AZAL-ın təyyarə qəzasının
5 ayı: Rusiya hələ də susur
Bakı-Qroznı reysini həyata keçirməli olan
AZAL təyyarəsinin Aktau hava limanı
yaxınlığında qəzaya uğramasından beş
aya yaxın vaxt keçməsinə baxmayaraq, Rusiya tərəfi
özünün məsuliyyətini dərk edib, üzərinə
düşən öhdəlikləri icra etməkdən
yayınır. Rusiyanın hadisə ilə bağlı
aparılan istintaq haqqında konkret heç bir məlumat
açıqlamaması, qəsdən bürokratik əngəllərlə
istintaqın aparılmasını əngəlləməsi onu
göstərir ki, qarşı tərəf bu məsələdə
obyektiv, şəffaf mövqe tutmaq niyyətində deyil. Bu
cür yanaşma təbii ki, ikitərəfli əlaqələrin
ruhuna və prinsiplərinə, qonşuluq münasibətlərinin
xarakterinə uyğun deyil. Xüsusilə onu qeyd etmək
lazımdır ki, Azərbaycan və Rusiya rəsmən
müttəfiq dövlətlərdir. Müttəfiq dövlətin
qeyri-müttəfiq, qeyri-dost münasibəti əlbəttə
ki, əlaqələrə ziyan vurur, etimadı sarsıdır.
Məlumat üçün bildirək ki, 25 dekabr
2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə
raketlə vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri
yaxınlığında qəzaya uğrayıb. Qəzaya
uğramış təyyarədə 62 sərnişin və 5
ekipaj üzvü olub, onlardan 29 nəfər sağ qalıb.
Belə bir faciəli hadisədə 29 nəfərin sağ
qalması məhz ekipaj üzvlərinin qəhrəmanlığı
sayəsində mümkün olub. Hadisə baş verdikdən
və görüntülər yayıldıqdan sonra
bütün dünyada ən təcrübəli pilotlar belə
azərbaycanlı pilotların peşəkarlığına,
cəsurluğuna heyrətlərini gizlədə bilməmişdilər.
Onlar təyyarəni suya deyil, məhz yerə endirməklə
həm 29 nəfərin həyatını xilas etdilər, həm
də sübutları silinməyə imkan vermədilər.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj
üzvlərindən iki pilot və bir təyyarə bələdçisi
Azərbaycanın Milli Qəhrəmanı (ölümündən
sonra), iki təyyarə bələdçisi isə "Rəşadət"
ordeni ilə təltif olunublar.
Qazaxıstan tərəfinin qəza ilə
bağlı açıqladığı ilkin hesabatda qeyd
olunur ki, təyyarə Qroznı şəhəri
yaxınlığında yerdən açılmış atəş
nəticəsində zədələndiyinə görə
idarəetmədən çıxıb və qəzaya
düşüb.
İlkin hesabatda deyilir: "25 dekabr 2024-ci il tarixində
Azərbaycan Respublikasının Bakı şəhərindən
Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243
reysi üzrə müntəzəm uçuş həyata
keçirən "Azərbaycan Hava Yolları" QSC-yə
("AZAL") məxsus və dövlət reyestrində
4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer
190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan
Respublikası ərazisində Aktau hava limanı yaxınlığında
qəzaya uğramışdır. Qəza nəticəsində
iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot),
böyük təyyarə bələdçisi və 35 sərnişin
həlak olmuşdur. İnsan tələfatı və xəsarət
alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin
yüksək peşəkarlığı, şücaəti və
cəsurluğu sayəsində təyyarə qəza enişi
həyata keçirmiş və 29 nəfərin həyatını
xilas etmək mümkün olmuşdur".
Məlumdur ki, qəza baş verəndən dərhal
sonra Rusiya tərəfi doğru olmayan informasiyalar tirajlayaraq məsuliyyətdən
yayınmağa çalışırdı. Məsələn,
təyyarənin guya quş dəstəsi ilə
toqquşması, salonda oksigen balonunun partlaması, yaxud
pilotların təyyarəni digər hava məkanında endirməməsi
və s. Amma bunların heç biri öz təsdiqini
tapmadı, çünki doğru olmayan məlumatlar idi.
Qazaxıstan tərəfinin qəza ilə
bağlı ilkin hesabatında vurğulandığı kimi,
AZAL-a məxsus Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi
uçuşa başladıqda və Qroznıya qədər
olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə
olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə
sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar
FDR (Uçuş məlumatlarının qeydə
alınması) vasitəsilə öz təsdiqini tapıb. Təyyarənin
mühərriklərinin hər ikisi qəza anına qədər
hər hansı texniki problem olmadan çalışıb. Hava
gəmisi Rusiya Federasiyasının hava məkanında, o
cümlədən Qroznı hava limanı üzərində
uçuş əməliyyatları həyata keçirərkən
GPS siqnallarının itməsi halı ilə üzləşib.
Təyyarə hava şəraitinin əlverişli olmaması səbəbindən
Qroznı üzərində ikinci enişi yerinə yetirə
bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində
qərar verib. Bu qərarın qəbul edilməsindən sonra
Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə
kənar səsin gəlmə faktı qeydiyyata alınıb.
CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində
müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə
sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21
saniyə sonra 2-ci hidravlik sistem funksionallığını
itirməklə sıradan çıxıb.
Hava gəmisinin füzelyajında çoxsaylı dəlib
keçən və kor zədələrin olması faktı
aşkar olunub, foto, habelə video qeydiyyata alınıb. Həmin
zədələrin hava gəmisinin füzelyajının arxa
hissəsində, xüsusilə şaquli və üfiqi
stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol
mühərrikdə aşkar olunub. Hava gəmisinin
füzelyajında aşkar olunan zədələrin kənar
obyektlərin təsiri nəticəsində formalaşması
barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava
gəmisinin quşlarla toqquşmasına işarə edən hər
hansı fakt barəsində məlumat təqdim edilməyib.
