HEYDƏR ƏLİYEVİN ƏN
MÖHTƏŞƏM ABİDƏSİ
O, bir-birindən bir neçə əsr aralı
yaşamış iki zirvənin rəsmini çəkmişdi.
İkisini də hələ məktəbli ikən, amma buna
müəllimlərinin xüsusi tapşırığı
olmadan. Elə ürəyinin istəyi ilə çəkdikləri
hər gün gözünün qabağında olan Möminə
Xatun türbəsi idi, bir də şeirləri və surəti
dərsliklərdən yaddaşına və ürəyinə
hopmuş Füzulinin portreti. Hər iki şəkil çox bəyənilmişdi,
görənlər "deyəsən, rəssam olacaqsan"
söyləmişdilər, Füzulisi məktəbdə
keçirilən rəsm müsabiqəsində
mükafatlandırılmışdı.
Böyüdü, rəssam olmadısa da, hafizəsinə
və qəlbinə hopanları unutmamaq, daim içərisində
daşımaq, gördüyü işləri,
qurub-yaratdıqlarını rəssamca gözəl
görüb gözəl təqdim etmək vərdişi onunla
həmişəlik qaldı. Bu, sabahın böyük azərbaycanlısı
Heydər Əliyev idi. Ömrü uzunu iftixar ediləsi
çox işləri oldusa da, artıq ixtiyar
çağlarında, keçdiyi yolun zirvəsindəykən
keçmişləri ananda hansısa daha vacib əməllərini
yada salaraq deyil, şagird ikən çəkdiyi o rəsmləri
xatırlayaraq fəxr edirdi. Bəlkə həmin ilk təcrübələr
vacib təməl kərpicləri, düşüncəsi və
ruhunun qəliblənməsinin başlanğıcı, təkan
nöqtəsi olduğu üçün belə
düşünürmüş?
Hər bir millətin, hər bir dövlətin tarix
içərisində rahat yaşamaq, yüksəlmək,
özünü daha artıq təsdiq etmək
üçün güclü şəxsiyyətlərə,
qüdrətli sərkərdələrə, böyük
kitablara ehtiyacı var. Heydər Əliyev XX yüzildə Azərbaycan
xalqının taleyinə qismət olmuş güclüdən-güclü
bir şəxsiyyət, düşüncələri ilə, əməlləri
ilə, tarixdə qalan izləri ilə millət dərsliyi
olan böyük bir müəllim idi.
"Biz gedərik, əsər qalar yadigar". Bu
müdrik kəlam Heydər Əliyevin hələ məktəbliykən
şəklini çəkdiyi Möminə xatun türbəsinin
memarı Əbu Bəkr Əcəmidən bizə əmanət
olan sözlərdir. Səkkiz əsr yaşı olan o sözlərin
həkk olunduğu Möminə Xatun türbəsinə
uşaqlıq çağlarından görüb heyran qalan
Heydər Əliyev o məftunluğu ömrü boyu qəlbində
yaşatdı. Yəqin, onun mədəniyyətə, sənətə
sonra həyatı boyu sürəcək
bağlılığının başlıca səbəblərindən
biri ağlı dünyanı dərk edəndən belə
böyük sənətin abı-havasında böyüməsi
oldu. Ömrünün son parçasında böyük rəhbər
növbəti dəfə ata yurduna - Azərbaycanın qədim
guşəsi Naxçıvana getmişdi, növbəti dəfə
Əcəmi yadigarına - Möminə Xatun türbəsinə
valeh olurdu və növbəti dəfə bu inciyə nəvazişli
nəzərlərlə baxaraq köhnəlməz məhəbbətinin
ifadəsi olan sözlərini deyirdi. Əslində, söylədikləri
bir nəsihət, tövsiyə və həm də vəsiyyət
idi. Heydər Əliyev o sözlərlə yalnız ətrafına
toplaşanlara deyil, bütün Azərbaycana və sabah bu
yurdda yaşayıb bu yurdu yaşadacaq insanlara xitab edirdi.
Söyləyirdi ki, bu abidəni yaradan ulu babalar
ağıllı insanlar olublar, müdrik, uzaqgörənmişlər
ki, millətə bu cür gözəl bir əsər yadigar
qoyublar. Onların övladları da ağıllı,
uzaqgörən, müdrik balalar olublar ki, bunu qoruyub
saxlayıblar.
Və Heydər Əliyev bu sözləri həm ətrafında
toplaşan insanlara bir vəsiyyət olaraq dilə gətirirdi,
həm mətləbini bütöv millətə
çatdırırdı, həm də yanında
dayanmış, sabah bu dövlətin sükançısı
olacaq oğlu İlham Əliyevə söyləyirdi.
