Yasaqlar tərbiyə
edir
Esse
Söhbət Azərbaycan folklorunun ən kiçik
janrlarının birindən, geniş yayılmış
yasaqlardan gedir. Bu janr xalq arasında sınama, inanc, yozum, yozma
adları ilə də yayılıb.
Yasaqlar özlüyündə miflə
qarışıq olan janrdır. Onlarda çoxəsrlik
mifoloji təsəvvürlər və kultlarla bağlı
biliklər ümumiləşdirilmişdir. Mifik zamanda ilkin əcdadlar,
mədəni qəhrəmanlar tərəfindən
dünyanın müasir durumu - relyef, göy cisimləri,
heyvanlar, bitkilər, sosial davranışın paradiqmaları və
yasaqlar sistemi olan sanksiyalar yaradılmışdı.
Sınamalar və ya yasaqlar funksional baxımdan milli, psixoloji,
coğrafi, mədəni şərtlərdən asılı
olaraq fərqlilik göstərir.
Yasaqlar həmişə inanclara "arxalanır",
bu da onların səciyyəvi xüsusiyyətlərindən
biri sayılır.
Filologiya elmləri doktoru, professor R.Qafarlıya görə,
"Tabu vasitəsi ilə edilən yasaqlar özlüyündə
dini məzmundan çox, əxlaqi təsir
bağışlayır. Çünki onlar tanrının
tövsiyələri tək təqdim olunmur". Filologiya
üzrə fəlsəfə doktoru, dosent K.İslamzadə isə
özünün "Mərasimlər və epik janrların tərkibində
yasaqlar" adlı məqaləsində qeyd edir ki,
"Çox qədim zamanlarda sosiumun (müəyyən norma və
qaydalarla tənzimlənən, insanların
qarşılıqlı münasibətlərinin məcmusu -
İ.V.) fəaliyyətinin nizamlanması və qaydaların
gözlənilməsi formaları kimi yaranan yasaqlar zaman
keçdikcə etnosun mənəvi-əxlaqi prinsiplərini
ümumiləşdirməklə varlığın
yazılmamış qanunları funksiyasını
qazanmışdır. Yasaqların kompleks şəkildə
öyrənilməsi göstərir ki, bunlar həm də hələ
islamaqədərki dövrdə formalaşmış mənəvi
təfəkkür prinsipidir, etnosun ruhunun əsasına
çevrilən nəsildən-nəslə ötürülən
təcrübədir, instinktləri rasionaldan ayırmağa
yönələn davranış modelidir... Mənəvi-əxlaqi
yasaqlarda xalqın etnopsixoloji siması, milli xarakteri,
idealları, həyat fəlsəfəsi və mentaliteti əks
olunmuşdur... Bütünlükdə əxlaqi-etik normalar
nöqteyi-nəzərindən yasaqlar - sınamalar
insanların münasibətlərini, cəmiyyətlə təbiət
arasındakı əlaqələri nizamlayan qaydalar sistemi kimi
meydana çıxmışdır". Yasaqlar əsasən nəsihət,
məsləhət, qadağa formasında qurulur.
Onları iki qrupa bölmək olar. Bunlardan biri
hüquqi, digəri isə etik yasaqlardır. Həm hüquqi,
həm də etik yasaqlar cəmiyyəti möhkəmləndirmək,
mənəvi və struktur vasitə kimi cəmiyyətin
tamlığını, daxili bütövlüyünü, mənəvi
aləmini qorumağa xidmət edir. Hüquqi yasaqlar hamıya
aid olur və onların pozulması konkret cəza tədbirlərini
nəzərdə tutur. Etik yasaqlar isə bütün cəmiyyətin
həyatını yox, bu cəmiyyətin üzvləri
arasındakı şəxsi münasibətləri tənzim
edir.
Azərbaycanlıların yasaqları daha çox məişətlə;
təbiət hadisələri, bitki və heyvanlar aləmi,
astral təsəvvürlər və əsatiri
görüşlərlə bağlıdır.
