Azərbaycan ərazisindəki
çaylar Ermənistanın ekoloji terrorunun hədəfində
Azərbaycanın Qarabağ ərazisindən
başlayan çaylar əsasən Kür və Araz
çaylarına, yaxud da onların hövzəsinə aid olan
çaylara tökülür. Burada yerləşən
dağların uca zirvələri Kür və Araz çay
hövzələri arasında suayrıcı təşkil
edir. Burada olan çaylar yağış və qar suları ilə
qidalanır və suyundan suvarmada istifadə olunur. Tərtər
və Həkəri çayları vulkanik yayladan
başlayır. Arpaçay (128 km) və Bazarçayın (178
km) mənbələri yaylanın şimal-qərb hissəsindədir.
Bu çaylar əsasən yağış, qrunt və
yeraltı suları ilə qidalanır. Ona görə də
ilin isti yarısında daşırlar. Kiçik Qafqazın cənub-şərq
yamacında axan Tərtərçay, Xaçınçay,
Qarqarçay, Həkəriçay, Oxçuçay Mil və
Qarabağ düzlərinin suvarılmasında böyük əhəmiyyət
kəsb edir.
Tərtər çayı öz mənbəyini Kəlbəcər
rayonundan götürür, Ağdərə, Tərtər və
Bərdə rayonlarının ərazisi ilə axaraq Kür
çayına tökülür. Tərtərin qolları
Tutqu, Lev və Ayrım çaylarıdır. Mənbəyi ilə
mənsəbi arasındakı hündürlük fərqi 3117
metrdir. Çayın üzərində Sərsəng su
anbarı yaradılıb.
Xaçınçayöz mənbəyini Kəlbəcər
rayonundan götürüb Ağdam, Tərtər və Bərdə
rayonlarının ərazisi ilə axaraq Kür çayına
tökülür. Uzunluğu 119 km-dir. Mənbəyi ilə mənsəbi
arasındakı hündürlük fərqi 2090 metrdir.
Köndələnçay öz mənbəyini
Şuşa rayonundan götürür. Xocavənd və
Füzuli rayonlarının ərazisi ilə axaraq Araz
çayına tökülür. Araz çayının sol qolu
olmaqla uzunluğu 102 km-dir. Mənbəyi ilə mənsəbi
arasındakı hündürlük fərqi 1780 metrdir.
Bərguşad çayı (Bazarçay) mənbəyini
Ermənistan Respublikasından götürür. Kəlbəcər,
Qubadlı və Zəngilan rayonlarının ərazisi ilə
axaraq Araz çayına tökülür. Araz çayının
sol qolu olmaqla, uzunluğu 164 km-dir. Ona Qubadlı ərazisindən
Ağa, Bəxtiyarlı və Davudlu kiçik çay
qolları axır.
Çayın çirklənməsi çayətrafı
ərazilərdə yerləşən iri yaşayış məntəqələrində
yaranan (Ermənistan ərazisində) sənaye və məişət-çirkab
suları hesabına olur. Çayın zəngin balıq
növləri erməni işğalçıları tərəfindən
talan olunur. Əksər hallarda balıqların kütləvi
şəkildə kimyəvi maddələrlə
qırılmasına yol verilir.
Həkəri çayı mənbəyini
Laçın rayonunun 3080 metr hündürlüyündən
götürərək Qubadlı və Zəngilan
rayonlarının ərazisi ilə axır. Araz
çayının sol qolu olmaqla, uzunluğu 128 km-dir. Mənbəyi
ilə mənsəbi arasındakı hündürlük fərqi
2812 metrdir.
Çayın suyundan içmək və suvarma məqsədləri
ilə istifadə olunur. Qiymətli farel, kütüm və s.
balıqlar bu çayda kürü tökürlər.
Oxçuçay mənbəyini Zəngəzur dağ
silsiləsindən (Qapıcıq dağı) götürməklə
Zəngilan rayonunun ərazisi ilə axır. Araz
çayının sol qolu olmaqla uzunluğu 85 km-dir. Ermənistan
Respublikası ərazisində yerləşən Qacaran
mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının
kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin
(o cümlədən kəndlərin, xəstəxanaların,
kənd təsərrüfatı obyektlərinin) bioloji
çirkli suları təmizlənmədən birbaşa Azərbaycan
ərazisində Şərikan kəndinin qarşısında Oxçuçaya
buraxılır ki, bu da çay hövzəsini
"Ölü zona"ya çevirmişdir.