Belə bir nəsihəti, belə bir tövsiyəni,
belə bir vəsiyyəti etməyə isə Heydər
Əliyevin mənəvi haqqı vardı. Çünki onun
özü də bütün ömrü boyu bu millətə,
bu millətin sabahına yadigar qalacaq bir əsər
yaratmışdı - müasir, güclü, qüdrətli, mədəni,
zövqlü Azərbaycan! Bir qədər giley qarışıq
və gileyində də nəsihət olan bu sözləri də
Heydər Əliyev deyib: "Məni incidən odur ki, bizim
xalqımız öz tarixini, zəngin mədəniyyətini,
dərin tarixi köklərini o vaxtlar da, yəni keçən
əsrlərdə də, ondan sonrakı dövrdə də,
indi XX əsrdə də açıb dünyaya, birinci öz
xalqına göstərə bilməyib, ikinci dünya göstərməyi
bacarmayıb. Bu gün Azərbaycanın böyük bir hissəsi
- həm Naxçıvan tərəfində olan hissəsi, həm
də Araz çayının o tərəfində olan hissəsi
qədim Azərbaycan dövləti olub - Atabəylər
dövləti. Ona görə də biz buna tarixi qiymət verməliyik.
Və bu baxımdan, şübhəsiz ki, Möminə Xatun
türbəsini onlar öz böyük insani keyfiyyətlərinə
görə yaradıblar. Onlar müdrik insanlar olublar. Əgər
o müdriklik, o böyük zəka, ağıl olmasaydı, məsələn,
Şəmsəddin Eldəniz öz həyat yoldaşına bu
cür türbənin yaranmasına qərar qəbul etməzdi.
Gör o nə qədər ağıllı olub və onun nəsli
nə qədər ağıllı insanlar olubdur ki, oğlu da
yolu davam etdirib. İndi bu qədər əzəmətli
memarlıq abidəsi həm də bizim tariximizi təsdiq edən
sənəddir"
Dünya böyük, millətlər və ölkələr
çoxdur. Azərbaycandan ərazicə qat-qat böyük
olan dövlətlər də, əhalisinin sayı Azərbaycandan
dəfələrlə çox olan millətlər də nə
qədər desən. Söz yox, tarixcə bizdən qədim
olan xalqlar və ölkələr də var. Amma Azərbaycanın
bünövrədən gələn qiymətli bir sərvəti
var ki, onun sayəsində dünyanın, istənilən
göstəricisi ilə bizdən daha irəlidə olan milləti
və ölkəsi ilə qarşı-qarşıya dayana və
öz üstünlüyünü gərək olanda sübuta
yetirə bilər. Bu sərvət mədəniyyətimiz, həmin
mədəniyyəti doğurmuş müstəsna şəxsiyyətlərimizdir.
Millət rəhbəri Heydər Əliyev ömrü
boyu Azərbaycanı qüdrətli etmək naminə
çalışdı. Millət quruculuğu, Azərbaycan
quruculuğu onun həyatının ən ümdə amalı
idi və millət, Azərbaycan quruculuğu məqsədini
gerçəkləşdirmək yolunda arxalandığı
dayaqlardan əvvəlincisi elə mədəniyyətimizdi.
Mədəniyyətimizə tükənməz sevgini
Heydər Əliyev müdam düşüncəsində,
duyğularında yaşatdı - mədəniyyətimizdən
qayğısını heç vaxt əskik etmədi, mədəniyyətimizi
yaxşı bildi, mədəni irsimizin ayrı-ayrı
nümunələrindən ləzzət və güc aldı,
mədəniyyət incilərimizin dünyada təsdiqi və
təbliği üçün yorulmaz, bir çox hallarda isə
fədakar fəaliyyətlər göstərdi.
Və o nadir dövlət adamının mədəniyyətə
münasibətinin, mədəniyyət xadimlərinə
yanaşmasının fəlsəfəsinə dalanda
bütün bunların nüvəsində millət
üçün həlledici olan bir hədəfin
dayandığını anlayırıq: Heydər Əliyev əslində
mədəniyyətə azərbaycançılıq məfkurəsinin,
Azərbaycan dövlətçiliyinin özəyi kimi
baxır, onu Azərbaycanın dünyada özünütəsdiqinin
ən bariz əlamətlərindən biri sayırdı. Elə
uşaqlıq illərindən cazibəsinə
düşdüyü, sehrindən ömrünün
axırınadək çıxa bilmədiyi Əcəmi
yadigarı Möminə Xatun türbəsiylə əlaqədar
düşüncələrində həmin fəlsəfə
açıqca hiss edilməkdədir. Heydər Əliyevədək
bu abidəyə memarlar da, sənətşünaslar da,
tarixçilər də, ədiblər də öz
baxış bucağından qiymətini vermişdi. Ancaq onun mənalandırması
tamam fərqli idi. Heydər Əliyev bu inciyə yalnız bir
memarlıq möcüzəsi, keçmişin misilsiz
"asar-i ətiqəsi" kimi baxmır, həm də tikilini
inşaat müstəvisindən ayıraraq Azərbaycanın
dövlətçilik rəmzlərindən biri kimi
qavrayır, dövlətçiliyimizin torpaq üstündə
əsrlərcə dikəlməkdə olan önəmli
sütunlarından biri olaraq təhlil edirdi: "Abidənin, əlbəttə
ki, qiyməti yoxdur. Çox vaxt bunu gözəl memarlıq
abidəsi kimi təbliğ ediblər, elə bu gün də
edirlər. Bu, təbiidir, doğrudan da, belədir.
