"Ermənistanın dağ-mədən sənayesi
bütün bölgə üçün ekoloji təhlükədir"
Fəaliyyət göstərdiyi sahədə kifayət
qədər nüfuzlu sayılan Environmental Protection First (EPF)
Koalisiyası Pəmbək (Debed) çayı ətrafında
yaranmış ekoloji fəlakətlə əlaqədar bəyanat
yayıb. Bəyanatda bildirilib ki, bu günlərdə
"epress.am" informasiya saytının Ermənistanın
Axtala və Alaverdi mədənlərinin sənaye fəaliyyəti
nəticəsində Pəmbək (Debed) çayı ətrafında
zəhərli tullantı sularının toplandığı
hövzələrin meydana gəlməsi barədə
yaydığı foto və video materiallar növbəti həyəcan
siqnalıdır. Təsvirlər ərazidə ekoloji
normaların gözlənilməməsi, rekultivasiya tədbirlərinin
görülməməsi barədə aydın təsəvvür
yaradır. İctimailəşmiş faktlar bir daha göstərir
ki, Ermənistanın dağ-mədən sənayesi ilə fəaliyyəti
bütün bölgəni ekoloji təhlükəyə
atır: "Biz Ermənistanın "İcma Müqaviməti
və Töhfə Mərkəzi" QHT-sinin Axtala və
Alaverdi mədənləri ilə əlaqədar
qaldırdığı məsələni, ətraf mühitin
və ərazidə yerləşən yaşayış məntəqələrində
insanların sağlamlığının qorunması
üçün təşəbbüslərini təqdir
edirik. Yayılmış məlumatlardan aydın olur ki, Alaverdi
mədəni ətrafındakı tərkibində arsen olan
böyük ərazini əhatə edən tullantı poliqonu
Ermənistanda dövlətə məxsus olsa da, ərazidə
heç bir tədbir görülmür. Bu faktlar bir daha
göstərir ki, Ermənistan hakimiyyəti kobud ekoloji
pozuntularla müşayiət olunan dağ-mədən sənayesi
fəaliyyətini dayandırmaq niyyətində deyil.
Environmental Protection First (EPF) Koalisiyası olaraq, "İcma
Müqaviməti və Töhfə Mərkəzi" QHT-sini,
"epress.am" informasiya saytının redaksiyasını ərazidə
beynəlxalq ekspertiza, monitorinq təşkil etməyə dəvət
edirik.Environmental Protection First (EPF) Koalisiyasının peşəkar
mütəxəssisləri Ermənistanın dağ-mədən
müəssisələrində ekoloji monitorinqlər
keçirməyə hazırdır. Biz Ermənistanın
Baş naziri Nikol Paşinyanı bir daha vətəndaş cəmiyyətinin
tələblərinə diqqət yetirməyə, Ermənistanın
dağ-mədən müəssisələrinin
qapılarını Azərbaycan ekoloqları daxil olmaqla, beynəlxalq
monitorinq qrupunun üzünə açmağa
çağırırıq".
Qeyd edək ki, bu yaxınlarda "Ermənistan Ekoloji Cəbhəsi"
də sosial mediada həyəcan təbili çalıb ki, Ermənistanda
Dastakert mədəninin yaxınlığındakı
yaşayış məntəqəsi xarabaya çevrilib,
burada əhali 30 dəfə azalaraq 200 nəfərə enib. Cənubi
Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən
Ermənistanın dağ-mədən sənayesi müəssisələrini
araşdıran "Environmental Protection First" (EPF)
Koalisiyasının tərtib etdiyi interaktiv rəqəmsal xəritədə
göstərilir ki, həmin mis-molibden xammal yatağı
"Molibdeny Ashxarh" LLC şirkəti tərəfindən
istismar olunub.
Koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai
Şuranın sədri Amin Məmmədovun sözlərinə
əsasən, Ermənistan Araz çayında ekoloji çirklənmə
ilə bağlı monitorinqlərin keçirilməsinə
şərait yaratmalıdır. Onun sözlərinə görə,
Ermənistanın özündə belə vətəndaş
cəmiyyəti təşkilatları bu məsələ ilə
bağlı mövqelərini açıqladıqlarına
görə ciddi təzyiq və təqiblərə məruz
qalıblar: "Biz vətəndaş cəmiyyəti olaraq Ermənistanı
monitorinqlərin keçirilməsinə şərait
yaratmağa çağırırıq. Bu monitorinqdə beynəlxalq
bitərəf ekspertlər və azərbaycanlı mütəxəssislər
də iştirak etməlidirlər".
Koalisiyanın həmtəsisçisi, Azərbaycan
Milli QHT Forumunun İdarə Heyətinin üzvü, millət
vəkili Pərvanə Vəliyeva isə qeyd edib ki, Ermənistanın
ekoterroru həm Cənubi Qafqaz, həm də digər ölkələr
üçün böyük təhdiddir. Ermənistanın
transsərhəd çaylarını çirkləndirməsi
BMT-nin Espoo (Ətraf Mühitə təsirin ölçülməsi)
Konvensiyasının tələblərini ciddi şəkildə
pozur. Onun sözlərinə görə, dünyanın 70-ə
yaxın ölkəsindən, o cümlədən Ermənistanın
qeyri-hökumət təşkilatları dağ mədən sənayesinin
transsərhəd çaylarını çirkləndirilməsinə
göz yumduğuna görə Ermənistan hökumətinə
müraciətlər edib, narahatlıqlarını ifadə
ediblər: "İranın "Pəyam-e ma" adlı
ekoloji qəzetində yayımlanan son hesabat Araz
çayında 59 ağır metalın, o cümlədən
alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və
vanadiumun yüksək konsentrasiyasını göstərib. Bu
çirklənmənin əsas mənbəyi Ermənistanın
mədən fəaliyyəti hesab olunur. Çayın sahilində
yaşayan əhali arasında sağlamlıq problemləri,
xüsusilə də mədə xərçəngi
hallarının artması müşahidə olunur. Bu ekoloji fəsadlara
meşələrin genişmiqyaslı qırılması,
dayanıqsız ağac kəsmə, mədənçilik və
su elektrik stansiyalarının tikintisi daxildir".
"Azərbaycan Kartoqrafları" İctimai
Birliyinin sədri Müqabil Bayramov bildirib ki, Ermənistan ərazisində
fəaliyyət göstərən "Əkərək"
(Aqarak) mis-mədən kombinatından çıxan kimyəvi
tullantılar birbaşa Araz çayına axıdılır.
QHT sədri bu amilin Araz çayı hövzəsinə
dağıdıcı təsirindən də
danışıb: "13 dövlətdən 30-a yaxın
qeyri-hökumət təşkilatı "Environmental Protection
First" koalisiyasına qoşulub, Ermənistanın ekoloji
standartlara əməl etmədən apardığı işlərə
öz etirazını bildirib. Bu təşkilatlar Ermənistan
hakimiyyətinə və Ekspo Konvensiyasına açıq
müraciət ediblər. Onu da qeyd etmək lazımdır ki,
göndərilən məktubların heç birinə cavab
verilməyib".
Onun sözlərinə görə, Ermənistanın
dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair xəritə
hazırlandı. Ermənistanın Cənubi Qafqazın
ekologiyasını zəhərləyən dağ-mədən
sənayesi müəssisələri barədə rəqəmsal
xəritə topoqrafik və kosmik əsasdadır: "Xəritənin
hazırlanmasında çətinliklərimiz olub. Geoloji xəritələr
məxfi olduğu üçün onları əldə etmək
çətin idi. Bunun üçün dost ölkələrdən
materiallar əldə etmişik. Elektron xəritənin dəqiqliyi
çox yüksəkdir. Xəritədə əsas çirkləndiricilər
barədə məlumatlar verilib. Məsələn, hansı
çaylar çirklənib, hansı xarici və yerli erməni
təşkilatları tərəfindən istismar olunur - bu barədə
məlumat bolluğu var. Qanuna zidd işləri ifşa etməklə
bağlı tədbirlər görülüb. Mədənlərin
fotoşəkilləri çəkilib, məlumatlar verilib.