Bəsitçay Araz çayının sol qolu olmaqla
öz mənbəyini Ermənistandan götürür.
Çayın uzunluğu 44 km-dir (17 km-i Azərbaycan ərazisinə
düşür). Çay Ermənistanın dağ kəndlərinin
donuz fermalarının tullantıları ilə çirkləndirilir.
Qarqar çayı öz mənbəyini Şuşa
rayonunda 2080 metr hündürlükdən götürərək
Xankəndi, Xocalı, Ağdam və Ağcabədi
rayonlarının ərazisi ilə axır. Qarqar çayı
Zarıslı və Xəlfəli çaylarının birləşməsindən
əmələ gəlir. Mənbəyi ilə mənsəbi
arasında hündürlük fərqi 2080 metrdir. Əsas
qolları - Ballıca, Bədərə, Dağdağan və
sairdir.
Çaylaqçay Araz çayının sol qoludur. Cəbrayıl
rayonu ərazisindən axır. Uzunluğu 32 metrdir.
Başlanğıcını Kiçik Qafqazın cənub ətəyindən
(1750 metr) alır. Axımı yağış sularından əmələ
gəlir. Çaylaqçaydan suvarma işlərində
geniş istifadə edildiyinə görə suyu mənsəbə
çatmır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
bildirilib ki, Ermənistan uzun illərdir, Azərbaycana
qarşı ekoloji terror həyata keçirir.
Torpaqlarımızın 30 ilə yaxın davam edən
işğalı müddətində ermənilər ətraf
mühitə, bioloji müxtəlifliyə, meşələrə,
yeraltı və yerüstü təbii ehtiyatlarımıza
ciddi ziyan vurub, hava və suyun çirkləndirilməsi ilə
milyonlarla insanın həyatına təhlükə
yaradıb. Ermənilərin törətdiyi ekoloji terror, meşələri,
flora və faunaları məhv etməsi, çayları
çirkləndirməsi təkcə Azərbaycana
qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir.
Çünki bu vəhşiliyin nəticəsində regionda
ekoloji balans pozulub. Ermənistanın ekoloji terroru bu gün də
davam edir. Bu ölkənin dağ-mədən sənayesinin fəaliyyəti
çox ciddi risklər və təhlükə törədir.
Azərbaycan tərəfindən dəfələrlə
müraciətlərə baxmayaraq, beynəlxalq qurumların
adekvat reaksiya verməməsi Ermənistanın ekoloji terroru
davam etdirməsinə rəvac verir. Bir neçə gün əvvəl
Azərbaycanda fəaliyyət göstərən vətəndaş
cəmiyyəti təşkilatları Ermənistanın
dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində
yaranan, Yer Kürəsinin ekosisteminə regional və qlobal təsir
göstərən ekoloji fəlakətlə əlaqədar
beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər
Təşkilatına (BMT) müraciət ünvanlayıb.
Müraciətdə vurğulanıb ki, Ermənistanın Azərbaycanla
sərhəd bölgəsində davam edən mədən əməliyyatları
ekosistemin deqradasiyası ilə nəticələnib və bu,
yalnız Ermənistanın ətraf mühiti üçün
deyil, həm də qonşu ölkələr üçün
ciddi təhlükə yaradır. Sənaye müəssisələrinin
yüksək zəhərli kimyəvi tullantıları demək
olar ki, bütün transsərhəd suları çirkləndirir.
Bu tullantıların Araz çayına axıdılması
çayın canlılar aləminə və suvarma
üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara
ciddi təhlükə yaradır. İçməli su təchizatına
potensial zərər insanların sağlamlığı və
su təhlükəsizliyi üçün risklər
yaradır ki, bu da sərhədyanı bölgələrdə
yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə
bilər. Bu vəziyyət həm Azərbaycan, həm də
Ermənistan üçün ciddi ictimai səhiyyə
böhranı yarada bilər.
