62-dən 704+9? (9)-a qədər
NADİR ENSİKLOPEDİK SORAQ
ÇOXCİLDLİYİ
HAQQINDA
(Əvvəli ötən şənbə
sayımızda)
Doqquz cild ortadadır. Amma müəlliflər
ensiklopedik soraq kitabı üzərində işin tam başa
çatması fikrində deyillər. Düşünürəm
ki, bu mövzu ilbəil yeni, maraqlı məlumatlarla, naməlum
tələbə gənclər haqda yeni bilgilərlə zənginləşən
açıq layihəyə çevriləcək. Gələcək
araşdırmalar üçün stimul olacaq. Və artıq
mövzuya ciddi tədqiqatçı marağından irəli
gələn müəyyən işlər görülür.
Professor Solmaz Rüstəmova-Tohidi "525-ci qəzet"in 11,
18, 23, 25, 29 iyul 2024-cü il tarixli saylarında dərc etdirdiyi
"Azərbaycan Cümhuriyyətinin Tehrandakı səfirliyi"
adlı silsilə məqalələrdə Peterburq universiteti
hüquq fakültəsinin məzunu (1917), diplomat Əkbər
ağa Sadıqovun (VII cild, s. 21-27, sıra sayı 528) sonu faciə
ilə nəticələnən mürəkkəb və ziddiyyətli
həyat yolunun bütün mərhələlərinə
işıq sala bilmişdir.
Eyni sözləri tarixçi alim Fəxri
Valehoğlunun həmin qəzetin yeddi sayında (14, 15, 16, 17,
22, 23, 24 yanvar 2025-ci il) dərc edilən və ciddi oxucu
marağı doğuran "Azərbaycanın Batumda ilk konsulu
Mahmud bəy Əfəndiyev: həyatı və siyasi-diplomatik
fəaliyyəti" adlı silsilə yazıları haqda da
demək olar. Fəxri bəy ensiklopedik soraq kitabında təvəllüd
və ölüm tarixləri, doğulduğu yer, bitirdiyi ali məktəb
göstərilmədən haqqında çox qısa məlumat
verilmiş (II cild, s. 209-211, sıra sayı 123)
bacarıqlı həkim-diplomat, Xarkov universitetinin tibb
fakültəsinin məzunu (1909), Cümhuriyyətin Batum
konsulu Mahmud bəy Əfəndiyevin Azərbaycandan
başlayıb Rusiyadan, Gürcüstandan keçən,
Türkiyədə tamamlanan zəngin ömür yolu,
övladlarının qardaş ölkə tarixindəki izləri
ilə bağlı ətraflı tədqiqat aparıb.
Fəxri Valehoğlunun yazdığına görə,
Mahmud bəy Əfəndiyevin zövcəsi, Axalkələk qəzasının
nüfuzlu nəsillərindən Palvandovlar (Pəhləvanoğulları-
Mutlubəyzadələr) ailəsinə mənsub Məmmədəli
bəy Palvandovun qızı Mahinur xanım da əri ilə
birlikdə eyni universitetdə ali tibb təhsili
almışdı.
Zaman keçdikcə belə fərdi
araşdırmaların sayı daha da artacaq.
Təəssüf ki, millət olmaq yolundakı
mübarizənin öncüllərindən, milli dövlətçilik,
maarif və mədəniyyət fədailərindən bəhs
edən "1920-ci ilədək ali məktəblərdə
oxumuş azərbaycanlılar" çoxcildliyi ölkə
universitetlərində, kütləvi informasiya vasitələrində,
xüsusən də dövlət və internet
televiziyalarında təbliğ edilib tanıdılmadı.
Əgər məqsədəuyğun şəkildə belə
bir iş aparılsaydı, bəlkə də naməlum ailə
arxivləri açılar, inqilabdan əvvəlki ali təhsillilərimizin
sırasına yeni adlar əlavə olunar, məlumatlar zənginləşdirilərdi.
