"Sevdiyim qızın rəsmini
çəkmək üçün rəssam oldum"
Rəssam Əli Qafarlı: "Yaxşı rəsm
çəkəndə elə bilirəm dünyanın ən
güclü, ən yaraşıqlı, ən bacarıqlı
adamı mənəm"
Əli Qafarlı 1990-cı ildə anadan olub.
2008-2012-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında təhsil alıb. 2012-ci ildən Sumqayıt
şəhər 2 saylı Uşaq İncəsənət Məktəbinin
rəsm şöbəsində müəllim işləyir.
Müxtəlif janrlarda işləri var. Bir sıra rəsm sərgilərində
iştirak edib, sertifikat və diplomlarla
mükafatlandırılıb.
Müsahibimiz rəssam Əli Qafarlıdır.
- Əli, neçə ildir rəssamlıqla məşğul
olursunuz?
- Artıq on dörd ildir.
- Bildiyim qədərilə paralel olaraq müəllimlik
fəaliyyətiniz də var.
- Bəli. Sumqayıt Şəhər Bülbül
Adına Uşaq İncəsənət Məktəbinin müəllimiyəm.
- Pedaqoji fəaliyyət yaradıcılığa mane
olmur?
- Düzünü desəm, pedaqoji fəaliyyət
yaradıcılığı öldürür. Məsələn,
yalnız yaradıcılıqla məşğul olsaydım,
daha çox yol qət edərdim. Ömrümün
böyük bir hissəsini müəllimliyə həsr
etmişəm. Pedaqoji fəaliyyətdən əlavə
yaradıcılıq üçün nə qədər vaxt
qalıbsa, onunla kifayətlənməli olmuşam.
Düzdür, müəllimliyi də sevirəm, ancaq deməliyəm
ki, yaradıcılıqla ikisi bir arada çox çətindir.
Yaradıcılığa mane olan digər bir amil isə
sifarişlə işləməkdir. Çünki sifarişlə
görülən işi çox vaxt texnika əsasında
qurursan, ora özündən heç nə qoymursan.
- Azərbaycanda rəssam olmaq. Gənc rəssam kimi bu
haqda nə deyə bilərsiniz? Sizləri ən çox
narahat edən, yaradıcılığına mane olan problemlər
nələrdir?
- Bu suala cavab vermək bir qədər çətindir.
Çünki cavab rəssama görə dəyişir.
Ümumi götürəndə isə çoxumuzun ən
böyük problemi emalatxanadır. Məsələn, bu, mənim
altıncı emalatxanamdır. Hər dəfə böyük
həvəslə icarəyə götürürsən, ya
qiymət qalxır, ya da başqa nəsə bir problem
çıxır. Məlum məsələdir ki, rəssam
üçün emalatxana vacibdir. Qeyd etdiyim kimi, hər kəsin
adından danışa bilmərəm. Eləsi var ki, bundan da
böyük emalatxanası, çoxlu tələbəsi var,
heç nədən də şikayət eləmir. Eləsi də
var ki, həmişə şikayətçidir. Bu, insana
görə dəyişir. Ancaq çoxluq əziyyət
çəkir.
Müasir dövr rəssamlığının əsas
problemlərindən biri də texnologiya ilə
bağlıdır. On il əvvəl indikinə nəzərən
rəssam az olsa da, bu sahəyə böyük tələbat
vardı. İndi isə vəziyyət dəyişib,
texnologiyanın inkişafı bizim sahəyə də təsirsiz
ötüşməyib Məsələn,
əvvəllər biz restoranların, müxtəlif
binaların divarlarına rəsmlər çəkirdik, bu
gün artıq ona ehtiyac qalmayıb. Hamısını
texnologiyanın köməyi ilə həll edirlər.
Hazırda texnika əl işini üstələməkdədir.
- Belə olan halda əl işinin dəyəri
qalxmalı deyil?
- Bəli, əslində elə olmalıdır. Ancaq
çox təəssüf ki, biz əksini görürük.
- Atanız Vidadi Qafarlı da incəsənət cameəsində
tanınan rəssamlardandır. Atanızın adı çox
güman müəyyən qapıları sizin
üzünüzə açıb.
- Əvvəllər, bəli. Xüsusən də yeni
başladığım dövrdə. Ümumiyyətlə, məndə
bu işığı atam görüb, rəssamlığa da
o yönləndirib. Yəqin atam rəssam olmasaydı, mən də
olmazdım. Ancaq bunun həm də məsuliyyəti var. Məsələn,
Akademiyada oxuyanda bilirdilər ki, atam rəssamdır. Ona görə
də məndən daha çox şey tələb edirdilər.
