Lənətlənmişlərin
özünün və nəsillərinin aqibəti
(Əvvəli ötən şənbə
sayımızda)
Kleopatra Misirdə hakimiyyəti oğlu Sezariona verməyə
çalışırdı. B.e.ə. 31-ci ildə
Yunanıstandakı Aktsium dəniz döyüşündə
Antoninin və Kleopatranın donanmaları məğlub oldu.
Antoni özünü b. e. ə. 30-cu ildə
öldürdükdən sonra, Kleopatra da intihar vasitəsilə
həyatdan getdi.
Oktavian Sezarın nəvə qohumu və rəsmi varisi
idi, lakin o, hakimiyyətə sahib olmağı və onu qoruyub
saxlamağı hər şeydən üstün tuturdu.
B.e.ə. 30-cu illərdə tək hakimiyyətliyə
yiyələndikdən sonra, Sezarionun tapılıb
öldürülməsi göstərişini verdi. Və b.e.
14-cü ilinə qədər 44 il ərzində printseps
adı altında ilk Roma imperatoru oldu. O, həm də müqəddəs
mənasını verən Avqust kimi məşhurlaşmışdı.
Ondan sonra mənfur imperatorlar meydana gəldi, b.e. 180-ci ilinə
kimi səkkiz onillik ərzində isə nəcib imperatorlar
Romanı idarə etdi.
Yuli Sezar istedadlı sərkərdə və dövlət
xadimi idi, lakin o, respublika Romasına yad olan çar olmaq
eşqinə düşdükdə, respublika quruluşu tərəfdarlarının
müqavimət gücünə inanmadığından
sayıqlığını itirdi və həyatla
vidalaşmalı oldu.
Sezar Qalliyada çox qan axıtmışdı, əsir
götürdüyü qall sərkərdəsini
öldürtmüşdü. Onların və vətəndaş
müharibəsində həlak olan romalıların lənəti
öz işini gördü. Özü kimi, tanımaq istəmədiyi
bastard oğlu da həyatdan getdi. Sezarın
saysız-hesabsız günahlarına görə onun heç
bir cinayəti olmayan oğlu da anasına görə qurbana
çevrildi.
Jak de Molenin lənəti qısa müddətdə həllini
tapır
Tampliyer cəngavərlərinin (temple - "məbəd"
deməkdir, fransız dilində "tampl" kimi tələffüz
edilir, tampliyep isə "məbədlilər" deməkdir)
böyük magistri Jak de Mole 1250-ci ildə anadan olmuşdu,
ordenin 23-cü və axırıncı lideri idi. O, 1312-ci ilə
kimi bu vəzifəni icra etmişdi. O, Tampliyer ordenini islahata
uğratmaq istəyirdi, lakin Roma papası V Klement onu bu vəzifədən
götürmüşdü.
Tampliyer ordeni olduqca güclü dini və hərbi təşkilat
olmaqla, Səlib yürüşlərində iştirakdan
böyük var-dövlət qazanmışdı. Fransaya
qayıtdıqdan sonra orada və qonşu İspaniyada torpaqlar
almağa başlamışdı və kral hakimiyyəti
üçün ciddi təhlükəyə
çevrilmişdi. Həm də Fransa kralı IV Filip ordendən
böyük miqdarda borc pul almışdı. Ona borclu
olmağına görə kral cəhd edirdi ki, ordeni parçalasın
və borcu ödəməkdən imtina etsin.
Kral XIV əsrin əvvəllərində ordeni məhv
etmək üçün, onun üzvlərinin təqibinə,
dustaq edilməsinə başladı. Həbs edilənlər,
onlardan saxta etiraflar alınması üçün işgəncələrə
məruz qalırdı. 1307-ci ildə həbs edilən de Mole
işgəncələrə dözməyib, ittihamda göstərilən
günahlarını etiraf etməyə məcbur oldu. Sonralar
Mole öz əvvəlki sözlərini dəyişib,
ittihamlarda irəli sürülən günahları
bütünlüklə rədd etdi. Kral vəziyyətin
yaxşı olmadığını görüb, məhkəməni
Sena çayındakı adaya, Notr-dam kilsəsinin qabaq tərəfinə
köçürdü və məhkəmə Moleni tonqalda
yandırılmaq cəzasına məhkum etdi. XIV əsrin
sonunda isə Jak de Mole növbəti əfsanəvi şəxsiyyətə
çevrildi.
