"Mənim
Şuşa dastanım"
Elçin İsgəndərzadə Azərbaycan
müstəqilliyinə qovuşduqdan sonra Türkiyədə
ilk tanınan elm adamlarındandır. Biz onu 1990-cı illərdən
etibarən Türkiyədə keçirilən beynəlxalq
elmi konfranslarda Azərbaycanın milli məsələlərini
dilə gətirən, özəlliklə də işğal
olunmuş Türk yurdlarını "sözü" ilə
müdafiə edən bir ziyalı kimi tanımışıq.
O illərdə qan və göz yaşıyla yoğrulmuş,
parçalanmış, xalqı sürgünə
uğramış yaralı bir ölkənin milli məsələlərini
öz natiqlik məharəti ilə dilə gətirən bu elm
insanının "söz" ilə münasibətinin bir
şeir axınına döndüyündən xəbərimiz
yox idi. Sonrakı illərdə onu daha yaxından
tanıyınca və Türkiyədə nəşr
edilmiş əsərlərini oxuyunca, yüksək
kürsülərdə elmin dili ilə danışan
Elçin İsgəndərzadənin, sənətin,
şeirin diliylə də danışdığına
şahid olduq. Beləcə onun vətən eşqiylə
çırpınan, itirilmiş yurdların hüznüylə
dumanlanan, düşmən çəkmələri altında əzilmiş
müqəddəs torpaqların acısıyla qovrulan, yurdundan
sürgün düşən anaların ağılarıyla
odlanan bir şair olduğunu dərk etdik:
Ürəyimdə hələ dərddi gül
açan,
Novruzgülün mənim kimi bağrı qan.
Xarıbülbül, qovuşarıq bəs haçan?
Qarabağa bizsiz gəlir bu yaz da...
Elçin İsgəndərzadə şair
ömrünə sığmayacaq acı bir taleyi və bu
taleyin alnına yazdığı hər ürəyin
daşıya bilməyəcəyi hüznləri
yaşamış, ağır dərdləri çəkmiş
bir şairdir. O, xanəndələri bülbüllərlə
yarışan, igid ərlər, ərənlər, xanlar, sərkərdələr,
elm və sənət adamları yetişdirən Şuşada
1964-cü ildə dünyaya gəlib. Bu səbəblə də
onun ədəbi yaradıcılığının əsas
ideyası Qarabağ, doğulub
böyüdüyü Şuşa olub. O, haraya baxsa
Şuşanı görür, gecələr röyalarında
Şuşaya gedir, getdiyi hər yerə Şuşanı da
özüylə, ürəyində aparır:
İstanbulda Şuşa yuxuma girdi -
Köhnə məhəlləmiz... dəmir darvaza...
Bu necə yuxudu, ah bu nə sirdi -
Boz dağlar təzəcə
çıxmışdı yaza.
...Dəniz sahilində poyraz əsirdi,
İstanbul yuxusuz, İstanbul oyaq.
Boğazda qərib bir xəyal gəzirdi,
Qız qülləsi yaxın... Şuşa çox
uzaq...
Elçin İsgəndərzadənin şair taleyinin
bu acı, kədərli hissəsində sözünü,
şeirini tamamilə Qarabağa həsr etdiyini söyləmək
olar. O, şeirlərində Qarabağın tarixini, taleyini, vətəni,
vətən uğrunda axıdılan qanları və göz
yaşlarını, vətən həsrətini,
qaçqınlığı, sürgünlüyü,
işğalı, şəhid ağrılarını tərənnüm
edərkən eynilə Türk dünyasının
böyük yazarı, sürgün taleyi yaşamış
Krımlı Çingiz Dağcının "O torpaqlar
bizimdi" adını verdiyi romanında olduğu kimi, gənc
nəsillərə ürək yanğınıyla "o
torpaqlar bizim" deyə fəryad edir və o torpaqlarda bir
gün yenidən üç rəngli bayraqların
dalğalanacağına dair ümidlərini daima diri
saxlayır:
Ölsəm, məzarımı Şuşada qazın,
Başdaşıma bir Füzuli misrası yazın,
Topxanada armud ağacına
Üç rəngli bayraq asın.
...Laçın dağlarından bir müjdə gəlsin,
Qarqarın suları durulsun o gün.
Bir göyərçin qanadlansın
Əsgəran qalasından,
Ağdamda toy-düyün qurulsun o gün.
Taleyinin ağrılı, acılı hissəsini
yaşarkən ümidini əsla itirməyən, millətə
olan inamı heç qırılmayan, illərcə igid
oğulları vətən uğrunda mücadiləyə,
vuruşmağa çağıran Elçin İsgəndərzadə
eyni zamanda bəxt ulduzunun yenidən doğulduğunu da görən
bəxtiyar bir şairdir. O, təklənib məğlub edilən
bir xalqın şairi ikən qırx dörd gün ərzində
düşməni yer ilə yeksan edən bir millətin, qəhrəman
bir xalqın şairinə çevrilib. Bəlkə də bu əzmini,
ümidini, inamını heç itirməyən, vətən
uğrunda yorulmadan, yıxılmadan söz ilə mücadiləyə
başlayan şairin alın yazısını dəyişdirən
və ona "Evimizə gedirəm" şeirini bir uşaq
sevinciylə yazdıran Tanrının bir ərmağanıydı:
Ürəyim elə atır,
evimizə gedirəm.
İlahi, nə mutluluq,
bu gün bizə gedirəm.
...Bu ayrılıq, bu həsrət
Şükür ki, başa çatır.
Evimizə gedirəm,
evimiz Şuşadadır.
"Mənim Şuşa dastanım" kitabı
Elçin İsgəndərzadənin Türkiyədə
yayımlanan altıncı kitabıdır. Daha öncə
dörd şeir kitabı çap olunan və Türk oxucusuyla görüşən
şairin, Şuşa yağmurlarında islanmış
xarıbülbül qoxulu həzin nəğmələr
daşıyan bu kitabının da maraqla
qarşılanacağından əminəm. Sözlərimi
Tanrı heç bir bəndəni yurdundan yuvasından,
Elçin İsgəndərzadəni də çox sevdiyi
Şuşasından ayrı qoymasın duasıyla bitirərkən,
bu kitabı hazırlamağıma vəsilə olan Türk
Ədəbiyyatı Vəqfi İdarə Heyəti
Başqanı Sərhat Kabaklıya və kitabın
redaktorluğunu edən Türk Ədəbiyyatı
jurnalının yazı işləri müdiri Səadət
Örməciyə təşəkkür edirəm.
İmdat AVŞAR
525-ci qəzet.- 2025.- 9 may(¹80).- S.20.