarşısı
alınmazsa, gedişat artıq bizə bəlli olduğu kimi
yox, başqa cür davam edərdisə, biz bu gün
dünyanın başqa xəritəsi, ayrı mənzərə
ilə qarşı-qarşıya qalardıq. Bizsə bu
adamdan, bu təhər sanballı bir soydaşımızdan bixəbərik.
1960-70-ci illərdə yaşlaşmış
adamdı, artıq çoxdan köhnə işindən
ayrılmışdı, mehmanxanada
çalışırdı, bu işinin də müəyyən
qədər köhnə işinə aidiyyəti vardısa da,
hər halda mülki bir qulluqdu. Hamı kimi hər gün səhər
işə gedir, axşam evə qayıdırdı, bir-birinə
bənzəyən adi günlər yaşayırdı, gendən
baxan da ömründə zənn etməzdi ki, onillər qabaq
bu dinc ağsaqqal gecə-gündüz od-alovun içindəymiş,
ömrünün hər yeni günü sərgüzəştlərlə
dolu imiş.
Məmmədhüseyn Əsədovun Dövlət Təhlükəsizlik
Xidmətinin arxivində saxlanan, köhnə tarixləri və
tairxçələri yaşadan Şəxsi İşini vərəqləyirəm.
Bir qovluğun içərisində bir neçə
iş var. Əmək həyatını
başladığı ilk günlərdən etibarən, təhlükəsizlik
şəbəkəsində çalışdığı
dövrdə müxtəlif illərdə onun adına
açılmış şəxsi işlərin təqribən
hamısı buradadır. Ona görə "təqribən"
ki, o, 1941-1947-ci illərdə Azərbaycanda olmayıb, xaricdə
işləyib və təbii ki, o vaxt da Əsədov yenə təzədən
tərcüme-yi hal yazmalı, digər müvafiq sənədləri
hazırlamalı və idarə də lazım bildiyi digər
sənədləri bura əlavə etməli idi.
Söz yox ki, həmin 7 il ərzindəki fəaliyyətləri
ilə bağlı da o qovluqda xeyli sənəd yer
almaqdadır. Ancaq həmin qovluq keçmiş SSRİ Dövlət
Təhlükəsizlik Komitəsinin arxivində olub və indi
də həmin qurumun varisi hesab edilən Rusiya FTX-sində
saxlanmaqdadır. Özümüzdəki işlərə əlimiz
çatırsa da, oradakılar yenə bizlərçün
qapalıdır və XX əsr sovet dövrü tariximizin
çox gizlinclərini də beləcə örtülü səhifələrində
yaşatmaqdadır. Belə gedərsə, o qovluğu bundan belə
haçansa, kiminsə açıb baxacağına heç
ümid də yoxdur. Bizdən başqa o insanla, o sənədlərlə
kim maraqlanasıdır ki!
Məmmədhüseyn Əliyev 1899-cu ildə Həştərxanda
doğulmuşdu.
Hər yerdə öz əliylə bu tarixi yazıb və
hər dəfə də əlavə edib ki, təvəllüdünün
ayı, günü bəlli deyil. Sadə olmayan həyat
yaşasa da, kifayət qədər uzun ömür
sürdü, dünyadan 1989-cu ildə ayrıldı - bu dəfə
ayı da, günü də bəlli - 21 noyabr.
Amma Həştərxanda doğulsa da, əsilcə
iranlı sayılırdı, çünki atası Xudadat Əsəd oğlu Ərdəbildən
idi. İrandan Rusiyaya ailə hekayətlərinə görə
təxminən 1865-1870-ci illərdə çörək
dalınca gəlmişdi. Başlanğıcda muzdurluqla məşğul
olmuş, ardınca isə Qubada çörəkçilik
etmişdi. 1880-ci ildə Həştərxana
köçür, xırda alış-verişə
başlayır, asta-asta ticarətini genişləndirir, hələ
özünə iki-üç işçi də
götürür, komissiyon malların topdansatışı
onu çox keçmədən Həştərxanın
imkanlı adamlarından birinə çevirir. Pullanınca
Birinci Bakaldinski küçəsində ikimərtəbəli
bir ev alır, ev məsələsini həll edincə evlənməyin
də qeydinə qalır, Kizlyar (əslində yerin adı
kumıkcadan gələn Qızlardır) şəhərindən
olan Xədicə Məhəmməd qızı ilə ailə
qurur.
Xudadat kişi 1914-cü ildə vəfat edir, o, rəhmətə
gedəndən sonra ticarətini arvadı idarə etməyə
başlayır. Ancaq Xədicə xanım da çox
yaşamır, 1918-ci ildə canını tapşırır,
Şura hökuməti də olan-qalan nələri vardısa
hamısını milliləşdirir. Beləcə, həyatın
gedişi vadar edir ki, Məmmədhüseyn də,
qardaşları da valideyn mirasına arxayın olmadan
dolanışığın yolunu özləri tapsınlar.
1918-ci ilin sonlarında anası canını tapşıranda
Məmmədhüseyn 1913-cü ildən təhsil almağa
başladığı realnı məktəbdə hələ
oxumağını başa vurmamışdı. Bu arada onu da,
Həştərxandakı başqa məktəblilər kimi, əhalinin
siyahıyaalınması işinə cəlb edirlər. Səliqə-sahmanı,
intizamlılığı yolunu açır, siyahıyaalma
bitincə onu Həştərxanın 6-cı rayonunda
qeydiyyatçı kimi işə götürürlər.