Tarixi xəritələr əsasında Qərbi Azərbaycan
toponimlərindən istifadə olunub. Yaxın zamanda veb-saytlara
yerləşdiriləcək".
"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi
İctimai Birliyinin sədri Zaur İbrahimli qeyd edib ki, Ermənistanın
dağ-mədən sənayesi müəssisələri Azərbaycana
və Cənubi Qafqazın ekologiyasına zərbə vuracaq fəaliyyətlə
məşğuldur: "Artıq beynəlxalq təşkilatlar
və Azərbaycan QHT-lərinin
çağırışına baxmayaraq, Ermənistan
hökuməti Ermənistanın dağ-mədən sənayesinin
fəaliyyətinin müasir standartlara uyğun şəkildə
qurulması istiqamətində heç bir iş görmür.
Ekologiyaya ciddi ziyan vuran müəssisələrə
qarşı heç bir tədbir görülmür. Ermənistan
hakim elitasının kommersiya maraqları əsas
götürülərək ətraf mühit məsələləri
maddiyyata qurban verilir. Halbuki "Mədən hasilatı sənayesində
şəffaflıq təşəbbüsünün" tələbləri
diktə edir ki, Ermənistan ən azı transsərhəd
bölgəsində dağ-mədən sənayesinin fəaliyyətini
Azərbaycanla razılaşdırmalıdır. Bütün
ölkə miqyasında ətraf mühitin qorunması ilə
bağlı tədbirlər həyata keçirilməlidir.
Dağ-mədən müəssisələri ən yüksək
ekoloji standartlara cavab verməlidir. Azərbaycan dəfələrlə
bəyan edib ki, hazırda Ermənistan dağ-mədən sənayesinin
fəaliyyəti Kürəkçay və Araz
çayını qidalandıran çaylarda vəziyyəti
daha pis həddə çatdırıb. Kürəkçayda
beynəlxalq şirkətlər tərəfindən
aparılan monitorinq zamanı bu çayda zərərli
tullantıların, maddələrin normadan artıq olduğu
müəyyən edilib. Eyni vəziyyət Araz çayında
da müşahidə olunur. Ermənilərin Araz
çayını çirkləndirməsi Xəzər dənizinə
də olduqca mənfi təsir edir. Bununla bağlı Xəzəryanı
ölkələr də dəfələrlə öz
etirazlarını dilə gətirib. Bütün bu
çağırışlara baxmayaraq, ermənilər məlum
istiqamətdə heç bir addım atmır. Hətta Ermənistan
hökuməti ölkə daxilində fəaliyyət göstərən
yerli ekoloji təşkilatlara da təzyiq göstərir. Erməni
mediasında da bu məsələ ilə bağlı məlumatların
yayılması qadağan olunub. Artıq bu missiyanı Azərbaycan
QHT-ləri, ekoloqları öz üzərinə
götürüb. Məlum problemlə bağlı beynəlxalq
təşkilatlara dəfələrlə müraciət
etmişik və ilkin nəticələr də var. Hətta erməni
ekoloqları belə bu müraciətləri müzakirə
edir".
O əlavə edib ki, "Environmental Protection First"
(EPF) Koalisiyasının katibliyi müvafiq qaydalara uyğun
olaraq Ermənistanda araşdırma və monitorinq fəaliyyəti
həyata keçirməlidir: "Həm aparıcı ölkələr,
həm də beynəlxaq təşkilatlar ekoloji məsələ
ilə bağlı Ermənistana təzyiq göstərməlidir.
Nəzərə almaq lazımdır ki, bu yalnız Azərbaycanın
deyil, bütün Cənubi Qafqaz, Xəzəryanı ölkələr
üçün ciddi problemdir. Ermənistan dağ-mədən
sənayəsi faktiki olaraq beynəlxalq nəzarətdən kənar
fəaliyyət göstərir. Yaxın gələcəkdə
bunun çox ağır nəticələri ola bilər. Bu səbəbdən
də Azərbaycan QHT-ləri mütəmadi olaraq məlum
hadisəni gündəmə gətirir. Ümid edirik ki, beynəlxalq
təşkilatlar da sərt addımlar atacaq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2025.- 9 may(№80).- S.23.