Hospitalyer ordeni də mövcud idi, onlar xəstəxananalarda
xidmət göstərdiklərinə görə belə
adlanırdılar, tampliyerlərə nisbətən Fransaya gec
gəlmişdilər və kralın onları da həbs edəcəyindən
qorxurdular. Axı tampliyerlərin həbsindən sonra,
onların mülkiyyətləri də müsadirə
edilmişdi.
De Mole kardinallar tərəfindən mühakimə edildikdə,
o, 1307-ci ildə dediklərindən bütünlüklə
imtina etdi. Lakin kralın məhkəməsi 1314-cü ildə
onun tonqalda yandırılmaq hökmünü verdi. Baş
magistrin öldürülməsi barədə xəbər
bütün ölkəyə yayıldı.
Ən maraqlı cəhət edam olunan Jak de Molenin
ölüm qabağı, ona haqsızlıq edənləri lənətləməsi
idi. O, heç bir qorxu hiss etmədən ucadan dedi ki, Allah
onlardan hökmən qisas alacaqdır. O, çəkinmədən
Roma papası V Klementi də kral IV Filiplə birlikdə ittiham
etdi. O dedi ki, sizin məhkəmə Yer üstündəkilər
üçündür, həqiqət və onun barəsindəki
mühakimə isə Göylərdəki Allahın əlindədir.
Papanı xəbərdar etdi ki, o, və kral IV Filip bir ilin ərzində
Allahın qarşısında öz cinayətlərinizə
görə cavab verməli olacaqsınız.
Kral IV Filip və papa V Klementin hər ikisi Molenin edam
edilməsinin bir ili içərisində öldülər.
Klement 1314-cü ildə uzun müddət xəstə
yatdı, Filip isə ov etdikdə ürək tutmasından
öldü. Molenin edamından cəmi 14 il sonra 300 ildən bir
az artıq ömür sürmüş Kapet sülaləsi
iflasa uğradı. Axı de Mole təkcə kralı və
papanı deyil, onların törəmələrini də lənətləmişdi.
Kralın övladları və nəvələri çox
qısa müddətdə hökmranlıq etdilər.
XX əsrin əvvəlində, 1913-cü ildə
Rusiyada öz 300 illiyini təntənəli bayram edən
Romanovlar sülaləsi də dörd il sonra süqut etdi. Kapet
kimi Romanovlar da çox sayda haqsızlıqlar işlətmiş,
günahsız insanların qanını
axıtmışdı. Təkcə 9 yanvar 1905-ci ildə dinc
mitinqə çıxmış adamlar gülləbaran
edilmişdi.
Günahsız de Molenin edam etdirən kralın şəxsi
ədalətsizliyi əsasında çox sayda bədbəxt
hadisələr seriyası baş verdi. Lənətin belə
reallaşmasını görəndən sonra, gəl onun
gücünə və hökmən öz icrasını
tapmasına inanma. Allah ona pənah gətirən və ondan mərhəmət
uman bəndələrini müdafiəsiz qoymur və onlara
qarşı ədalətsizlik edənlər, insanların həyatına
zəhər qatan və onları məhv edən qəddar
hökmdarlar barədə tez ya gec ədalətli
hökmünü verməklə özünün müqayisəsiz
qüdrətini bir daha insanlara göstərməklə,
onları məhz mərhəmət qanadı altında
saxladığına inandırır.
