Sultan Süleymanın süd
qardaşı
Osmanlı donanmasından yüzlərlə gəmi səfərə
çıxmazdan əvvəl Boğazda Ortaköy sahilinə
yaxınlaşarmış. Bütün gəmi heyəti
göyərtədə dayanıb diqqətlə qarşıda
görünən təpəyə baxarmışlar. Sükut
içində gözləyən əsgərlərin, "Ey
ya molla" çağırışı ilə
Boğazın bütün səssizliyi pozularmış.
Yaşıllıqarın arasında, təpədən dənizçilərin
piri olaraq adlandırılan mənəvi öndər zühur
edərmiş. Əllərini havaya qaldırıb Osmanlı
donanmasının savaşdan zəfərlə dönməsini
diləyərmiş. Donanma əsgərlərinin hamısı
bir ağızdan yüksək səslə "Amin" deyər,
Ağdənizə doğru yola çıxarmışlar.
Yaşadığı dönəmdə, bu mənəvi
öndərin duası alınmadan nə Osmanlı donanması
səfərə, nə də İstanbulun
balıqçıları ova gedərmiş... Hətta
Osmanlının bu ənənəsi mənəvi öndərin
vəfatının ardından da illərlə davam
etdirilmişdi. Zaman içində "Ey ya molla"
sözü qısalaraq "heyamola"ya çevrilir.
Günümüzdə bəzi balıqçılar hələ
də qayıqları ilə sahilə yaxınlaşıb təpədəki
qəbrə doğru üzlərini tutaraq Fatihə oxuyurlar. Bəzi
kapitanlar isə bu duanı oxumadan ümumiyyətlə
Boğazdan keçmirlər. Dənizçilərin piri olaraq
adlandırılan bu şəxs Şeyx Yəhya Əfəndidir.
Bu günün özündə də Yəhya Əfəndinin
Boğazı və dənizçiləri qoruduğuna
inanılır. Türbə, Beşiktaşda, Ulduz
parkının yanında, Çırağan sarayının
düz qarşısında yerləşir.
Yəhya Əfəndi
Sultan Süleymanın Yəhya adında süd
qardaşı olduğunu bilirdim. Amma dənizçilərin
piri, könüllərin sultanı, dilək, dua yeri olduğu
haqda məlumatım yox idi. Təsadüfən Yuşa Türbəsində
öyrəndim. Yuşa ayrı yazı mövzusudur, o haqda ətraflı
yazacam. İndi qayıdaq Şeyx Yəhyaya; 1495-ci ildə
Trabzonda, yəni Şahzadə Yavuz Səlimin burada Sancaqbəyi
olduğu dönəmdə dünyaya gəlir. Yəhya ilə
eyni həftədə şahzadənin oğlu Süleyman
doğulur. Anası Ayşə Hafsa sultanın südü kəsildiyi
üçün Süleymana südü Yəhyanın
anası Afifə xatun verir. Bununla da, Yəhya ilə
Süleyman süd qardaşı olurlar. Eyni yaşda
olmaqlarına baxmayaraq, Yəhya Süleymana həmişə
hörmət mövqeyində olur, ona böyüyüm, xocam
deyə xitab edir. 17 yaşına qədər Trabzonda
yaşayan Yəhya Əfəndi tez-tez şəhərdən kənarda
mağaraya çəkilər, dua, zikr edərmiş. Rəvayət
odur ki, bu vəziyyət 7 il sürür.
İki qardaşın Mahidövran Sultan incikliyi
Bir gün artıq Trabzonda öyrənəcəyi nəsə
qalmadığı qənaətinə gəlir və
İstanbula yola düşür. Dönəmin ən
böyük alimlərindən dərs alır. Təhsilinin
ardından İstanbulda ilk ali təhsil qurumu sayılan
"Sahnı Səman" mədrəsələrindən
birində illərlə müdərris olur. Təbii ki,
Süleymanın dərddaşı, söhbət etdiyi
yaxını, qardaşı, dostu, rahatlıq
tapdığı adamı olur. Ancaq hər şey kimi, bu da
daimi olmur və gedişat bir nöqtədən sonra
cığırından çıxır. Yəhya, Qanuninin
oğlu Şahzadə Mustafanı boğdurmağından sonra
Mahidövran Sultanı saraydan uzaqlaşdırır. Bu da az
deyilmiş kimi, saray xəzinəsindən ona verilən
aylıq axcanı kəsir. Yəhya bunu öyrənəndən
sonra Sultan Süleymana məktub yazır. Etdiyi hərəkətin
yanlış olduğunu bildirərək, Mahidövran Sultana mərhəmət
etməyini istəyir. Süd qardaşın bu hərəkəti
Qanunini özündən çıxardan və Yahyanı mədrəsədəki
vəzifəsindən azad edilərək təqaüdə
göndərilmə əmri verir.