1919-cu ilin aprelində həmin işdən
ayrılır və Məmmədhüseyni elə rəvan
yazısına və məsuliyyətli olmasından dolayı
11-ci orduda katib vəzifəsinə qəbul edirlər.
Artıq ayağı hökumət qulluğuna sarı
açılmışdı. Qısa müddətdə bir
neçə dəfə işini dəyişir,
qeydiyyatçı, ekspeditor olur, 1920-ci il iyulun əvvəlində
isə artıq nəzər nöqtəsinə
düşdüyü ÇK - Fövqəladə Komissiya onu
Krasnovodska dəvət edərək müvəkkil köməkçisi
vəzifəsinə işə götürür, növbəti
ildə isə elə həmin vəzifədə artıq
Aşqabadda işləyirdi. 1921-ci il avqustun əvvəllərində
öz ərizəsi ilə işdən çıxır, həmin
ilin dekabrında könüllü olaraq 6 aylığa 9-cu
Türküstan atıcı polkuna qəbul olunur. 1922-nin
fevralında isə artıq Qubaya səmt götürür, bu
arada yatalaq xəstəliyinə tutularaq bir müddət yataqda
qalsa da, çox keçmir ki, Qubada AzÇK-nın siyasi
bürosunda müvəkkil köməkçisi işləməyə
başlayır. Ömrünün bu parçasında iş
yerlərini tez-tez dəyişməli olursa da, artıq dairənin
içərisində idi. Məxfi iş onu öz cazibəsinə
salmışdı, əslində Məmmədhüseyn
özü də artıq xüsusi xidmət orqanlarının
diqqətində idi və bu yol yoldaşlığı
artıq tale demək idi.
1922-ci ildə Azərbaycan Fövqəladə
Komissiyasının Quba bölməsində siyasi partiyalar
üzrə müvəkkil köməkçisi işlədiyi
aylardan etibarən bu sahəyə daha artıq bağlanır və
çox keçmir ki, seçdiyi bu məslək yolunda
qanı da axır.
1924-cü ildə banditlərlə qarşıdurmada
ağır yaralanır, ancaq hadisə onu seçdiyi yoldan
çəkindirmək əvəzinə şövqünü
daha da artırır, daxilindən gələn mübarizlik,
barışmazlıq onu çekist işinə daha artıq
bağlayır.
...Ötüb keçən illər Məmmədhüseyn
Əsədovun yaşı yüzü aşan
qovluğundakı sənədlərdə elə iz qoyub ki, o
dilsiz kağızlar da Azərbaycanın xüsusi xidmətləri
tarixinə adı həmişəlik həkk olunan bu kəşfiyyatçının
qismətinə bənzəyir.
Əlyazmaların hər çeşidini oxumaq vərdişlərim
tələbəlik vaxtlarımdan mənimlədirsə də,
həmin qovluqda 1920-ci illərin başlanğıcına aid
bir sıra sənədlərə, əlyazmalara rast gəldim
ki, rəngi solmuş mürəkkəb sanki o yazıları
sisə-dumana bürüyüb, heç
böyüdücü şüşə ilə də
onları oxumaq olmur.
İnsanın qədərinə bax ki, onunla əlaqədar
hansısa yazıları oxumağa ötüb-keçən
vaxt, zamanın o yazıların üstünə çəkdiyi
ərp mane olur, hansılarınasa, lap aydın oxuna bildiyi
halda, aparan yolumuzu uzaqlardakı arxivlərin üzümüzə
örtülü qapıları kəsir.
Əsədovun keçdiyi yol isə Azərbaycanın
keşməkeşli əyyamlar içərisindən boylanan
çöhrəsidir. Yurdumuzun, millətimizin arxada qalan əsrdə,
xüsusən 1920, 1930, 1940-cı illərdə nələri
yaşadığının, hansı sınaqlardan
keçdiyinin təfərrüatlarını daha çox
bildikcə o çöhrənin cizgiləri də daha
çox aydınlaşacaq, zamanın
bulanıqlaşdırdığı fokus dəqiqləşərək
olmuşları bizə bir az da dürüst göstərəcək.
Qəribədir ki, sonralar heç bir anketində onun
fars dilini bilməsi haqda qeyd yoxdur. Hətta Moskvada Xüsusi Məktəbdə
oxuyarkən onun haqqında hazırlanmış müsbət məzmunlu
attestasiya sənədində də bu, göstərilmir. Məmmədhüseynin
almancası da varmış. Bu haqda sənədlərində
qeydlər var, amma sanki İranla
bağlılığını həmişə tərcüme-yi
hallarında qabartmamağa səy edir. Ancaq Əsədovun farscası
da yaxşıymış. Öz sözüdür ki, atamdan mənə
qalan elə bircə fars dili oldu.
Məmmədhüseyn də, Xudadatın digər
övladları da Həştərxanda dünyaya göz
açmışdı. Ancaq bəlkə də haçansa
İrana qayıda biləcəklərini də
düşünərək "onda karlarına gələr"
düşüncəsi ilə Xudadat farscanı
oğlanlarının bilməsini istəmişdi, kiçikkən
bu dili onlara özü öyrətmişdi.