Amma yuxarıda gətirdiyim nümunələrdən
göründüyü kimi, indiki halda da geniş fəaliyyət
meydanı var. Düşünürəm ki, heç də
asan olmayan axtarışlar nəticəsində bəzilərinin
barəsində müxtəsər məlumat verilən 700-dən
çox tələbənin, eləcə də onların hələ
naməlum qalan soydaşlarının
təhsili, işi, taleyi ilə bağlı hələ
gün işığına çıxarılmayan kifayət
qədər fakt və məlumatlar mövcuddur. Bu, xüsusən
Avropa ölkələrində təhsil almış gənclərimizə
aiddir. İstisna etmək olmaz ki, ailə albomlarında şəkilləri,
ayrı-ayrı əllərdə sənəd və məktubları
var. Başqa sözlə, çoxu yaddaşlardan silinmiş bu
şəxslərin Misir Mərdanov və Ədalət Tahirzadə
tərəfindən cızılan ilkin portretlərini yeni rəng
və çalarlarla tamamlamaq
imkanı var. Bu mənada şəxsi nümunə göstərməyə
çalışaraq kitabdakı Rəhim bəy Axundov (I cild,
s. 317-318, sıra sayı 56) və Mirzə Qafar (V cild, s.
470-471, sıra sayı 448) oçerklərinə bəzi əlavələrimi təqdim
etmək istərdim.
Yaxud maraq doğura biləcək digər bir məlumatı
bölüşə bilərəm: Moskvadakı Lazarev Şərq
Dilləri İnstitutunun tələbəsi, İranın
Yelizavetpoldakı (Gəncə) vitse-konsulu, təbrizli Mirzə
Fərəc xan Bədəlbəyovun oğlu Firidun xan Bədəlbəyov
(II cild, s. 85-87) bəhailiyə maraq zəminində qraf Lev
Tolstoyla məktublaşmışdı. Böyük
yazıçı gənc Firidun xana 28 dekabr 1908-ci il tarixli məktubunda
onun bəhailiklə islam arasında seçim tərəddüdünü
ortadan qaldırmağa çalışaraq mövqeyini belə
şərh etmişdi: "Babilərin Məhəmməd
dinindən doğulub sonra bəhailiyə çevrilən
inancı yüksək və təmiz dini təlimlərdən
biridir". (L.N.Tolstoy. Əsərlərinin 90 cildlik
külliyyatı, M., 1928-1958, cild 78, s. 306-307).
İndi isə Mirzə Qafar və Rəhim bəy
Axundovla bağlı məsələyə qayıdaq.
MİRZƏ QAFAR KİMDİR?
M.F.Axundzadənin arxivində kimə
yazıldığı göstərilməyən bir məktub
var. Ad çəkilməsə də, "Şöhrət
sahibi olan alicənab, səadətiniz əbədi olsun"
sözləri ilə başlanan və 1858-ci ilin iyununda Tiflisdən
yola salınan məktubun Sankt-Peterburq universiteti Şərq
dilləri fakültəsinin dekanı, professor Mirzə
Kazım bəyə ünvanlandığı məzmunundan bəlli
olur. Azərbaycanlı dramaturq illərdən bəri fikrinə
hakim kəsilmiş yeni əlifba ideyasını soydaşı
ilə bölüşərək yazırdı:
"Xüsusilə sizin gözəl xasiyyətli və xeyirxah
bir insan olduğunuzu bir neçə il bundan əvvəl
Kazanda cənabı-nızın tələbələrindən
biri olan Mirzə Qafardan (seçmə mənimdir - V.Q.)
çox eşitmişəm. Bu son zamanlarda isə dövləti-aliyyeyi-İranın
Tiflisdəki konsulu müqərrəbül-xaqan Mirzə
Hüseyn xan Peterburqdan qayıdandan sonra cənabınızı
daim tərifləməkdədir. Bu söylənilən səbəblərə
görə cənabınıza qaibanə olaraq böyük
bir məhəbbət və səmimiyyət bəsləməkdəyəm.
Pak olan Allahın özü elə bir təsadüf salsın
ki, sizinlə görüşmək feyzi mənə də nəsib
olsun".
"Mirzə Kazımbəy" (Bakı, 1965)
kitabının müəllifi professor Ağababa Rzayev
görünür, alimin Kazan universitetində
çalışmasını, Mirzə Qafarın isə
"tələbə" kimi təqdim olunmasını əsas
tutub mətndə yüngülvarı dəyişiklik
aparmış və "Kazanda tələbələrinizdən
biri" ifadəsini "Kazan universitetində tələbiniz"
şəklinə salmışdı. Bu qaynağa əsaslanan
Misir Mərdanov və Ədalət Tahirzadə də Mirzə
Qafarla bağlı bilgilərin cüziliyinə rəğmən,
onu 1920-ci ilə qədər ali məktəbdə oxumuş tələbələr
siyahısına daxil etmişlər. Əslində müəllifləri
qınamaq da olmur. Bir yanlışlıq bəzən digərinin
meydana çıxmasına imkan verir.
