Nağdsız ödənişlərin
həcmi artır
Kağız pullar getdikcə dövriyyədən
çıxarılacaq
Məlum olduğu kimi, mart ayı ərzində kartlar
vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız
ödənişlər 5.7 milyard təşkil edib. Azərbaycanda
bank kartlarının sayı bir ayda 78 min ədəd artıb.
Mart ayının sonunda dövriyyədə olan ödəniş
kartlarının sayı 17 milyon 421 min ədədə
yüksəlib. Bank kartlarının sayı ötən ilin
müvafiq dövrü ilə müqayisədə 22.3 faiz
artıb.
Əslində, son illər nağdsız ödənişlərin
miqyasının artırılması istiqamətində
ölkəmizdə məqsədyönlü siyasət
yürüdülür. Ötən illər ərzində bu məqsədlə
Vergi Məcəlləsinə, "Nağdsız
Hesablaşmalar haqqında" Qanuna və digər qanunvericlik
aktlarına müvafiq dəyişikliklər edilib. Elektron
ödənişlərin daha rahat və asan aparılması
üçün ən zəruri infrastrukturlar yaradılıb.
Nağdsız ödənişlərlə
bağlı bu dərəcədə yüksək artım Azərbaycanda
manat dövriyyəsinə, iqtisadiyyata mənfi təsir
göstərə bilərmi?
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə
görə, nağdsız ödənişlər ölkədə
şəffaflığın artmasına səbəb olur:
"Şəffaflığın artması vergidən
yayınma imkanlarını aşağı salır. Bu da rəsmi
iqtisadiyyat üçün faydalıdır. Elektron ödənişə
keçiddən sonra vergidən yayınma hallarını gizlətmək
çox çətindir. Subyektlər artıq bunu gizlətmir,
çünki bu, asanlıqla anlaşıla bilir. Vergi
orqanı bankdan dövriyyələri əldə etməklə
rahat şəkildə fərqləri ortaya çıxara
bilir. Bu, həmçinin banklar üçün də əlavə
dövriyyədir, bankların da rekvidliyini artırır, vəsait
banklara gedir".
Ekspert qeyd edib ki, nağdsız ödənişlər
yalnız ölkə iqtisadiyyatı üçün deyil, vətəndaşlar
üçün də faydalıdır: "Vətəndaşların
həyatının asanlaşdırılmasında da
nağdsız ödənişlərin rolu böyükdür.
Eyni zamanda nağdsız ödənişlər təhlükəsizlik,
oğurluq məsələlərində daha səmərəlidir.
Vətəndaşlar həmçinin elektron, onlayn formada
ödənişlər etməklə vaxtlarına da qənaət
edirlər. Onların artıq hansısa banka və ya
mağazaya getmələrinə ehtiyac qalmır. Həmçinin
vətəndaşlar onlayn ödəniş etməklə
müxtəlif bankların təklif etdikləri kartlar vasitəsilə
bonus və kəşbeklərdən də yararlana bilərlər.
Əlavə olaraq kartla ödəmələr zamanı vətəndaşlar
17.5 faiz ƏDV əldə edirlər, lakin bu məbləğ
nağd ödəniş zamanı 5 faizdir".
Ekspertin dediyinə görə, nağdsız ödənişlər
eyni zamanda bir o qədər də risklidir. Bu zaman bir çox təhlükəli
hallar baş verə bilər. Bunlara bank kartının "hək"lənməsi,
yanlış hesaba pul köçürmə və s. kimi
hallar aiddir ki, vətəndaşlar nağdsız ödənişlər
edərkən xüsusilə, bu nüanslara diqqət etməlidirlər.
