Gənclər
Kitabxanası görkəmli alim Əkrəm Cəfəri
anıb
Azərbaycan milli əruzşünaslıq məktəbinin
banisi, ədəbiyyatşünas, şərqşünas,
filologiya elmləri doktoru, professor Əkrəm Cəfərin
125 illiyi tamam olur. Bu münasibətlə Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
görkəmli alimin Azərbaycan ədəbi dilinin tədqiqi
sahəsinə verdiyi töhfələrdən, zəngin irsindən,
çoxşaxəli elmi fəaliyyətindən bəhs edən
"Əruzşünaslıq elminin banisi - Əkrəm Cəfər"
adlı məlumat bülleteni hazırlanıb.
Kitabxanadan 525.az-a bildirilib ki, materialda filologiya elmləri
doktoru Vaqif Yusiflinin "Unuda bilmədiyim Əkrəm Cəfər",
Məhəmməd Nərimanoğlunun "Elmdə Əkrəm
Cəfər zirvəsi" adlı məqalələrin tam mətni,
professor Əkrəm Cəfərin Azərbaycan ədəbiyyatı
tarixi, şərqşünaslıq və dilçilik elminin tədqiqi
sahəsində qələmə aldığı bir sıra əsərləri
haqqında məlumat təqdim edilir. Kitabxana əməkdaşları
tərəfindən hazırlanan materialda Əkrəm Cəfərin
müəllifi, redaktoru, tərcüməçisi, "Ön
söz" yazdığı "Yandım avazeyi eşqinlə
sənin", "Mirzə Ələkbər Sabir şerinin
qafiyə lüğəti", "Məhsəti Gəncəvi
- özü, sözü, izi",
"Bustan.Gülüstan", "Əruzun nəzəri əsasları
və Azərbaycan əruzu" kimi 20-dən çox
kitabının biblioqrafik təsviri ilə yanaşı
qısa annotasiyası və dövrü mətbuatda
çıxan əsərlərinin siyahısı yer alır.
Kitabxananın rəsmi saytında yerləşdirilən
materialda görkəmli alimin müəllifi olduğu və ona
yazılan məktubların arxivi və onun haqqında
2006-2024-cü illərdə dövrü mətbuatda dərc
edilən məqalələrin siyahısı sərgilənir.
525-ci qəzet.- 2025.- 7 may(№78).- S.9.