"Xalqın şüurunda Heydər
Əliyevin mövqeyi getdikcə daha da yüksələcək"
Qazaxıstanın Xalq yazıçısı, görkəmli
ictimai xadim Oljas Süleymenovla söhbət
Azərbaycanın Xalq yazıçısı, publisist
Elmira Axundova "Heydər Əliyev və yaradıcı
ziyalılar" mövzusu üzərində işləyir.
2-cildlik kitab bu ilin payızında işıq üzü
görəcək. Kitabın 2-ci cildində Elmira
xanımın görkəmli sənət adamlarıyla
çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.
Bu söhbətlərdə təkcə dahi Heydər
Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti
deyil, elə müsahiblərin özləri də oxucu
üçün bəzən gözlənilməz, naməlum
tərəflərdən açılır. Onlar müəlliflə
canlı, səmimi, bəzən çox məhrəm dialoq
aparır, təkcə müsahibənin qəhrəmanı barədə
deyil, həm də öz həyatları haqda
danışırlar və quru rəsmiyyətdən uzaq
söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq
doğurur.
Mart ayından başlayaraq söhbətlərdən bəzilərini
"525-ci qəzet"də çap etməyə qərara
almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə
Elmira Axundovaya minnətdarlıq bildiririk.
Elmira Axundova - Siz Heydər Əliyevlə nə vaxt
tanış olmusunuz, ya da onun haqqında ilk dəfə nə
vaxt eşitmisiniz? Sizin bu insan haqqında ilk təəssüratınızı,
xatirələrinizi dinləmək maraqlı olardı.
Oljas Süleymenov - Biz Əliyev haqqında 1969-cu ildə
o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi olanda eşitdik. Bilirdik ki, DTK məktəbi
keçib. Əliyevin ardınca Şevardnadze də hakimiyyətə
gəldi. Qafqaz korrupsiyadan təmizlənməli idi, Zaqafqaziya
isə bu azara xüsusən "yoluxmuşdu". Bu təyinatlar
respublikaların hamısında diqqəti dərhal cəlb
etdi. Ziyalılar arasında söz-söhbətlər gəzdi,
yazıçılar bu barədə çox
danışdılar, Heydər Əliyevin və Eduard
Şevardnadzenin hakimiyyətə gəlişinin bütün
İttifaqda ab-havanın saflaşdırılmasına xidmət
edəcəyinə müəyyən ümidlər bəslənirdi,
çünki korrupsiya bəlasının mədəniyyətə,
iqtisadiyyata, ümumiyyətlə, ölkənin imicinə necə
ziyan vurduğunu biz bu və ya digər dərəcədə
bilirdik.
Heydər Əliyev Qazaxıstana 70-ci illərin
ortalarında, bizə Brejnev başda olmaqla respublikaların
bütün MK birinci katibləri təşrif buyurduqları
vaxt gəlmişdi. Bu, bizim respublikanın yubileyi ilə
bağlı hadisə idi. Onda mən Heydər
Əliyeviçi ilk dəfə gördüm. O
çıxış edirdi, rəhbər qonaqlarıın
hamısı o zaman nitq söyləyirdi, salonda olduğumdan mənim
müqayisə etmək imkanım vardı. Bu adamın
çıxışının mənə necə təsir
bağışladığı indiyədək
yadımdadır. Zabitsayağı şax duruşu, səsi...
Və öz fikirlərini o, çox savadlı, məntiqli, sərrast
ifadə edirdi.
Sonra isə Azərbaycana gəldim, Bakıda sovet ədəbiyyatı
günləri keçirilirdi. Biz tanış olduq. Ancaq Heydər
Əliyevlə söhbətləşmək mənə
yalnız 1981-ci ilin oktyabrında, Nizaminin yubileyində -
respublikada böyük şairin 840 illiyi qeyd ediləndə nəsib
oldu. Bu, onun Moskvaya getməsindən əvvəl idi.