Dağılanlar dağılıb, amma qalanların arasında
Möminə Xatın türbəsi kimi abidə XII əsrdə,
orta əsrlərdə Azərbaycanın nə qədər zəngin
mədəniyyəti olduğunu sübut edir və həm də
Azərbaycanda nə qədər böyük memarlıq məktəbinin
olduğunu göstərir. Əcəmi Naxçıvani və
onun yaratdığı məktəb bir Naxçıvanı əhatə
etmir. Şərq aləminin böyük bir hissəsində
onun memarlıq üslubu, memarlıq məktəbi davam edib və
böyük əsərlər yaranıb. Ancaq bu abidənin,
hesab edirəm ki, memarlıq qiyməti ilə bərabər,
bizim üçün bəlkə daha da böyük qiyməti
Azərbaycanın qədim dövlət olmasını göstərməsidir.
Tək memarlığın zənginliyini deyil, dövlətçiliyin
nə qədər zəngin olduğunu, dövlətçiliyin
nə qədər möhkəm olduğunu göstərir.
Dövlətçilik bu qədər yüksək səviyyədə
olmasaydı, onlar bu cür abidənin yaranması qərarını
necə qəbul edə bilərdilər?"
XX əsr Azərbaycan mədəniyyətinin tarixindəki
fövqəladə əsrdir və Heydər Əliyevin
ömür yolu da yurdumuzun XX yüzildəki bioqrafiyası ilə
birbaşa bağlı olan, xeyli cəhətdən bu tərcüme-yi
halının məhz belə alınmasını müəyyənləşdirmiş
və həyatın çeşidli sahələrində, o
cümlədən mədəniyyətdəki yüksəlişlərin
yönəldicisi olmuş, qazanılmış uğurların
əksəriyyətinin altında mötəbər
imzasının dayandığı bir həyatdır.
Heydər Əliyev siyasət ölçüləri
ilə düşünən şəxsiyyətdi və
çox zaman verilən suallara cavablarında diplomatiklik
birbaşalıqdan daha çox olardı. Ancaq günlərin
birində ondan soruşulan "ən sevdiyiniz dramaturq kimdir"
sualına ümumiləşdirici, yaxud bir neçə
adın sadalandığı deyil, tam birbaşa cavab verərək
Hüseyn Cavidin adını çəkmişdi. O Cavidin ki, 41
illik Sibir ayrılığından sonra Azərbaycan xalqına
vücudunun da, irsinin də tam və birdəfəlik
qayıdışı Heydər Əliyevin ictimai
vicdanımız və millətimiz qarşısında həmişə
ən dərin sayğı ilə xatırlanmalı ən əvəzsiz
xidmətlərindən biri, bəlkə də birincisidir. Dillər
əzbəri olan və mədəniyyətin bizlərdən
ötrü hansı uca mərtəbədə
dayandığını nişan verən bu zərbülməsəl
siqlətli beyt də Cavidinkidir: "Turana qılıncdan daha
kəskin ulu qüvvət yalnız mədəniyyət, mədəniyyət,
mədəniyyət!"
Heydər Əliyevin Azərbaycan mədəniyyətinin
tarixinə qədimlərdən üzü bu yana mükəmməl
bələdliyi öz yerində, onun digər
üstünlüyü də görkəmli mədəniyyət
xadimlərimizin hər birini yaxşı tanıması, sənətin
ayrı-ayrı sahələrinə sadəcə seyrçi
kimi yox, elə o sahənin peşəkarı qədər kamil
aşinalığı idi. Taleyi elə gətirmişdi ki,
yeniyetməlik, gənclik illərindən sənətin
ayrı-ayrı sahələriylə bağlanmışdı.
Rəssamlıq da etmişdi, aktyorluğu - səhnəyə
çıxaraq rollar ifa etdiyi də olmuşdu, memarlıq
üzrə təhsil almağa da başlamışdı,
musiqi də lap yolunun başlanğıcından canına,
qanına qovuşmuşdu.
Bu da ayrı bir qismət idi ki, hərtərəfli
yaradıcı istedada malik, məhz o sahəyə üz tutarsa
ən seçkinlərdən birinə çevriləcəyi
şəksiz təsəvvür edilən Heydər Əliyev
lap gənckən dövlət işinə bağlandı,
ürəkdən sevdiyi bu sahələrlə məşğul
olmağa nə vaxtı, nə imkanı qaldı, ancaq həmin
səmtlərdən hər biri də vəfa göstərərək
heç vaxt ondan ayrılmadı, dövlət işində də
onun etibarlı yardımçısına çevrildi.
