Qurreyhaqurrey
Klassik aşıq poeziyasının ustad nümayəndələrin
olan Aşıq Alı şeirlərindən birində
yazırdı:
Evdə arvadına sözü keçməyən,
İndi koxa olub, el dolandırır.
Aradan illər keçsə də, ustad
aşığın bu misraları bu gün də çox
müasir səslənir.
...Sovet vaxtı "Kirpi" satirik jurnalında bir rəsm
dərc olunmuşdu. Rəssam radiotexnika üzrə elmlər
namizədi dərəcəsi olan alimin radioqəbuledicinın
xırda bir detalını təmir etdirmək
üçün onu usta yanına apardığını təsvir
etmişdi.
Həyatda belə hallarla az rastlaşmırıq. Məsələn,
dəfələrlə evlənib-boşanmış adamlar
teleradio verilişlərində ailə dəyərləri
haqqında mühazirələr oxuyurlar. Və ya ali tibb təhsili
olan həkim-pediatr adi soyuqdəymə zamanı müalicə
üçün uşağını xəstəxanaya aparır.
Ölməz Hüseyn Cavidin misraları yada düşür:
"Rəqsi təlim edir axsaqlar".
Bir neçə il bundan qabaq televiziya
kanallarının birində ağsaçlı bir həkim
ağaran saçları öz əvvəlki rənginə
qaytaran şampunu reklam edirdi. İndi ölkəmizdə fəaliyyətdə
olan məşhur klinikalardan birində isə tibb müəssisəsinə
müraciət edən xəstələrə
uzunömürlülük eliksiri tövsiyə olunurdu, halbuki
eliksirin ixtiraçısı olan həmin klinikanın direktoru
55 yaşında gözlərini bu dünyaya əbədi
yummuşdu... Başqa bir televiziya kanalında isə aparıcı
uzun illər teatr səhnəsində çalışan Xalq
artisinin oynadığı rolları, yaratdığı
obrazları bir kənara qoyub, onu yalnız toy, şənlik və
ziyafətlərin tamadası kimi təqdim edirdi.
Metroya düşürsən, mağazaya girirsən,
küçə ilə gedirsən, avtobusa minirsən - hər
yerdə belə təzadlı
hallarla üzləşirsən.
Elə adamlar var ki, görürsən, yanında da
iki-üç nəfər dar küçədə şellənə-şellənə
gedir: nə arxadan, nə də qarşıdan gələni
fikirləşir. Avtobusun tən ortasında gövdəsi ilə
gediş-gəlişi kəsərək dayananlar da olur, nə
o tərəfə gedir, nə də bu tərəfə. Deməsən,
itələməsən, tərpənmir.
Yaxud metro kartına pul yükləmək
üçün ödəniş terminalına
yaxınlaşan şəxs əvvəlcə
çantasında axtarış apararaq kartını və ya
nömrəni tapır, daha sonra pul kisəsindən pul
çıxararaq prosesi yerinə yetirir və terminaldan
uzaqlaşır. Həmin müddətdə onsuz da sıx olan
sıra bir az da sıxlaşır. Yaxud ictimai nəqliyyata
özü minəndən sonra ətrafındakıları
düşünmədən dayandığı yerdə durub qalmaq, ictimai yerdə telefonla ucadan danışmaq, uzun
avtomobil tıxacı zamanı özündən əvvəlki
avtomobilə siqnal vermək, yeri gəldi-gəlmədi
özünün şəxsi keyfiyyətlərini və
hansısa bacarıqlarını qabartmaq, uşaqlarını
hamınınkından fərqli tutmaq...
Aşıq Hüseyn Saraclı bir dəfə dastan
danışanda deyir ki, çoban qoyunları su içmək
üçün bulağın üstünə endirir və
başlayır qurreyhaqurrey deməyə. Qulaq asanlardan biri sual
verir ki, aşıq, bəs o qurreyhaqurrey nə deməkdir?
Deyir ki, qoyunun da içində qananı-qanmazı olur,
qurreyhaqurrey deməsən, su içmək lazım olduğunu
anlamır...
Süleyman QARADAĞLI
525-ci qəzet.- 2025.- 8 may(№79).- S.16.