Vətəndaşların Əmək
Hüquqlarının Müdafiəsi Liqasının sədri
Sahib Məmmədovun sözlərinə görə, Ermənistan
Azərbaycanın işğal altında saxladığı ərazilərində
bərpası uzun illər tələb edən və bərpası
mümkün olmayan ekoloji zərər vurub: "Flora və
fauna məhv edilib, 460 növə yaxın yabanı bitki
növlərinin əksəriyyəti, o cümlədən,
nadir bitki növləri, nadir çinar meşələri məhv
edilib. Ərazilərdə yanğınlar törədilib və
bütün sürünənlər, gəmiricilər, həşəratlar,
quşlar məhv edilib. Ermənilərin vəhşicəsinə
istismarı nəticəsində mədən hasilatına ciddi
zərər dəyib, su mənbələri çirkləndirilib.
İndi də Ermənistan öz ərazisindən Azərbaycan
ərazisini çirkləndirir, transsərhəd, ekoloji təsirlərə
məruz qoyur. Bununla bağlı Azərbaycanın
qeyri-hökumət təşkilatları Ermənistanın
Baş naziri Nikol Paşinyana da müraciət edib. ESPO
konvensiyasının tələbləri Ermənistan tərəfindən
kobud şəkildə pozulub. Ermənistan qonşu dövlətlərə
- Azərbaycana vurduğu mənfi ekoloji təsirlərə
görə cavabdehlik daşımalı, belə hadisələr
zamanı Azərbaycanı xəbərdar etməli, məsləhətləşmələr
aparmalıdır, ekoloji təsirləri minimuma endirməlidir,
razılaşmalara getməlidir. Ermənistan tərəfi isə
bunların heç birini etmir. Həm maye, həm qaz, həm də
bərk tullantı şəklində Azərbaycanı
çirkləndirməkdə davam edir. Buna görə də
Azərbaycanın vətəndaş cəmiyyəti bu dəfə
də beynəlxalq təşkilatlara müraciət edib, orada
faktlar sadalanıb. Hesab edirəm ki, bu istiqamətdə həm
hökumət, həm də vətəndaş cəmiyyətləri
ayrı-ayrılıqda səylərini davam etdirməlidir".
Nazirlikdən qeyd olunub ki, Arazın çirklənməsinin
başlıca səbəblərindən biri Ermənistan ərazisində
fəaliyyət göstərən sənaye obyektləridir.
Xüsusilə Zəngəzur mis-molibden kombinatı çaya ən
böyük toksik təzyiqi göstərən mənbə
kimi qeyd olunur. Bu çirklənmə yalnız Arazla məhdudlaşmır.
Belə ki, Ermənistanın mis-molibden zavodundan çıxan
tullantılar əvvəlcə Oxçuçaya, oradan isə
Araza axıdılır. Beləliklə, bu çay boyunca zəncirvari
ekoloji çöküş müşahidə olunur.
Bütün bu faktorlar su ekosisteminin strukturunu
dağıdır, canlı orqanizmlərin yaşaması
üçün əlverişli şəraiti məhv edir. Ermənistanın
"Metsamor" Atom Elektrik Stansiyasının istismar müddətinin
başa çatmasına baxmayaraq, hələ də fəaliyyət
göstərməsi, radioaktiv sızmalar və
tullantıların Araz çayına təsir potensialı
ciddi narahatlıq doğurur. Bu, artıq sırf sənaye
çirklənməsi deyil, potensial nüvə təhlükəsidir.
Araz çayı boyunca çirklənmə səviyyəsinin
artmasına baxmayaraq, İran uzun müddət bu məsələni
ictimai və diplomatik müstəviyə
çıxarmırdı. Lakin son illərdə vəziyyətin
daha da kəskinləşməsi fonunda Tehran artıq
açıq şəkildə Ermənistanı sənaye
tullantılarına görə məsuliyyət
daşımağa çağırır. Bu, regionda ekoloji
diplomatiyada yeni bir mərhələnin
başlandığını göstərir. Çayın
sularında aşkar olunan ağır metallar "ölümlə"
nəticələnir. Suyun keyfiyyətindəki bu pisləşmə
artıq insan sağlamlığında da öz izini qoyur. Araz
çayının suyundan istifadə edilən ərazilərdə
onkoloji xəstəliklərin artması bu təhdidin sadəcə
ekoloji deyil, eyni zamanda ictimai sağlamlıq böhranı
olduğunu göstərir. Toksik metallar orqanizmdə
yığılaraq xərçəng riskini artırır,
genetik mutasiyalara və reproduktiv sağlamlığa ciddi zərər
vurur.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2025.- 8 may(№79).- S.15.