Yenə Məmmədhüseyn Əsədovun ailə
içərisindəki söhbətlərindəndir ki, deyərmiş:
"Dil açandan iki dili, azəbaycancanı və
farscanı mükəmməl bildim, realnı məktəbsə
rus dilini də mənə ana dili kimi öyrətdi".
Xudadatın özünə bir daha İrana
qayıtmaq, Ərdəbilə getmək nəsib olmadı.
Ancaq oğlu Məmmədhüseyn heç vaxt
üzünü görmədiyi İrana da getdi, ata yurdu
Ərdəbildə də oldu və həm də illərcə.
Oralara gedib çıxmasının əsas səbəblərindən
biri də elə atasının vaxtında ona öyrətdiyi
farsca, köküylə ərdəbilli olması idi.
Ora kəşfiyyatçı kimi gedəcəkdi, amma
həm də oralı kimi gedəcəkdi. Atasını itirəndə
15 yaşı vardı və ev içində eşitdiyi
söhbətlərdən bilirdi ki, oralarda qohum-əqrəbadan
kimləri olub, dədə-babaları harada
yaşayırlarmış, nə ilə məşğul
olurlarmış. Yəni o yerlərə qərib kimi getməmişdi,
lazım gələndə tanışlıq verə, kimlərdən
olduğunu söyləyə bilərdi. Bu isə həmin yerlərdə
uzun müddət qalıb iş aparacaq kəşfiyyatçıdan
ötrü son dərəcə əhəmiyyətli bir amil
idi.
Sovet İttifaqı İranla bağlı 1930-cu illərin
sonlarından ilk növbədə Azərbaycan üzərindən
uzaqməqsədli ciddi işləməyə
başlamışdı. 1930-cu illərin bitəcəyi,
1940-cı illərin əvvəllərində İranda
güclü dalğaya çevrilən həmkarlar hərəkatında
azərbaycanlılar aparıcı mövqedə idi və bu, əsla
təsadüfi deyildi.
Sonra sovet hərbi hissələri İrana gələcək,
onların sırasında da azərbaycanlılar əsas yeri
tutacaq.
Moskvanın bu gedişatda azərbaycanlılara
üstünlük verməsinin səbəbi təbii amillər
idi - dil, ortaq mədəniyyət, ruhca yaxınlıq, XX əsrin
əvvəllərində sərhədin rahat keçilən
olması səbəbindən İrandan, Güney Azərbaycandan
bu tərəflərə çox ailələrin gəlməsi,
buradakı əhaliylə qaynayıb-qarışmaları,
bolluca qohumluq əlaqələrinin varlığı.
1930-cu illərin axırlarından etibarən asta-asta
İrandakı ictimai-siyasi proseslər dərinləşərək
daha əhatəli olduqca, milli azadlıq hərəkatı
qüvvətləndikcə, bütün bunların bəhrəsi
kimi nəhayətdə Cənubi Azərbaycanda Milli Hökumət
qurulandan sonrakı gedişatda Məmmədhüseyn Əsədov
kimi peşəkarlara ehtiyac qat-qat artırdı.
Bir kəşfiyyatçı olaraq Əsədov həmin
dönəmdə, yəqin ki, malik olduğu keyfiyyətlərlə
nadirlərdən biri imiş.
Əvvələn, 1941-ci ildə İrana göndəriləndə
artıq 20 ildən çox iş təcrübəsi vardı,
əslən iranlı idi, azərbaycanlı idi, farscası da
vardı.
Əsədovun anketlərindən yalnız bircəsində
- əvvəlincisində onun farscanı bilməsi birmənalı
göstərilib.
O, rəsmən Azərbaycan ÇK-sına - Fövqəladə
Komissiyaya bağlananda 1920-ci ilin 12 iyulu idi. Bu qurum özü də
vur-tut 2 aydı var idi. Yəni Məmmədhüseyn Əsədov
sovet dönəmindəki Azərbaycan təhlükəsizlik
şəbəkəsində azsaylı əvvəlincilərin
sırasında idi.
Azərbaycan Milli Təhlükəsizlik təşkilatı
tarixini Cümhuriyyət dönəmindən başlayır və
idarənin də ilk rəhbəri iki qardaş - Məmmədbağır
Şeyxzamanlı, ardınca da Nağı bəy olmuşdu.
Şübhə yoxdur ki, şuralaşmış Azərbaycanın
təhlükəsizlik xidmətinə elə 1920-ci illərdən
başlayaraq Mərkəzin təsiri qaçılmaz oldu. Azərbaycan
həmin Azərbaycan idisə də, məfkurə, xətt dəyişmişdi.
Ancaq hansı dövrdə, hansı siyasi mühitdə fəaliyyət
göstərməsindən asılı olmayaraq, burada
çalışanların yiyələnməli olduqları
peşəkarlıq vərdişləri, yerinə yetirməli
olduqları sırf peşəkar vəzifələr vardı.
Elə vəzifələr ki, bu, bilavasitə dövlətin təhlükəsizliyi
məsələsi ilə bağlıdır və
dünyanın harasında olursa-olsun, hansı zaman
yaşanılırsa-yaşansın, xüsusi xidmətlərin
o vəzifələri yerində qalmaqdadır.