M.F.Axundzadə ilə Mirzə Kazımbəy
arasında qiyabi əlaqə yaradan Mirzə Qafarın kimliyinə
gəldikdə isə ilk məlumatı ötəri şəkildə
də olsa "Kazanda cənabınızın tələbələrindən
biri..." deyən Mirzə Fətəli özü
vermişdi. Əslində isə onu Mirzə Kazımbəyin
deyil, M.F.Axundzadənin tələbəsi saymaq daha məntiqlidir. Məsələ
ilə maraqlanan ədəbiyyatşünas-alim Əliəjdər
Səidzadə "X.Abovyanın XIX əsrdə Azərbaycanın
qabaqcıl nümayəndələri ilə əlaqələri"
adlı kitabçasında yazırdı: "X.Abovyanın
xüsusi pansionatında azərbaycanlı Mirzə Qafar da təhsil
alırdı. Onun Abovyana bir neçə məktubu
qalıb". Faktlara səthi yanaşma nəticəsində
iki səhvə yol verilib. Əvvəla, Mirzə Qafarın həmin
pansionatda təhsil alması arxiv sənədləri ilə təsdiqini
tapmır. Çünki o, dövlət təhsil müəssisəsi
sayılan Tiflis qəza məktəbinin şagirdi idi və əlavə
olaraq şəxsi pansionata getməsinə lüzum
qalmırdı. İkincisi, erməni müəllifə
yazıldığı güman edilən "bir neçə"
yox, yalnız bir məktub mövcuddur. Lakin onun məhz
X.Abovyana ünvanlanması da
mübahisəlidir.
Azərbaycan türkcəsində yazılan sənədin
maraq doğurduğunu və indiyə qədər diqqətdən
kənarda qaldığını nəzərə alıb tam
mətnini verirəm:
"Mərhəmətli sultanım!
Hərçənd ki, bəndənin o qədər
qüdrəti yoxdur ki, sizdən rizaməndlik etməklə
sizin yaxşılıqların öhdəsindən gəlim.
Əmma lailac sizin binagüzarlığınız bəni məcbur
edir ki, özümü sizin xatiri-şərifinizə gətirim.
Buna görə məruzə edirəm ki, sağ və səlamət
gəlib Qazan şəhərinə vasil oldum. Əmma ta hala
bir yerdə təyin degildim. Ona görə kağəz yazmaq təxirə
düşdü. İmdi bir ay bundan müqəddəm gəlib
əvvəlimci gimnaziyada bir əlahiddə evdə rus dilini
oxumağa məşğulam. İradəm odur ki, rus dilini
bilib universitetə getməmiş gimnaziyadan
çıxmayım. Əgər yer olsa.
Və bənim libasım barəsində bəndən
soruşdular. Bən öz libasımda olmağı xahiş
etdim. Ona görə ildə üç yüz rublə əskinas
təyin etdilər ki, bənə libasım üçün
verələr. Və qalan mayəhtac gimnaziyadan yetişə.
Bu xüsusda vəziri-müdabiri-ümuri-cümhurə kağəz
yazılıbdır. Əmma hələ ki, cavabı gəlməyibdir.
Təvəqqe və rica edirəm ki, bəni
xatiri-şərifinizdən fəramuş buyurmayasınız,
necə ki, bən sizi. Ölənəcən yadımdan
çıxarmaq mümkün degil".
Bəndeyi-müxlisi-şoma (Sizin ixlaskar bəndəniz)
Mirzə Qafar.
Yazıldı 17 mahi-oktobr 1840".
Göründüyü kimi, məktubun konkret kimə
yazıldığı göstərilməyib. Bəs necə
olub ki, istər Azər-baycan, istərsə də erməni
müəllifləri onun məhz Abovyana
ünvanlandığı qənaətinə gəliblər?
Çox güman ki, buna sənədin ilk səhifəsində
naməlum şəxsin rusca yazdığı qeyd əsas
yaradıb: "Proşu Vas, otpravitğ gto dlə q. Abovəna,
q. smotritelə tiflisskoqo uezdnoqo uçiliha" (Xahiş edirəm,
bunu Tiflis qəza məktəbinin c-b nəzarətçisi c-b
Abovyana göndərəsiniz" - V.Q.). Lakin bu qeyd ünvan
sahibini müəyyən etmək baxımından həlledici
sayıla bilməz.