Digər bir maraqlı cəhət də ondan ibarətdir
ki, Kapet sülaləsi tarixin arxivinə verilsə də,
bütünlüklə yaddan çıxmadı, Böyük
Fransa inqilabı düşmən saydığı kralı bu
adla adlandırmağı məqbul saydı.
Dörd əsrdən də çox sonra Kapet sülaləsi
yenidən yada düşdü. 1789-cu il iyulun 14-də qalib gələn
Böyük Fransa burjua inqilabının tətbiq etdiyi
qadağanlar hesabına kral XVI Lui və kraliça Mariya-
Antuanetta artıq həmin titullarla deyil, vətəndaş
Kapet və vətəndaş qadın Kapet kimi adlanmalı idilər. Digər
zadəgan titullarını ifadə edən adları dilə gətirmək
də qadağan edildi. Hamı bir-birinə müraciət edərkən
"vətəndaş" sözünü işlətməli
idi. Devrilən kral XVI Lui Burbon sülaləsinə məxsus
olsa da, onu yaddan çıxmış digər sülalənin
adı ilə "vətəndaş Kapet"
adlandırırdılar və məhkəmədə də
hakim ona yalnız belə müraciət edirdi. Kral və
kraliça sözünü işlədənlər cəzalanırdı.
Robespyerin dediyi kimi, "inqilabın yaşaması
üçün kral öldürülməli idi". Məhkəmə
də kral və kraliça haqqında ölüm
hökmü çıxardı və 1793-cü ilin
yanvarında və oktyabrında, doqquz aylıq fasilə ilə
kral XVI Lui və kraliça Mariya-Antuanetta İnqilab (indiki
Konkord, bu söz "razılıq" deməkdir)
meydanında gilyotina edildilər. Məhkəmənin saxta
ittihamlara əsaslanması şübhə doğurmurdu.
İnqilab müharibələrdən daha böyük
fəlakətdir, çünki o tarixin qanuni təkamül
övladı olmayıb, hansısa ideya ilə süni qaydada
mayalanan uşaq kimi doğulur. Bu uşaq özünün
böyüməsi üçün keçmişi
bütünlüklə inkar etməli, onun nümayəndələrini
qırmaqdan çəkinməməlidir. İnsanın həyati
orqanları qanla qidalandığı kimi, inqilab da qan
axıtmaqla, düşmən saydıqlarını məhv etməklə
cana dolmağa başlayır, bu yolla qüdrətli varlığa çevrilir.
İnqilab donanması təbii çaylarda üzməyi
bacarmır, ona ayrılmış tarixi məsafəni qət
etmək üçün qan çayında dolaşmaq
lazımdır.
Müharibədə ordu döyüşdə
düşmən silahlı qüvvələri ilə
vuruşub, onu məhv etməyə çalışır.
İnqilabın qələbəsindən sonra isə öz
xalqının içindəki çox saydakı düşməni
qırmağa girişməklə, vətəndaş
müharibəsinə start verilir. Xalqın xeyli faydalı
seqmenti bu dəhşətli toqquşmada məhv olur.
Lakin inqilab düşmən saydıqlarını
qırdıqdan sonra bu qan axıtma mənbəyi xeyli
kasadlaşır. Qan bazarında inqilabın tələbi
böyük olduğu halda, düşmən
adlandırdığı cəbhə düşərgəsindən
gələn təklif azalır, kiçilir. Bu vaxt daim qana
susayan inqilab öz balalarını yeməyə
başlayır. Sinfi mübarizə artıq öz əvvəlki
tərəfdarlarına qarşı yönəlir.
Böyük Fransa inqilabından sonra başlanan Terror
1794-cü ildə görkəmli xadim Jortj Dantonu, bu terrorun təşəbbüskarı
Maksimilian Robespyeri də məhv etdi.