İqtisadçı ekspert Eyyub Kərimli deyir ki, beynəlxalq
təcrübədə nağdsız ödənişlər
ümumi valyuta dövriyyəsinin təxminən 98 faizini təşkil
edir. Ölkədə isə bu göstərici hələlik
25 faizdən yuxarıdır və bu sahədə mühüm
işlər görülməkdədir. Nağdsız ödənişlərin
artması bir sıra müsbət təsirlər yaradır:
ilk növbədə, bu, vergi yığımının
effektivliyini artırır və vergidən yayınma
hallarının qarşısının alınmasına xidmət
edir. Eyni zamanda, nağdsız ödənişlər
müqavilələrin icrasını daha təhlükəsiz
və şəffaf edir. Köçürmələr
zamanı vəsaitlər rəsmi şəkildə sənədləşdirilir
və bu, tərəflər arasında mümkün
fırıldaq hallarını minimuma endirir. Bununla
yanaşı, beynəlxalq terrorçuluq və digər cinayət
yolları ilə əldə olunan vəsaitlərin dövriyyəsinin
qarşısı alınır. Eyyub Kərimlinin sözlərinə
görə, ölkədə bu istiqamətdə atılan
mühüm addımlardan biri də "ƏDV geri al"
mexanizmidir: "Bu təşəbbüs nağdsız ödənişlərin
artımına ciddi şəkildə təkan verir və
dövriyyədə şəffaflığı təmin edir.
Bu həm də bank sektorunun inkişafına mühüm
töhfə verir. Əhali və sahibkarlar bu sistemdən
rahatlıqla istifadə edir və gündəlik maliyyə əməliyyatlarını
asanlıqla yerinə yetirirlər.
Nağdsız ödənişlərin geniş
yayılması insanlara vaxt və əməliyyat
rahatlığı qazandırır. Artıq bank əməliyyatları
üçün fiziki olaraq bir yerə getmək lazım deyil
- mobil tətbiqlər və onlayn bankçılıq vasitəsilə
istənilən yerdən əməliyyat aparmaq
mümkündür".
Ekspert həmçinin qeyd edib ki, bununla belə, artan rəqəmsal
dövriyyə kibertəhlükəsizlik məsələsini
də aktuallaşdırır: "Bu risklər daim
mövcuddur və nağdsız ödənişlərin
artımı ilə təhlükəsizliyin təmin
olunması da bankların və müvafiq qurumların əsas
vəzifələrindən birinə çevrilir. Gələcəkdə
bu sahədə texnoloji imkanların və müdafiə
mexanizmlərinin daha da təkmilləşdiriləcəyi
gözlənilir: "Digər tərəfdən,
nağdsız dövriyyənin tam tətbiqi üçün
bəzi infrastruktur problemləri qalmaqdadır. Xüsusilə
ucqar bölgələrdə post-terminalların
azlığı, eləcə də internet və enerji təminatının
qeyri-sabit olması müəyyən çətinliklər
yaradır. Bu səbəbdən, bəzi hallarda vətəndaşlar
və sahibkarlar yalnız nağd vəsaitdən istifadə edə
bilirlər. Bu problemlərin aradan qaldırılması isə
nağdsız iqtisadiyyatın tam şəkildə tətbiqinə
imkan verəcək. Nağdsız dövriyyənin artması
şəffaflığa və sahibkarlığa böyük əhəmiyyətdə
təsiri vardır. Lakin burada bankların tətbiq etdiyi faizlər
həddən artıq çoxdur. Bu il faizlərdən banklar
360 milyon manat pul qazanıb. Həmçinin həm
nağdlaşmağa, həm də digər ödənişlər
etməyə banklar 1,5-2 faiz aralığında xidmət
haqqı tuturlar. Bu baxımdan məqsədəuyğun
olardı ki, faizlər azaldılsın. Çünki biz əgər
nağdsız dövriyyənin artmağını istəyiriksə,
sahibkarlarda nəzərə almalıyıq. Əsasən də
kiçik və orta sahibkarlar bu cür dövriyyədən
xeyli vəsait itirir".
