Efirimizdəki nöqsanlar adiləşərsə...
Televiziya və radiolar, sosial şəbəkələr,
keçirilən tədbirlər geniş kütlə ilə
daimi təmasda olmağın mühüm vasitələridir.
Ona görə də bu tribunalardan istifadə edənlərin
peşəkarlığı, nizam-intizamı, bilik və
savadı, dünyagörüşü, səriştəsi, təcrübəsi,
milli-mənəvi yetkinliyi (bu şərtləri daha da
artırmaq olar) çox vacibdir. Bütün bunlarla
yanaşı, nitq və efir mədəniyyəti, ədəbi
dil normalarına, üslub qaydalarına müntəzəm əməl
olunması da bu sahədəki neqativlərdən xilas
olmağın çıxış yollarındandır.
Canlı ifa qorxusu
Bəzi zəruri halları, istisnaları
çıxmaqla fonoqram ifalarından heç xoşum gəlmir
və mən bu cür ifaları sənət hesab eləmirəm.
Əgər ifaçı fonoqram arxasında gizlənirsə və
bunu vərdişə çevirirsə, vay onun halına. El
arasında buna "xaltura" deyirlər. Hətta
yarızarafat-yarıciddi belə deyənlər də olur:
"Fonoqramla nənəm də oxuyar. Hünəri varsa,
canlı oxusun".
Bir var, hansısa bir verilişdə formata və məzmuna,
həm də vəziyyətə uyğun olaraq
ifaçının lent yazısına və fonoqrama qulaq
asasan, bir də var ifaçı necə deyərlər, "bəh-bəh"nən
efirə dəvət olunur və aparıcı da
"böyük sevinclə" onun "sənətkarlığını"
nəfəs dərmədən, dil-boğaza qoymadan o ki var tərifləyir,
"buyur-buyur"la onu oxumağa dəvət edir.
Aparıcının canü dillə təqdim etdiyi bu "sənətkar"
da özündənrazı halda görüntü xatirinə əlinə
mikrofon alıb "mahnını verin gəlsin" deyir və
"göndərilən" (?!) mahnının ritminə, ahənginə
uyğun olaraq başlayır ağzını
açıb-yummağa. Vəssalam... Fonoqramla "ifa"
olunan mahnı sona yetir, aparıcı əl çala-çala
yenə başlayır "ifaçını" möhkəmcə
tərifləməyə. Aparıcının təbrincə
desək, bu oldu "gözəl ifaçı",
"gözəl səs sahibi", hətta "parlayan
ulduz". Aparıcının dönə-dönə dediyi
"sağ ol"lar əslində ifaçıya yox,
ifaçının "yükünü" daşıyan
fonoqrama düşür.
Elə bu yerdə deməliyəm ki, sağ olsun xanəndə
Zabit Nəbizadə, televiziya verilişlərinin birində belə
bir təklif elədi: "Yaxşı olar belə şərt
qoyulsun ki, efirə gələn hər bir ifaçı
fonoqramsız, canlı oxusun".
Gözəl təklif idi. Bu sözü təkcə
Zabit müəllimdən yox, digər bir neçə
istedadlı xanəndədən, başqa müğənnilərdən
də eşitmişəm. Hətta aparıcılardan da bu
sözü deyən olub: "Elə ifaçılar var ki,
onları efirə dəvət edirik, amma tələbimiz
canlı ifa olduğuna görə gəlmirlər, daha
doğrusu, gəlməyə ürək eləmirlər".
Aparıcının gileylənməsi məni
sevindirdi, öz-özümə dedim: "Çox
şükür ki, gəlmirlər. Təki, belə olsun,
canlı oxuya bilməyənlər, yalnız fonoqramın ətəyindən
yapışanlar efirə gəlməsələr, yaxşı
olar. Heç olmasa, yorucu, bezdirici, döyənək ifalardan
qulağımız bir az dincələr, efirlər də rahat
nəfəs alar..."
