Qərarsızlığın
yorğunluğu
Esse
Dərd orasındadır ki, başlaya bilmir adam. Qorxur:
"Birdən alınmasa..." Dünəni üçün
peşman, bu günü üçün narahat, sabahı
üçün qayğılı adamlar var. Bir addım o
yanda olmaqdan qorxurlar. İçlərindən, özlərindən,
düşündüklərindən qorxurlar. Gördüklərindən,
eşitdiklərindən, hər şeydən, hər kəsdən
narahatdırlar. Tərəddüd insanın
ruhdaşıdır. Ömür boyu onun özündən,
kölgəsindən asılı qalır. Nə qova bilirsən,
nə də qucaqlaya. Yersiz narahatlıq gətirir özüylə.
Bəzən bir anlıq qərarsızlıq
bütün bir həyatın ritmini poza bilir. Tərəddüd
- nə irəli, nə də geri ata bildiyin bir addımın
içində ilişib qalmaqdır. Düşünürsən,
ölçürsən, biçirsən... amma hərəkət
etmirsən. Zaman keçir, imkanlar uzaqlaşır və sən
hələ də "bəlkə"lərin içində
itib gedirsən.
Tərəddüd, sükutun içində qopan bir
fırtınadır. İnsan bəzən qorxudan, bəzən
məsuliyyətdən, bəzən də sadəcə
alışdığı komfortdan çıxmaq istəmir.
Amma unudulan bir həqiqət var: həyat seçmək və
addım atmaqla irəliləyir. Qorxularla dolu olsa belə, bəzən
risk almaq, tərəddüdün susqunluğundan daha az
ağrılı olur.
Qərarsız qalmaq - bu, bir növ öz həyatını
"gözlə"mə rejiminə almaqdır. Halbuki hər
seçim bir yol açar. Doğru, ya da yanlış - hərəkət,
öyrədər. Tərəddüd isə sadəcə
gecikdirər.
Bir dəfə İstanbulda köşkün yanında
qəzet oxuyan bir nəfərdən eşitmişdim:
"Dünyada peşman olmayacağım bircə saniyə
üçün övladlarımdan da imtina edərdim..."
Heç vaxt o insanın nələr
yaşadığı haqqında düşünməmişəm.
İndi də düşünməyəcəyəm. Gözlərimi
yumub üz cizgilərini yadıma salmağa
çalışsam da, unutduğumla razılaşmalıyam.
Ancaq yadımdadır ki, o cümləni eşidəndə
gülümsəmişdim. Bəlkə də modern insanın
nəhayət ki özünəaidliyini dərk etməsinə,
münasibətlər əsrinin bitməsinə, ya da
peşmanlıqdan qurtulmaq cəhdlərinə. Adamların
bir-birinə dözdüyü bu zamanda kimisə anlamaq
çox çətindir, yəqin məni başa düşəcəksiniz.
Mən o zaman həmin ifadəni siqaret tüstüsünə
bürüyüb havaya üfürən kəsi anlamaq istəməmişdim.
İndi isə yazı masasının yanında
anlaşılmaq üçün növbəyə durub. Biz həmişə
ya keçmiş zamanda, ya da gələcək zamanda məyus
oluruq, indiki zamanda isə tərəddüd keçiririk. Bu
dünyada gördüyüm yeganə insan o idi ki, həm
keçmişinə, həm gələcəyinə görə
narahat idi. Keçmiş üçün narahat olmaq... Kimsə
sənin nömrəni yığacaq və sənə
xatırlamadığın bir yanlışını deyəcək,
buna görə vicdan əzabı çəkəcəksən.
Qarşına gözlərindən tanıyacağın bir nəfər
çıxacaq və yenə peşmanlığa
qapılacaqsan. Beləcə dəyişən heç nə
yoxdur.
Tərəddüd fiziki cəhətdən yorucudur, mənəvi
cəhətdən dağıdıcı. Peşmanlıq tərəddüdün
dəyişməyən nəticəsidir. Ziddiyyət, bu
peşmanlıqdan öncə yaşadığımız
xoşbəxlikdir. İnkişaf o qədər sürətlidir
ki, biz informasiya selinin altında qalırıq. Ötən əsrdə
kitablar və filmlər asudə vaxtını keçirmək
üçün idisə, bu gün kino və kitab sənayesi
ağır informasiya qaynağı, analiz mənbəyinə
çevrilib. Bədii ədəbiyyat öz yerini marketinq və
motivasiya, şəxsi inkişaf kitablarına verməsi bunun
nümunəsidir. "Netflix" bu gün dünyanın ən
yaxşı bədii nümunələrini serial edir və
kitab dövrünü görüntü, foto erası əvəzləyir.
