"Bu ağac öləcək..."
Həyətimizdə ortadan çəkilən arakəsmənin
o biri üzü bağımızdır. Biz uşaqkən o
bağda gilas, albalı, gavalı, heyva ağacları
vardı. Hər il yaxşı bar verən ağacların
başından düşməzdik. Meyvələr yetişən
kimi anam bizi ağaca, hinin başına çıxardar,
yetişib qıpqırmızı olan albalıları
yığmağımızı tapşırardı. Xəstələnəndə
albalı mürəbbəsini çaya qatar, ləzzətlə
içər, beləcə özümüzü
mükafatlandırardıq. Bir də qara gilas
ağacımız var idi. O qədər tez boy atırdı ki,
atam hər yay meyvələr yetişəndə
çıxıb ağacın başını kəsərdi.
Ağacın kəsilib yerə düşmüş hissəsində
budaqların arasına girib yarpaqların içində gizlənmiş
meyvələri yığmaq bir ayrı xoşbəxtlik idi.
Uşaq idik axı, xoşbəxt olmağımıza bu da bəs
edirdi. Hər yay səhərdən axşama qədər o
bağda olardıq, bu budaqdan o budağa tullanardıq.
Bir də həyətin ortasında, o biri ağaclardan
ayrı bir alma ağacı var idi. Hər yay yaxşı bar verərdi.
Amma onun üzünə belə baxmazdıq. Tək-tənha
qalmışdı. Kənarda dayanıb bizim qəhqəhələrimizi
dinləyər, oyunlarımıza tamaşa edərdi.
Əlacı olsaydı, arakəsmədən o biri tərəfə
keçər, ağaclarla dostlaşar, bizimlə oynayardı.
O ağacın almaları heç vaxt böyüməzdi,
xırda-xırda olardı, bir-iki dəfə yanından
keçəndə əlimizi atıb budaqdan birini qopardar, bir
diş vurub yerə tullayardıq. Heç onu sulamırdıq
belə. Atam tək-tük hallarda, həyəti sulayanda ona da
su verərdi. Qəribəsi o idi ki, bizdən heç vaxt inciməzdi.
Hər yaz gələndə ağ-çəhrayı gülləri
açar, yaşıl örpəyinə bürünər,
doyunca meyvə payımızı verərdi.
Evimizdən də hündür olan gilas ağacı
bir yay bar vermədi. Məyus olmuşdum. Hər yay olduğu
kimi, bu dəfə də atamın onun başını kəsməyini,
guppultu ilə yerə düşən ağacın hər yana
tökülən meyvələrini yığmağı səbirsizliklə
gözləyirdim. Amma həmin yay qulağımıza gilasdan
sırğa taxa bilmədik. Beləcə, hər il bağımızdakı ağaclar
qurumağa başladı. Torpaq şoranlaşdı. Daha əvvəlki
bağdan əlamət qalmadı, artıq biz o bağa keçmədik.
Başladıq həyətdə oynamağa. Bu dəfə ətrafımızda
ağaclar, budaqlar yox idi. Bircə alma ağacı var idi. Gecələr
gizlənpaç oynamağı sevirdik. Qorxsaq da, qazanmaq
üçün ən qaranlıq yerlərdə gizlənməkdən
çəkinmirdik. Bir gün qonşu uşaqları ilə
gizlənpaç oynayanda gizlənməyə yer tapmadım, həyətin
ortasında vurnuxmağa başladım. Birdən gözümə
alma ağacı dəydi. Baxdım ki, budaqlarının
arasında gizlənmək olar. Birtəhər yuxarı
dırmaşdım, yarpaqların arasında gizləndim.
Ağac da məni bağrına basdı. Elə bil illərdi,
bu anı gözləyirmiş. Qoynunda elə bərk-bərk
gizlətdi ki, orada olduğum heç kimin ağlına gəlmədi.