...Həmin gün bir nəfərin, yubileyi də yox,
sadəcə növbəti doğum günü qeyd edilirdisə
də, bu yığıncaq təmtəraqlı sənət
bayramına çevrilmişdi. Səbəbsiz də deyildi -
masa arxasındakıların hamısı ulduzlardı.
Böyük müğənni İosif Kobzonun ad günü
bayram edilirdi və məclisdəki şöhrətli
qonaqların arasında onun köhnə dostu Müslüm
Maqomayev də vardı.
Müslüm təbrik sözlərini
yığnağın şux ovqatına uyğun olaraq zarafatla
başladı ki, Kobzon durmadan işləyən,
çalışmaqdan yorulmayan müğənnidir və sovet
bəstəkarlarının o qədər mahnısını
oxuyub ki, bu miqdar sanki həmin mahnıların əsl
sayından da çoxdur. Və əlavə də etdi ki, indi,
bu ad gününə hədiyyə olaraq sovet
dövrünün məşhur bir bəstəkarının
mahnısını oxuyacaq, ancaq Kobzon heç vaxt ondan sonra bu
nəğməni oxuya bilməz.
Estradada olduğu onillər boyunca həm də məhsuldarlığı,
əməksevərliyi ilə başqa oxuyanlardan fərqlənmiş
İosif Kobzonun hansısa hətta ən çətin
mahnını, özü də oxu üslubu ona xeyli yaxın
olan başqa bir müğənninin artıq səsləndirərək
bu əsəri necə ifa etmənin tərzini göstərəndən
sonra oxuya bilməyəcəyini ağla gətirmək adama
mümkünsüz kimi gəlir.
Ancaq nə baş verdi? Müslüm başladı
Üzeyir bəyin "Sevgili canan"ını oxumağa. Həmişəki
kimi sonsuz məlahətlə və Azərbaycan dilində
oxuyurdu. Rusiyanın Mərkəzi Televiziyası ilə göstərilən
bu kadrları izləyirdik, köksümüz qabarırdı.
Qürrələnirdik ki, Moskvadan göstərilən, yüz
milyonlarla insanın baxdığı həmin məclisdə
Azərbaycan ucalardadır, ana dilimiz səslənir.
O qədər ünlü, hamısının da
rusdilli olduğu sənət ulduzunun toplaşdığı,
illah da videoya alınan, tarixləşdirilən o qəbil məclislər
təkrar-təkrar baxıldıca köhnəlməyən,
doyulmayan bədii filmlər kimidir. Müslümlü həmin
Kobzon axşamı da "dünya hörümçəyi"nin
- internetin yaddaşındadır, bugünəcən hər
millətdən olan milyonlarla insan seyr edib, bundan belə də
milyonlar baxacaq.
Müslüm ilk gəncliyindən Azərbaycan çərçivəsindən
çıxaraq bütün Sovet İttifaqınınkı
sayılan sənətçilər məqamına
qalxmışdı və illər ötdükcə
çevrilib dünya səviyyəli olmuşdu. Həm
dünyanın, həm keçmiş SSRİ ərazisindəki
bütün xalqlarınkı olan Müslüm Maqomayev o
gün, o Kobzon axşamında ilk növbədə Azərbaycanınkı
idi, oxusuyla "Mən azərbaycanlıyam!" deyirdi və o
anlarda necə iftixar duymayaydın?! Çoxdandır ki, nə
İosif Kobzon həyatdadır, nə Müslüm Maqomayev.
Sonralar da həmin yadigar yazını dəfələrlə
seyr etmişəm, hər dəfə də eyni fərəhi
yaşamışam, hər dəfə qəlbimdən bu
unudulmaz sənətkara minnətdarlıq hissi keçib. Ancaq
hər dəfə də eyni minnətdar duyğuyla unudulmaz
Heydər Əliyevi anmışam. Müslümün
ogünkü könüllərimizi sevindirən azərbaycançı
davranışının əsl səbəbkarı Heydər
Əliyevdir ki var!
Heydər Əliyev Müslümü onun yolunun
başlanğıcından, hələ Xəzər Dənizçilərinin
Mədəniyyət Evinin özfəaliyyət ansamblında
oxuduğu vaxtlardan tanıyırdı, həmişə onu bəyənmişdi,
sevmişdi, əlində geniş səlahiyyətlər
olandan, 1969-cu ildən respublikaya rəhbərlik etməyə
başladığı vaxtlardan da ona daim qayğı, diqqət
göstərmiş və özünün dəfələrlə
açıq bəyan etdiyi kimi, sözün birbaşa mənasında
himayədarlıq etmişdi. O, Müslümün hansı dərəcəli
müstəsna sənətkar olduğunu müxtəlif illərdə
dönə-dönə söyləsə də, 2002-ci ilin 8
sentyabrında müğənninin 60 illiyi şərəfinə
Bakı Əyləncə Mərkəzində təşkil
etdiyi rəsmi qəbulda sanki bütün indiyədək dediklərinə
yekun hesab ediləcək qiyməti verirdi: "Müslüm zəmanəmizin
böyük müğənnisidir, mən bunu mübaliğəsiz
deyirəm. Dünyada elə bir təşkilat yoxdur ki, kimin
daha böyük olduğunu təyin etsin, bunu elə insanlar
özləri müəyyənləşdirirlər.