Bu hadisədən sonra öz pulu ilə
Beşiktaşda ərazi almağa qərar verir. Burada dərgah
qurur. Daha sonra mədrəsə, hamam, çeşmə, kitabxanadan
ibarət külliyə inşa edir. Digər ustalarla birlikdə
tikinti işlərində hünərini göstərir,
özü də ustalıq edir. Yaratdığı mədrəsələrdə
çox şagirdlər yetişdirir. Burada sadəcə islam
elmlərini yox, tibbi, həndəsəni də öyrənirlər.
Müsəlman olan, olmayan hər kəsə dərgahın
qapısı açıq olur. Xalqın sevgisini qazanan Yəhya
Əfəndi, burada məskunlaşdıqdan sonra da
Beşiktaşlı Yəhya Əfəndi olaraq anılır.
Bir müddət inciklik davam etsə də, sarayla
bağlantısı olur. Məsləhətinə ehtiyac
duyulan, tövsiyə alınan alim olaraq hörmət
görür. Qanuni Sultan Süleyman özü belə Yəhya
Əəfəndini heç vaxt hüzuruna
çağırmır. Beşiktaşa gedər, onu dərgahında
ziyarət edər, ürəyinə fərahlıq verən
söhbətlərini dinləyər, mənəvi
qidalanardı.
Ürək oğrusu
Yəhya əfəndinin Sufi olduğu deyilirdi. Ağac əkir,
bağ salır, təbiətlə maraqlanırdı.
Xalqın problemlərinə laqeyd qalmayan insan idi. Dərdi olan
dərgaha gəlirdi. Yəhya bəzən burada özünə
də qapanırdı, amma o qapını heç kimin
üzünə bağlı saxlamırdı. Comərdliyi dillərə
dastan idi. Bağında öz əlləri ilə əkdiyi
ağacların meyvəsini gələnlərə yedirirdi.
Eyni zamanda şair olan və Müdərris ləqəbini
istifadə edən Yəhya Əfəndi, Beşiktaşda
satın aldığı əraziyə xeyir əməl
üçün xeyli evlər inşa etdirmişdi. Qurub,
yaratdığı işləri vəsf edirdi. Xeyli xrsitian onun
sayəsində müsəlman olmuşdu. Rumlar ona "Oğru
Övliya" deyirdi. Könüllərini fəth edib, dinlərini
dəyişməklərinə səbəb olduğuna görə.
Ölümünə qədər təfəkkür və
ibadətlə həyatını davam edir. Heç bir
anını boş keçirmir. 1570-ci ildə vəfat edəndə
75 yaşında idi. Bütün İstanbul dəfn mərasiminə
axın etmişdi. Namazı Süleymaniyyə məscidində
Şeyxülislam Əbusuud Əfəndi tərəfindən
qıldırılmışdı. Yüzillərdir
İstanbulun ən böyük mənəvi öndəri hesab
edilir və ona sonsuz ehtiram göstərilir. Bu gün insanlar
oraya axın-axın gedir. Təsadüfə bax ki, mənim
getdiyim gün ayın 5-nə, xıdır əllər
gününə düşdü. Belə günlərdə
buradakı insan izdihamı daha çox olur. Bura insanların
dua, dilək yeridir. Niyyətləri həyata keçən
kimi buraya gəlib şirinlik paylayırlar. Bağa gəldikdə
isə; gül-gülü, bülbül-bülbülü
çağırır. Yüzlərlə rəngli
çiçəklər, nəhəng ağaclar,
quşların cəh-cəhi, ətrafda pərvana kimi
uçuşan kəpənəklər, gəzişən,
günəşin altında xumarlanan pişiklər,
yuxarıda dövr edən qağayıları gördükcə
sənə elə gəlir ki, elə cənnət dedikləri
"o yer". buradır. Bir tərəfdən də
önündə uzanan dənizi, boğazı görürsən
və o an qeyri-ixtiyari olaraq gözə görünən,
görünməyən hər şeyə şükür
edirsən içindən.
Həzrəti Yuşa
Yuxarıda bəhs etdiyim Yuşa hekayəsinə gəldikdə
isə... Yəhya Əfəndi üç gün hər gecə yuxusunda Həzrəti Yuşanı
görür: "Beykozdayam, gəl, mən Yuşa peyğəmbərəm
və bu təpədə yatıram. Gəl, yerimi tap və məni
ziyarət et" deyirdi.
Ertəsi gecə eyni yuxunu yenə görür.