- Sizi həm də şokaladla çəkdiniz
tablolardan tanıyırıq. Bu işi hələ də davam
etdirirsiniz?
- Atam Türkiyədə olanda şokoladla əsərlər
çəkib, hətta bir dəfə anamı da təsvir
edib. Bir müddət mən də bu işlə məşğul
oldum. Həmin dövrdə böyük maraq olduğunu hiss etsəm
də, sonradan sifarişlər azaldı. Hazırda Azərbaycanda
bu işi ilk edən rəssam kimi patentini almaq
üçün çalışıram. Ölkəmizdə
bu üsul geniş yayılmayıb. Ümumiyyətlə,
texnika çox çətindir. Hər dəfə
şokoladı pozub yenidən çəkmək asan deyil.
- Ən baha satdığınız əsər
neçəyə olub?
- 800 manat. Yalandan deyə bilmərəm ki, çox
baha qiymətə işlər satmışam. Əgər
ehtiyacım olmasaydı, bəzi rəsmlərimi ümumiyyətlə
satmazdım. Məsələn, mən təkcə
emalatxananın icarəsinə müəyyən qədər
pul verirəm. Hərdən elə bir sifariş olur ki, həmin
ayın icarə pulu bir əsərlə çıxır. Bəzən
də əksinə, nə tələb olur, nə də
işin satılır. Elə olan halda da məcbursan öz
cibindən icarə verəsən. Bu da insanı müəyyən
qədər həvəsdən salır. Ancaq yadımdadır
ki, atam rəssamlıqdan qazandığı pulla üç dəfə
ev almışdı. Təbii ki, o dövrdə insanların rəssamlığa
yanaşması başqa cür idi. Fikrimcə, indiki zamanın
da öz üstünlüyü var. Atam deyir ki, sizdəki
imkanlar olsaydı, mən Allah bilir harada olardım. Məsələn,
bu gün bir dənə eskiz çəkib sosial şəbəkədə
paylaşırsan, dünyanın o başından sənə
reaksiya verirlər. Ancaq atam danışır ki, o vaxtlar rayonda
çardaqda toz-torpağın içərisində rəsm
çəkirlərmiş. İşlərini nümayiş
etdirmək üçün qalereya düzürmüşlər.
Gözləyirmişlər ki, Bakıdan rəssamlar gəlib
onların əsərlərinə baxacaq.
- Sizcə, yaxşı rəsm üçün ən
birinci nə lazımdır?
- Səmimiyyət. Ola bilər ki, bütün
texnikaları biləsən, ancaq səmimiyyət yoxdursa, əsər
alınmır. Çünki izləyici bunu hiss edir. İllər
öncə oyuncaqla bir qız çəkmişdim. Sərgidə
o işim satıldı. Tablonu alan adam əsəri elə
qucaqlayıb apardı ki, bu günə qədər
gözümün önündən getmir. O vaxt mən hələ
öyrənmə mərhələsində idim. O qədər
də peşəkar iş hesab etmək olmazdı, ancaq
görünür, həmin tablo yeni sahibində hansısa hissləri,
xatirələri oyatmışdı.
Fikrimcə, insanlar bəzən rəsmlərə sadəcə
sığınır. Elə adam da var ki, deyir neynirəm tabloya
pul verib, sərgidə gedib baxıram da. Yanaşmalar müxtəlifdir.
Ancaq mən rəssam olmasaydım belə, bəzi rəsmləri
mütləq alıb evimin divarından asardım.
- Məsələn, kimin işlərini?
- Məsələn, Cəlal Ağayev. Onun əsərlərində
elə bir enerji var ki, adamı tilsimə salır.
- Ən çox hansı növdə sifarişlər
alırsınız?
- Daha çox portret istəyirlər, natürmort
sifarişləri də olur. Bəzən də məşhur
tabloların bənzərini istəyirlər.
- Bəs özünüz hansı üslubda işləməyi
sevirsiniz?
- Həyatda çox xəyalpərəst olsam da, əsərlərimdə
realizm, klassisizmi üstün tuturam. Xüsusilə də
qadın portretlərini işləməyi sevirəm.
- Niyə məhz qadın?
- İlham pərisi həmişə qadın olub.
