"Çarmıxa
çəkilmə"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Qərbi Kaspi Universitetinin dizayn ixtisasında
müəllim Əsli Abbasovadır. Onunla Əməkdar rəssam
Eldar Qurbanovun "Çarmıxa çəkilmə" əsərindən
danışmışıq.
Eldar Qurbanov 20 yanvar 1948-ci ildə Bakı şəhərində
anadan olub. 1965-1969-cu illərdə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini
bitirib, 1981-1986-cı illərdə təhsilini Azərbaycan
Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji
Universiteti) bədii qrafika fakültəsində davam etdirib.
1973-cü ildə "Xəzərdə bayram" adlı əsəri
ilə qatıldığı sərgini rəssamın
yaradıcılığında ilk işartılardan saymaq
olar. 1987-ci ildə Bakı İncəsənət Mərkəzində
fərdi sərgisi keçirilib. Rəssamın əsərləri
dünyanın müxtəlif yerlərində də sərgilənib
ki, bunlar arasında 1990-cı ildə ABŞ-da, Hyustunda
keçiriləni xüsusi olaraq vurğulamaq lazımdır. Bütün
bunlardan savayı isə Moskvada Bəstəkərlar Evi (1992),
Berlində "Madam Rap" qalereyası (1997) və Londonda
"Humay" Azərbaycan Mərkəzində (2001) olan fərdi
sərgilərini də qeyd edə bilərik. Sadalanan fərdi
sərgilər silsiləsinə 2023-cü ildə özünəməxsus
adı ilə seçilən "Cazın ağ göyərçinləri"
(Heydər Əliyev Mərkəzi) və Müasir İncəsənət
Mərkəzində təşkil olunanları da əlavə
edə bilərik. Eldar Qurbanov 2002-ci ildə Azərbaycanın
Əməkdar rəssamı fəxri adına layiq
görülüb.
- Eldar Qurbanov "Çarmıxa çəkilmə"
əsərində hansı ideyanı əsas
götürüb?
- Bir çox təsviri incəsənət nümunəsində
olduğu kimi, Eldar Qurbanovun "Çarmıxa çəkilmə"
(130x170, kətan akril, 2010) əsərinin də öz fəlsəfi
və tarixi keçmişi var. İnsanlıq tarixi boyu ədalətsizlik
anlayışı cəmiyyətlərin əsas problemlərindən
olub. Bu ideya bəzən siyasi, bəzən iqtisadi, bəzən
də dini çərçivədə ifadə edilib. Rəssamlıq
isə bu ideyanı bədii dillə ifadə etməyin ən
güclü yollarından biri kimi daim ön planda olub.
Xüsusilə, İsanın çarmıxa çəkilməsi
motivi rəssamlıqda yalnız dini bir səhnə deyil, həm
də ümumbəşəri ədalətsizliyin simvolik bir təqdimatı
kimi çıxış edir. Əsərin əsas məzmunu
elə tarixdən götürülsə də, burada bu
günümüzün həqiqətləri də özünə
yer tapıb. Adından da bilindiyi kimi, çarmıxa çəkilmə
məşhur dini hekayəyə əsaslanır. Süjetin əsas
ideya mənbəyi isə səmavi dinlərdən sayılan
xristianlığın müqəddəs şəxsi olan Hz.
İsanın vəfat anı, yəni onun çarmıxa
çəkilməsidir.
- Əsərin rəng həlli necədir?
- Eldar Qurbanovun "Çarmıxa çəkilmə"
adlı əsərinin rəng həlli, təkcə vizual təsir
yaratmaq üçün deyil, həm də ideya və emosional
dərinlik qazandırmaq üçün xüsusi şəkildə
seçilib və işlənib. Bu əsərdə rənglər
rəssamın ədalətsizlik, biganəlik və mənəvi
iztirab mövzularını qabartmaq vasitəsinə
çevrilib. Mərkəzdə yerləşən
İsanın fiquru daha işıqlı və nisbətən
açıq rənglərlə çəkilib. Bu, onun mənəvi
ucalığını, paklığını və
günahsızlığını simvolizə edir.