Müslüm tarixə böyük müğənni kimi daxil
olmuşdur".
Elə həmin gün bunu da deyirdi ki, 30 ildən
çoxdur Müslümü dinləyir, bütün oxumuş
olduqlarını birini digərindən daha üstün tutub fərq
qoymadan gözəl sayır, amma hər halda bircə nəğmə
var ki, onu məxsusi hekayətinə görə seçdirir və
həmin mahnının üstündə ayrıca
dayanırdı: "Müslüm çox mahnılar
yaratmışdır, yəni o özünü bəstəkar
kimi də gözəl tanıtmışdır. Ancaq onun ən
görkəmli nəğməsi Azərbaycana həsr etdiyi
mahnısıdır. Bu mahnı Azərbaycanın himni kimi səslənir.
Müslüm həmin mahnının musiqisini 1970-ci illərin
ortalarında gözəl şairimiz Nəbi Xəzrinin
sözlərinə bəstələmişdir. Amma ən
başlıcası budur ki, Müslüm bu mahnını elə
yaratmış, elə ifa etmişdir ki, onu heç kim belə
ifa edə bilmir. Bu, müstəsna mahnıdır. Bu mahnı
ayrıca görkəmli bir əsər kimi tarixə daxil ola
bilər və yəqin ki, daxil olacaqdır. Müslümün
ifasında bu mahnını mən hər dəfə
böyük həyəcanla dinləyirəm".
O mahnı ilə bağlı bir sirri isə Heydər
Əliyev daha əvvəllər açmışdı.
Söyləyirdi ki, 1974-cü ildə həmin mahnını
Müslüm ilk dəfə Azərbaycanın baş səhnəsində
- Leninin adını daşıyan (tarixin məntiqi ilə o
gün də yetişəcək ki, bu saray elə onu ərsəyə
gətirmiş Heydər Əliyevin adı ilə qovuşacaq)
sarayında oxumuşdu, elə həmin gün də yeni nəğmənin
klavirini üstünə imza ataraq Rəhbərə təqdim
etmiş, əsəri ona həsr etdiyini söyləmişdi.
Ehtiyatlılıq cilalanmış peşəkar vərdişlərindən
olan Heydər Əliyevsə sovet dövrünün mühafizəkar
partiya elitasının qısqanc nəzərində bu
ithafın təşəxxüs, özünüreklam kimi
yozula biləcəyini diqqətə alaraq rica etmişdi ki, hədiyyəni
qəbul edirəm, sağ ol, amma bunu bir sən bil, bir mən.
Və əsas olan Heydər Əliyevin həmingünkü
başqa sözü idi. Həm rica, həm tövsiyə
etmişdi ki, bu mahnını yalnız Azərbaycanda deyil, hər
yerdə oxu və azərbaycanca oxu.
Müslüm də o gündən başlayaraq
bütün sonrakı illərdə səhnədə
olduğu, kütlələr qarşısına
çıxdığı, ekranda göründüyü
çoxsaylı konsertlərində repertuarında o
mahnını daimi etdi və Heydər Əliyevin məsləhətinə
də əməl edərək azərbaycanca oxuduğu
mahnı və romansların da miqdarını asta-asta
artırmağa başladı.
Bu cərgədə çox keçmədən
Niyazinin "Arzu"su da, Üzeyir bəyin "Sənsiz"i
də daimi yer aldı və hansı ölkədə,
hansı şəhərdə çıxış etməsindən
asılı olmayaraq bunları Azərbaycan dilində ifa etdi.
Müslüm böyük idi, qeyri-adi şöhrətə
və populyarlığa malikdi və hər belə ifası ilə
hər dəfə öz böyüklüyünü, öz
qeyri-adi şöhrətini də Azərbaycan adına calaq edərək
aləmə car çəkirdi.
Üzdən baxanda bu bir mədəniyyət hadisəsi
idi, amma Heydər Əliyev elə nəhəng miqyaslı siyasət
xadimi və dövlət başçısı idi ki, sabitləşmiş
düşüncə ülgüləri onun dəsti-xəttinə
çevrilmişdi, iliyinədək işləyərək
onun təbii həyat meyarına dönmüşdü - nə
edirdisə, hər addımın daxilində, cövhərində
mütləq həm dərin və incə siyasət, həm həssas
və təəssübkeş millətpərvərlik
vardı.