Fikrimizcə, məktub Mirzə Fətəliyə yazılıb. Artıq yuxarıda
da qeyd edildiyi kimi, Mirzə Qafar erməni pansionatında
oxumamışdı. X.Abovyanını nəzarətçi,
M.F.Axundzadənin isə tatar (Azərbaycan)
dili və şəriət müəllimi olduğu Tiflis qəza
məktəbini bitirmişdi. Bu nüans xalq təhsili nazirliyi
departament direktorunun müavini, dövlət müşaviri
P.Qayevskinin 1838-ci il oktyabrın 11-də nazir S.S.Uvarova məlumatından
da aydın olur. Məktəbin son bir ildəki işini yoxlayan P.Qayevski şagirdlərin uğur və çətinliklərindən,
milli tərkibindən və s. bəhs edərək
yazırdı: "Şagirdlərin arasında Şəki
sakini, tatar Mirzə Qafar Nazimi görməyim məni xüsusilə
məmnun etdi. O, ruhani ailəsindəndir, 22 yaşı var,
tatar (Azərbaycan ), türk, fars və ərəb dillərini
bilir. Özünü elmə, ələlxüsus da rus dilini
öyrənməyə həsr etmək qərarına gəlib.
Bu məqsədlə Peterburqa getmək niyyətindədir".
Rusiyada ali təhsil almaq istəyən "müsəlman gənclərə"
köməyin vacibliyindən danışan P.Qayevski nazirini məlumatlandıraraq
daha sonra yazmışdı: "Mən ona (Mirzə Qafara)
heç bir şey vəd etmədim. Lakin bu barədə
Zati-alilərinizə məlumat vermək cəsarətində
bulunuram. Ümid edirəm ki, Siz xeyirxah nəzərlərinizi
bu gəncin üzərindən çəkməz, onun sonradan
universitetə keçirilmək şərti ilə Kazan
gimnaziyasına qəbul edilməsinə sərəncam verməklə
maarif qapılarını üzünə
açarsınız".
Güman etmək olar ki, taleyi bir az da öz taleyini
xatırladan həmyerlisini ali təhsilə həvəsləndirən
müəllimi Mirzə Fətəli olmuşdu. Özü 22
yaşında 14-15 yaşlı uşaqlarla birgə təhsil
aldığı Şəkidəki rus məktəbindən
çıxmağa məcbur olduğu üçün şəkili
Mirzə Qafarın timsalında yarımçıq arzusunu həyata
keçirmək istəmişdi.
Mirzə Qafar Tiflis qəza məktəbini 1839-cu ildə
bitirmişdi. Amma şəhəri tərk etməmiş, burada
qalıb rus dili biliyini
artırmışdı. Həm də P.Qayevski vasitəsilə
xalq təhsili nazirinə müraciətinin nəticəsini
gözləmişdi. 1840-cı ilin mayında azərbaycanlı
gəncin gələcəkdə Rusiyada ali təhsil ala bilməsi
üçün Kazanda gimnaziya bitirməsi məsləhət
görülmüşdü. Onun Tiflis gimnaziyasından attestat
alması da mümkün idi. Lakin görünür, Kazan
haqqında eşitdikləri və Şərq dilləri
mütəxəssis olmaq istəyi nəticəsində bu
şəhəri tərcih etmişdi.
Universitetə daxil olmaq hüququ verən attestat almaq məqsədi
ilə 1840-cı ilin yayında
bura gələn Mirzə Qafar iyulun 24-də Birinci Kazan
gimnaziyasıma qəbul edilmişdi. Professor Mirzə Kazımbəy
universitetlə yanaşı, həm də Birinci gimnaziyada dərs
deyir, şagirdlərə ərəb-fars dilləri və ədəbiyyatını
tədris edirdi. M.F.Axundzadənin məktubundakı "Qazanda
cənabınızın tələbələrindən biri
olan Mirzə Qafar..." ifadəsinin kökünü də
burada axtarmaq lazımdır. Şübhəsiz, soydaşı
artıq universitetdə oxusaydı, Mirzə Fətəli
mütləq bunu vurğulardı.
Sonralar azərbaycanlı tələbələrin
çoxunun üzləşdiyi problemlər - yad mühit,
çətin iqlim şəraiti Mirzə Qafara da təhsilini
başa vurmağa imkan verməmişdi. Təbii ki, maddi amilin
də rolu olmuşdu. Nəticədə şəkili gənc
gimnaziyada bir neçə ay oxuyandan sonra Qafqaza dönmək məcburiyyətində
qalmışdı. Onun sonrakı taleyi barəsində əlimizdə bir məlumat yoxdur. Lakin 17 il sonra,
1858-ci ildə adının Mirzə Fətəlinin məktubunda
çəkilməsi keçmiş gimnaziya tələbəsinin
həmin vaxt bəlkə də Tiflisdə
yaşadığını və həmyerlisi ilə əlaqə
saxladığını güman etməyə əsas verir.
