Bank kartları kiberdələduzların
hədəfində
Son vaxtlar vətəndaşların bank kartlarından
pullarının oğurlanması halları xeyli artıb. Bəzən
insanlar kart məlumatlarını sosial şəbəkələrdə
paylaşır və ya bankın adından zəng edən
şəxslərə verirlər. Bundan sonra dələduzlar
çox asanlıqlar hesabdakı bütün pulları çəkirlər.
Xarici ölkələrdən gələn zənglər,
mesajlar, oyun-uduş kuponlarının alqı-satqısı,
keşbek tələləri də bank kartlarından oğurluq
hallarını artırır.
Son bir neçə gündə ayrı-ayrı vətəndaşların
müxtəlif kiber üsulla 13697, 7000, 2800, 2400, 723, 349, 220,
150, 104 manat pul vəsaitləri bank kartlarından
oğurlanıb. Əksər hallarda belə cinayətlərin
üstü açılmır və itirilmiş pullar vətəndaşlara
qaytarılmır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevin sözlərinə
görə, vətəndaşlar çox diqqətli
olmalıdırlar. Onlara gələn zənglər üzrə
nömrələrin hansı ölkədən olmasına diqqət
yetirməli, onlayn keşbek linklərinə daxil olmamalı,
"bank kartınıza müdaxilə var", "əlavə
qazanc, yüksək faiz" deyənlərə
inanmamalıdırlar. Bəzi vətəndaşlar bununla
bağlı məlumatlı olsalar da, aldanırlar: "Talamaya
məruz qalan vətəndaşlar Daxili İşlər Nazirliyi
tərəfindən aparılan təbliğatdan xəbərdar
olublar. Bunu zərərçəkmişlərdən
soruşuruq, "Məlumatım var idi, bilmədim ki, mənim
də başıma gələ bilər" deyirlər".
O vurğulayıb ki, kibercinayətkarlıq - talamalar tək
oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə
dələduzluq halları da geniş vüsət alıb.
Onlarla vətəndaş dələduzluq hallarının
qurbanı olub: "Vətəndaşlar instaqram, teleqram,
feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən
əlavə gəlir qazanmaq, sığorta ödənişləri,
turist səyahətləri, mebel sifarişi, qızıl
satışı, ev-alqı satqısı, kirayə, kredit
adı altında verilən yalan vədlərə inanaraq tələb
olunan məbləğləri başqa-başqa bank
hesablarına köçürürlər. Sonradan həmin
hesablar, linklər, telefon nömrələri dərhal
qapadılır".
Bank kartlarından pul necə yoxa çıxır?
Mütəxəssislər hesab edirlər ki, bunda çox vaxt
vətəndaşların özləri günahkar olur,
qeyri-ciddi şəkildə kart məlumatlarını
başqalarına həvalə edirlər.
Azərbaycanda fırıldaqçılıq əməliyyatlarının
daha çox iki növündən istifadə edilir - Fişinq
(phishing) və Vişinq (vishing).
Fişinq rəqəmsal kommunikasiya üsullarından
istifadə edilərək istifadəçinin istifadəçi
adı, şifrəsi, kart məlumatları və digər həssas
məlumatların dələduzlar tərəfindən ələ
keçirilməsi və oğurlanmasıdır. Bu
fırıldaqçılıq üsulu əsasən elektron
poçt, ani mesajlaşma, zəng etmə və real veb
saytların görünüşünün saxta veb saytlara
köçürülməsi yolu ilə istifadəçilərin
aldadılması ilə səciyyələnir. Kart sahibinə
bank adından saxta elektron məktub göndərilərək
müxtəlif bəhanələrlə ödəniş
kartı rekvizitlərinin daxil edilməsi, şəxsi məlumatların
təsdiq edilməsi tələb edilir. Kart sahibi tərəfindən
təqdim edilən məlumatlar isə növbəti mərhələdə
fırıldaqçılıq əməliyyatlarının həyata
keçirilməsində istifadə edilir.
Vişinqdə isə dələduzlar telefon zəngi
vasitəsilə bank əməkdaşı və ya
hüquq-mühafizə orqanın əməkdaşı
olduğunu bildirərək, onun hesabının təhlükədə
olması barədə məlumat təqdim edir. Hesabının
təhlükəsizliyinin təmin edilməsi məqsədilə
telefonuna mobil əlavənin yüklənməli olduğunu və
ya onun şəxsi məlumatlarının təsdiqlənməsini
tələb edirlər. Dələduzlar tərəfindən təklif
edilən mobil əlavələr zərərli tətbiqlərdir.
Həmin tətbiqlər sizin fərdi məlumatlarınızın
oğurlanması ehtimalını yüksəldir və gələcəkdə
aparılacaq fırıldaqçılıq əməliyyatlarının
sizin adınızdan həyata keçirilməsi
ehtimalını yüksəldir
Bəs bank kartlarını dələduzlardan necə
qorumaq olar?