Bu isə gərgin, qeyri-müəyyən, təsadüfi hisslər
yaradır. "Yüz ilin tənhalığı"nı təsəvvürümüzdə
yaşatmaqla onun içindəki kimi özümü təsəvvür
etmək arasındakı fərqi anlayırıq. Real həyata
qayıdanda bu fərq bizə aydın olur. Hadisələrə
reaksiyamızdan tutmuş insanlarla ünsiyyətimizə qədər
dəyişiklik, bərpa olunmayan deformasiya baş verir.
Ədəbiyyat və digərləri (sənət
maştabında) bədii, sentimantal nümunələr
yaratdıqca uduzur. Ona görə yox ki, onların sənət
kimi həlli və qiyməti zəif olur, ona görə ki,
müasir insanın hisslərinə uduzurlar. Hər kəsin
problem fırtınasında qaldığı zaman yeni bir
"kədərli fraqment" antipatiya yaratmaqdan başqa
heç nə etmir.
Müəllifin öz inandığı ideologiyaya,
öz inandığı dəyərlərə oxucunun da, izləyicinin
də inanmasını istəməyi fəlakətdir. Bu
günün insanı yeddi yaşından öz sərhədlərini
müəyyən edir. Nə edəcəyini, kim
olacağını bilir. Bu gün uşaqlar "böyüyəndə
polis olacam" demirlər. Ya da bugünkü gəncliyə
"Allaha inanırsan?" sualı da verilmir. Müəllif
öz intellekti ilə oxucuya uduzursa, o, maraqlı olmayacaq və
uğursuzluq qaçılmazdır.
Nə istədiyindən əmin olan və bu əminlikdən
narahatlıq keçirən insan növünün meydana gəldiyi
və meqabaytlara qarışdığı bir zəmanənin
mətnini yazmaq, kinosunu çəkmək asan deyil. Onlar kimi
olmalısan. Ya da onlar sənin kimi olmalıdırlar. Ötən
əsrdə Amerika studiyalarının çəkdiyi filmlər
ikinci seçimi dəyərləndirirdilər. İzləyici
özünü "Terminator" kimi hiss edirdi, ya da
"Xaç atası" kimi. Bu gün isə izləyiciyə
seçim qoyulur ki, obraz hansı üsulla
öldürülsün, polis hansı maşının arxasınca
getsin... Kortasarın ötən əsrdə yazdığı
"Xana-xana oyunu" romanı bu gün filmlərə,
seriallara dolayı, ya da birbaşa təsir edir.
Avanqard insan modeli yoxdur bu gün, bu, dəqiqdir. Bu
günün insanı daha üst səviyyədədir, bəlkə
də üstşüurlu insandır elə. Sənət ona
çatmaq istəyir. Kinolar, romanlar, fotoqrafiya insanla ayaq
uydurmağa çalışır. Bütün səylər
alıcını təəccübləndirməkdir. Sənət
dünyası bu cür fədakarlıq edərkən insanlar
baxdıqları, oxuduqları nümunəni seçməkdə
əmin deyillər. Niyə?! Çünki çeşidlənən
"art" dünyasına qədəm qoymuşuq.
Bayaqdan danışdıqlarımızın məcrası
insan hisslərindən getdikcə uzaqlaşmaqdadır. Tərəddüd
bir az da budur bəlkə. Nə yazacağını bilməmək.
Necə rəftar edəcəyini bilməmək. Dostoyevskinin
çox gözəl bir cümləsi var:
"İnsan əvvəl-axır peşman olur: ya
etdiklərinə, ya da etmədiklərinə görə..."
Yuxarıdakıları yazıb-yazmamaq arasında
qaldığım kimi.
Bütün hallarda əgər sənətin mərkəzində
insan və onun hissləri dayanıbsa, həmişə bu
mövzular aktualdır.
Rəvan
525-ci qəzet.- 2025.- 9 may(№80).- S.20.