Digər tərəfdən, gənc Qafarın Mirzə Kazımbəyin
yanında etibar qazanması həyatının Kazan
dövründə aralarında səmimi münasibət
yarandığını göstərir.
P.Qayevski Tiflis qəza məktəbini 1838-ci ildə təftiş
etmişdi. Əgər o zaman Mirzə Qafarın 22 yaşı
vardısa, deməli, 1816-cı il doğumlu idi. Başqa sözlə
desək, təxminən Mirzə Fətəlinin
yaşıdı, yaxud uşaqlıq yoldaşı idi.
Özünə Nazim təxəllüsü götürməsi
isə həm də yaradıclıqla məşğul
olduğunu, şeir yazdığını düşünməyə
əsas verir. Təbii, Tiflisdə böyük olmasa da, müəyyən
mövqeyə yüksələn M.F.Axundzadə həmyerlisinə
bacardığı qədər kömək göstərməyə
çalışırdı. Bu səbəbdən də Mirzə
Qafar Kazanda gimnaziyaya daxil olandan sonra işləri barədə
ilk növbədə ona xəbər vermək zərurətini
hiss etmiş və yuxarıda mətnini gətirdiyim məktub
da həmin məqsədlə
yazılmışdı. Kağızın qəza məktəbinə,
X.Abovyana verilməsinin izahı da asandır: çünki məktəbin
müdiri idi. Mirzə Qafar isə təbii ki, milli, dini və nəhayət,
həmyerlilik hissləri ilə M,F.Axundzadəyə daha
yaxın idi.
Amma iki məşhur həmvətəninin - Mirzə Fətəli
və Mirzə Kazımbəyin səyinə rəğmən,
o, Kazan universiteti tələbələri sırasına daxil
ola bilməmişdi.
RƏHİM BƏY AXUNDOV MİRZƏ
FƏTƏLİNİN QARDAŞI OĞLU İDİ?
Arxiv sənədləri və ilkin mənbələrə
inansaq, həqiqətən də Mirzə Fətəlinin
qardaşı olub. Məsələn, böyük ədib Tiflis
yaxınlığındakı Tikmə adlı hərbi
düşərgədən göndərdiyi 11 iyul 1855-ci il
tarixli məktubda (bir çox digər sənədlər kimi,
təəssüf ki, bu məktub da indiyədək
axundovşünasların diqqətini çəkməyib -
V.Q.) Qafqaz canişinliyinin kimliyini müəyyən edə bilmədiyimiz
İvan Makaroviç adlı əməkdaşına müraciətlə
rusca çıxan "Komediyalar"ının (1853)
satışından əldə edilən pulların
"qardaşı Mirzə Mustafa Axundova" verilməsini
xahiş edirdi.
Bəs Mirzə Fətəlinin
"qardaşım" dediyi Mirzə Mustafa Axundov kim idi?
Böyük ədibin doğma bacı, yaxud
qardaşının olmaması məlum faktdır. Fətəli
xamnəli Məhəmməd Tağının Nanə
xanımla nikahdan doğulan yeganə övladı idi.
Doğrudur, Xamnədə Mirzə Fətəlinin ata bir, ana
ayrı bacıları yaşayırdı. 1848-ci ildə xidməti
ezamiyyətlə bağlı Azərbaycanın cənubunda
olarkən onları ziyarət etmişdi. Mirzə Mustafaya gəldikdə
isə kiçik Fətəlini övladlığa
götürən Axund Hacı Ələsgərin oğlu idi.
Bu baxımdan qardaş sayılmaları müəyyən
formal əsasdan xali deyildi. Həm də canişinlik xətti
ilə tərtib olunan xidmət siyahıları və digər
sənədlərdə hər ikisinin atasının adı
Axund Hacı Ələsgər kimi göstərilirdi. Mirzə
Fətəlinin Hacının
qızı Tubu xanıma evləndiyini nəzərə
alsaq, Mustafanın əslində
onun qaynı olduğu aydınlaşır. Qardaş
sayılmalarına gəldikdə isə çox güman ki,
canişinlik məmurlarını qohumluq əlaqələrinin
incəlikləri ilə tanış etmək istəməmişdilər.