Bir neçə qaydaya riayət etməklə bu kimi
risklərdən qorunmaq olar: Hesaba aid məlumatlar vətəndaşın
müştərisi olduğu bankda var. Belə olan təqdirdə
səlahiyyətli bank nümayəndəsinə bu məlumatlar
lazım deyil. İstənilən bankda kart əldə edilən
zaman ilk iş olaraq SMS bildiriş funksiyası aktivləşdirilməlidir.
Heç bir halda zəng vuran, e-mail və ya sosial şəbəkə
vasitəsilə yazan fırıldaqçının sözlərinə
inanıb, onun kartı "qoruma"sına icazə verilməməlidir.
Bütün kart mərkəzlərinin 7/24 çalışan
əməkdaşları var. Təhlükəli əməliyyat
aşkarladıqları zaman icazə
soruşmadan belə bu əməliyyatı dondurmaq və
bloklamaq səlahiyyətləri var. İnternetdə
qarşıya çıxan cəlbedici onlayn lotereya və ya
prizlərlə bağlı keçidlərə keçmək
lazım deyil. Çünki pulsuz pendir yalnız siçan tələsində
olur.
Qarşı tərəfə heç bir məlumat
vermək olmaz. Əgər artıq verilibsə, dərhal aidiyyəti
şifrələr dəyişdirilməlidir. Mobil tətbiq
varsa, kartı müvəqqəti məsələ
aydınlaşana qədər blok etmək lazımdır.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları
Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun
prezidenti Osman Gündüz deyir ki, onlayn
fırıldaqçılıq yolu ilə bank kartlarından
pulların oğurlanması kimi halların bu qədər
artmasına səbəb vətəndaşların məlumatsızlığıdır:
"Bu gün dələduzluq formaları da rəqəmsallaşıb
və bu mövzuda kifayət qədər "peşəkarlar"
var. Onların "uğurunun" əsas səbəbi isə
əksər hallarda insanların məlumatsızlığı
olur. Vətəndaşlar son dərəcə diqqətli və
ehtiyatlı olmalıdırlar. Mütləq şəkildə
onlara sorğu göndərən resursu öyrənməli,
domenin nə zaman yaradıldığına diqqət yetirməlidirlər.
Sorğu göndərən resurs barədə "Google"da
qısa bir araşdırma aparmalıdırlar. Əgər bu
resurs barədə "Google"də heç bir məlumat
yoxdursa, dərhal aidiyyəti qurumlara müraciət etmək
lazımdır".
Osman Gündüzün dediyinə görə, bu
gün sosial şəbəkələrdə hər bir
insanın istədiyi məlumatı reklam şəklində,
pul vəsaiti yatırtmaqla yaymaq imkanı var. Ona görə də
problem geniş vüsət alıb: "Dələduzların
toruna düşməmək üçün elektron poçt,
messencer və ya sosial şəbəkələrdəki
şübhəli linklərə keçid etməmək, həmçinin
şübhəli saytlardakı reklam banerlərinə klikləməmək
lazımdır. Ödəniş üçün məlumatları
daxil etməzdən öncə ünvan zolağındakı
sayt ünvanını diqqətlə yoxlayın. Daha
yaxşı olar ki, onlayn alış-veriş üçün
ayrıca bir kart, məsələn, virtual kart
açasınız və onun balansında az məbləğ
saxlayasınız, həmçinin gündəlik
nağdlaşdırma limiti təyin edəsiniz. Fişinq və
ya spam saytlarına, eləcə də zərərli reklam
bannerlərinə keçidi bloklayan qoruma proqramı yükləməkdə
fayda var".
Ekspert qeyd edib ki, bir neçə qaydaya riayət etməklə
bu kimi risklərdən qorunmaq mümkündür: "İstənilən
bankda kart əldə etdiyiniz zaman ilk iş olaraq SMS bildiriş
funksiyasını aktivləşdirmək lazımdır.
Heç bir halda zəng vuran, e-mail və ya sosial şəbəkə
vasitəsilə yazan fırıldaqçının sözlərinə
inanmaq olmaz. Bütün kart mərkəzlərinin 7/24
çalışan əməkdaşları var. Təhlükəli
əməliyyat aşkarladıqları zaman vətəndaşın
icazəsini soruşmadan belə bu əməliyyatı dondurmaq
və bloklamaq səlahiyyətləri var. İnternetdə
qarşınıza çıxan cəlbedici onlayn lotereya və
ya prizlərlə bağlı keçidlərə keçmək
məsləhət deyil. Vətəndaş ona məxsus olmayan,
ictimai açıq olan Wi-Fi şəbəkələrinə
də qoşulmamalıdır. Məcburiyyətdən
qoşulduğu zaman isə elektron bank sistemlərinə, elektron
poçta, sosial şəbəkə sistemlərinə
giriş etməməyə çalışmalıdır. Vətəndaş
daxil olduğu saytların adlarının "https" ilə
başladığına və öndə yaşıl
qıfıl işarəsinin olduğuna diqqət yetirməlidir".