Yadımdadır, biz birlikdə Gəncəyə səfər
etmişdik. O vaxt ondan soruşmuşdum:
- Bəs 840 illik niyə? Axı biz yuvarlaq tarixlərə
- 850 illik, 900 illik... - öyrəşmişik.
O cavab verdi:
- Belə şairlərin yubileyləri hər on ildən
bir keçirilməlidir ki, poeziya, xüsusən də belə
yüksək səviyyəli poeziya xalqda diqqət və maraq
doğursun.
Çox sadə və inandırıcı sözlər
idi.
Süfrə başında Heydər Əliyev mənim
sağlığıma badə qaldırdı, o cümlədən
belə dedi: "Oljas yalnız qazaxlara deyil, Oljas bütün
türklərə lazımdır". Görünür, bu
"AZ iYA" kitabının və müəllifinin aqibəti haqqında gəzən şayiələrə,
söz-söhbətə dolayısı cavab idi. Əliyev,
Sov.İKP MK Siyasi Bürosunda mənim kitabımla bağlı
gedən diskussiyalardan xəbərdar idi. O, öz mövqeyini
açıq-aydın bildirdi. Və bu, mənim
üçün o zaman çox vacib idi.
E.A. - Bəli, "yuxarıda" sizə münasibət
birmənalı deyildi axı. Sizi az qala dissident, pantürkist
kimi qəbul edirdilər. Demək ki, o, bu fikrin əksinə
çıxış etdi.
O.S. - Heydər Əliyev Siyasi Büroya üzv
seçilib Moskvaya işləməyə gedəndə, təəssüf
ki, bizim ünsiyyətimiz kəsildi. Onun orada necə
yaşayıb-işləməsi barədə ayrı-ayrı
söz-söhbətlər gəlib çatırdı. Biz
başa düşürdük ki, bu yolla onu Azərbaycandan
uzaqlaşdırıblar və mən bunun baş verdiyinə
çox heyifsilənirəm. Ağacı doğma torpaqdan
ayıranda o, yaxşı kök sala və meyvə verə
bilmir. Ağac üçün münbit qara torpaq
lazımdır, qum yox, lap istəyir qızıl olsun.
E.A. - Bu, onun üçün faciəvi dövr idi.
O.S. -Amma sonra onun şəxsi faciəsi ictimai faciəyə,
xalqın, bütünlükdə Azərbaycanın faciəsinə
çevrildi. O zaman paralel şəkildə milli respublikalarda təmizləmələr
gedirdi. Bu, miqyaslı fiqurların mövqelərini zəiflətmək
üçün onları respublikadan çıxarmaq üsulu
idi ki, sonradan orada öz siyasətlərini yürüdə
bilsinlər.
Mən o zaman da, elə ondan əvvəl də bilirdim
ki, rəhbərləri kənarlaşdırmağın
müxtəlif yolları var. Onlardan biri də bu adamları vəzifəsini
yüksəltməklə respublikadan çıxarmaq, sonra da səhnədən
silmək idi. Görünür, Heydər Əliyev
üçün də bu üsul nəzərdə
tutulmuşdu. Çünki məşhur liderləri səs-küylə
işdən çıxarmaq olmaz. Ya da bunu, Kunayevlə
bağlı məsələdə olduğu kimi, yerli partiya təşkilatı
etməliydi. Axı Moskva daha respublikaların işinə kobud
müdaxilə göstərə bilmirdi.
E.A. - Problemə maraqlı yanaşmadır. Biz o zaman qəti
şəkildə əmin idik ki, Əliyev daha yüksək vəzifəyə
gedib və buna çox sevinirdik.