05:13:32-də hava gəmisinin əsas idarəetmə
sistemləri itirilir, 05:21:42-də əlaqələndirici
dispetçer "Kover" əməliyyatı barədə
Qroznıya məlumat verir. Oksigen balonunun partlaması ilə
bağlı faktı ehtiva edən hər hansı bir məlumat
qeyd olunmayıb.
Faktlar bütün detallara aydınlıq gətirir,
amma Rusiya tərəfi hadisə ilə bağlı istintaq
qrupu yaratdığını bildirsə də, istintaqın nəticəsi
barədə heç bir məlumat yoxdur. Baxmayaraq ki, Azərbaycan
hər ay bu məsələ ilə bağlı Rusiyaya
müraciət edir. Qarşı tərəf isə müxtəlif
bəhanələrlə istintaqı uzadır, müraciətlərə
cavab vermir.
Onu da vurğulayaq ki, Moskva Malayziya "Boinq"i ilə
bağlı da eyni taktikadan istifadə etmişdi. 2014-cü ildə Ukraynanın Donetsk vilayətində "Malaysia
Airlines" aviaşirkətinə məxsus "Boeing-777"
təyyarəsinin vurulması nəticəsində 298 nəfər ölüb. Təyyarə
Ukraynanın şərqindəki antiterror əməliyyatı
zonasında raketlə vurulub. Xarici medianın
yazdığına görə, təyyarə Rusiya Silahlı
Qüvvələrinin 53-cü Zenit raket briqasından atılan
raket nəticəsində qəzaya uğrayıb. Ölənlər
arasında Niderland, Avstraliya, Malayziya, İndoneziya, Britaniya,
Almaniya, Belçika, Filippin və Kanada vətəndaşları
olub.
Moskva eyni taktikanı istifadə edərək,
bürokratik məhdudiyyətlər və bəhanələrlə
məsələni uzadaraq unudulmasına cəhd göstərir.
Amma Azərbaycan heç nəyi unutmayıb, Rusiya tərəfindən
cavab gözləyir. Ölkəmizin prokurorluq orqanları hər
ay bununla bağlı rusiyalı həmkarları ilə əlaqə
saxlasa da, heç bir nəticə yoxdur
Azərbaycan dövləti və xalqı haqlı
olaraq günahkarların cəzalandırılmasını tələb
edir. Bunun üçün isə əlavə sübuta ehtiyac
yoxdur, çünki hər şey sübut olunub. Şübhəsiz
ki, əmr verənlər də, atəş açanlar da
Rusiya tərəfinə yaxşı bəllidir.
Mövzu ilə bağlı "525"ə
açıqlama verən politoloq İlyas Hüseynov deyib ki,
Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin
Aktau hava limanı yaxınlığında qəzaya
uğramasından artıq altı aya yaxın vaxt keçməsinə
baxmayaraq, bir sıra suallar qalmaqdadır. Hətta ibtidai
istintaqın nəticələri də dərc olunub. Həmin
nəticələrdən aydın şəkildə
görünürdü ki, təyyarəyə kənar
müdaxilə edilib.
Politoloq xatırladıb ki, hətta qəlpələr,
raketin hansı modeldə olması, harada yerləşməsi,
hansı vaxt aralığında təyyarəyə zərbə
endirilməsi, hadisə şahidlərinin ifadələri, təyyarənin
qalıqları üzərindəki izlər və bir sıra
digər mühüm faktoloji baza dərc edilib. Bütün
bunlar açıq mənbələrdə də var: "Buna
görə biz qazaxıstanlı qardaşlarımıza təşəkkür
edirik ki, onlar məsələyə obyektiv, şəffaf şəkildə
baxılmasında iştirak ediblər. İstintaq orqanları
işə cəlb olunub. Lakin hadisənin günahkarları hələ
də cəzalandırılmayıb və məsuliyyətə
cəlb olunmayıblar. Bu, bir tərəfdən təəssüf
doğuran məsələdir, digər tərəfdən isə
Rusiya ilə Azərbaycan arasında münasibətlərə
də zərbə vurur. Hətta biz təyyarə qəzasından
sonra Rusiya tərəfindən ölkəmizə qarşı
hücumların təşkil olunduğunu da gördük.
Rusiya parlamentinin bəzi deputatları Azərbaycan əleyhinə
fikirlər səsləndirdilər, kiberhücumlar təşkil
edildi, bununla bağlı yaxın günlərdə rəsmi məlumatlar
açıqlanıb. Ən son hadisə isə Azərbaycan
parlamentinin deputatı Azər Badamovun Moskvadan Həştərxana
gedən reysdə hava limanında saxlanılması,
uçuşuna icazə verilməməsi və deport edilməsi
ilə bağlıdır. Əlbəttə ki, bütün
bunlar münasibətlərə böyük zərbə
vurur".
İ.Hüseynov xatırladıb ki, bu cür
addımlar 2022-ci il 22 fevral tarixində imzalanmış "Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik
qarşılıqlı fəaliyyəti haqqında" Bəyannaməyə,
onun ruhuna və prinsiplərinə ziddir: "Hesab edirəm ki,
Moskva məsələni gərginləşdirməyə
çalışmamalı, dinc yolla, danışıqlarla
bütün məsələləri sivil qaydada, mehriban
qonşuluq siyasəti çərçivəsində həll
etməyə çalışmalıdır".
Pərvanə
525-ci qəzet.- 2025.- 8 may(№79).- S.5.