Hüquqşünas Əkrəm Həsənov bildirib
ki, bəzən kimsə vətəndaşlara zəng edir, bank
kartının rekvizitlərini soruşur, guya ki, bankdan zəng
ediblər. Vətəndaş da düşünmədən
kartının rekvizitlərini, onun ön və arxa tərəfində
olan nömrələri, digər məlumatları o şəxsə
verir. Zəng edən şəxsin həqiqətən də
bank işçisi olub-olmadığı dəqiqləşdirilmir.
Ona görə də kartından pul çıxarılır.
Vətəndaş bilməlidir ki, bank heç vaxt telefonla zəng
edib belə şeyləri soruşmur. Çünki bu məlumatlar
bankın özündə mövcuddur: "Ümumilikdə,
bankın kart məlumatlarını istəməsi şübhəli
haldır. Çünki bank müştəriyə kartı həmin
məlumatları üçüncü tərəfə
açıqlamamaq şərti ilə təqdim edir. Belə
olduğu halda bankın özünün geri dönüş
edib bu məlumatları müştəridən istəməsi
sual doğurur. Çünki bu məlumatlar onsuz da bankın
sistemində var. Hansısa bankın adından müştəriyə
zəng daxil olunubsa, hansısa məlumatlar tələb edilirsə
və müştəridə öz-özlüyündə
şübhə yaranırsa, həmin şəxs dəstəyi
asmalı və bankla özü əlaqə
saxlamalıdır. Müştəri zəngin məzmunu ilə
bağlı məlumatları verdikdə bank özü də
təhlükəsizlik xidmətlərini gücləndirmiş
olur". Əkrəm Həsənovun sözlərinə
görə, vətəndaşlar şifrəsini, pin kodunu
heç kəsə deməməlidir: "Banklarda belə bir
sistem var ki, müştərinin kartından pul silinməzdən
əvvəl telefonuna SMS gəlir. Əgər vətəndaş
əməliyyatın icra olunmağını istəyirsə,
təsdiq verməlidir, istəmirsə, rədd etməli və
banka əməliyyat üçün müraciət etmədiyini
bildirməlidir. Bu sistemdən istifadə etməyi hər kəsə
tövsiyə edirəm. Digər tərəfdən bəzi vətəndaşlar
bütün lazımi tədbirləri gördüklərini
söyləyirlər, lakin yenə də hesablarından vəsaitlər
oğurlanır. Artıq burada günahkar bankdır".
O vurğulayıb ki, bəzi bankların informasiya təhlükəsizliyi
çox zəifdir. Hakerlər isə çox
güclüdürlər. Zəif bank sistemlərinə daxil
olaraq pul oğurlamaq onlar üçün asandır. Belə
hadisələrin qarşısını almaq üçün
bankların başlıca vəzifəsi möhkəm sistem
yaratmaqdır.
İnformasiya texnologiya üzrə mütəxəssis
Fərid Kazımovun fikrincə, vətəndaşların
informasiya təhlükəsizliyi ilə bağlı
savadlılıq səviyyəsi aşağıdır.
İnsanlar naməlum və təhlükəli saytlara daxil
olarkən bilməyərəkdən hansısa faylları
açırlar. Bu zaman isə smartfonlarına və ya
kompüterlərinə xüsusi proqramlar yüklənir. Bu
proqramlar vasitəsilə asanlıqla telefonun məlumatları ələ
keçirilir və hakerlər bank kartlarını oxuya bilirlər:
"Bu cür halların baş verməməsi
üçün insanların informasiya təhlükəsizliyi
ilə bağlı maarifləndirilməsinə ehtiyac var. Bank
kartlarından istifadə edən bəzi istifadəçilər
hələ də müasir texnologiyaların qaydalarını
tam bilmirlər. Məsələn, istifadəçi kart ilə
onlayn alış-veriş etdikdə, hesab məlumatlarını
telefon, planşet və ya kompüter vasitəsilə daxil edirlər.
Belə olan halda isə məlumatları oğurlayan proqramlar
cihazda varsa, deməli, avtomatik olaraq hesabın ələ
keçirilməsi də asanlaşır. Belə problemlər
on ildən çoxdur ki, var və hələ də gündəmdədir.
Sadəcə onlayn alış-veriş edən istifadəçilərin
sayı əvvəllər az idi və bu cür hallar da nəzərə
çarpmırdı. Hazırda isə insanların
böyük əksəriyyəti onlayn alış-verişə
üstünlük verir ki, bu da hesab oğurluğu
hallarının sayını çoxaldıb".
Azərbaycan Mərkəzi Bankı (AMB) qeyd edilib ki,
fırıldaqçılar vətəndaşların
etibarından sui-istifadə edirlər. Müxtəlif sxemlərə
və maliyyə piramidalarına investisiya qoymaqdan sürətli
və yüksək gəlir vəd edərək, ödəniş
kartı məlumatlarını əldə edirlər. Buna
görə də, vətəndaşlar heç bir halda bu
cür məlumatlara, eləcə də "3D Secure" xidmətindən
telefonunuza göndərilən kodları başqasına etibar
etməməlidir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2025.- 9 may(№80).- S.11.