Məmmədhüseyn Əsədov bu qurumda düz 28
il çalışdı və necə
çalışdığının da göstəricisi
onunla bağlı 1948-ci ildə hazırlanmış və
dövlət təhlükəsizlik nazirinin müavini polkovnik
Kərimovun imzaladığı xasiyyətnamədir.
Yazırdı ki, Məmmədhüseyn Əsədov 1920-ci ilin
12 iyulundan 1948-ci ilin 10 mayınadək ÇK, QPU, NKVD, NKQB,
MQB orqanlarında çalışdığı müddətdə
yalnız müsbət səciyyələndirilir, heç bir
inzibati və partiya cəzası olmamışdır.
Bircə cümlədir, ancaq yükü çoxdur.
Bunca uzun müddətdə aldığı təltiflər,
mükafatlar bir yana, heç bir qüsura yol vermədən, ən
xırda cəza belə almadan üç onilə çatan
vaxt ərzində işləyə bilməsi o deməkdir ki,
bu insan belə cəzaları qazanmağın işin öz
xüsusiyyətlərindən, şəraitdən irəli gəldiyi
çətin sahədə daim ayıq, məsuliyyətli,
hisslərinə tam hakim olub.
Əsədov təhlükəsizlik xidmətindəki
bilavasitə işindən ayrılaraq mülki işə
keçəndən, "İnturist" mehmanxanasında
çalışmağa başlayandan sonra da yenə
faydasını verməkdə davam edirdi.
Azərbaycan Dövlət Təhlükəsizlik
Nazirliyi 1-ci şöbəsinin rəis müavini podpolkovnik
Yermakovun 1948-ci ilin 20 martında imzaladığı
arayış buna əyani sübutdur. Yazırdı ki, Əsədov
1947-ci ilin aprelindən Azərbaycandakı İran mühacirlərinə
xidmət edən və onlarla iş aparan əməliyyat
işçiləri qrupundadır. Demokratların işlə təmin
edilməsi və yerləşdirilməsi ilə əlaqədar
ona verilən tapşırıqları vicdanla yerinə
yetirmiş, bu məqsədlə Azərbaycan rayonlarına səfərlərə
çıxmışdır.
Bu, həmin nigaran zaman kəsiyidir ki, Güneydə
Milli Hökumət qəddarcasına boğulandan, minlərlə
fədai güllələnəndən, asılandan, həbslərə,
sürgünlərə atılandan sonra eyni aqibətdən
nicat bularaq bu taya pənah gətirmiş minlərlə insana
qayğı, kömək bir yana, onlara mehriban söz, məhrəm
münasibətlə yanaşmaq, ağrısını hiss edərək
həmdərd ola bilmək də əvəzsiz dayaq idi. Bu
baxımdan isə Məmmədhüseynin yeri məxsusi idi.
Birincisi, o, hadisələrin içərisində olmuşdu, həm
Milli Hökumətin yaranma dövrü, 1 illik hakimiyyəti
dönəmi, həm də devrilmədən sonrakı faciələr
onun gözü qarşısında baş vermişdi. İndi
Arazı aşaraq bura sığınanların çoxunu Məmmədhüseyn
elə o tərəfdən tanıyırdı, bu sözün
bütün mənalarında onların dilini bilirdi.
Azərbaycana təşrif gətirmiş siyasi pənahəndələrin
sıxıntılarını qısa müddətdə həll
etmək Azərbaycan respublikası üçün
müşkül, bu axın qəfildən gəlmiş sel
kimi idi.
Bu dövrdə artıq Əsədov rəsmi əməkdaş
olmasa da, həmin işlə məşğul olan fəaliyyətdəkilərdən
az çalışmırdı və ömrün
böhranlı günlərində göstərdiyi təmənnasız
qayğılara görə iranlı demokratlar, mübariz firqəçilər
Əsədovun yaxşılıqlarını sonralar heç
unutmurdular, bu nəcib insanı həyatdan gedəndən sonra
da minnətdarlıqla anırdılar.
İranla bağlı irili-xırdalı məsələlər
bu minvalla daim Məmmədhüseynlə oldu.
İran üzü görməsə də, bu tərəfdə
doğulsa da, atasının İran təbəəsi
olması səbəbindən o da 27 yaşınadək
yolayrıcında, iki can arasında qalmışdı, vətəndaşlığı
olmayan şəxs sayılırdı ki, onun Azərbaycan vətəndaşlığı
rəsmən 1926-cı ildə təsdiqləndi.
Nə qədər etibarlı olsa da, dövlətə
sədaqətini ölümün qaşla göz arasında
durduğu ən riskli və təşvişli məqamlarda dəfələrlə
isbata yetirsə də, Məmmədhüseynin
özünün də əməkdaşı olduğu Təhlükəsizlik
Nazirliyinin divarları arasında hazırlanmış gizli sənədlərə
görə, onun bu şəbəkədən kənarlaşdırılması
məsələsinin də gündəmə gəldiyi
olmuşdu.
Əsədovla bağlı gizlicə
aparılmış xidməti araşdırma da vardı ki,
İranla bir çox tellərlə bağlı olduğunu
göstərən həmin arayış əsasında onun təhlükəsizlik
orqanlarından xaric edilməsi artıq qətiləşmişdi.
