Adil Kərimli Azərbaycana gəlmiş mərakeşli
nazirlə görüşüb
Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Mərakeş
Krallığının gənclər, mədəniyyət və
kommunikasiya naziri Mohamed Mehdi Bensaid ilə
görüşüb.
Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində
gerçəkləşən görüşdə Azərbaycanın
Mərakeş Krallığındakı səfiri Nazim Səmədov
da iştirak edib.
Qonağı səmimi salamlayan Adil Kərimli iki
ölkə arasında bütün sahələrdə, o
cümlədən mədəniyyət sahəsində əlaqələrin
yüksək səviyyədə olduğunu deyib. Nazir həmçinin
2023-cü ildə dost ölkəyə səfərini, orada
keçirdiyi görüşləri məmnunluqla yada
salıb.
Qeyd olunub ki, mədəniyyət iki ölkənin
xalqlarını yaxınlaşdıran mühüm vasitələrdəndir.
2008 və 2010-cu illərdə Mərakeşdə Azərbaycan
Mədəniyyəti Günləri, 2009 və 2011-ci illərdə
isə Bakıda Mərakeş Mədəniyyəti Günləri
keçirilib. Uzun fasilədən sonra yenidən
qarşılıqlı mədəniyyət günlərinin
keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Mərakeşli nazir Mohamed Mehdi Bensaid görüşə
görə azərbaycanlı həmkarına təşəkkürünü
bildirib. Qonaq nazir də Mərakeşlə Azərbaycan
arasında əlaqələrin müxtəlif istiqamətlər
üzrə uğurla inkişaf etdiyini diqqətə
çatdırıb.
Söhbət zamanı qarşılıqlı mədəniyyət
günlərinin təşkili və maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
525-ci qəzet.- 2025.- 9 may(№80).- S.13.