"Qarışqa kimi işləməyə
məcburuq"
Gənc aktyor Türkay Cəfərli: "Aktyor
özü məbəd olmasa, teatr da, film də olmaz"
Türkay
Cəfərli Şuşa Dövlət Musiqli Dram
Teatrının aktyorudur, "Məktub", "Kor rəssam",
"Dalan", "Suğranın oğulları", "Son
iclas", "Köhnə çamadanlar",
"Spinozanın Tanrısı", "Qaranlıqlar
çiçəyi", "Ata ocağı", "Səndən
sonra", "İki ömür" kimi serial və filmlərdə
rollar alıb.
Gənc
aktyor Türkay Cəfərli ilə söhbəti təqdim
edirik.
-Türkay
bəy, necə oldu ki, bu sənətə gəldiniz?
-
Aktyorluq uşaqlıq arzum olub. İçimdəki enerji o qədər
qaynayırdı ki, onu haradasa üzə çıxarmaq
lazım idi. Həmişə filmlərə baxandan sonra məndə
məşhur olmaq istəyi yaranırdı, xüsusilə Xalq
artisti Rasim Balayevin filmlərinə baxandan sonra. Sonra
düşündüm ki, niyə də olmasın, mən
seçilməliyəm, xüsusi insan olmalıyam. Tale elə
gətirdi ki, az-çox tanınan aktyor ola bildim.
-
Hazırda Şuşa Dövlət Musiqli Dram Teatrında fəaliyyət
göstərirsiniz. Maraqlıdır, niyə məhz o teatr? Gənc
aktyorlarımız daha çox Akademik Dram Teatrına, Gənc
Tamaşaçılar Teatrına üz tuturlar.
-
Açığı, seçim məndən asılı
olmayıb. İlk teatr fəaliyyətim Yuğ Teatrında
başlayıb. Məni Vidadi müəllim - Vidadi Həsənov
dəvət etmişdi, onda hələ tələbə idim.
Festivallarda iştirak etdik, mükafatlar aldıq. Daha sonra məni
Şuşa Teatrının baş rejissoru dəvət elədi,
baxdım ki, mənə də uyğundur və davam elədik.
Düzdür, zövq ala bilməsək də, idarə edirik.
Aktyorun arzusu nədir? Enerjisini dağıtmaq. Belə deyim, xəyalım
hansısa teatrda işləmək olmayıb, mən o zövqü
20 yaşlarımda Yuğ Teatrında yaşamışam. Bu, mənə
bəs edir. Hazırda "Oyun" İnklüziv Teatrında
da müqavilə ilə fəaliyyət göstərirəm.
Orada daha çox zövq alıram. Bizim teatrda uşaq
tamaşaları çoxdur, bu da bir məqamdan sonra insanı
sıxır. Mən seçim edəndə həmişə
filmi seçmişəm. Çünki kamera heç vaxt
aktyora xəyanət eləmir. Teatr da, təbii ki, aktyorun
sevimli yeridir, amma mənim üçün məbəd deyil. Məbəd
aktyorun özüdür. Aktyor özü məbəd olmasa,
teatr da, film də olmaz. Kainatı gözəlləşdirən
insanın özüdür, buna görə də məbəd
insandır.
-
Rejissorlarla münasibətləri necə tənzimləyirsiniz?
-
Rejissor nə istədiyini bilirsə, aktyor da onu alıb səhnələşdirməlidir.
Düşünürəm ki, əgər mən öz
bildiyimi eləsəm, bütün filmlərdə,
gördüyüm bütün işlərdə eyniləşərəm.
Buna görə rejissorun beyni mütləq lazımdır,
onunla söhbət eləmək, fikir mübadiləsi aparmaq
lazımdır. Amma bizdə belə bir məsələ də
var. Əgər bir aktyor mənfi rolda oynayırsa, bir çox
rejissor ona ancaq mənfi rollar təklif edəcək. Çoxu
özünə əziyyət vermək istəmir, qorxur, deyir
beş manat pulumu qazanım, başqa heç nə lazım
deyil. Amma elə deyil, rejissor aktyorun içində olan
potensialı ortaya qoymağı bacarmalıdır.