Çünki məsələ artıq Mərkəz - Moskva səviyyəsində
qaldırılmışdı. Ancaq bundan Əsədovun
özünün heç xəbəri də
olmamışdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi belə bir addımın atılmasına
qarşı çıxmışdı. Sənəddə ad
göstərilmədən bu qərarı Mərkəzi Komitə
katibinin verdiyi qeyd edilir. Gümanımca, göstəriş birbaşa
Mircəfər Bağırovdan gəlmişdi. Çünki
o, gənclik çağlarından Məmmədhüseyni
yaxşı tanıyırdı, görünür, bu,
onların yollarının Qubada kəsişdiyi
çağlardan başlanmışdı və vaxtilə
Moskvada Xüsusi Xidmətlərin Xüsusi Məktəbində
təhsil alarkən partiyaya qəbul edilməsi
üçün zəmanətləri yazanlardan biri də elə
Bağırov olmuşdu.
Əsədova qarşı İran kompromatı bundan
ibarət idi ki, Məmmədhüseynin 1892-ci il doğumlu
böyük qardaşı Məmmədtağı 1919-cu ildə
Samaradakı İran konsulluğunun əməkdaşı
olmuş, 1922-1923-cü illərdə rüşvət
aldığına görə 3 illiyə həbs olunmuşdu,
Digər iddia bu idi ki, 1936-cı ilə qədər Məmmədtağı
və Məmmədhüseynin digər qardaşı Həsən
İran təbəəsi olmuşlar. Başqa bir irad bu idi ki,
həyat yoldaşı Şövkət Əsədova-Müqimova
tacir qızı idi, onun 1928-ci ildə vəfat edən
atası da İran vətəndaşı idi. Ayrı bir səbəb
bu idi ki, Məmmədhüseynin dayısı Hüseyn Əhmədov
da İran vətəndaşı idi, 1938-ci ildə NKVD tərəfindən
casusluqda şübhəli bilinərək Həştərxanda
həbs olunmuş və 10 il müddətinə həbs cəzası
almışdı. Özgə bir dəlil bu idi ki, Məmmədhüseynin
digər dayısı və xalası çoxlu uşaqları
ilə birgə İranda, Məşhəddə
yaşayırdılar.
Məhz bunları nəzərdə tutaraq SSRİ təhlükəsizlik
nazirinin müavini general-leytenant Selivanovskiyə Əsədovun
DTN sistemindən çıxarılması ilə bağlı
müraciət edilmişdi.
Bu, artıq elə səviyyə idi ki, Mircəfər
Bağırov işə qarışmasaydı, Lavrenti Beriya ilə
məsələni çözməsəydi, Məmmədhüseyni
bu girdabdan çıxaracaq qüvvə ola bilməzdi.
Adını belə qoyurlar ki, İrandan Azərbaycana
çoxlu sayda siyasi mühacir gəlib və onlarla işləyə
biləcək peşəkar kimi Əsədova ehtiyac
böyükdür.
Başqa sözlə, qanına bais olacaq İran əmması
qanının arasına girir...
Ancaq orqanlarda işlədiyi dönəmdə Əsədovun
üzləşdiyi bəlalar, qəfildən pırtlayıb
ortaya çıxan həmlələr bir idimi, iki idimi?
1920-ci illərdən başlayaraq ardıcıl və
sistemli şəkildə Azərbaycan xüsusi xidmət
orqanlarına ermənilər yeridilməyə başlanır və
1930-cu illərin qanlı siyasi repressiyaları başlayanda
onlar artıq yetərincə şəbəkələşmiş,
qol-qanad açmış, kök atmışdılar. Azərbaycanın
seçmə övladlarına qarşı xüsusi xidmət
orqanlarının əli ilə divan tutmaq, pərdəarxası
soyqırımını gerçəkləşdirmək əməliyyatlarının
ən tüğyanlı həddə çatdığı
1937-1938-ci illərə aid hansı qondarma cinayət işini
qaldırırsansa, altından bir sürü erməni
çıxır. Bu təşkilatdakı tək-tək azərbaycanlıları
da ləkələmək, çıxdaş etmək, daha
geniş meydan qazanmaqçün o tək-tüklərin də
axırına çıxmaq məkrli erməniçiliyin bir
ayrı hiyləsi idi.
Məmmədhüseyn Əsədov da daim erməni
nişangahında olan bu qəbil əməkdaşlardan idi.
1935-ci il martın 10-da attestasiyadan keçirilən
Əsədov haqqında hazırlanmış bu
arayışın altındakı imzanın kimliyini mətni
oxuyunca təsəvvür etməkçün xüsusi baş
sındırmağa lüzum qalmır: "Əsədov orta
hazırlıq səviyyəsi olan əməliyyatçıdır.
Agentura ilə işləməyi bacarır, amma zəif. Agentlərin
yetişdirilməsi və instruktaj edilməsində zəifdir".
Guya obyektiv görünmək üçün arada bir
yüngülvari tərifli söz deyərək yenə
ardınca baltanı dibindən vurur: "Əməliyyat
işini yaxşı bilir. Az təşəbbüskardır.
Verilən tapşırıqlara vicdanlı yanaşır.
İşdə inadkar deyil. Ona görə də
başladığı işi axıra çatdırmır.
Yaddaşı çox zəifdir. Bu da onun işinin məhsuldarlığına
mənfi təsir göstərir. Agentura və əməliyyat
işində müvəffəqiyyətləri olmayıb. Siyasi
baxımdan kafi dərəcədə inkişaf edib".