Ümumiyyətlə, sənət meydanı səsinə,
istedadına, peşəkarlığına güvənənlərin
yeridir. Burada başqalarını "at oynatması"na
imkan vermək olmaz.
"Əlləri görmürəm... əllər...əllər..."
Bu sözləri tamaşıçılara, dinləyicilərə
yalvarıb onlardan alqış istəyən bəzi
ifaçıların dilindən tez-tez eşidirik. Bu yerdə
ustad Aşıq Şakir haqqında vaxtilə xanəndə
İslam Rzayevdən aldığım bir müsahibə
yadıma düşdü. Həmin müsahibənin lent
yazısını bu gün də əziz bir xatirə kimi
saxlayıram. İslam Rzayev deyirdi: "Mən aşıq
Şakir sənətinin vurğunu olmuşam. Onun səsini,
ifalarını həmişə xoşlamışam. Bir
gün eşitdim ki, Filarmoniyada aşıq Şakirin
iştirakı ilə konsert var. Sevinə-sevinə getdim. Zal
tamam dolmuşdu. Bir dənə də boş yer yox idi.
Yuxarı tərəfdə bir yer tapıb oturdum. Ayaq üstə
duranlar zalın divarları boyunca yan-yana düzülüb
dayanmışdılar. Şakirdə Şakir idi də.
Boy-buxun, yaraşıq, nurlu çöhrə... səs də
ki, Allah vergisi. Qulaq asdıqca doymurdun. Bir-birindən gözəl
ifalar adamı valeh edirdi. Şakiri həm ayaq üstə
alqışlayır, həm də səhnədən getməyə
qoymurdular. Sayırdım, onu dalbadal düz 7 dəfə səhnəyə
qaytardılar. Tamaşaçıların əl çəkmədiyini
görən konsertin aparıcısı səhnəyə
çıxıb tamaşaçılara yalvardı ki,
"Siz Allah, daha bəsdir, insafınız olsun, adamı bu qədər
yormaq olmaz, xahiş edirəm əl çalmağı
saxlayın..."
İslam Rzayevin Aşıq Şakir haqqında olan bu
söhbətini yada saldıqca düşünürdüm:
Bax, əsl sənət, əsl sənətkar, əsl
tamaşaçı sevgisi, halal tamaşaçı
alqışı belə olar. Yoxsa bəziləri kimi
"Əlləri görmürəm" deyib
tamaşaçıdan alqış umasan?!
Yaxşı sənət nümunələri,
yaxşı ifalar, peşəkarlıqla ərsəyə gətirilən
mahnılar heç vaxt diqqətdən yayınmır. Belə
olanda alqışlar özü ifaçını tapır.
Xəbərlərin təqdimatında üslub səhvləri
Təəssüflər olsun ki, bu səhvlər
artıq ənənə halına çevrilib. Belə ki, xəbər
çatdırılarkən səhv olaraq əvvəlcə xəbərin
mətni, sonra isə xəbər müəllifinin, yaxud xəbərin
istinad edildiyi mənbənin adı deyilir. Amma əksinə
olmalıdır. Yəni xəbəri verən müəllifin
və ya mənbənin adı əvvəldə deyilməli və
bundan sonra xəbərin mətni
çatdırılmalıdır. Əks halda dinləyicidə
çaşqınlıq yaranır. Dinləyici diqqətini həmin
anlarda müvafiq hədəf üzərində cəmləşdirə
bilmir, fikri əsas mətləbdən yayınır. Təəssüf
ki, bir çox rəsmi xəbərlər də səhv olaraq
bu şəkildə verilir. Nə vaxtsa və kimlərsə tərəfindən
ilk dəfə edilmiş üslub xətaları sonradan
"inkişaf" edərək xoşagəlməz "ənənə"yə
çevrilib. Efirdə və yaxud hansısa tədbirlərdə
görürük ki, bəziləri danışanda cümlədə
sözlərin yerini fərqinə varmadan, laqeydcəsinə dəyişdirir.