O.S. - Sizə obrazlı bir misal çəkim. Düzənlikdə
yollar təpələrin arasından keçir, xəndək,
arx yoxdur. Əgər hansısa iri qaya parçası yolda
görünürsə, onu ən yaxın təpəyə tərəf
itələyirlər, oradan isə o,
üzüaşağı diyirlənir. Heydər Əliyevlə
bağlı məsələdə də, görünür,
Moskva belə davranmışdı. Qaya parçasını təpəyə
tərəf diyirlədilər, sonra yavaşca bir az da uzağa
itələdilər. Amma tezliklə məlum oldu ki, daş
yolda elə-belə dayanmayıbmış, o,
yolayrıcında durur, istiqaməti, hərəkət vektorunu
müəyyən edirmiş. Bu, səksəninci illlərin
sonunda baş verənlərin - Azərbaycanın lidersiz, rəhbərsiz
qalmasının nəticəsində məlum oldu. Sanki gəmi
qasırğa zamanı kapitansız qalmışdı.
Sükanın arxasında olan təsadüfi matroslar isə
adamlarla dolu gəmini iflasa aparırdılar.
E.A. - Bəs Siz Heydər Əliyev istefa verib Azərbaycana
qayıdandan sonra onunla görüşmüsünüz?
O.S. - Bəli, o, prezident olanda bura gəlmişdim. Mən
Türkiyədən səfir olduğum İtaliyaya
uçurdum. Təyyarə reysinə qədər iki sərbəst
günüm vardı. Bu, 1998-ci ildə olmuşdu. Təsəvvür
edirsiniz, mənim səfərimdən xəbər tutanda Heydər
Əliyev hava limanına yaradıcı ziyalılardan
"desant" göndərdi. Mənim barəmdə haradan
öyrənmişdi, bilmirəm. Məsələdən
halı olan bircə mənim dostum, general Kəmaləddin Heydərov
idi, görünür, gəlişim barədə Prezidentə
də elə o xəbər vermişdi.
E.A. - Bu, sizin Heydər Əliyev hakimiyyətə
qayıdandan sonra birinci görüşünüz idi. Siz
onunla artıq başqa zamanda, başqa ölkədə
görüşürdünüz. Əliyev gözünüzə
necə dəydi? Çoxmu dəyişmişdi?
O.S. - Bu, o vaxt, Nizaminin yubileyində "Oljas, sən təkcə
qazaxlara yox, bütün türklərə lazımsan" deyən
elə həmin Heydər Əliyev idi. O dəyişməmişdi,
daha da mehriban olmuşdu. Biz qucaqlaşdıq, yaxşıca
söhbət etdik. Və mənim yadıma onun istefadan sonra
dediyi sözlər düşdü. Hələ o vaxt bu
söhbət gəlib bizə çatmışdı: "Mənim
Kunayev kimi öz Oljasım olmadı". O vaxt həqiqətən
mən Kunayevin arxasında durdum.
E.A. - Heydər Əliyevə münasibət
baxımından bizim yazıçılarımız da
hörmətlə davrandılar. Düzdür, bu sözləri
onların hamısı barədə söyləmək olmaz...
O.S. - Azərbaycan yazıçılarının, bəlkə
də, imkanları daha məhdud idi. Mən MK üzvü,
SSRİ Ali Sovetinin iki çağırışının
deputatı idim axı. Buna görə də, mənim Moskvada
güclü əlaqələrim vardı və Qazaxıstanda
xalq da mənə həmişə xüsusi münasibət bəsləyirdi.
Məni incitmək o qədər də asan deyildi. Hərçənd,
həmyerlilərimin də imtiyazları mənimkindən az
deyildi, amma onlar Ustad adlandırdıqları adama xəyanət
etdilər.