Müslüm Bakıda rusca təhsil
almışdı, ömrü də əsasən rusdilli
mühitdə ötmüşdü, uzun müddət də
Moskvada yaşamışdı, Azərbaycan dilini bilsə də,
daim rusca danışırdı. Amma qulaq asın onun ana
dilimizdə oxuduqlarına. Nə qədər səlis, rəvan,
dilimizin ruhunu incidəcək xırdaca sapıntı belə
yoxdur, sanki bu adam elə gecə-gündüz Azərbaycan
dilində danışırmış.
Müslüm də, Heydər Əliyev də haqq
dünyasındadırlar. Heydər Əliyevin nəsihəti
ilə Müslümün Azərbaycan dilində oxuduğu nəğmələr
yenə diridir, yenə insanlara zövq bağışlamaqdan əlavə
irəlicədən uzaqgörənliklə və aqilcəsinə
düşünüldüyü kimi yerinə yetirməli
olduğu milli vəzifəni yenə müvəffəqiyyətlə
və təsirli bir şəkildə icra etməkdədir.
Böyük sənətkarın insanlara xoş həyəcan,
ovqat duruluğu, daxili dinclik bağışlamaqda davam edən
ruhu şad olsun!
Əsl millət öndəri tədbirliliyi ilə ən
doğru yolu göstərməsi hesabına Heydər Əliyev
əslində hamınınkı və beynəlmiləl olan
Müslüm Maqomayevin əbədiyyən ən əvvəl
özümüzünkü kimi, həm də başqaları
tərəfindən də məhz ilk növbədə Azərbaycanınkı
olaraq danışıqsız qəbul edilməsinə möhkəm
və daimi bünövrə yaradıb.
Müslümün hamıya sonsuz zövq, bizə isə
intəhasız zövqdən savayı həm də bitməz
iftixar bağışlamaqda davam edən ana dilimizdəki səs
irsinin yaranmasının səbəbkarı olmuş Heydər
Əliyevə də, əlbəttə ki, bütün gələcəklərdə
Maqomayevə ünvanlanan alqış və alxışlardan
ana südü kimi halalı olan pay düşəcək.
...Bakımızın mərkəzində misilsiz Cəfər
Cabbarlının füsunkar abidəsi ucalır. Heykəltəraş
Murəli Mirqasımovun əsəridir. Bu gün o heykəl
orada olmaya bilərdi. Varsa, hələ Azərbaycan durduqca
ucalacaqsa, bunun da səbəbkarı yenə Heydər
Əliyevdir.
...Heydər Əliyev mənim sayğı və məhəbbət
bəslədiyim şəxsiyyətdir, üstəlik,
yazılarımın qəhrəmanına çevrilənlərə
onsuz da, hər müəllif kimi, mənim də məxsusi
sevgim olur və belə hissiyyat bolluğunda bəzən qiymətverən
qələmin hərdən içərisindəki
aşırı rəğbətin təsirinə düşə
biləcəyi gümanı da istisna deyil.
Ancaq o nadir şəxsiyyətlə bağlı hər
yazımı insanların mühakiməsinə
çıxararkən mən hər dəfə tarix
qarşısında məsuliyyətimi əsla unutmuram,
heç vaxt hissə qapılmamağa, yalnız olanları
çatdırmağa can atıram.
Mirələsgər Mirqasımov şanlı bir nəslin
övladı idi, istedadlı insandı, tale və təbiət
bir tərəfdən ondan parlaqlığı, vergini əsirgəməmişdisə,
digər tərəfdən umsuq qoymuşdu - o, eşitmir və
danışmırdı. Vəfalı və ötkəm
ömür yoldaşı Gültəkin İsrafilova onun həm
dili, həm qulağı idi. Mirələsgər müəllim
təbiətcə nə qədər yumşaq idisə də,
sənət məsələlərində barışmaz,
sözündən dönməz idi.
Ən əziz əsəri olan Cəfər Cabbarlı
abidəsi üzərində 20 il işləmişdi. Abidənin
istədiyi məkanda və arzuladığı kimi
tökülərək ucaldılması üçün o,
illərlə səbrini basaraq gözləmişdi və bu
heykəlin öz yerini tapanacan keçən həyəcan və
sarsıntılarla dolu müddət ona iki infarkta başa gəlmişdi.
Abidənin 1982-ci il martın 23-də
açılışı oldu. Abidənin üstündəki
örtük çəkildi, elə həmin məkandaca
Cabbarlısevərlərin iştirakı ilə bir kiçik
mərasim də keçirildi - çıxışlar edildi,
fotolar çəkildi, kinokameralar baş verənləri lentə
aldı. O xronika da qalır, fotolar da. Ancaq kadr arxasında
qalanlardan xəbəri olanlar tək-tükdür. Bütün
ayrıntıları ilə əhvalatı əvvəldən-sona
mənə vaxtilə Gültəkin xanım söyləmişdi.