Peşəkar keyfiyyətlərinin hamısını
mənfi göstərəndən sonra xala-xətrin
qalmasın, yenə obyektivlik illüziyası
doğurmaqçün "Ətrafdakılarla münasibəti
yaxşıdır" yazır.
Və bütün bunlardan sonra yekun rəyini verir:
"Əməliyyatçı kimi əməliyyat müvəkkili
vəzifəsinə uyğundur. Yüksək vəzifəyə
keçirilməyə layiq deyil".
İmza da ki, buyurun: Azərbaycan XDİK Dövlət
Təhlükəsizliyi İdarəsi Xüsusi Şöbəsinin
rəisi Avanesyan.
Rumu ki dedin, qəziyyə məlum!
Bu arayış masasının üstünə gedib
çıxan daha yuxarıdakı rəis də Avanesyanın,
attestasiyadan keçirilən əməkdaşın peşəkar
keyfiyyətlərini mənfi çalarlarla qiymətləndirdiyi
cümlə və ifadələrin altından
qırmızı xətt çəkib ki, bu da artıq Əsədovun
irəliləyiş yolunun qarşısında qurulan
aşılmaz barı, yandırılan qırmızı
işıq deməkdi.
Erməni o cür yazır, amma 2 il sonra - 1937-ci ilin 28
mayında III şöbənin rəisi mayor Borşovun
yazdığı rəydə erməni xəbisliklərindən
əsər-əlamət yoxdur və Əsədovun yuxarı vəzifəyə
çəkilməsinə müsbət münasibət
bildirilir: "Zəhmətkeşdir. Tarşırıqları
layiqincə yerinə yetirən əməliyyatçıdır.
Çekist işinin prinsiplərinə bələddir. Agentura
ilə işləməyi bacarır. Konspirasiyaya riayət edəndir.
Əməliyyat işini yaxşı bilir. Verilən
tapşırıqlara vicdanla yanaşır. Əməliyyatçı
kimi mərkəzi aparatda əməliyyat müvəkkili vəzifəsinə
tam uyğun gəlir. Vəzifədə irəli çəkilərək
Azərbaycan XDİK rayon şöbəsinin rəisi təyin
edilməyə layiqdir".
Bir var sənin düşmən saydığın
üzbəüz dayanıb gendən sənə atəş
açır, bir də var səninlə birlikdə işləyir
və gülləni kürəyinə sıxır.
Çekist ömrünün lap əvvəlindən
ölüm saçan atəş sədaları Məmmədhüseyni
qarabaqara izləmişdi və qarşıda dayanan ən
qatı cinayətkarlardan da heç vədə çəkinməmişdi.
1925-ci ilin mayında Ağdaş qəzasının
Ağdaş-Göyçay Məlumat Məntəqəsinin
müvəkkil köməkçisi işlərkən
Zaqatalalı Şüanın bandasının zərərsizlşdirilməsinə
şəxsən rəhbərlik etmişdi. Bu dəstəyə
Dağıstandan da birləşənlər varmış.
1925-ci ilin dekabrında Qorovçenkonun rəhbərliyi
altında Samuxlu Məmmədqasımın bandasının ləğvi
üzrə aparılan ümumi əməliyyatda
kommunarların Ağdaş dəstəsi komandirinin müavini
kimi Əsədov mühasirəyə alma və atışmada
fəal və bilavasitə iştirak etmişdi.
1926-cı ildə yenə həmin vəzifədə ikən
Ağdaş qəzasında 8 nəfərdən ibarət
Şahlıq bandasını əllərində silah tutaraq
Göyçaya göndərmişdi. Ancaq AzÇeKa-dan barələrində
hökm gələnədək onlar qaçmağa müvəffəq
olmuşdular. Sonra 1926-1927-ci illərdə Əsədov dəstəsiylə
o bandanı təqib etmiş və bütün üzvlərini
tapıb dənləyə bilmişdi.
Yenə həmin vəzifəni
daşıdığı vaxtlarda AzÇeKa-nın Hərbi Dəstəsinin
komandiri Şabanbəyovun rəhbərliyi altında Həsən
Çovuşun Ağdaş qəzasında fəaliyyət
göstərən bandası üzrə uzunmüddətli əməliyyat
aparmış, dəstəbaşını zərərsizləşdirmiş,
bandanın qalan üzvlərini isə məqsədyönlü
tədbirlər nəticəsində 1927-ci ilədək
müxtəlif vaxtlarda tuta bilmişdi.
Yenə həmin vəzifədəykən Ləzgi
Əhmədin 5 nəfərdən ibarət cinayətkar
bandası üzrə əməliyyatı şəxsən
aparmış, bandanı təslim etmiş və daha artıq
- həmin bandanın üzvlərindən Ağdaş qəzasındakı
digər bandalara qarşı mübarizədə istifadə
etməyi bacarmışdı.
Bəs cəlbetmə daha necə olur?
Banditi banditlərə qarşı mübarizəyə
yönəltməyi bacarıbsa, bunu məharətli və incə
cəlbetmədən savayı necə adlandırasan?
1928-ci ildə Kürdüstan Məlumat Məntəqəsinin
müvəkkili işlərkən orada, eləcə də Gəncə
qəzasında, Dağlıq Qarabağ Muxtar Vilayətində
mal oğurluğu ilə məşğul olan cinayətkar dəstəyə
qarşı iş aparmış və nəticədə
bandanın başçısı aradan
götürülmüş, dəstənin qalan üzvləri
müxtəlif vaxtlarda tutulmuşdu.