Maraqlanır və məlum olur ki, İsrailoğullarından
olan Yuşa Musa Peyğəmbərin bacısı oğlu və
sağ əlidir, özü də Fələstində
ölüb. Eyni yuxunu üçüncü dəfə
görəndə dərvişlərlə birlikdə yuxuda
gördüyü təpəyə yollanır. Ərazidə
çobanın qoyunları otardığını
görürlər. Ona buralarda qəribəlik
görüb-görmədiyini soruşurlar. Çoban ərazidə
on il qoyun otardığını deyir və bir parça yer
var ki, oraya qoyunların ayaq basmadıqlarını əlavə
edir. Beləliklə, o gün Həzrəti Yuşanın qəbri
Yəhya Əfəndi tərəfindən kəşf edilir. Bu
vəziyyəti Sultan Süleymana nəql edir. O da həmin təpədə
Həzrəti Yuşa Türbəsi və məscidi inşa
etdirir. Məzarın uzunluğunun 17 metr olmağının səbəbi
isə qoyunların ayaq basmadığı yer olduğuna
görədir. Bəziləri isə korkoranə şəkildə
gəlib dua edirlər, elə bilirlər ki, Yuşanın boyu
17 metr olub.
Yuşa Türbəsinə Yəhya Əfəndi
türbəsindən bir gün öncə, yəni bazar
günü getmişdim. Gördüklərim, müşahidələrim
həzm edim, gələn həftə bu haqda yazacam.
Yəhya ilə Xızırın görüşü
Xalq arasında Yəhya əfəndinin Həzrəti
Xızır ilə mütəmadi söhbət edildiyinə
inanılır. Rəvayətə görə, iki dənizin
birləşdiyi yerdə bu iki şəxs
görüşürmüş. Əslində nə zaman gəldiyi
və nə vaxt getdiyi məlum olmayan Xızır Peyğəmbərlə
bağlı rəvayət Sultan Süleymanın
qulağına çatır. Hökmdar Yəhyanı ziyarət
edərkən, "Lütf edin, Xızır həzrətləri
ilə biz də görüşək".
"İnşallah" deyə cavab alır, Qanuni.
Bir gün Yəhya Əfəndi dərgahda onu ziyarətə
gələn qonağı ilə söhbət edərkən
Sultan Süleymanın adamı gəlir,
"Padşahımız sizi sahildə gözləyir, sizinlə
Boğazda gəzəcək" deyir. Yəhya Əfəndi
qonağını da götürür padşahın
yanına gedir. Səltənət qayığında oturan
Sultan Süleyman, yanındakı qonağın kim olduğunu
bilmədən onları qarşılayır. Gəzinti
zamanı dərvişin gözü padşahın
barmağındakı qiymətli üzüyə ilişir. Gözünü
ayırmadan elə hey baxır. Vəziyyəti hiss edən
Süleyman üzüyü barmağından
çıxardıb dərvişin qucağına atır.
Qonaq üzüyü götürüb bir sağa çevriri,
bir sola, sonra dənizə ataraq gülümsəyir. Bu hadisəyə
qəzəblənən hökmdar əhvalını
pozmamağa çalışaraq Yəhya ilə söhbətə
davam edir. Bir qədər sonra qonaq vacib işi olduğunu və
dərhal sahilə çıxmaq məcburiyyəti
yarandığını söyləyir. İstiqamətini dəyişən
qayıq sahilə yaxınlaşmağına az qalmış Dərviş
görkəmli qonaq əlini boğazın dərin sularına
salır, saniyələr içində suya atdığı
almaz üzüyü sudan çıxardır və
padşahın ayağının önünə qoyur.
Ardınca çevik hərəkətlə sahilə
atlanır və gözdən itir. Gördükləri
qarşısında heyrət içində qalan Sultan
Süleyman, "bu qəribə adam kim idi" deyə
soruşur. O da uzun müddətdir görməyi arzu etdiyi
Xızır Əleyhsalam olduğunu deyir. Kefi pozulan padşah Yəhyaya
nə üçün onu tanıtmadığını
soruşur. Yəhya deyir ki, "o sizə özünü
tanıtmağa çalışdı, amma siz onu fərq etmədiniz.
Çünki Xızır Əleyhisalam hazır olana
görünür. Hazır olmayandan özünü gizləyir".
Yəhya əfəndi 1569-cu ildə Qurban Bayramı gecəsində
vəfat edir. Öz dərgahında özünün
hazırladığı məzarda dəfn edilir. Qəbrinin
üstündəki türbə isə 1571-ci ildə II Səlim
tərəfindən Memar Sinana inşa etdirilir. İstanbulun 4
qoruyucusu olduğu deyilir. Onlardan biri Həzrəti
Yuşadır, ikincisi Yəhya Əfəndidir,
üçüncüsü Telli Baba, dördüncüsü
isə Əzizi Mahmud Xudayidir. Dördü də müqəddəs
yer hesab edilir.
Turan Türkan
525-ci qəzet.- 2025.- 9 may(№80).- S.21.