Buna görə də fikir dolaşıqlığı
yaranır, cümlənin mənası itir. Məsələn,
şərti olaraq belə bir cümlə deyək:
"İdarənin bugünkü tədbirinə xeyli adam
toplaşmışdı". Təəssüf ki, həmin xəbəri
çatdıran şəxs qeyd edilən cümləni belə
ifadə edir: "Bugünkü idarənin tədbirinə
xeyli adam toplaşmışdı". Göründüyü
kimi, "idarənin" sözü ilə
"bugünkü" sözünün yerlərinin dəyişdirilməsi
fikir dolaşıqlığına səbəb olub.
Danışıq zamanı, məsələn, "cəmiyyətdə
bəzi adamlar" əvəzinə "bəzi cəmiyyətdə
adamlar", "Şərqin bir çox ölkələri"
əvəzinə "bir çox Şərqin ölkələri","şəhərimizin
o zamankı həyatı" əvəzinə "o
zamankı şəhərimizin həyatı", "sərginin
bugünkü qonaqları" əvəzinə
"bugünkü sərginin qonaqları" və sair bu kimi
dolaşıq cümlə quranlarıda, bəzi verilişlərdə
addımbaşı şəstlə "okey" deyən
aparıcıları da görürük.
Üslub və nitq mədəniyyəti
baxımından təəssüf doğuran belə
misalların sayı çoxdur.
Yerinə düşməyən ifadələr
Xəbər çatdırılarkən tez-tez istifadə
olunan "baş tutdu" ifadəsi əksər hallarda
yerli-yerində, mənasına və mahiyyətinə görə
işlədilmir. Məlumdur ki, həlli çox çətin
və əlçatmaz olan, uzun müddət həsrətlə
gözlənilən, düzələcəyinə ümid
olmayan hər hansı bir iş və ya tədbir, nəhayət,
düzəlibsə, bu barədə xəbər verilərkən
bu halda burada "baş tutdu" ifadəsi yerinə
düşür. O ki qaldı, xoş məramla, xoş niyyətlə,
heç bir çətinlik-filan olmadan çox asanlıqla həyata
keçirilmiş bir iş və ya tədbir barədə xəbər
verilirsə, burada "baş tutdu" ifadəsini işlətmək
tamamilə yersizdir. Çox təəssüf ki, xəbər
verilən zaman bəzi hallarda bu ciddi fərqlər nəzərə
alınmır.
Dediyimə aid olan belə bir şərti misal gətirək:
"Xeyli vaxt idi ki, aramsız yağışlar, güclü
sel və daşqınlar çayın üzərində
körpü salmağa, tikinti işləri aparmağa heç
cür imkan vermirdi. Amma neçə gündən sonra
daşqınlar səngidi və burada tikinti işləri, nəhayət,
baş tutdu. "Göründüyü kimi, həmin cümlədə
"baş tutdu" ifadəsi yerinə düşür.
İndi misal gətirəcəyim şərti cümlədə
isə "baş tutdu" ifadəsi yersiz işlədilib:
"Yeni dərs ili gəlib çatdı. Müəllim və
şagirdlərin məktəbə gəlişi baş
tutdu". Və yaxud: "Həmişə olduğu kimi, bu dəfə
də tamaşaçıların sərgiyə gedişi
baş tutdu".
Təəssüf ki, bir çox ifadələr öz
təyinatı üzrə deyilmir. Bu baxımdan bəzi
aparıcılar, verilişin qonaqları, eləcə də
müxtəlif tədbirlərdə çıxış edənlər
bir çox sözlərin mənasını və təyinatını
bilmədiklərinə görə danışıqlarında
səhvə yol verirlər. Burada "dərc" və "nəşr"
sözlərini misal göstərmək olar.
Məlumdur ki, qəzetlər, kitablar nəşr, məqalələr
və digər janrlı yazılar isə dərc olunur. Amma bəziləri
səhv olaraq məsələn: "Filan qəzet və ya
kitab dərc olunub", "Filan qəzetdə məqalə nəşr
olunub" deməklə "dərc" və "nəşr"
sözlərini qarışıq salırlar. Axı, məqalə
nəşr olunmaz, dərc olunar. Yaxud kitab dərc edilməz, nəşr
edilər. Təəssüf ki, bu sözləri ayırd edəbilməyən
bəzi ziyalılar da var. Təkcə bu deyil.