E.A. - Bizdə də Heydər Əliyevlə
bağlı oxşar hadisə baş verdi. 1991-ci ilin
martında o, Milli Məclisin sessiyasında ilk dəfə
Naxçıvandan olan millət vəkili kimi görünəndə
və Dağlıq Qarabağ Muxtar Vilayəti ilə
bağlı ciddi məruzə ilə çıxış etmək,
keçmiş əqidədaşlarına nəsə demək
istəyəndə Heydər Əliyevi fitə basdılar,
danışmağa imkan vermədilər. Amma deputatların
arasında "Utanın, ayıbdır, yıxılana balta
vurmazlar" deyən adam da tapıldı. Bu, Bəxtiyar Vahabzadə
idi. Şair qorxmadı. Üstəlik, o dedi: "Bu zal indi təhqir
etdiyiniz adamı sizin vaxtilə gurultulu alqışlarla
qarşıladığınızı hələ də
unutmayıb". Digər yazıçılar da Heydər
Əliyevi müdafiə etdilər. Məsələn, Anar
1991-ci ilin həmin mart günlərində onu
yazıçıların qurultayına dəvət etdi və
Heydər Əliyevi orada yüksək ehtiramla
qarşıladılar.
O.S. - Yazıçı bizim cəmiyyətdə həmişə
daha azad, müstəqil adam olub. Zaman-zaman xalqın bu rəyi
özünü doğruldur.
Mürəkkəb keçid dövrlərində
hakimiyyətin sükanı arxasında hökmən təcrübəli,
peşəkar siyasətçilər olmalıdır.
1993-cü ilin iyun ayında Azərbaycanda hər şey o qədər
başlı-başına buraxılmışdı ki,
Elçibəyin öz səhvlərini düzəltməsi
artıq çox gec idi, onsuz da heç nə edə bilməyəcəkdi.
Az sonra Heydər Əliyev Bakıya gələndə mən
dedim ki, indi Azərbaycanda hər şey normal olacaq.
E.A. - Heydər Əliyevlə 1998-ci ildəki əlamətdar
görüşünüzdə onunla nə barədə
söhbət etdiniz?
O.S. - Mən ona Azərbaycandakı hadisələr barədə
öz fikirlərimi söylədim. Dedim ki, onun gəlişi Azərbaycanı
sadəcə xilas edib. O vaxt müharibə
dayandırılmışdı, Rusiya ilə, İranla
münasibətlər bərpa olunurdu, respublikada canlanma
başlanmışdı.
Dedim ki, 1990-cı illərin əvvəlində təcrübəsiz
siyasətçilərin yol verdiyi dəhşətli səhvlər
çətinliklə də olsa düzəldilir və bu, gələcək
uğurların rəhnidir. Əgər bu siyasət gələcəkdə
də beləcə normal,
ölçülüb-biçilmiş, peşəkar səviyyədə,
tələskənliyə yol vermədən davam etdirilərsə,
təbii ki, ağrılı çarpışmalardan sonra
orqanizm bərpa olunacaq. Bir də demişdim ki, onu sağlam və
güclü görməyə çox şadam. Biz bu barədə
danışırdıq.
Sonradan biz onunla bir neçə dəfə telefonla
danışdıq. Məsələn, Kunayevi xatırladıq.
Bir dəfə Əliyev dedi:
- Mütləq sənin üçün vaxt
ayıracağam və danışacağam ki, həmin vaxt
Siyasi Büroda olarkən Qazaxıstandakı vəziyyəti
bilib necə münasibət göstərmişəm, Kunayevi
necə müdafiə etmişəm.
Mən dedim:
- Bu, bizim üçün çox vacibdir. Mən
mütləq bu barədə yazardım.
E.A. - O, "Azadlıq" radiosuna müsahibəsi
zamanı mənə də danışırdı:
"Qorbaçovu inandırmağa çalışdım:
siz elə bilirsiniz ki, Kunayev qocalıb, bu vəzifədə
çox oturub, onu dəyişmək lazımdır, siz elə
düşünürsünüzsə, olsun. Amma gəlin onu
yerlilərdən kimin əvəzləyəcəyi barədə
fikirləşək; heç bir halda yerli rəhbərliyi ruslaşdırmaq
olmaz. Buna yol verməməliyik".
O.S. - Mənə bu təfərrüatları demədi,
sadəcə söz verdi ki, vaxt tapacaq. Belə bir vəzifədə
isə vaxt tapmaq çətindir. Növbəti dəfə gələndə
ehtiramımı bildirmək üçün ona zəng etdim.