Millət vəkili Vüqar Bayramov vurğulayıb ki,
Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin
həcmində son illər artımlar qeydə alınmaqla
yanaşı, nağdsız ödənişlərə
marağın yüksəlməsi də müşahidə
olunur. Bu da biznes dövriyyəsinin daha da şəffaflaşmasına
xidmət edir. Bununla yanaşı, sahibkarlar üçün
ciddi məsələlərdən biri də plastik kartlardan
istifadə zamanı banklar tərəfindən yüksək
komissiya haqlarının müəyyənləşdirilməsidir:
"POS-terminal xidmətləri üzrə yüksək
komissiya haqları ticarət obyektləri üçün izafi
xərc yaratmaqla yanaşı, istehlakçı qiymətlərinə
də təsir göstərir. Eyni zamanda, əksər hallarda həmin
xərclər iri satış obyektləri tərəfindən
mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə
transfer edilir. Banklarda nağdsız ödəniş məbləğinin
1,4-1,8 faiz həcmində komissiya haqlarının müəyyənləşdirildiyini
nəzərə alsaq, bu zaman bu xərcin nə qədər
böyük olmasını təsəvvür etmək çətin
olmaz. 2024-cü ildə Azərbaycanda pərakəndə ticarət
dövriyyəsinin həcmi 62.2 milyard manat olub. Əvvəlki ilə
nisbətən 2024-cü ildə dövriyyə real ifadə
3.9 faiz artıb. İl ərzində nağdsız pərakəndə
ticarət döviyyəsi isə 24.5 milyard manata
çatıb. Bu o deməkdir ki, komissiya haqlarının orta
hesabla 1.5 faiz olduğunu nəzərə alsaq, banklar sadəcə
POS-terminallara xidmətə görə il ərzində 368
milyon manat qazanırlar. Bu, böyük məbləğ olmaqla
yanaşı, biznesin xərclərini artırır, qiymətlərə
təsirsiz ötüşmür, mikro və kiçik
sahibkarlara verilən sifarişləri bahalaşdırır. Nəticədə,
yüksək komissiya haqları mikro və kiçik sahibkarlığın
inkişafı baxımdan da arzuolunan deyil. Eyni zamanda, yüksək
xərc bəzi xidmət və satış obyektlərində
plastik kartlardan istifadəyə marağı azaldır. Bu isə
o deməkdir ki, bankların POS-terminallardan istifadə üzrə
xərclərin optimallaşdırılmasına ehtiyac
var".
V.Bayramov qeyd edib ki, Avropada "İnterçeync"
çərçivəsində debet kart ödənişlərində
maksimum 0.2 faiz, kredit kart ödənişlərində ən
çoxu 0.3 faiz tətbiq edilir:
"ABŞ-də "Durbin qanunu" ilə debit
kartların interçeync haqları məhdudlaşdırılıb.
Bir sıra dövlətlərdə isə ödənişlər
üçün aşağı komissiyalar və hətta
dövlət subsidiyası da tətbiq edilir. Azərbaycanda
POS-terminallardan istifadə haqları ilə bağlı məhdudiyyətlər
olmadığından, bu, banklar tərəfindən daha
yüksək komissiyaların müəyyənləşdirilməsinə
səbəb olur. Bu baxımdan, ölkəmizdə də
banklar tərəfindən POS-terminal xidməti üzrə
maksimum komissiya faizinin müəyyənləşdirilməsi məqsədəuyğun
olardı. Digər tərəfdən, Mərkəzi Bankın
stimullaşdırıcı alətlərdən istifadə etməklə
plastik kartlardan istifadə ilə bağlı komissiya
haqlarının azaldılmasına nail olması
arzuolunandır. Bir sıra inkişaf etməkdə olduğu
kimi daxili "İnterçeync" sisteminin
formalaşdırılması da bankların bu yüksək
komissiya haqlarını azaldar. Bu isə nağdsız
hesablaşmaları təşviq etməklə yanaşı,
qiymətlərin də azalmasına səbəb ola bilər".