Amma gerçəyi Heydər Əliyevin öz dilindən bilin
- 1997-ci ilin 15 apreli Heydər Əliyev üçün həssas
gün idi. Bakı İncəsənət Mərkəzində
həmin axşam onun zövcəsi Zərifə
Əliyevanın görkəmli heykəltəraş Ömər
Eldarovun yaratdığı abidəsinin təqdimat mərasimi
idi. Heydər Əliyev söyləyirdi ki, təcrübəsində
iki dəfə olub ki, heykəltəraşlar ondan
yaradılacaq abidə üçün seçilmiş
materialın bütöv olmasını əsas şərt
kimi qoyublar. Sonuncusunu - böyük ölçülü bəyaz
mərməri Zərifə xanımın abidəsi
üçün Ömər Eldarov istəmişdi. Heydər
Əliyev yada salırdı ki, o vaxt Kremldə işləyirmiş,
sovet hökumətinin rəhbərliyində olduğundan belə
məsələləri həll etməsi müşkül
deyilmiş. Amma obiri əvlalat 1981-ci ildə baş
vermişdi: "Mirqasımov məsələ qoydu ki, bu heykəli
yaratmaq üçün gərək elə böyük qranit
gətirəsiniz ki, bütöv olsun. Mənə dedilər
ki, bu, mümkün deyildir. Mirələsgər Mirqasımov
öz xanımı ilə mənim yanıma gəlib dedilər
ki, əgər belə olmasa, biz bu heykəlin qoyulmasını
istəmirik. Şübhəsiz ki, mən də istəyirdim Cəfər
Cabbarlının heykəlini yaradaq, şəhərin gözəl
bir guşəsində qoyaq. O vaxt mən tədbir
gördüm və Ukraynada belə böyük qranit
tapıldı. Siz onu görmüsünüz, rəngini də
bilirsiniz. Mənə dedilər ki, lazım olan rəngdə və
ölçüdə qranit tapılıb, ancaq onu vaqona qoyub gətirmək
mümkün deyildir, elə vaqon yoxdur ki, bu
ağırlığa dözsün, onu mütləq
parçalamaq lazımdır. Yenə də Mirələsgər
Mirqasımovun tələbləri mənim qarşımda durdu
və dedim ki, nə edirsiniz-edin, vəzifə yerinə yetirilməlidir.
Və biz buna nail olduq".
Heydər Əliyevin o dövrdə Kreml səviyyəsində
sözükeçərliyi, sovet lideri Leonid Brejnevin ona
xüsusi rəğbəti bu və bu qəbil Mərkəzdən
asılı məsələlərdə həlledici rol
oynamışdı. Bu niyyətin həyata keçirilməsinin
necə çətin olduğunu Heydər Əliyev hər kəsdən
yaxşı bilirdi və ümidvardı ki, hər halda gələcəkdə
əhvalatdan xəbərdar olanlar onun əməklərini
unutmaz: "On altı ildir ki, biz o heykəli qoymuşuq, hesab
edirəm, Cəfər Cabbarlıya layiq olan bu heykəl
Bakının gözəl guşələrindən birində
yüzillərlə yaşayacaq və bizdən sonra gələnlər
də birinci növbədə Mirələsgər
Mirqasımova dua edəcəklər. Ola bilər duanın bir
hissəsi də bizə çatsın".
Əlbəttə ki, çatacaq! O zəhmətlər
və nəvazişlər ki sizdən bu abidə və müəllifi
görüb, onları ayrı-ayrı insanlar unutsa da, tarix
yaddan çıxarmaz.
Gültəkin xanım nağıl edirdi ki, abidənin
yeri hələ elə heykəlin indiki yeri olaraq 1959-cu ildə
seçilib təsdiqlənmişdi, hətta ora nişangah -
heykəlin məhz burada qurulacağı haqda daş lövhə
də qoyulmuşdu. Müsabiqə keçirilmiş,
Mirqasımovun eskizləri də ən yaxşı kimi qəbul
edilmişdi və o da başlamışdı işə. Ancaq
sovet dövlətinin ovaxtkı başçısı Nikita
Xruşşovun sənət adamlarıyla mərəkəyə
başladığı, cılız iddialarla rəssamlar,
şair və yazıçılar kimi heykəltəraşların
da üstünə düşdüyü əyyamlarda onlara
qarşı yürüdülən başlıca tələblərdən
biri də Stalin epoxasına xas olan iri ölçülərdən
vaz keçmək idi.
Beləcə, hay-küylü axında istər-istəməz
bu iş də dayanır.
Vaxt ötür, Xruşşov gedir, siyasət dəyişir,
Azərbaycan rəhbərliyinə Heydər Əliyev gələndən
sonra Cəfər Cabbarlı heykəli məsələsinə
yenidən qayıdılır. Fəqət yenə
aşağılarda Mirqasımovun səhhətini gəmirən
müzakirələrdə abidənin Nizami kinoteatrının
arxasındakı Cabbarlı bağında qoyulmasını təkidlə
dilə gətirirlər.
Bu növbəti maneəni də Mirqasımov qəti
etirazla, gərili əsəblə qarşılayır ki, həmin
məkanın şəhərsalma, memarlıq özəllikləri
orada uzaqbaşı büst qoyulmasını mümkün edir.
