"Təhsilsiz ifaçı bir
yerdən sonra dayanır, tükənir..."
Gənc müğənni Nərmin Əliyeva: "Ümidvaram
ki, mən öz fərqliliyimlə arzuladığım
ifaçı imicimi qazana biləcəyəm"
Hər səsin bir ünvanı var. Bəziləri dərhal
eşidilir, bəziləri isə kütlə səs-küyünün
arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində
yaranan gurultu içində bəzən o səslər
eşidilmir, zövqlər qarışır, istedadlar isə
kölgədə qalır. Amma gələcəyə ümid
sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni
səslər doğulur. Biz də həmin səslərin izinə
düşürük. Azərbaycan musiqisinə yeni nəfəs
gətirən, amma hələ geniş auditoriya tərəfindən
kifayət qədər kəşf edilməmiş gəncləri
"525-ci qəzet"in yeni - "Səsin izi ilə"
rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə
bir gənc, bir səs, bir hekayə, bir ümid...
Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika
istedadın ünvanıdır.
Musiqi yalnız notlardan ibarət deyil, o, insanın
iç dünyasını dilə gətirən, duyğulara
bürünmüş bir sənətdir. Kimisi bu dili sonradan
öyrənir, kimisi də onunla birgə doğulur. Gənc və
istedadlı ifaçı Nərmin Əliyeva da məhz belə
səs sahiblərindəndir. Uşaq yaşlarından skripka ilə
musiqinin incəliklərini öyrənən Nərmin sonradan
yolunu vokal sənətinə yönəldərək peşəkar
təhsil alıb. Həm klassik bazaya, həm də fərdi ifa
tərzinə sahib olan bu gənc sənətçi səsi ilə
dinləyicini ovsunlamağı bacarır. Onunla söhbətimizdə
həm sənət yoluna, həm də musiqiyə yanaşma tərzinə
daha yaxından bələd olmağa çalışdıq.
"Musiqi ilə tanışlığım uşaq
yaşlarıma təsadüf edir. Təxminən 6-7
yaşımda Əhməd Bakıxanov adına musiqi məktəbinin
skripka sinfində təhsilə başladım. 8 illik bu
maraqlı və zəhmətli təhsil dövründən
sonra musiqi yolumu vokal sənəti ilə davam etdirmək qərarına
gəldim və Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasına qəbul olundum.
Hər bir sənət yolçusunun həyatında
onun əlindən tutan, yol göstərən insanlar olur. Bu, mənim
üçün dəyərli müəllimlərimdir. Bakalavr
təhsilim müddətində ilk müəllimim Xalq artisti
Xuraman Qasımova olub. Daha sonra magistr pilləsində hörmətli
professor, Xalq artisti Natəvan Şeyxovadan dərs almaq kimi
böyük bir şansa sahib oldum.
Ancaq musiqi elə bir dünyadır ki, onu yalnız
universitet divarları arasında dərk etmək olmur. Hər
bir səslə, hər bir ifa ilə yeni nəsə kəşf
edirik. Ruhuma toxunan, könlümə çatan səslərdən
daim öyrənməyə çalışıram. Bu yolda mənim
də kumir saydığım sənətçilər var.
Çalışıram ki, peşəkar və keyfiyyətli
ifalardan hər zaman nəsə götürüm, nəsə
öyrənim".
Sənət yoluna doğru insanla başlamaq bəzən
illər boyu qazanılacaq təcrübəni bir anda
yaxınlaşdırır. Nərmin Əliyeva da səhnə
fəaliyyətinə başlamaq qərarını təsadüfi
verməyib. Onun musiqiyə gəlişi, yol göstəricisi
olan bəstəkar Gövhər Həsənzadə ilə
qurduğu münasibət əsasında formalaşıb:
"Gövhər xanımla uzun illərdən bəri
ailəvi dostluğumuz var. O, səsimin və
potensialımın fərqində idi. Lakin universitet illərində
əsas diqqətimi akademik təhsilə yönəltmişdim,
bu səbəbdən səhnəyə addım atmaq məsələsini
ertələyirdik. Gövhər xanım da
düşünürdü ki, əvvəlcə təhsilim
tamamlanmalıdır. Çünki təhsil, məncə, sənət
yolunda ən vacib təməldir. Təhsilsiz ifaçı bir
yerə qədər irəliləyə bilər, sonra isə
dayanır, tükənir və istədiyi hədəfə
çata bilmir.