- Hər
bir halda aktyorun da eyni rolu oynamaqdan imtina etmək haqqı var.
- Təbii
ki, var. Amma təəssüf ki, bizdə seçim imkanı
çox məhduddur.
İki-üç prodakşndır, il ərzində çəkilən
maksimum iki-üç serial var, hara kimi yox deyə bilərsən?
Hər bir aktyor istəyər ki, yaxşı pul qazansın. Məsələn,
mən istəyərəm ki, bir işdən istədiyim pulu
götürüm, ilyarım, iki il efirə
çıxmayım, dincəlim sadəcə. Amma bizim belə
bir şansımız yoxdur. Biz qarışqa kimi işləməyə
məcburuq. İşləmək lazımdır deyə bəzi
aktyorları eyni rolda görəndə qınaya bilmirəm. Mən
özüm də bu işin içindəyəm və
görürəm ki, şərait o deyil.
-
İmtina etdiyiniz ssenarilər olubmu?
- Hə,
olub. Haradasa 7 il əvvəl 7 iş təklifi gəldi.
Beşinə "yox" dedim, gəldim axırda
hamısına "hə" cavabı verdim. O da peşman
olduğum işlərdən bir idi. Təbii ki, bu yolla
yaxşı təcrübə qazanırsan, insanların necə
olduğunu bilirsən, onları daha yaxından
tanıyırsan. Amma çox olub ki, ssenarini bəyənməmişəm
və çəkilməmişəm. Onsuz da sən tələbatlı
aktyorsansa, üstəlik, yaxşı rejissor varsa, səni dəvət
edəcəklər. Bir-iki işi imtina etməklə heç
nə itirməyəcəksən.
- Gələk
"Spinozanın Tanrısı"na.
-
Başıbəlalı "Spinoza".
- Hə,
çoxlarının fikrincə, filmin uğursuzluğunun səbəbi
poster və filmin adı ilə bağlıdır.
-
Razıyam. Fikrimcə, posterdə də böyük problem var
idi. Amma mən istəyərəm ki, bizim tamaşaçı
kütləmiz düşünməyi bacarsın.
Çünki bizdə bir yorğunluq sindromu var, beynimiz
düşünməyi sevmir. Amma təbii ki, hər şeyi
birdən-birə etmək lazım deyil. Filmin adına gəldikdə
isə, nə xoş olardı ki,
tamaşaçılarımız gedib filmin adı ilə
maraqlanaydılar. Bildiyim qədərilə son dövrlərdə
bu janrda, bu səpkidə film olmayıb. Bəlkə də,
çoxdandır belə bir şey yox idi deyə bir az insanlara
qəribə gəldi. Yəqin səviyyəsiz zarafatların
və yaxud məişət söhbətlərinin,
qayınana-gəlin münasibətlərinin içində
olduğumuza görə o janrda filmi qəbul edə bilmədik.
Amma baxanlar da təsdiq etdilər ki, həqiqətən də
tamam başqa bir janrdır və çoxdandır ki, belə
bir iş görülməyib. Hətta filmin başlama tərzi
də fərqli idi. Ümidvaram ki, filmin dəyəri burada yox,
digər yerlərdə bilinər. Bizdə belə bir qayda var
axı, nəyisə başqası tərifləyəndə
daha çox sevirlər. Özümüzü sevməyi
bacarmırıq. Amma qıraq yerlərdə dəyərimiz
bilinən kimi deyəcəklər, bizdə belə bir film var
imiş. Şəxsən mən bu işdən zövq
aldım. Ona görə ki, fərqli səpkidə bir film oldu.
Mənə lazımdır ki, beş nəfər baxsın,
amma bilənlər baxsın. O film kast filmi deyildi, art filmi idi.