Bundan çox təsirləndi.
Mən Heydər Əliyevdə bir çox cəhətləri
bəyənirdim, məsələn, yazıçılara,
ümumiyyətlə, mədəniyyət xadimlərinə dəstək
verirdi, onlara Prezident təqaüdü ayırırdı ki,
belə çətin günlərdə sağ qala bilsinlər.
Təəssüf ki, başqa respublikalarda belə diqqət yox
idi (söhbətimiz 2004-cü ildə olub - E.A.).
E.A. - Bundan başqa, beş ədəbi jurnal və Azərbaycan
Yazıçılar Birliyinin qəzeti dövlət büdcəsindən
maliyyələşir.
O.S. - Bizdə, Qazaxıstanda Yazıçılar
İttifaqı var, amma o, acınacaqlı bir durumdadır. Sizdəki
kimi mədəniyyət xadimlərinə təqaüdlər
isə nə bizdə, nə də Qırğızıstanda
var. Tacikistanda, bilirəm, artıq nəsə yaranıb; bəzi
yazıçıları dəstəkləməyə
başlayıblar. Bunsuz mümkün deyil; bunsuz biz ədəbiyyatı
itirəcəyik.
E.A. - Bu, Əliyevlə son telefon
danışığınız idi?
O.S. - Bəli. Amma bütün bu illərdə
unutmurdun ki, burada Heydər Əliyev kimi bir insan var. O, mənim
Müəllimimdir.
E.A. - Azərbaycanda isə biz həmişə bilirdik
ki, bizim belə sadiq dostumuz var. Oljas Süleymenov. Mən bunu
müxtəlif səviyyələrdə -
yazıçılardan da, ölkə rəhbərlərindən
də, ən sadə insanlardan da eşitmişəm. Axı o
dəhşətli illərdə bizim yanımızda başqa
heç kim yox idi.
O.S. - Təşəkkür edirəm. Heydər
Əliyevin xəstə olduğunu eşidəndə çox
narahat oldum. Bilirdim ki, onun siyasi fəaliyyətdən
uzaqlaşması zəruridir. Yaş öz sözünü
deyir. Bununla belə, varisliyin qorunub saxlanması, müharibə
ilə sülh arasında keçid dövründə
xüsusilə təhlükəli olan hakimiyyət uğrunda
dağıdıcı mübarizənin başlamaması
çox vacibdir. Daxili siyasi toqquşmalar həmişə fəlakətli
nəticələrə gətirib çıxarır.
Yaxşı ki, belə bir çıxış yolu
tapıldı; gəminin marşrutunu, sürətini və hərəkətini
eyni xəritələrə uyğun saxlamaq mümkün oldu.
Siz gələcəyə gedən yolun xəritələrini dərhal
dəyişmədiniz.
E.A. - Sizin nəzərinizdə Heydər Əliyev ilk
növbədə kim idi? Peşəkar, təcrübəli
siyasətçi? Lider? Yoxsa sadəcə güclü, mərd
insan?
O.S. - Fikrimcə, onda bu keyfiyyətlərin
hamısı cəmləşmişdi. O, ilk növbədə
kişi idi, ən yaxşı zabit məziyyətlərinin təcəssümüydü,
böyük təcrübəyə malik siyasətçiydi,
lakin bu da tam aşkardır ki, o, bir insan kimi çox xeyirxah və
nəcib şəxsiyyət idi.
Mən hələ onun heyrətamiz cazibəsi barədə
heç nə demirəm.