Ətrafındakı qaranlıq və rəngsiz kütlə
isə biganə cəmiyyətin simvoludur. Rəssam mərkəzi
fiqur üzərində işıq effekti yaratmaqla, ilahi məqamı
və müqəddəsliyi vurğulamağa
çalışır. Bu, həmçinin ədalətsizliyin
içində belə ümid və mənəvi qurtuluş
mesajını verə bilər. Fon və arxa planın rəngsizliyi,
boşluğu və dumanlı görünüşü,
insanın bu faciəyə qarşı təcrid olunmuş,
baxıb keçən, bəzən isə heç nə hiss
etməyən halını göstərir.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Kompozisiyada İsanın çarmıxa çəkilməsi,
Bibliyada günahsız bir şəxsin cəmiyyət və
hakimiyyət tərəfindən haqsız yerə cəzalandırılmasının
təsvirini görürük. Bu hadisə, təkcə dini
anlamda qurtuluş və fədakarlıqla əlaqəli deyil, həm
də insanlıq tarixi boyunca təkrarlanan bir faciənin
göstəricisidir: ədalətsizliyə məruz
qalanların səsi çox zaman eşidilmir. Rəssamlar bu
motivi çəkərkən yalnız dini hekayəni deyil, cəmiyyətin
sosial və mənəvi çatışmazlıqlarını
da vurğulayıblar. İnsan əli ilə çəkilmiş
bir səhnə var ki, min illər keçsə də, onun
qarşısında dayanan hər kəsin ruhunu silkələyir
- İsa peyğəmbərin çarmıxa çəkilməsi.
Bu səhnə təkcə dini bir məqam deyil, həm də
insanlığın ədalətsizlik qarşısındakı
sınağıdır. Hər fırça izində, hər
kölgədə, hər ifadədə bir sual gizlənir: niyə
susduq? Rəssam bu mövzunu təkcə ilahi bir faciə kimi
deyil, həm də ictimai bir güzgü kimi təqdim edir.
Tabloda İsa ortadadır - tənha, aciz görünsə də,
mənəvi baxımdan uca mövqedədir. Ətrafında isə
insanlar - bəziləri baxır, bəziləri gözlərini
qaçırır, bəziləri sadəcə seyr edir.
Onların üzündəki ifadə qorxu, laqeydlik, hətta
soyuqqanlı məmnunluqdur. Onlar oradadırlar, amma heç biri
onun yerinə keçmək istəmir. Bu səhnədə ən
ağır yük, çarmıx deyil - insanlığın
biganəliyidir. İsanın günahsız olduğu halda bu cəzanı
alması, ədalətsizliyin ən pik nöqtəsidir. Amma
daha dərini - bu ədalətsizliyi görüb də,
heç nə etməyənlərin mövcudluğudur. Rəssam
burada bizi yalnız tamaşaçı kimi yox, şahid və
hətta iştirakçı kimi təqdim edir. Sanki
baxdıqca soruşur: "Əgər sən orada olsaydın,
nə edərdin? Səssiz qalardın, yoxsa səsini
qaldırardın?"
Çarmıx burada bir simvoldur - yalnız
İsanın deyil, bütün dövrlərdə
haqsızlığa məruz qalan insanların taleyidir. Hər
bir məzlumun, susdurulanın, görməzlikdən gəlinənin
fonunda bir çarmıx var. Və hər dövrdə, bu
çarmıx önündə toplanan kütlə dəyişmir
- yenə susanlar, yenə baxanlar, yenə keçib gedənlər.