Zamanın sınağından çıxmış
yasaq - sınama - inanclar yüksək mənəviyyatlı
şəxsiyyətin formalaşmasına xidmət edir. Onlar həm
də uşaq və gənclərin tərbiyəsində
böyük rol oynayır. Çünki nəsihətverici, tərbiyəedici
xarakter daşıyırlar. Yasaqların bir çoxunda
uşağın tərbiyəsi, onun əxlaqi-mənəvi
simasının kamilləşməsi ideyası
üstünlük təşkil edir. Belə yasaqlarda
özünü cəmiyyətdə, evdə, masa arxasında,
doğmalarla münasibətdə necə aparmaq lazım gəldiyi
barədə biliklər aşılanır. Məsələn,
"Böyüklərdən qabaq masa arxasına oturmaq
olmaz", "Çox gülmək olmaz, ruha zərərdir",
"Böyüklərin söhbətinə qarışmaq
olmaz", "Yaşlıların yanında düşün,
danış", "Böyük gələndə balaca
ayağa durar", "Böyüyün sözü kəsmək
olmaz" və s.
Xalqımızın yasaq və sınamaları
çoxdur və bunlar bizim milli sərvətimizdir. Onların
bəziləri dövrün, ictimai şəraitin dəyişməsi
ilə əlaqədar sıradan çıxıb unudulsa da,
digərləri bu gün də məişətdə
yaşamaqdadır. Filologiya üzrə fəlsəfə
doktoru, dosent K.İslamzadənin yazdığı kimi,
"...yasaq insan mənəviyyatının əsas nüvəsi
və özünü qorumanın bir vasitəsi kimi
çıxış edir. Bu janrı ibtidai insanların
düşüncəsinin məhsulu kimi köhnəlmiş
hesab etmək düzgün deyildir. Onlar tərbiyəvi xarakter
daşıyır, dürüst və yüksək mənəviyyatlı
şəxsiyyət yetişdirməyə xidmət edir".
Gəlin, bəzilərini yada salaq:
"Əldən çörək düşəndə
"sevinərsən".
"Qəbiristanlıqdakı ağacları kəsmək
olmaz".
"Duzu bu dünyada yerə töksən, o dünyada
kirpiklərinlə yığarsan".
"Ölünü dəfn etməyə aparan dəstənin
qarşısından keçmək olmaz".
"Gəlin köçənə yasəmən verməzlər".
"Əncir ağacını budamazlar".
"Kitabı açıq qoyub getmək olmaz -
yaddaşın korlanar".
"Qapı ağzında görüşməzlər".
"Gecə vaxtı qırxgözlü şeyi (ələk,
xəlbir, aşsüzən) evdən çıxarmazlar".
"Yetimin malına toxunma".
"Körpəyə güzgüyə baxmaq olmaz -
yoxsa qorxar, dili gec açılar".
"Gecə dırnaq tutmazlar, çünki gecə
vaxtı ölülərin dırnağı tutular".
"Adamı süpürgə ilə vurmazlar, şərə
düşər".
"İnsanı nahaq yerə günahlandırma".
"Qəbirləri tapdalamaq, üzərində oturmaq
olmaz".
"Gecə vaxtı evi süpürüb, zibili
atmazlar, yoxsa evin bərəkəti qaçar".
"Şər vaxtı qapı ağzında
oturmazlar".
"Gecə vaxtı axar suya əl basmazlar,
çünki gecələr su mələklərin olur".
"Gəlinə cüt olmayan yataq dəsti
bağışlamaq olmaz".
Sonda bir daha təkrar edirik ki, hüquqi, mənəvi-əxlaqi,
etik yasaq və sınamalar həyatda düzgün,
dürüst münasibətlərin qurulmasında və
nizamlanmasında böyük rol oynayır. Onların
gücündən səmərəli istifadə etmək isə
ayrı bir məsələdir.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet.- 2025.- 8 may(№79).- S.11.