Ad məsələsinə gəldikdə isə, fikrimcə,
adı yerində qalsa, yaxşıdır. Ümumi
götürsək, film fərqli, insanların
çoxdandır görmədiyi saf sevgi həsrətini
göstərəcək bir film idi. Elə hisslər var ki,
artıq onlar qocalıb. Yeni nəslin, texnologiyanın
inkişafı bəzi hissləri öldürüb. Amma bu film
və yaxud bu səpkidə olan başqa filmlər insanın
içində gizli qalan duyğuları açmağa kömək
edir. O cəhətdən filmdəki bütün personajlardan
zövq aldım. Həyatımda yeganə işlərdəndir
ki, ssenarini birnəfəsə oxudum. Artıq bir az təcrübə
toplayandan sonra növbəti səhifədə nə ilə
qarşılaşacağını təxmin edə bilirsən.
Amma bu filmdə elə deyildi.
-
Günahkar tamaşaçılardır?
-
Yox, günahkar tamaşaçı deyil. Günahkar
tamaşaçıya onu yedizdirən kütlədir.
Çünki bizim əvvəlki filmlərimiz dünya səviyyəsində
idi. Necə oldu ki, hər şey birdən-birə dəyişdi?
Necə oldu ki, tənəzzülə uğradıq?
Yaxşı filmlərimiz həmişə olub, indi də var.
Amma o dövrdən bu dövrə insanların
düşüncə tərzinin, zövqünün
korlanmağının əsl səbəbi efirdə yayılan
bəzi səviyyəsiz verilişlər, məişət
mövzularıdır. Sanki artıq şəxsiyyət
mövzusu yaddan çıxır. Zarafatları, əxlaqsız
nüansları "belə olmalıdır" kimi qələmə
verib ictimailəşdirmək filmlərimizə, gündəlik
həyatımıza, hər şeyə təsir edir. Bir
növ cahillik təbliğ olunur deyə biz bu vəziyyətdəyik.
Kino bahalı və gözəl biznesdir. Kino xülyadır,
sosial problemləri üzə çıxaran vasitə deyil.
Amma çox təəssüf ki, bəzi şeyləri
çatdırmaq olmur. Sanki düşüncə tərzimiz
qaysaq bağlayıb. Buna səbəb də bəzi səviyyəsiz
aparıcılar, onların təqdim etdikləri verilişlər,
onlara pul ayıran sponsorlardır. Çünki biz dedi-qodunu,
kiminsə mətbəxinə, evinə qarışmağı
sevən toplumuq axı. Fikir verirsinizsə, bu gün bir
çox gənclər daha asan yolla pul qazanmaq üçün
blogerlik etmək istəyirlər. Amma inanın ki, mən və
mənim kimi aktyorlar evə saat 5-də, 6-da gedib 18 saatlıq
yorğunluğu çxaranda o qədər zövq
alırıq ki. Yoxsa iki dəqiqə ərzində pul qazanmaq,
beş-üç manatdan ötrü kiməsə ağız
açmaq, hansı mənəviyyatdır? Nə bilim. Biz
axı belə deyildik. Mən hər şeyə normal
baxıram, amma hər şey qaydasında olanda daha gözəldir.
Görməmişlik lazım deyil.
-
Filmin təqdimatından sonra jurnalistlərdən biri sizin
rolunuza tənqidi münasibət bildirdi, siz ona aqressiv cavab
verdiniz. Deyəsən, tənqidlərə açıq
deyilsiniz.
-
Xeyr, aqressiv reaksiya vermədim. Açıq tənqidə həmişə
hazıram. Hamımız səhv edə-edə öyrənirik.
Amma mənasız müqayisə, mənasız uzlaşma
olanda və buna reaksiya verəndə deyirlər ki, aqressivsən.
Dediyim kimi, bütün doğru tənqidlərə
açığam, amma təhqirə yox. O sarıdan bir az sərtəm,
heç kim məni təhqir edə bilməz. O filmlə
bağlı tənqidlərə də razı idim, hamı
filmi bəyənmək məcburiyyətində deyil ki. Amma o
müqayisə mənə çox cılız gəldi. Bəyənmə,
amma tutarlı arqument gətir. Yoxsa hansısa mənasız bir
dialoqla müqayisə aparmaq doğru deyil axı. Orada zəhmət
çəkilib, orada tamam başqa ideya var. Bax buna görə
idi. Yoxsa belə baxanda mənim
heç vecimə də olmadı.
Ləman
İLKİN
525-ci qəzet.- 2025.- 9 may(№80).- S.16.