Rəsm bu mənzərə ilə bizə sadəcə dini
bir hekayə danışmır - o, bizi sorğulamağa
çağırır. Ədalətsizlik təkcə bir
insanın əzab çəkməsi deyil. Ən böyük ədalətsizlik,
bu əzab qarşısında susmaqdır. İsanın
çarmıxa çəkilməsində olduğu kimi - bəziləri
əmr verir, bəziləri mismar vurur, amma çoxları sadəcə
baxır. Bu fikri dəstəkləyən kompozisiyada xüsusi
bir detal var. Belə ki, tablonun aşağı sağ tərəfinə
diqqət yetirsək, orada baş verən prosesin fotosunun
çəkildiyini görə bilərik. Daha çox
günümüzün reallığı ilə səsləşən
bu nüans rəssamın da diqqətindən qaçmayıb
və o tarixi mövzunu yaşadığımız
dövrün düşüncəsi ilə səsləşdirməyi
bacarıb. Bundan başqa, rəssam İsanın təsvirində
sxematik formada avtoportretini də əks etdirib. Bu dövrlər
arasında olan bir körpüdür. İsa öz
dövründə çarmıxa çəkilən vaxt cəmiyyəti
necə sezirdisə, rəssam öz növbəsidə
yaşadığı dövrdə dünyaya elə baxır.
Bu səhnə insanlığın imtahanıdır və bu
imtahanda uğur, kimin səsini qaldırdığı, kimin isə
susaraq razı qaldığı ilə
ölçülür. Hər dəfə bu rəsmin
qarşısında dayandıqda, bir sual yenidən doğulur:
"Bəs biz bu çarmıxın harasındayıq -
altında əzab çəkən, yanında ağlayan, yoxsa
sadəcə baxıb keçən?"
- Tablo harada saxlanılır?
- Əsər hazırda rəssamın şəxsi
emalatxanasındadır.
- Rəssamın yaradıcılığına xas
hansı xüsusiyyətlər bu əsərdə
özünü göstərir?
- Eldar Qurbanov, Azərbaycan rəssamlıq sənətində
primitivizm üslubunun nümayəndəsi olaraq tanınır.
Onun əsərlərində insanın daxili aləmi, sosial ədalətsizlik
və insanların biganəliyi kimi mövzulara tez-tez rast gəlinir.
Bu mövzular, xüsusilə "Çarmıxa çəkilmə"
əsərində ön plana çıxır. Rəssam,
personajlarının daxili aləmini və psixoloji vəziyyətlərini
detallı şəkildə təqdim edir. Bu yanaşma, izləyicinin
personajlarla emosional əlaqə qurmasına imkan verir. Eldar
Qurbanov, əsərlərində simvolik elementlərdən
istifadə edərək, mövzularını daha dərin və
çoxşaxəli şəkildə təqdim edir.
Sözügedən məqam izləyicinin əsərin mənasını
daha geniş şəkildə qavramasına kömək edir.
- Bu tablonu Eldar Qurbanov
yaradıcılığındakı digər işlərdən
hansı xüsusiyyətlərinə görə fərqləndirərdiniz?
- "Çarmıxa çəkilmə" əsərində
realist yanaşma ön planda olsa da, digər əsərində
ekspressionist və primitivist elementlərə daha çox yer
verilib. Bu, rəssamın müxtəlif janr və üslublarda
özünü ifadəetmə bacarığını
göstərir. Bilindiyi kimi,
"Çarmıxa çəkilmə" əsərində
dini və tarixi mövzular işlənərkən, başqa
nümunələrdə müasir dövrün sosial məsələləri
ön plana çıxır. Bu yanaşma, rəssamın həm
keçmişi, həm də müasir dövrü təhlil
etmə qabiliyyətini nümayiş etdirir. Bir də bu tablonu
fərqləndirən əsas xüsusiyyətlər sırasında
rəng həllini də qeyd edə bilərik. Rəssamın ərsəyə
gətirdiyi nümunələrə diqqət yetirsək, daha
çox rəngli əsərlər görə bilərik, amma
burada əsas iki-üç rəng tonu üstünlük təşkil
edir. Eldar Qurbanovun əsərlərində ədalətsizlik və
insanların biganəliyi kimi mövzular xüsusi yer tutur. Rəssam,
müxtəlif janr və üslublarda bu mövzuları işləyərək,
izləyicilərə cəmiyyətin problemlərini və
insanın daxili aləmini dərindən təhlil etməyə
imkan verir. Onun yaradıcılığı, Azərbaycan rəssamlıq
sənətinin inkişafında mühüm rol oynayıb və
bəşəri dəyərlərin təbliğində əhəmiyyətli
yer tutub.