1928-ci ildə yenə həmin vəzifədə ikən
məlumat məntəqəsinin keçmiş rəisi Misir
Hüseynovun başçılığı altında
Əliyanlılar bandası üzrə iş aparmış və
nəticədə həmin dəstənin fəal üzvü
Hüseyn Dəştağatlı zərərsizləşdirilmişdi.
1929-cu ildə Azərbaycan Baş Siyasi İdarəsi
Qarabağ rayon şöbəsinin baş müvəkkili vəzifəsindəykən
Mircəfər Bağırovun rəhbərliyi altında Murtuz
Qiyaslının bandasının təqib edilib zərərsizləşdirilməsində
bilavasitə və fəal iştirak etmiş, bandanın 13
üzvünün mühasirəyə alınaraq tam şəkildə
təslim edilməsinə nail olmuşdu.
1930-cu il iyunun 3-də Bahadur Rzayevin
başçılığı altında Kəlbəcər
rayonunda fövqəladə üçlüyün üzvü
olaraq çoxsaylı bandit dəstələri və
etirazçı qruplarla qarşıdurmalarda bilavasitə və
fəal iştirak etmiş, çox da böyük olmayan dəstəsi
ilə hökumət qüvvələrinin geri çəkilən
dəstəsini qarşı tərəfin atəşlərindən
qorumuş və iki gün banditlərin mühasirəsində
qalmışdı. Buna görə Zaqafqaziya Baş Siyasi
İdarəsinin mükafatına da layiq
görülmüşdü.
Azərbaycan Baş Siyasi İdarəsi Ağdam
bölməsinin rəisi işlərkən Məhərrəm
Ləmbəranskinin bandası üzrə təşkil etdiyi əməliyyatla
o dəstədəki fəal üsyan
iştirakçıları Firidun Kərim oğlu və Rza
Hacı Əsgər oğlunu zərərsizləşdirmişdi.
1934-cü ildə Azərbaycan XDİK Təhlükəsizlik
İdarəsi Xüsusi Şöbəsinin 2-ci bölməsinin
əməliyyat müvəkkili işləyərkən
Qavrilovun başçılığı altında Zaqatala
bandası üzrə aparılan iş əsnasında əməliyyat
sahəsinin rəisi təyin edilmiş və əks tərəf
bu qarşıdurmanın onlara hansı itkilərlə başa
gələcəyini anladığından qorxudan heç ora
yaxın durmamışdı.
Xəsis sətirlərlə cızılan bu
ölüm-dirim səhnələri Məmmədhüseyn
Əsədovun 1935-ci il
noyabrın 15-də tərtib etdiyi hesabatdandır. Hələ
görün o ildən sonra nə qədər belə təhlükəli
cığırlardan aşmalı olub.
O illərdə daim barmağı tətikdə
imiş. Çevik strateji düşüncəsinə onun
mahir atıcılığı da söykək dururmuş.
Bu əməliyyatlar gedişində onun 1927,
1933-1934-cü illərdə silahla
mükafatlandırılması da bir ayrı rəmz idi.
Belə qəhrəmanlıqlar göstərirdi,
içəridəki xainlərsə ona badalaq vurmağın,
sıradan şıxarmağın yolları barədə fasiləsiz
əlləşməkdəydilər.
Bütün bunlar düyünlü tarixlərdir. Səngərin
o üzündə də, bu üzündə də azərbaycanlılar
idi. O əli silahlı,
"quldur", "bandit" adlandırılanlar yeni
quruluşla barışmayaraq sovetə qarşı
barışmaz mübarizəyə qatılanlar idi. Gücləri
çatan qədər çarpışdılar, ölənləri
öldürüldü, qalanlarının da bir qismi Qaçaq
Məmmədqasım kimi son olaraq ömürlük mühacirəti
intixab etdi, Türkiyəyə sığındı. Dəyişən
vaxt və başqalaşan siyasət səngərin o
üzündə və bu tayında olanlara münasibəti fərqli
edir. Sovet dönəmində qaçaqlar düşmən,
onları təqib edən, qırıb-çatanlar igid
sayılırdılar. İndi bubirilər qəhrəman,
obirilər xain kimi qələmə verilir.
Tarixsə necə var, o cür qalıb, dəyişən
zamanla verilən qiymətlər dəyişib.
Əslində o tərəfdən və bu tərəfdən
döyüşənlərin hər biri o zaman inanaraq
mübarizə aparırdı, məhz özünü
haqlı hesab edirdi.
Yəqin, o sovet dönəmi 70 il yox, daha uzun çəksəydi,
bu gün bu sadalananların hər biri gənc çekist
Əsədovun bilinməyən şücaətləri kimi
xatırlanardı. Amma bir əsr uzaqlıqdakı o
barışmaz qarşıdurmaları yada salırkən və
Əsədovun o qarşıdurmalardakı şax
davranışları haqqında rəsmi sənədlərdə
qalan soraqları üzə çıxarırkən məqsəd
onun gənc yaşlarında hansı cəsarətə,
qorxmazlığa sahib olduğunu qabartmaqdır. Bu
qarşıdurmaların hamısında ən ciddi təhlükələr,
qan-qada, hər növbəti əməliyyatda nicatsız
ölümlə göz-gözə dayanmaq ehtimalı
vardı. O əməliyyatlara əlisilahlı gedib
yaraqlılarla qarşı-qarşıya dayanan Məmmədhüseyn
Əsədov o dövrdə 26-27 yaşlarında idi. Bu
mübarizələrdən keçə-keçə bərkiyirdi.