Qaynının zehni inkişafında,
çağdaş biliklərə yiyələnməsində,
uzun illər müxtəlif
inzibati qurumlarda uğurla çalışmasında M.F.Axundzadənin
mühüm rolu olmuşdu. Mirzə Mustafa da öz növbəsində
həyatının sonuna qədər müəlliminin ehtiramını saxlamış,
qohumundan tək təcrübəli dövlət məmuru yox,
həm də görkəmli yazıçı-dramaturq,
istedadlı sənətkar kimi söz açmışdı.
Mirzə Mustafa 1835-ci ildə Şəkidə
doğulmuşdu. Əvvəlcə yerli qəza məktəbində
təhsil almış, sonra
Tiflis gimnaziyasında oxumuşdu. Mükəmməl
öyrəndiyi rusca ilə yanaşı, üç Qafqaz və
üç Şərq dilini - Azərbaycan, erməni,
gürcü, ərəb, fars və türk dillərini də
yaxşı bilən M.M.Axundov Qafqaz canişinliyi hərbi-inzibati
aparatının əvəzedilməz məmurlarından
sayılırdı. Bunu özünün deyil, daha çox
M.F.Axundzadənin xidməti kimi qələmə verərək
rəhbərliyə məlumatlarının birində
yazırdı: "Yaxın qohumum, Baş idarə dəftərxanasının
mərhum tərcüməçisi polkovnik M.F.Axundov
kiçik yaşdan Şərq dillərini öyrənməyimə
nəzarət etmiş, türk, ərəb, tatar və fars
dillərindən bilikli, təcrübəli müəllimlər
tutmuşdu".
1854-cü ildə kiçik məmur kimi işə
başlayan Mirzə Mustafa 44 il ərzində müxtəlif
idarələrdə tərcüməçi olmuş,
qüsursuz xidmətinə görə rus və İran ordenləri
ilə təltif edilmişdi. Müxtəlif vaxtlarda xüsusi
ilə vacib məxfi sənədlərin tərcüməsi,
habelə Rusiyadan keçib Avropaya gedən Qacar hökmdarı
Nəsrəddin şahın müşayiət olunması ona həvalə
edilmişdi. Mirzə Fətəlinin ölümündən
sonra onun Qafqaz hərbi dairə qərargahındakı tərcüməçi
vəzifəsi də Mirzə Mustafaya
tapşırılmışdı. Qafqaz ordusu Baş
komandanının köməkçisinə 1 mart 1878-ci il
tarixli ərizəsində o, əlavə yükün
altına da girməsini "mərhum qohumunun ailəsinə
maddi yardım göstərmək" niyyəti ilə əlaqələndirmişdi.
Bacısı Tubu xanımın adından Qafqaz canişininə
yazdığı 6 mart 1879-cu il tarixli ərizədə isə
Mirzə Mustafa "ailəsi ehtiyac içində qalan mərhum
ədibin yaradıcılığı ilə Avropa
şöhrəti qazandığını, əsərlərinin
ölkədə gənc nəslin tərbiyəsində qiymətli
vasitələrdən" biri olduğunu qeyd edirdi. Ümumiyyətlə,
Mirzə Mustafa M.F.Axundzadənin irsinə dəyər verən və
imkanı daxilində təbliğ edən ilk ziyalılardan olmuşdu.
Mirzə Mustafa XIX əsrdə müvəqqəti də
olsa, Qafqaz Senzura Komitəsinin işində iştirak edən
ikinci azərbaycanlı idi. Yeznəsi Mirzə Fətəlinin
ardınca 1879-cu il iyunun 6-dan avqustun 30-na qədər qurumun
Şərq və yerli dillər üzrə baş senzoru
olmuşdu. Bu zaman ərəb,
fars, türk, erməni, gürcü dillərindəki mətbu
nəşrlərlə birlikdə Ünsizadə
qardaşlarının "Ziya" qəzetini də senzuradan
keçirmişdi. Ağa Əmirzadə adlı müəllif
bu qəzetdə M.Şahtaxtinskinin "Təkmilləşdirilmiş
müsəlman əlifbeyi" (1879) kitabı haqda Mirzə Fətəli
və əsər müəllifini hədəf alan təhqiramiz
yazı dərc etdirmək istəyəndə M.M.Axundov senzor
kimi qarşısını almışdı.
Mirzə Mustafanın anadilli mətbuatla əlaqələri
yalnız senzorluq fəaliyyəti ilə məhdudlaşmırdı.
"Şərqi-rus"un tədqiqatçısı Ş.Novruzovun
yazdığına görə, C.Məmmədquluzadə,
Ö.F.Nemanzadə kimi ziyalılarla birlikdə o da yaxından
tanıdığı M.Şahtaxtinskinin nəşrində
iştirak etmişdi.