Təxminən bir il əvvəl Gövhər xanım
məni bir daha dinlədi və "artıq başlayaq"
dedi. Bu qərarı məni çox sevindirdi. Belə bir
peşəkar insanın dəstəyi ilə yola
çıxmaq, onunla birgə addımlamaq mənim
üçün böyük şansdır. Sənətə
Gövhər xanımın rəhbərliyi ilə gəlmək
mənim üçün bir addım öndə başlamaq
deməkdir. Onun mahnılarını böyük həvəslə
ifa edirəm və hər dəfə ondan yeni bir şey
öyrənirəm. Ümid edirəm ki, bu işbirliyimiz
uğurla davam edəcək".
Musiqidə orijinallıq təkcə səsdə deyil,
həm də onu təqdimetmə tərzindədir. Həmsöhbətim
Nərmin Əliyeva klassik vokal təhsili alsa da, estrada
janrında öz fərdi üslubunu formalaşdırmağa
çalışır. O, səsilə tanınmaq, səsilə
seçilmək istəyən ifaçılardandır:
"Əslində, mən opera-vokal janrında təhsil
almışam, fəxrlə qeyd edə bilərəm ki, 2021-ci
ildən Azərbaycan Dövlət Akademik Opera və Balet
teatrında çalışıram. Bu sayədə bir
çox xarici və milli klassik əsərlərdə
böyük sənətkarlarımızla eyni səhnəni
paylaşaraq Cuzeppe Verdinın "Traviata", "Aida",
Sergey Raxmaninovun "Aleko", Cakomo Puccininin "Toska",
"La Boheme", milli klassikamızdan isə dahi Üzeyir
Hacıbəylinin "Arşın mal alan", "Əsli və
Kərəm", "Leyli və Məcnun", Fikrət
Əmirovun "Sevil", "Min bir gecə" kimi möhtəşəm
əsərlərdə aktrisa və ifaçı kimi
iştirak etmişəm. Bununla qürur duyuram.
Amma yenə də səhnədə özümü
daha çox estrada ifaçısı kimi görürəm.
Estrada oxuyarkən də sırf janrın çərçivələrində
qalmıram, öz nəfəsimi, öz üslubumu qatmağa
çalışıram. Bəzən ifama caz elementləri əlavə
edir, vokal texnikalarından istifadə edirəm ki, ifam həm zəngin,
həm də fərqli səslənsin. İstəyirəm ki,
dinləyicilər üzümü görmədən, məsələn,
radioda ifamı eşidəndə "bu, Nərminin səsidir"
deyə tanısınlar. Hər kəs mənə səsimin
tembrinin fərqli olduğunu söyləyir və ifamda ilk diqqəti
çəkən məqam da məhz bu amildir. Ümidvaram ki, məhz
bu fərqliliyimlə də arzuladığım ifaçı
imicimi qazana biləcəyəm.
Bir tərəfdən də özümü çox
şanslı hesab edirəm ki, birgə yola
çıxdığım Gövhər xanımın bəstələri
fərdidir. O, hər kəsə səsinin rənginə və
ifa tərzinə uyğun mahnı təqdim edir. Biz sadəcə
bir mahnını seçib oxumuruq, Gövhər xanım əvvəlcə
bizi dinləyir, sonra hansı əsərin bizə uyğun
olduğunu özü müəyyənləşdirir. Nəticədə,
həmin mahnını oxuyanda görürük ki, bu, həqiqətən
bizim üçün yazılıb.
Hər zaman mənimçün nümunəvi ifa tərziylə
seçilən çox özəl sənətkarımız
Xalq artisti Flora xanım Kərimova bir verilişdə belə
bir fikir səsləndirmişdi: "Əgər hər
hansı bir ifaçı estrada səhnəsində
özünə yer tutmaq və yadda qalmaq istəyirsə, onun repertuarında
mütləq bir Gövhər Həsənzadə
mahnısı olmalıdır". Bu fikrə ürəkdən
qatılıram. Flora xanım klassik vokal məktəbinin
mükəmməl ifaçısı kimi estrada janrında
çox özəl bir ifa tərzi yaradaraq Azərbaycan musiqi sənətinə
silinməz imza atıb. Bir çox ifa texnikasını məhz
lirika baxımından bu böyük sənətkarımızı
dinləyərək öyrənirəm. Belə ki, Gövhər
xanımın mahnılarında texnika çox qəliz və
diapazon böyükdür. İnşallah, sevimli bəstəkarımın
dəstəyi ilə Flora xanımla da bəzi dərsləri
keçməyi və klassik-estrada ifaçılıq məktəbini
daha mükəmməl mənimsəməyi
planlaşdırmışıq".