E.A. - Heydər Əliyev öz fəaliyyətinin
birinci dövründə, Moskvaya gedənə qədər Azərbaycan
üçün çox iş görmüşdü. O,
Siyasi Büroda olanda da Azərbaycan üçün az
çalışmamışdı. Bəs nəyə görə
onu işdən kənarlaşdıranda ona qarşı bu
cür vəhşicəsinə hücumlar
başlanıldı? Moskva ilə əlaqədar hər şey
aydındır, lakin vətənində həmkarları, məsləkdaşları,
vaxtilə onu alqışlayanlar, onun təyin etdiyi adamlar tərəfindən
hücumlar başlananda bunu heç cür anlaya bilmirəm.
Siz bunu başa düşürsünüz?
O.S. - Təəssüf ki, insan öz
nöqsanlarından və dəyişkən həyat şəraitindən
asılıdır. O, hazırkı rəhbərə
alışıb və özünü müdafiə
olunmuş hiss edir. Bu rəhbər gedəndə isə həmin
insan müdafiəsiz qalır. Ona görə də bu vəziyyət
alçaqlığın deyil, müdafiəsizliyin nəticəsidir.
Yalnız güclü adamlara, xarakteri və əqidələri
güclü olanlara güvənmək olar.
E.A. - Bəlkə bu, sovet dövrünün
mirasıdır? İnsanlar iyirminci illərdən başlayaraq
həmin sistemdə tərbiyə edilmişdilər. Onlar kimlərinsə
qarşısında baş əyir, sonra isə vaxtilə
qarşısında baş əydiklərini
damğalayırdılar...
O.S. - Özlərini müdafiə etmək
üçün.
E.A. - O vaxt, 1937-ci ildə onlar öz həyatlarını
qoruyurdular, bunu başa düşə bilərəm. Lakin
1988-ci ildə, biləndə ki, buna görə səni
güllələməyəcəklər, bəlkə
heç işdən də çıxarmayacaqlar...
O.S. - Yox, çıxaracaqdılar. Məmur adət
etdiyi həyat səviyyəsindən, statusundan məhrum olurdu,
buna isə o, dözə bilmirdi. O, özünün əvvəlki
himayədarını satmağa, hətta satmasa da, sadəcə
ondan uzaqlaşmağa, bir stul ondan aralıda oturmağa
hazır idi. Bu, normal və təbiidir. Çox təəssüf...
E.A. - Siz hesab edirsiniz ki, görkəmli şəxsiyyətin
tək qalması normaldır?
O.S. - Təəssüf ki, belədir. Elə nümunələr
yoxdur ki, insan vəzifədən getsin və ətrafındakıların
hamısı ona sadiq qalsın. Axı onlar hələ işləməlidirlər,
ailələrini dolandırmalıdırlar. Bu, satqınlıq
kimi görünə bilər, lakin belə deyil. Bu,
mimikriyadır, salamat qalmaq, özünü qoruyub-saxlamaq
üsuludur.
E.A. - Bəs saxta məktublar təşkil edilməsi,
burada Əliyevin əleyhinə məqalələr
yazılması, Moskvada isə həmin materiallardan ona
qarşı istifadə olunması...
O.S. - Bu, artıq alçaqlıqdır. Birmənalı
şəkildə. Belələrinin təsəvvüründə
bir növ sosial revanş baş verirdi: "Bax, o, mənim irəli
getməyimə mane olurdu. İndi mən onu məhv edəcəyəm
və ola bilsin ki, növbəti rəhbərin gözündə
ucalacağam. Onun dövründə mən istədiyim kimi
inkişaf etmədim, amma bu, mənə kömək edər. Mən
əvvəlkini satmaq yolu ilə yeni gələnə öz sadiqliyimi
göstərəcəyəm".
E.A. - Aşağıda isə kütlə, xalq var,
onlar başqa cür hiss edirlər. Onların itirəcəyi
bir şey yoxdur. Buna görə də daha rahatdır və
hisslərini daha sərbəst ifadə edə bilirlər. Buna
görə də elita ondan üz döndərəndə Heydər
Əliyevi "aşağıda" çox mehribanlıqla qəbul
edirdilər.
Necə düşünürsünüz, Heydər
Əliyev kimi adamların səmimi, sadiq dostları ola bilər?