Danışıq zamanı "azarkeş"i "azərkeş",
"riayət"i "rayət", "rəiyət",
"mədəni"ni "məəədəni",
"nekroloq"u "nekrooloq",
"monoloq"u"monooloq","ayaq üstə
dayanmaq"ı, "ayaq üstədurmaq"ı "ayaqda
dayanmaq", "ayaqda durmaq" və sair kimi deyənləri
də görürük.
Danışıqda "qarşı" sözü də
çox vaxt deyilən fikrə uyğun olaraq işlədilmir
və buna görə müsbət bir fikir istər-istəməz
öz-özünü inkar edir. Şərti olaraq bu cümlələri
nümunə göstərək: "Mən sənə
qarşı əlimdən gələn
yaxşılığı edəcəm"; "Onun mənə
qarşı böyük hörməti var"; "Sənə
qarşı olan yüksək diqqət azalmır".
"Qarşı" sözünün lazımsız olaraq
"yapışdırıldığı" belə
cümlələrin sayını xeyli artırmaq olar.
Göründüyü kimi, həmin cümlələrdə
"qarşı" sözünə qətiyyən ehtiyac
yoxdur.
Fikrimi şərti olaraq misal gətirdiyim bu iki cümlə
ilə çatdırsam, daha aydın olar: "O,
haqsızlığa qarşı öz səsini
ucaldır"."Onun el-obaya qarşı böyük
hörməti var". Hər iki cümlədə
"qarşı" sözü işlədilib. Amma 2-ci
cümlədəki "qarşı" sözü qondarma
olmaqla yersizdir.
Qulaqları dəng eləyən
"sıfır-sıfır"lar
Efirlərdə hər saatın tamamını və
ya anonslarda, reklam çarxlarında vaxtı bildirən rəqəmlərin
yanında "sıfır-sıfır" ifadəsinin təkrar
olaraq dönə-dönə işlədilməsi tamamilə
yersiz olmaqla həm də çox yorucu səslənir.
Qulaqları dəng eləyən bu
"sıfır-sıfır"lar kimin və ya kimlərin
"kəşfidir", kimlərin "icadıdır",
efirə kimlər tərəfindən gətirilib, bilmirəm
,amma onu bilirəm ki, daim yersiz işlədilən bu
"sıfır-sıfır"lar dillərə,
ağızlara düşmüş bir bəladır ki, hər
dəfə səslənəndə adamı o ki var bezdirir.
Məsələn, təxminən belə deyirlər:"Saat
19 sıfır-sıfırda filan veriliş olacaq".
"Yarışlar saat 16 sıfır-sıfırda
başlanacaq", "Konsertin vaxtı saat 21
sıfır-sıfıra kimi uzadılıb", "Tədbirə
saat 10 sıfır-sıfırdan 15 sıfır-sıfıra
kimi gəlmək olar" və sair. Məgər "saat
19-da", "saat 16-da", "saat 21-ə kimi", saat
"10-dan 15-ə kimi", yəni rəqəmləri
"sıfır-sıfır"larsız demək olmazmı?
Həmin yorucu "sıfır-sıfır"ları rəqəmlərin
yanına düzməyə nə ehtiyac var?
Günümüzün narahatlıq doğuran müxtəlif
problemləri içərisində bu sadaladığım məsələlər,
ola bilsin, elə də mühüm görünmür. Ancaq
onlara vaxtında diqqət yetirib aradan qaldırmasaq, həmin
qüsurlar adiləşib daha geniş yayılsa, bir müddət
sonra qat-qat ciddi problemlərlə də üzləşəcəyimiz
şübhəsizdir.
Tofiq ABDULLAYEV,
Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliklərinin üzvü
525-ci qəzet.- 2025.- 8 may(№79).- S.14.