İqtisadçı Natiq Cəfərlinin sözlərinə
əsasən, dünya iqtisadiyyatı çoxdan nağdsız
ödənişlərə keçib: "Elə ölkələr
var ki, nağdsız ödənişlər az qala ümumi
iqtisadi dövriyyənin 80-85 faizini təşkil edir. Məsələn,
Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə belədir. Təbii
ki, kağız pullar hər zaman olacaq. Amma nağdsız
ödənişlərin həcmi artır. Onlayn bank xidmətlərinin
həcmi, əhatə dairəsi genişləndikcə,
nağdsız ödənişlərin də həcmi
artmış olur. Bu isə təbii prosesdir. Onu da deyim ki,
kartla alış-veriş etməyin bir sıra
üstünlükləri var. Məsələn, kəşbek
anlayışı var. Kartla alış-veriş edərkən
həm bonus qazanırsan, həm də pulun bir hissəsi
sonradan sənə geri qayıdır. Bu da insanların
xoşuna gəlir. Bundan əlavə, pulun cibdən
düşüb itməsi ehtimalı hər zaman
böyükdür. Amma kartı itirərkən telefon vasitəsilə
blok edirsən və yenisini ala bilirsən. Beləcə,
heç bir zərərə məruz qalmırsan. Bir sözlə,
kartla alış-verişin bir çox üstünlükləri
var. Ona görə də insanlar kartla bazarlığa daha
çox üstünlük verirlər. Onu da deyim ki, Azərbaycanda
kartla alış-veriş səviyyəsi hələ də
çox aşağı səviyyədədir. Amma son illər
kartdan istifadə halları çoxalıb. Hazırda ümumi
ticarət dövriyyəsinin yarısını kartla
alış-verişlər təşkil edir. Bu tendensiya
pandemiya dövründə sürət aldı. Elə ölkələr
var ki, alış-verişin 95-97 faizi onlayn həyata
keçirilir. Məsələn, Avstraliyada, Yeni Zelandiyada kartla
ödənişin səviyyəsi 100 faizə yaxındır.
Bu da o deməkdir ki, kartdan istifadə daha rahat və əlverişlidir".
Ekspertlərin fikrincə, kağız pullar getdikcə
dövriyyədən çıxarılacaq, bu, bir zaman məsələsidir.
Uzaq dövrə aid olan bir proqnozdur ki, məhz tədricən
nağdsız ödənişlərin həcmi getdikcə
artacaq, nağd ödənişlərin həcmi azalacaq. Bu dinamika
uzun müddət davam etdikdən sonra nağd ödənişlər
minimuma enəcək. Amma bunun üçün xeyli zaman
lazımdır.
İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki,
nağdsız ödənişlər iqtisadiyyatın
liberallaşmasında önəmli rola malikdir: "Bank
kartları nağdsız ödənişlərin səviyyəsinin
yüksəlməsinə rəvac verir. Onların
sayının çoxalması, əhali arasında
populyarlaşması müsbət haldır. Çünki
nağdsız ödənişlər iqtisadiyyatın
liberallaşmasında və kölgə iqtisadiyyatının
aradan qaldırılmasında müstəsna rol oynayır.
Ümumiyyətlə, virtual, nağdsız ödənişlər
vergidən yayınmanın qarşısını alır.
Buna görə də əhaliyə təbliğ etməliyik
ki, bank kartlarından daha çox istifadə etsinlər. Azərbaycanda
əhali cibindəki pula kartdakından daha çox etibar edir.
Ona görə də həmin kartların güvənlilik məsələsini
yüksək səviyyədə təmin etmək
lazımdır ki, əhali onlara etibar etsin".
Hüquqşünas Əkrəm Həsənovun dediyinə
görə, plastik kartlardan istifadənin genişlənməsinin,
nağdsız ödənişlərin artmasının həm
vətəndaşlara, həm də bankalara faydası var:
"Nağdsız ödənişlərin həcminin
artması müsbət haldır, vətəndaşların
rahatlığını təmin edir. Vətəndaşların
üstlərində artıq pul gəzdirmirlər. Pulların
oğurlanma, korlanma təhlükəsi də olmur. Sadəcə
Azərbaycanda bankların xidmət keyfiyyətinin zəif
olması problemdir. Bəzən kartlardan vəsait
oğurlanır, itir. Banklar da buna görə məsuliyyətdən
yayınır. Bəzi hallarda isə belə problemlər vətəndaşların
öz günahından baş verir, kartın nömrəsini
başqasına göndərirlər. Bu kimi problemlər həll
olunmalıdır. Bankların kifayət qədər
etibarlı və effektli ödəniş sistemləri,
informasiya təhlükəsizliyi sistemləri
yaradılmalıdır. Dünyanın hər yerində
kağız pullar hələ də istifadə olunur".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2025.- 8 may(№79).- S.7.