Yoxsa belə şəxsiyyətlər tənhalığa məhkumdur?
O.S. - Bunu söyləmək çətindir. Məsələn,
Qorbaçov yalnız öz arvadına inanırdı. Təkcə
onun məsləhətlərini qəbul edirdi. Çünki
qalanlarının səmimiliyinə şübhə edirdi. Bu,
fərqli və çox geniş mövzudur
E.A. - Söhbətimizin sonunda nə demək istərdiniz?
O.S. - Bilirəm ki, siz Heydər Əliyev haqqında
kitablar yazırsınız. Zəmanəmizin hər bir siyasi
xadimindən xatirələr qalır, bu xatirələr
sonrakı rəhbərləri öyrədir və öyrətməlidir.
Belə simaların siyasi, mənəvi, insani təcrübəsinin
unudulmaması çox vacibdir, çünki bu təcrübə
təkcə rəhbərlər üçün tərbiyəvi
əhəmiyyət kəsb etmir.
Hər bir ölkənin özünün müəyyən
şərəf kodeksi var. Məsələn, Yaponiyada zadəganlar
üçün "busido" - ümummilli şərəf
kodeksinə çevrilib. Onun bəzi normaları ümummilli əhəmiyyət
kəsb edir. Rusiyanın zadəgan şərəf kodeksi isə
təəssüf ki, bu cür ümumxalq miqyası almayıb,
bu dərəcədə geniş yayılmayıb. Halbuki bu,
iqtisadiyyata da kömək edərdi, siyasətə də. Biz
Heydər Əliyev kimi, Kunayev kimi şəxsiyyətlər
haqqında danışanda çox istərdim ki, onların ən
yaxşı xüsusiyyətləri ümummilli şərəf
və əxlaq kodeksinə daxil edilə biləcək keyfiyyətlər
kompleksinə aid edilsin, onlara əsasən bütöv nəsilləri
öyrətmək, insanları formalaşdırmaq
mümkün olsun. Siz məhz bununla məşğulsunuz.
Siz bu şəxsiyyəti obyektiv baxımdan göstərmək
istəyirsiniz. Əgər bu şəxsiyyət kitabda həqiqətdə
olduğu kimi əks etdirilərsə, ona xas olan cəhətlər,
bizim şüur süzgəcimizdən keçərək,
heç şübhəsiz, ləyaqətli insan obrazına
yeni ştrixlər kimi daxil olacaq və bu obraz millətlərimizin
tərbiyəsinə təsir göstərəcək. Belə
əsərlərin vəzifəsi bundan ibarətdir.
Heydər Əliyevin ümummilli miqyasda yayılmalı
xüsusiyyətləri çoxdur. Gələcək azərbaycanlı
obrazını məhz bu cür şəxsiyyətlərin
timsalında formalaşdırmaq lazımdır. Bu vəzifə
məhz Heydər Əliyev kimi müstəsna insanların
nümunəsində həyata keçirilməlidir. Çox
ümid edirəm ki, illər keçdikcə xalqın
şüurunda onun mövqeyi daha da yüksələcək.
Heydər Əliyeviçi tanıyan adamlar onun
haqqında keçmiş zamanda danışmağa çətinlik
çəkirlər. Bu qəmli "idi" kəlməsindən
yaranacaq romanlar, poemalar, elmi əsərlər Heydər
Əliyevin tarixi simasına tam işıq salacaq. Bu şəxsiyyətin
miqyası son illərdə, Azərbaycanın taleyi həll
edilən dövrdə tam aydın oldu.
Heydər Əliyev XX yüzilliyin ən güclü
ideyalarının parlaq ifadəçisi idi. Dünyanın bir
sıra ölkələrində yeni dövrün
yaradıcıları onun unikal təcrübəsindən bəhrələnəcəklər.
Tərcümə Rəbiqə
Nazimqızınındır
525-ci qəzet.- 2025.- 9 may(№80).- S.8-9.