Bu ölçüdə abidəni ora qoymaq heykəli küncə
sıxışdırıb ovsanadan çıxarmağa bərabərdir.
Heydər Əliyev qəti sözünü deyir:
"Heykəltəraş haranı arzulayırsa, abidə orada
da qoyulacaq!"
Bu höcətləşmə bitincə digər
mübahisə başlayır ki, abidə beş metr yarım
deyil, beş metr olsun.
Rəssamlar İttifaqında da, Bədii
Yaradıcılıq Fondunda da bir az baxış
başqalığından, söz yox ki, bir qədər də
paxıllıqdan heykəltəraşı hey
cırnadırlar.
Axırı əlacı yenə Heydər Əliyevə
məktubla müraciət etməkdə görür.
Heydər Əliyev gəlir emalatxanaya (zavallı
Gültəkin xanım "Emalatxana!" deyə-deyə getdi
dünyadan. Mən də ha çalışdım, ora-bura
Milli Məclis adından ha məktublar yolladım, oranı
özəlləşdirməkdə özünü ərinin
yaradıcılığına həsr etmiş bu diribaş
qadına, heyiflər ki, yardım edə bilmədim).
Abidənin 2 metrlik eskizini görüncə Heydər
Əliyev bəyənir, tam dəstək göstərəcəyini
vəd edir.
Axıracan da vədinə sadiq qalır!
Heykəlin hündürlüyünün də
Mirqasımovun düşündüyü kimi qalmasını,
seçilən qranitin də 280 tonluq bütöv qaya
olmasını, o nəhənglikdə və
ağırlıqdakı daşın Bakıya
çatdırılmasını da təmin edir!
Azərbaycan bir sovet respublikası idi, Mərkəzi
Komitənin Birinci katibi ən yüksək vəzifə idisə
də, onun səlahiyyətləri və imkanlarının
hüdudları vardı, hər mühüm işi Moskva ilə
ən xırda detallarınadək razılaşdırmadan son
qərarı vermək ağlasığmaz idi. Ortada belə
çətinliklər varkən Heydər Əliyevin məsələyə
hədsiz canıyananlıqla yanaşaraq axıradək getməsi
ayrı bir hünər, qeyrət məsələsi idi.
Sovet dönəmində Mərkəzdən eyni
asılılığı olan başqa bir müttəfiq
respublikada belə işlərin az-çox oxşarını
etmiş ikinci bir rəhbər haqqında nə oxumuş, nə
eşitmişəm, təbii, olmuş olsaydı, xəbər
tutardıq...
Bütün ayrı köməkləri bir
qırağa, Heydər Əliyev öz şəxsi həkiminə
tapşırıq da veribmiş ki, Cabbarlı abidəsi ilə
bağlı illərcə sürən çək-çevirlərdə
sağlamlığı laxlamış Mirəli Mirqasımovun
səhhətini daimi nəzarətdə saxlasın,
vaxtaşırı müayinə etsin, müalicəsini
aparsın.
Başqalarına qiymət verməkdə sərraf olan
Heydər Əliyev özünə də gendən baxmaq
gücündə idi və Cəfər Cabbarlı heykəli
ilə bağlı arxada qoyulmuş aşırımlarda ara
vermədən sənətkarın dayağı ola bildiyi
üçün daxilən məmnun idi: "Rəssam, heykəltəraş
- incəsənət ustası öz istəyini yerinə yetirmək
istəyəndə - əgər bu istək, doğrudan da,
yeni, böyük bir əsərin yaranmasına kömək
göstərəcəksə, - bunu etmək lazımdır.
Dövlət adamlarının, dövlət işində olan
insanların borcu odur ki, bunu etsinlər. O vaxt mən bunu etdim və
öz həyatımda gördüyüm çoxsaylı
işlərin ən dəyərlilərindən biri hesab edirəm".
Daim düşüncəli Cəfər Cabbarlı heykəlinin
yanından bundan belə keçərkən
yaddaşınızda bu gerçəklər də
dolaşsın və onun da fikrini edin ki, heykəlin müəllifi
də, onun hamisi də məqsədə yetmək naminə
qranit kimi dayanmasaydılar, bu qranit abidə də bu gün belə
vüqarla dikəlməzdi.
Bu Tarix, bu da Heydər Əliyev!
Heydər Əliyevin bu gün Azərbaycan boyu, ölkəmizdən
kənarlarda da sıra-sıra abidələri ucalmaqdadır.
Ancaq Heydər Əliyevin o heykəllərdən dəfələrlə
möhtəşəm və zaman küləklərinin
heç vaxt əzəmətini azalda bilməyəcək ən
yenilməz ABİDƏSİ sənətə, sənətkara,
millətə və yurda məhəbbətlə dolu belə
MƏRDANƏ ƏMƏLLƏRİDİR!
7 may, 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2025.- 9 may(№80).- S.18-19.