Ölümdən qorxmamaq, qandan vahimələnməmək
üçün gərək ömründə bunları səninçün
adiləşdirmiş hadisələr ola. Əsədov
İrana 1942-ci ildə göndəriləcək və onda
artıq 42 yaşında idi, dünyanın hər
üzünü görmüşdü. Əsədovun kəşfiyyatçı
ömrünün İran dövrünü xatırlarkən
belə ayrıntılardan bəhs etməyim səbəbsiz
deyil və bu mətləblərə yenə
qayıdacağam. Çünki onun orada bu qədər həyat
imtahanlarından keçərək yığdığı
təcrübələrə əsasən etdiklərini göz
görə-görə, ağa qara deyərək bir yeniyetmənin
adına yazmaq, saxtalaşdırılmış tarixi gerçək
kimi təqdim etmək cəhdləri olub və o yalan ayaq tutub
da yeriyir.
O yalanın ayaqlarını yerə bir qədər
sonra yapışdıracayıq. Çünki elə zəmanələr
yetişir ki, atalar müdrikliyinə rəğmən nəinki
yalan ayaq tutub yeriyir, hətta qaçır da, uçur da...
...Məmmədhüseyn Əsədovun aqibətinə
təsir edə biləcək bu sənədi imzalayan erməni
deyil. Ancaq axtarsan görəcəksən ki, bu sənədin
ortaya çıxmasının fitvası Bakıdan gəlir,
buralardakı hansısa erməni rəisin təqdimatından
qaynaqlanır - bu sənədi 1947-ci il fevralın 21-də
SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi Beşinci
Baş İdarəsinin 8-A şöbəsinin 2-ci bölməsinin
rəis müavini Oyzernan imzalayıb. Elə digər erməninin
yazdığı kimi, bu da Məmmədhüseyn Əsədovun
bütün əməklərini yerə vurur.
Kim bilir, bəlkə burada daa dərinəişləyən
erməni rəzaləti var ki, Əsədovun İranda
müharibə dövründə yüksək dövlət səviyyəli
əməliyyatlarda iştirakını gələcəkdə
heçə endirə biləcək rəsmi sənədlər
qabaqcadan tədarük edilib.
Belə dəyərsizləşdirmənin
düzgün olmaması, şər, iftira saçması ilk
baxışdanca ondan sezilir ki, bu ölkədə 7 il sərasər
fəaliyyət göstərmiş çekist, həqiqətən,
o arayışda göstərilən səviyyədə olsa
idi, yeni İran tarixinin ən həlledici dönəmində
onu o qədər uzun müddətdə orada saxlamaz, elə
birinci ildəncə yola salardılar.
Həmin qarayaxa, mərdümazar arayışda
göstərilir ki, "Həsən" ləqəbli Məmmədhüseyn
Əsədov 1941-1947-ci illər arası SSRİ DTN xətti ilə
İranda Ərdəbil rezidenturasının İran
Astarasında yerləşən əməliyyatçısı
kimi uzunmüddətli ezamiyyətdə olmuş və
İranda işlədiyi müddətdə agentura-əməliyyat
işində yetərincə təcrübəsi
olmadığnı, təşəbbüskarlığının
yoxluğunu ortaya qoymuşdur.
Əlavə edirdi ki, bircə dənə belə qiymətli
cəlbetmə aparmayıb, qeyri-təşəbbüskardır,
qətiyyətsizdir və bu səbəblərə görə
də işdən kənarlaşdırılıb.
İşə canını qoyasan, çiynindən
heç vaxt yükün ağırı əskik olmaya, bu
cürə də qırmızı-qırmızı ittiham
olunasan.
Belə münasibətləri görə-görə,
belə cəngəllikdə yaşaya-yaşaya
sınmayıblar, sönməyiblər, əqidələrindən
sapmayıblar. Məmmədhüseyn Əsədov da, onun
müasirləri də öz zamanlarının balası idilər.
Həmin dövrlərdən uzaqlaşdıqca o dövrün
hiss və düşüncələrini də, həqiqətlərini
də anlamaq qəlizləşir, məchullaşır. Ancaq ən
qatışıq zamanların içində də heç
vaxt dəyişməyən, daim sabit qalan, gələcəyə
də ürək genişliyi və arxayınlıqla
ötürülə bilən dəyər ləyaqətdir.
Məmmədhüseyn Əsədov, bu cəsur azərbaycanlı
Vaxtının oğlu ola-ola yüksək ləyaqətini daim
qoruya bildi. Onun keçdiyi yola və əməllərə hər
yeni zamanda baxış və qiymətlər hökmən dəyişəcək.
Ləyaqətsə elə cövhər, elə irsdir ki, vaxtın küləkləri nə
qədər əsir-əssin, bu köhnəlməz dəyər
xalisliyini də, aliliyini də, ibrətini də müdam hifz
edəcək - istənilən hava şəraitində!
2 may 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2025.- 7 may(№78).- S.12-13.