Bəzi musiqi yolları ifaçını səhnəyə
dolayısı ilə gətirir. Nərmin xanımın da səs
duyumu və vokal ifadəsi birbaşa skripka ilə başlayan
musiqi həyatının nəticəsidir. Onun klassik alətə
olan ilk sevgisi sonradan səsinə bənzərsiz dərinlik
qatıb. Söhbətimizin bu yerində sualımız da elə
bu istiqamətdə oldu ki, görəsən, o özü
müğənni kimi fəaliyyətində skripka təhsilinin
hansı faydasını görüb?
"Əksər peşəkar ifaçıların
keçmişinə nəzər salsaq, onların nə vaxtsa
bir instrumental alətdə ifa etdiklərini görərik. Mənim
də musiqiyə ilk addımım skripka ilə olub. Fikrimcə,
skripka ifaçısı olmağım vokal janrında
uğur qazanmama, səs duyumumun formalaşmasına çox
böyük təsir göstərə bilər. O alətin incəliyi,
intonasiyası, hisslərlə səslənməsi mənim
vokal ifaya bənzəyir. Nə yaxşı ki, vokal təhsilindən
əvvəl skripka ilə tanış olmuşam.
Çünki bu, mənə həm musiqini daha dərindən
anlamağa, həm də səslə daha həssas
davranmağa dəstək verir".
Musiqi sahəsində janr və keyfiyyət
bölgüsü daim müzakirə mövzusu olub. Bu gün
Azərbaycanın müasir estrada mühitində də bu
bölünmə özünü açıq şəkildə
göstərir. Musiqinin yalnız ritm və ahəngdən ibarət
olmadığını anlayanlar üçün onun
arxasında dayanan bilik, təhsil və sənətə
yanaşma tərzi xüsusi əhəmiyyət kəsb edir. Gənc
ifaçı Nərmin Əliyeva da məhz bu peşəkarlıq
xəttini təmsil etdiyini düşünür. O, hər
musiqinin öz dinləyicisi olduğunu qəbul etsə də,
ali musiqi təhsili ilə meydana çıxan sənətə
daha çox dəyər verilməsinin vacibliyini
vurğulayır:
"Fikrimcə, hazırda Azərbaycan estradasında
janr bölgüsü çox aydın görünür.
İnsanlar musiqiləri artıq "bayağı" və
"bayağı olmayan" kimi ayırıblar. Əlbəttə,
bayağı adlandırılan musiqilərin də öz dinləyiciləri
var. Biz heç kəsə nəyi dinləməli, nəyi
dinləməməli olduğunu deyə bilmərik. Axı
zövqlər müxtəlifdir.
Amma düşünürəm ki, musiqiyə peşəkar
yanaşma və təhsil çox vacib faktorlardır. O
ifaçılarla ali musiqi təhsili almış sənətçiləri
bir tutmaq düzgün olmaz. Çünki bayaq da qeyd etdiyim
kimi, təhsilsiz bir ifaçı müəyyən bir mərhələyə
qədər irəliləyə bilər, amma sonra dayanır,
çünki arxasında onu daşıyacaq baza yoxdur.
İnanıram ki, əsl musiqini, savadlı ifanı,
peşəkarlığı qiymətləndirən dinləyicilər
bizi dəyərləndirəcəklər. Hər kəsin
öz auditoriyası olur, amma mənim məqsədim bu sənətdə
öz yerimi keyfiyyətlə tutmaqdır. Ümid edirəm ki,
mən də dünyanın ən zövqlü dinləyiciləri
saydığım Azərbaycan musiqisevərlərinin
könlünə yol tapa biləcəyəm".
Sonda...
Gənc ifaçı Nərmin Əliyeva ilə
söhbətimiz təkcə musiqidən yox, eyni zamanda sənətə
olan münasibətdən, yolçuluğun məsuliyyətindən,
zövqün və təhsilin gücündən bəhs
edirdi. Onun səsindəki güc təkcə səs tellərinin
deyil, illərin zəhmətinin, alın tərinin və ən
əsası, musiqiyə duyduğu sonsuz hörmətin nəticəsidir.
Gənc, amma düşüncəli; həyəcanlı, amma
prinsipial bir ifaçı kimi o, sənətə təsadüfən
deyil, hazırlıqlı şəkildə daxil olur.
Nərminin yolunun haralara gedib
çıxacağını zaman göstərəcək.
Amma artıq bu gündən bəllidir ki, o, sənətdə
bir yer tutmaq deyil, o yerə dəyər qatmaq istəyindədir.
İnanırıq ki, bu istək, onu tanıyan, səsini
eşidən hər kəsin qəlbində öz əks-sədasını
tapacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2025.- 9 may(№80).- S.17.