Qafqaz idarəçiləri milli
ziyalılarımızın çoxu kimi Mirzə Mustafaya
qarşı da nankorluq
etmişdilər. 44 illik qüsursuz xidmətdən sonra
o, 1898-ci ilin sentyabrında anlaşılmazlıq,
özünün yazdığı kimi
"ehtiyatsızlıq" ucbatından yol verilmiş bir səhvə
görə istefaya getmək əmri almışdı.
M.M.Axundov istefa ərizəsi yazmış, hərbi dairə
ştabının komandanına yazılı məruzədə
isə günahsız olduğunu sübuta yetirmişdi.
Mirzə Mustafa təhsil məsələsində məşhur
qohumunun fikirlərinin
davamçısı idi. O, M.F.Axundzadənin məktublarının
birində "nəcib ailə" kimi söz
açdığı Gəncə sakini Abdulla bəy Mehbəliyevin
qızı Şəkər xanımla evlənmişdi. Həmin
nikahdan iki övladı - oğlu Rəhim (1863) və
qızı Dilşad (1869) doğulmuşdu. Mirzə Mustafa
onların ikisinə də dövrünə görə
yaxşı təhsil vermişdi. "Kavkaz" qəzetinin 9
mart 1882-ci il tarixli sayındakı bir xəbərdən
"maarif dostu M.M.Axundovun" qızı Dilşad
xanımı Tiflisin Nəcib Qızlar institutuna qoyduğunu
öyrənirik. Dilşaddan əvvəl orada Mirzə Fətəlinin
qızı Nisə xanım təhsil almışdı.
"Tiflisskiy listok"un 3 iyun 1889-cu il tarixli sayında isə
"tatar qızları" Dilşad Axundova və Nigar
Qayıbovanın (sonralar general Ə.Şıxlinskinin həyat
yoldaşı - V.Q.) İnstitutu qızıl medalla bitirdikləri
bildirilirdi.
Oğlu Rəhim bəy Axundov isə Tiflis
gimnaziyasını bitirdikdən sonra ali təhsilini Moskva
universiteti və Peterburq Yol Mühəndisləri institutunda
almışdı. Moskvadan bibisi oğlu Rəşid bəy
Axundova yazdığı məktublar onun xalqını ürəkdən
sevən, milli tərəqqi üçün yollar axtaran bir
ziyalı kimi yetişdiyini göstərir. Rəhim bəy
orijinalı Azərbaycan MEA Füzuli adına Əlyazmaları
İnstitutunda saxlanan 1899-cu il tarixli bir məktubunda
çarizmin hakim millətçilik siyasətini tənqid edərək
Rəşid bəyə yazırdı: "Sənin vacib xəbərlərlə
dolu məktubunu aldım. Qardaşım, dünya ədalətsizlik
üzərində köklənib. Öyrənməyə layiq
ən lazımlı peşənin
fırıldaqçılıq olması ilə bağlı
"müdrik fikrə" haqq qazandırmaq lazımdır.
Vay XIX əsrin bu prinsipindən xəbərsiz olanların
halına! Adi xəzinə oğrusu rahat, isti dövlət mənzilində
yaşayır, namuslu adamlar isə min bir çətinliklə
üzləşirlər. Öz atalarımızı yada salaq:
30-40 il xidmət edir, sonda da övladına bir qəpik qoymadan
borc içində ölüb gedirlər. Hansı qubernator,
yaxud senator onlardan daha çox çalışıb? Belə,
qardaşım, Krılovun təmsilində deyildiyi kimi,
"Sus və döz!" Nə edəsən, bizim millətin
heç bir nümayəndəsi yüksək mövqeyə
çıxmamalıdır. Biz (bizim nəslimiz) Qafqaz türkləri
arasında ən savadlı, təhsilli (atalarımız, sən,
Ağahüseyn, İsmayıl və b.) sayılırıq.
Lakin hansı birimiz cəmiyyətdə müəyyən rol
oynaya bilirik? Rol bir yana qalsın, hansımızın adi ruhi
sakitliyi, rahatlığı var?
Gəl bu söhbəti buraxaq. Təbiəti etibarı
ilə özündən qat-qat istedadsızlar arasında
gözə görünməyəcək dərəcədə
cüzi mövqe tutan millətimizin halı məni təəssüfləndirir,
ağrıdır. Doğulduq və zavallı
xalqımızın maariflənməsi üçün
heç bir iş görmədən ölüb gedəcəyik..."
