"Zərifə və Heydər
Əliyevlər. Əbədiyaşar məhəbbət"
kitabının Daşkənddə təqdimatı oldu
Özbəkistan Yazıçılar İttifaqında
Azərbaycanın Xalq yazıçısı Elmira
Axundovanın ölkəmizin Özbəkistandakı səfirliyinin
və Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin
birgə təşəbbüsü və dəstəyi ilə
nəfis şəkildə özbək dilində çap
olunan "Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar
məhəbbət" kitabının təqdimat mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın
Özbəkistandakı səfirliyi və onun nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
(AMM) birgə layihəsi olan bu kitab Ümummilli lider Heydər
Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr
edilib. Kitabı özbək dilinə alim və tərcüməçi
Babaxan Məhəmməd Şərif çevirib.
Mərasimdə səfirliyimizin və AMM-in əməkdaşları,
elm və mədəniyyət xadimləri, ziyalılar, şair
və yazıçılar, ictimaiyyət nümayəndələri,
soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən
Babaxan Məhəmməd Şərif bu kitabın Ulu öndər
Heydər Əliyevin şəxsiyyəti, ailə həyatı,
fəaliyyəti haqqında misilsiz mənbə olduğunu diqqətə
çatdırıb, tərcümə prosesindəki işindən
danışıb.
Azərbaycanın Özbəkistandakı səfiri
Hüseyn Quliyev Elmira Axundovanın
yaradıcılığı haqqında söhbət
açıb: "Elmira Axundova Ulu öndər Heydər
Əliyev və postsovet məkanının ən praqmatik siyasi
xadimlərindən biri olan İlham Əliyev haqqında qələmə
alınmış, tutarlı fakt və materialları
özündə əks etdirən kitabların müəllifi
kimi tanınır. "Zərifə və Heydər Əliyevlər.
Əbədiyaşar məhəbbət" kitabında
xalqımızın tarixində müstəsna yeri olan iki
parlaq şəxsiyyətin - Zərifə və Heydər
Əliyevlərin boya-başa çatdıqları ailələrindən,
uşaqlıq və gənclik illərindən, həyatın
bütün çətinliklərinə birgə sinə gərməyə
kömək edən əbədiyaşar məhəbbətlərindən
söhbət açılır".
Səfir deyib ki, bu qiymətli kitabda Ümummilli lider
Heydər Əliyev və Zərifə xanım
Əliyevanın həyatı, bu böyük şəxsiyyətlərin
gəncliyi, onların ailə münasibətləri, həyatlarının
ən yaddaqalan, sevincli məqamları haqqında məlumatlar,
eləcə də bu ailəyə yaxın insanların xatirələri
yer alıb.
Özbəkistan Yazıçılar
İttifaqının "Cahan ədəbiyyatı"
jurnalının baş redaktoru Əhmədcan Melibayev deyib ki,
dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin
ideyaları türkdilli dövlətlər arasında,
xüsusən də bu ölkələrin mədəniyyət
sahəsində əlaqələrinin inkişafında həmişə
mühüm rol oynayıb.
O, Özbəkistan Yazıçılar
İttifaqının təşəbbüsü ilə
"Türk dövlətlərinin ədəbiyyat inciləri"
adlı 100 cildlik kitabın çap olunduğunu, 16 cildin Azərbaycan
ədəbiyyatına həsr edildiyini vurğulayıb.
Sonra o, Elmira Axundovanın Özbəkistan
Yazıçılar İttifaqının fəxri üzvü
seçildiyini bildirib, bu münasibətlə təbriklərini
çatdırıb, üzvlük vəsiqəsini Elmira
Axundovaya təqdim edib.
Filologiya elmləri doktoru, professor Nurbay Cabbarov, Özbəkistan
Yazıçılar İttifaqının üzvü İsmat
Kuçiyev, professor Cəmilə Şermuxammedova və
başqaları çıxış edərək kitabın əhəmiyyətindən
danışıblar.
Sonra Elmira Axundova "Zərifə və Heydər
Əliyevlər. Əbədiyaşar məhəbbət"
kitabı üzərindəki işindən söz
açıb: "Daşkəndlə və onun sakinləri ilə
tanışlığım XX əsrin 60-cı illərinin
ortalarına gedib çıxır. O zaman atam məni - məktəbli bir qızı
Özbəkistanın paytaxtına gətirmişdi. Mən bu
möcüzəvi paytaxtla tanış oldum və onun rahat,
kölgəli küçələrinə, sərin sulu
kanallarına, mehriban və açıq insanlarına sonsuz bir
eşqlə vuruldum. Sonra isə 1966-cı ildə Daşkənddə
qorxunc zəlzələ baş verdi və biz bütün ailə
olaraq bu faciəni yaşadıq. İttifaqın digər
respublikaları kimi Azərbaycan inşaatçıları da
bu şəhərin bərpasında fəal iştirak etdilər.
90-cı illərdə Azərbaycan Prezidentinin mətbuat
xidmətinin əməkdaşı olaraq mən Özbəkistan
Prezidenti İslam Kərimov və Azərbaycan Prezidenti Heydər
Əliyevin qarşılıqlı səfərlərini işıqlandırırdım,
onların səmimi dostluq münasibətlərini öz
gözlərimlə müşahidə etmək imkanı
qazandım və hər ikisindən müsahibə aldım.
Azərbaycanın Özbəkistandakı səfiri
hörmətli Hüseyn Quliyevin dəvəti ilə dəfələrlə
Daşkənddə səfirlik tərəfindən təşkil
olunan müxtəlif tədbirlərdə iştirak etmişəm,
ölkənin ədəbi və elmi elitası ilə əlaqələr
qurmuşam. Bu səfərlər zamanı Hüseyn müəllim
məni Özbəkistanın ilk dəfə
"Daşnaksutyun"un terrorçu mahiyyətini və
ölkədəki cinayətlərini açan dəyərli əsərlər
yaradan alim Şuxrat Salamovla tanış edib. Erməni millətçiləri
Salamova qarşı qarayaxma kampaniyası başlayanda digər
jurnalistlərlə birlikdə mən də onun müdafiəsinə
qalxdım.
Sonra səfirin təşəbbüsü ilə biz
Daşkənddə "İlham Əliyev. Dəyişikliklər
fonunda prezidentin portreti" adlı kitabımı tərcümə
edib nəşr etdik.
"Zərifə və Heydər Əliyevlər.
Əbədiyaşar məhəbbət" kitabının
Daşkənddə özbək dilində nəşrindən
sonra, Ümummilli lider Heydər Əliyev haqqında yeni
kitabım çap üçün hazırlanır.
Bütün bunlar üçün bizim səfirimiz Hüseyn
Quliyevə çox minnətdaram. O, mədəniyyət
diplomatiyasına böyük önəm verir. Dövlətlərarası
əlaqələrimizin canlanması dövründə iki
prezident - İlham Əliyev və Şavkat Mirziyoyev arasında
çox dinamik qardaşlıq münasibətləri qurularkən,
mədəni və ədəbi körpülərin
yaradılması mənim üçün də son dərəcə
vacibdır. Sevinirəm ki, mənim kitablarım bu münasibətlərdə
kiçik bir töhfə, ölkələrimiz arasında
dostluq və harmoniyanın möhkəmləndirilməsi
üçün atılmış bir addımdır".
525-ci qəzet.- 2025.- 7 may(№78).- S.9.