Qadın olmasa, incəsənət olmazdı. Məsələn,
mən Orta əsrlərdə rəssam olsaydım, ancaq
kralları çəkmək tapşırığını
yerinə yetirə bilməzdim.
- Kişi portretləri işləmirsiniz?
- Sifarişlə işləmişəm. Heç vaxt
öz xoşumla hansısa kişini çəkmək
eşqinə düşməmişəm. Ancaq portretini işləmək
istədiyim məşhurlar var. Məsələn, Ramiz
Rövşəni çəkməyi həmişə
çox istəmişəm. O, sanki şeirlərində
sözdən rəsm çəkir. Elə bil Ramiz Rövşənin
əlində fırça var. Bir gün onu çəkəsi
olsam, əlində qələm yox, məhz fırça
çəkərdim.
- Bəs niyə bir gün?
- Düzü, hələ özümü buna hazır
hiss etmirəm. Tam şəkildə kompozisiyanı beynimdə
qurub o cür başlamaq istəyirəm.
- Qeyd etdiyiniz kimi, qadın portretləri
yaradıcılığınızda xüsusi yer tutur.
Qadının İlham mənbəyi olması fikri ilə
razıyam. Ancaq çox güman portret sevginizin başqa səbəbləri
də var.
- Məndə portretlərə maraq xoşuma gələn
qızı çəkmə arzusundan yaranıb.
- Sevdiyiniz qızın rəsmini çəkmək
üçün rəssam olmusunuz, deməli. Nə oldu o
qızın axırı?
- Alınmadı.
- Bu xanım odur? (Divardakı tablonu göstərirəm)
- Xeyr. Bu xanım özü də rəssamdır,
ortaq dostlarımız var. Başqa rəssamlar da onu çəkib.
Mən klassik üslubda çəkmək istədim.
Kompozisiyanı qurandan sonra ona da izah etdim, hazırlıqlı
gəldi. Beləcə oturub çəkdim.
- Belə bir portret işləməyə təxminən
nə qədər vaxtınız getdi?
- Məhz, bu rəsmə dörd-beş saatım getdi.
Düzdür, canlı olaraq çəkmək nisbətən
çətindir, ancaq daha effektivdir. Biri var, sən psixoloji tərəfdən
yanaşasan, biri də var əsəri yalnız akademizm üzərində
qurasan. Portret işləyərkən adamın həmin
günkü ruh halını nə qədər tuta bildinsə,
bildin. Növbəti gün əhvalı dəyişə bilər
və həmin effekt olmaz. Bu xanım mənim qarşımda
oturanda onun həmin gün olan ruh halını təsvir etməyə
çalışdım. Ancaq fotodan çəkəndə
daha çox texnika üzərində qurulan şablon iş
alınır. İkisi arasında çox böyük fərq
var.
- Tabloda Modilyanin enerjisi var. Bunu məqsədli etmisiniz,
yoxsa belə alınıb?
- Açığı, yox. Sadəcə klassik
üslubda çəkmək istəyirdim. Ancaq sonradan mənə
çox adam dedi ki, Modilyanin qadınlarına oxşayır.
Əslində, bu xanım xaraktercə burada
gördüyünüzdən tamam başqadır. Xaraktercə
çılğın olsa da, gözündə qəribə
bir kədər var. Mən onu verməyə
çalışmışam.
- İncəsənətin ən gözəl tərəflərindən
biri də bəlkə də mücərrədliyin gətirdiyi
maraqdır. Tanımadığımız adamları bir rəsmlə,
bir şeirlə kəşf etməyə
çalışırıq. Bayaqdan heç üzünü
görmədiyim bir adamın gözündəki kədərin
səbəbini sorğulayırıq.
- Bəli. Buna vasitəçi olmaq isə tamam
başqadır. Həmişə mənə elə gəlir
ki, rəssamlığı bacaran insan heç vaxt bədbəxt
ola bilməz.
- Rəssamlıq sizi xoşbəxt edir?
- Tam olaraq yox, ancaq xoşbəxt etdiyi anlar var. Məsələn,
hərdən elə bir əsər çəkirsən ki,
sonda ona baxanda sənə elə gəlir ki, dünyanın ən
güclü, ən yaraşıqlı, ən bacarıqlı
adamı sənsən. Onda olursan xoşbəxt...
Aytac SAHƏD
525-ci qəzet.- 2025.- 9 may(№80).- S.12.