(tərcümə mənimdir - V.Q.). Bir hissəsini misal gətirdiyim
bu məktub gənc Rəhim bəyin M.F.Axundzadə
ideyalarının təsiri altında xalqı
üçün yanan açıq fikirli milli ziyalı kimi
yetişdiyini göstərir.
Əsrin əvvəllərində Rəhim bəy
Axundov Qafqazda tanınmış dəmiryol mütəxəssisi
idi. Bir müddət Zaqafqaziya dəmiryolu Dağıstan və
Tiflis hissələrinin rəisi işləmişdi. Tiflis
"müsəlmanları" 1906-cı ildə onu şəhər
Dumasına qlasnı seçmişdi. Rəhim bəy milli mədəni-ictimai
tədbirlərdə, o cümlədən 1911-ci ildə dayısı
M.F.Axundzadənin anadan olmasının 100 illiyi münasibəti
ilə Tiflisdə keçirilən yubiley mərasimində
yaxından iştirak etmişdi.
Mirzə Mustafa da müəllimi və yaxın qohumunun
haqq işinin təntənəsini görmüşdü -
1903-cü ildə "Komediyalar"ın rusca ilk nəşrinin
50 illiyinin bayram edilməsinin şahidi olmuşdu. Məşhur
qafqazşünas Y.Q.Veydenbauma Mirzə Fətəlinin
"Puşkinin ölümünə Şərq
poeması" əsərini, habelə Ərzurum səfəri zamanı
rus şairi ilə görüşmüş Fazil xan
Şeyda haqqındakı məlumatları
da o vermişdi.
"Kavkaz" qəzetinin 7 iyun 1904-cü il tarixli
sayında çıxan başsağlığı
elanında Şəkər xanım Axundova, Rəhim bəy
Axundov, Dilşad xanım Qalabəyova dost və yaxınlara ailələrinə
üz verən kədəri - "kollec müşaviri Mirzə
Mustafa Axundovun" Tiflisdə, 69 yaşında vəfat etməsini
çatdırmışdılar.
Atasından fərqli olaraq Rəhim bəyin 1911-ci ildən
sonrakı taleyi, eləcə də Axundovlar ailəsinin digər
ali təhsilli qohumları - məktubda adları çəkilən
Ağaverdi və İsmayıl haqda heç bir bilgimiz yoxdur.
Sonda şübhəli qaldığım bir məqamı
da müəlliflərlə bölüşmək istərdim.
Mənə elə gəlir ki, Abbasmirzə Əhməd
oğlu Əliyevə həsr olunmuş oçerkdə (II
cild, s. 340-347) adı çəkilən Rəhim Axundovla
tiflisli Rəhim bəy Axundov tam fərqli şəxslərdir.
Abbas Əhmədovun xalası oğlu olan birinci Rəhim Axundov
1917-ci ildə Kiyev Politexnik İnstitutunun kənd təsərrüfatı
fakültəsini bitirmişdi. Ona görə də
Cümhuriyyətin Ümuri-Xeyriyyə Nəzarətinə
(Nazirliyinə) işlə bağlı ərizə verəndə
özünü tam əsasla alim-aqronom kimi təqdim edə bilərdi.
Üstəlik, Asəf bəy Şıxəlibəyli
haqqındakı oçerkdən (c.VIII, s.353) onun əsl
adının Əbdürrəhim olduğunu və Bakı real
məktəbini bitirdiyini öyrənirik. Nəhayət, orta təhsilini
Tiflisdə alan 1863-cü il doğumlu Rəhim bəy Mirzə
Mustafa oğlunun 1917-ci ildə, 50-55 yaşda ikən tələbə
olması inandırıcı görünmür. XX əsrin əvvəlində
onun Zaqafqaziya dəmiryolunda mühüm vəzifə
tutması, Tiflis Dumasına seçilməsi haqda məlumat
mövcuddur. Amma bir məsələ də var ki, bu
yanlışlıq 1920-ci ilə qədər ali məktəblərdə
oxumuş soydaşlarınızın sayının bir nəfər
də artdığını, yəni tələbələr
arasında bir deyil, iki Rəhim Axundov olduğunu deməyə əsas
verir.
Bir sözlə, böyük iş görülüb.
Eyni zamanda inanırıq ki, dəqiqləşdirmə və
axtarışların davam etməsi tək kəmiyyət
deyil, keyfiyyət üçün də faydalı olacaq.
Sarayevo
Aprel, 2025-ci il
Vilayət QULİYEV
525-ci qəzet.- 2025.- 9 may(¹80).- S.14-15.