- Bildiyimiz kimi, bəhsi keçən mövzu dünya
rəssamlığında əsrlər boyu
aktuallığını qoruyub. Müasir dövr rəssamlığı
sözügedən mövzuya necə yanaşır?
- Başlanğıc üçün orta əsr və
İntibah dövrünün bir çox rəssamı - məsələn,
Mattias Qrünevald (1470/75-1525) və El Qrekonun (1541-1614)
İsanın əzabını sadəcə dini təqva ilə
deyil, insan ağrısının vizual təcəssümü
kimi təqdim etmələrini xatırlayaq. Onların əsərlərində
İsanın əzabı ilə yanaşı, tamaşaçını
narahat edən, düşündürən və sarsıdan
bir vizual dil görünür. Bu isə izləyicisini
yalnız dini hisslərə deyil, həm də vicdani
sorğulamalara sövq edir. Müasir dövr rəssamları
da bu mövzuya yeni yanaşmalar gətirərək onu
müasir sosial problemlərlə əlaqələndirirlər.
Bəzi sənətçilər İsanı müharibədən
əziyyət çəkən uşaq kimi, bəziləri isə
irqçilik qurbanı kimi təqdim edirlər. Bu cür təsvirlər
rəssamlığın bir forma olaraq necə dəyişə
biləcəyini göstərsə də, əsas ideya - ədalətsizlik
qarşısında insanın acizliyi - eyni olaraq qalır. Bu, rəssamlıq
vasitəsilə cəmiyyətə güzgü
tutmağın və əxlaqi dəyərləri
sorğulamağın bir yoludur. İsanın çarmıxa
çəkilməsi motivi, sənətdə insan
hüquqları, vicdan və sosial ədalətsizlik məsələlərinin
təcəssümünə çevrilib. Bu motiv, sadəcə
bir dini hadisəni deyil, bəşəriyyətin ədalət
axtarışını, haqsızlıq qarşısında
susan cəmiyyətləri və əzab çəkən fərdləri
əks etdirir. Beləliklə, bu mövzu rəssamlıqda
ümumbəşəri bir simvol kimi qəbul olunur və hər
dövrdə aktuallığını qoruyur. Nəticə olaraq,
İsanın çarmıxa çəkilməsi səhnəsi
rəssamlıqda yalnız dini motiv kimi deyil, həm də
dünyada mövcud olan sosial və mənəvi ədalətsizliyin
vizual simvolu kimi çıxış edir. Bu əsərlər
vasitəsilə rəssamlar insanları düşünməyə,
empatiya qurmağa və cəmiyyətin vicdanını
oyatmağa dəvət edirlər.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Hər bir fırça toxunuşunda bir hekayə
gizlənir. Hər rəng, bəzən bir
qışqırıq, bəzən də susdurulmuş bir səsdir.
İnsanların bir-birinə olan ədalətsiz münasibətini
əks etdirən bir rəsm əsəri, bəzən yüzlərlə
sözün ifadə edə bilmədiyi duyğuları səssizcə
izah edir. Bu cür tablolarda insan fiqurları arasında sərhədlər
olur - kimisi yuxarıda, işıqda, kimisi aşağıda,
kölgədə boğulur. Və bu fərq sadəcə məkan
yox, münasibət fərqidir. Ədalət - bəşəriyyətin
bəlkə də ən qədim arzularından biridir. Lakin
paradoks ondadır ki, insanlar ən çox da bu arzuya
qarşı çıxırlar. Bir rəsmə baxdıqda,
orada bir nəfərin boynubükük durduğunu, digərlərinin
isə sanki heç nə olmamış kimi üz
çevirdiyini görürsənsə, bu, sadəcə sənət
deyil, bir cəmiyyət güzgüsüdür. O
güzgüdə biz öz biganəliyimizi, susqunluğumuzu, bəzən
isə gizli zalımlığımızı
görürük.
Aytac SAHƏD
525-ci qəzet.- 2025.- 7 may(№78).- S.11.