Elə qonşumuzun oğlu məni axtara-axtara ağacın
yanından keçəndə budaqların arasından
tullanıb var gücümlə əlimi divara vurmağa
qaçdım. Alma ağacıyla o gündən sonra
dostlaşdıq. Təkcə gizlənpaç oynayanda yox,
anamı əsəbləşdirəndə də onun
budaqlarına sığınırdım. Eyni məhəbbətlə
məni ağuşuna alır, həyatın hər qəmindən
gizlədirdi. Amma bir yerə qədər...
Demək olar ki, hər gün ağacın altında
süfrə açırdıq, hava isti olsa da,
naharımızı orda edirdik, sonra atam samovar qaynadardı.
Axşama tərəf qonşular da yığışar,
deyib-gülərdik, ağac da bizə yoldaşlıq edərdi.
Beləcə neçə yayı ötürdüm.
Universitetə qəbul olandan sonra rayona çox nadir hallarda
getdiyim üçün alma ağacının çiçək
açmasını, qurumuş budaqlarının yaşıl
örpəyə bürünməsini görmürdüm. Mən
gedəndə artıq o yamyaşıl başında meyvə
dolu bir ağac olardı. Böyümüşdüm, artıq
nə gizlənpaç oynayanda, nə də anam əsəbləşəndə
alma ağacına sığınırdım. Ona
sığınmaq üçün başqa
qayğılarım var idi. Amma o qocalmışdı. Nə məni,
nə də qayğılarımı daşıyacaq gücdə
idi. Budaqlarına çıxa bilməsəm də, kölgəsində
rahatlıq tapmağa çalışırdım. Nənəmin
toxuduğu palazı ağacın altına sərər, üzərinə
uzanıb gözlərimi yumardım. O isə məni kölgəsində
ağuşuna alar, qaçdığım bütün
qayğılardan, qorxulardan qorumağa, gizlətməyə
çalışar, dünyanın bütün səs-küyündən
budaqları ilə qulaqlarımı tutaraq qoruyardı.
Bir il əvvəl ağac əvvəlki qədər
bar vermədi. Taqətdən düşmüş
budaqlarına kədərlə baxdığım anda atam dedi
ki, deyəsən, kəsmək vaxtı gəlib. Donub
qalmışdım. Nə deyəcəkdim? Atamın belə
bilmədiyi sirlərimi, qayğılarımı bu ağac
bilirdi. Hər nəysə... Atam necə oldusa, fikrindən
döndü, kəsmədi. Başı həyətdəki
başqa işlərə qarışdı. Ağac qocalsa da,
hələ də ordadı. Vaxtilə çətin günlərimin
şahidi olan, budaqları, kölgəsi ilə məni
ağuşuna alan ağac indi xoş günlərimin
şahididir.
Amma deyəsən, onun da vaxtı çatır. Bilmirəm
nəyə görəsə tez-tez rayona getmək istəyirəm,
ən çox da bu aylarda - alma ağacım çiçək
açan vaxtlarda. Gedib onun yanındakı yelləncəkdə
yellənə-yellənə budaqlarına sığal çəkmək
istəyirəm.
Qəribə bir xasiyyətim var. Böyüməkdən,
yetişkin biri olmaqdan qaçıram. Bircə onu bilirəm
ki, o ağac kəsilən gün mən böyüyəcəm,
daha onun budaqlarında gizlənməyəcəm, kölgəsinə
sığınmayacam, daha uşaq olmayacam.
Bu ağac öləcək.
Üzündən-gözündən tökülür
ölüm,
Bu ağac öləcək bu gün, ya sabah...
Bu ağaca qonan o quş öləcək.
Üzündən-gözündən tökülür
ölüm,
o quş da öləcək bu gün, ya sabah.
O quşa dən səpən bu qız öləcək.
Üzündən-gözündən tökülür
ölüm,
bu qız da öləcək bu gün, ya sabah.
Ləman İLKİN
525-ci qəzet.- 2025.- 8 may(№79).- S.11.