Aşağı təbəqə də liderlərindən
nümunə götürüb, nifrət hissini
qızışdırırdı. Sankluyotların, bu
sözün "gödək şalvarlılar" mənasına
uyğun gələn qaydada, həmin paltarın
ölçüsü kimi, ağılları da gödək
idi və onlar elan edilən istənilən mənfur dalğaya
həvəslə qoşulurdular. Kralı və
kraliçanı ən eybəcər ifadələrlə təhqir
etmək onların inqilabi natiqlik peşəsinə
çevrilirdi. Terrordan xeyli sonra hakimiyyətə gələn
Napoleon royalistlərlə yanaşı,
inqilabçıları da təqib etməyə girişdi.
Rusiyada Oktyabr inqilabından sonra vəziyyət daha
ağır şəkil aldı. 1918-ci ildə Vətəndaş
müharibəsinin başlanması ilə
"qırmızı terror" da işə
düşdü. Bolşeviklərin yaratdığı ordu
"ağlara" qalib gəldi. İnqilab rəhbəri Lenin
düşmən adlandırdığı varlıları, din
xadimlərini qırmağa, dar ağacından asmağa
çağırırdı. Stalin isə ətalət
qaydasında inqilab liderlərini məhv etmək kimi
ağır vəzifəni həll etməyə girişdi.
1930-cu illərdə aparılan təmizləmələrdə
Lenin qvardiyasının üzvü adlananlar
bütünlüklə sıradan çıxdı. "Xalq
düşməni" adı altında istənilən
adamı məhv etmək mümkün oldu. Ölkənin məhsuldar
qüvvələrinə, nəhəng canlı itki hesabına
böyük ziyan dəydi. İnqilab adamlara xoşbəxt həyat
bəxş etməyi vəd etsə də, milyonlarla ailələrin
həyatına zəhər qatdı. İnqilab ağacı
başqa dadda olan meyvə verə bilmirdi.
Kapet sülaləsinin yada salınması inqilab adlanan
dəhşətlər mənbəyi barədə söhbətə
də yol açdı. Ölümün obrazı
olmadığına görə insanlar ondan ömür boyu
davam edən üzücü qorxu hiss etmirlər. İnqilab
adlanana yırtıcı Moloxun isə tarixdə qorxunc
nümunələri olduğundan, onların baş verməsinə
mümkün qədər mane olmaq lazımdır. Axı
inqilab həqiqi düşməni unudub, xalqı
parçalamaqla, onun ayrı-ayrı hissələrini bir-birinə
düşmən edir, öz xalqının qanının
axıdılması kimi iyrənc bir yol tutur.
Valua sülaləsinin sonunun bədbəxtlikləri
Valua sülaləsindən olan kral XII Lui öz
ölümündən əvvəl 15 yaşındakı
qızı Klaudinanı, onu kral taxt-tacında əvəz edəcək
Fransiskə ərə vermişdi. O, hələ 1508-ci ildə
taxt-taca çıxanda həmin öz əmisi oğluna hersoq
titulunu vermişdi. Bu qərar Fransiskin kral kürsüsünə
yiyələnməsi üçün, evlənməsi ilə
bilikdə yaxşı zəmin yaratmışdı. Fransiskin
gözlədiyini əldə etməsinə çox vaxt sərf
olunmadı, 1515-ci ildə o, artıq I Fransisk adı altında
Fransa kralı oldu. O, bundan əvvəl orduda xidmət etmiş,
Milan hersoqluğunu işğal etmək üçün
vuruşmuşdu. Lakin onun cəhdləri kral olduqdan sonra sərt
müqavimətlə rastlaşmalı oldu. Kral Ferdinand
öldükdən sonra, Niderlandda böyümüş və
ona görə ispan dilini bilməyən nəvəsi Karl
İspaniya taxt-tacına sahib oldu. O, V Karl adı altında 19
yaşında həm də Müqəddəs Roma
imperiyasının imperatoru olmaqla böyük iqtisadi və hərbi
qüdrətə yiyələndi. İspaniyanın var-dövləti
olduqca böyük idi. Üstəlik, Vest İndiyadan ölkəyə
gəmilərlə qızıl, gümüş yükü
az sonra gəlməyə başladı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2025.- 9 may(№80).- S.22.