Azərbaycan-Vyetnam: Tarixi dostluğun yeni səhifəsi

 

Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında münasibətlər tarixi köklərə, dostluğa əsaslanır. Hələ sovet dövründə iki respublika arasında xüsusi münasibətlər mövcud olub. Vyetnam xalqı və dövləti Azərbaycanın bir çox mühüm məsələlərdə göstərdiyi dəstəyi heç vaxt unutmayıb və hər zaman ölkəmizə dərin hörmətlə yanaşıb. Bu mənada Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri iki ölkənin münasibətlərində yeni səhifə açmaqla, yeni inkişaf mərhələsinin başladığını göstərir.

Azərbaycan-Vyetnam əlaqələrinin tarixi 1950-ci illərə gedib çıxır. Hələ 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Min Azərbaycanda səfərdə olub. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrdə, eləcə də keçmiş SSRİ hökumətində rəhbər vəzifədə çalışarkən Vyetnamla münasibətlərin güclənməsinə, dostluq əlaqələrinin möhkəmlənməsinə xüsusi töhfələr verib, ikitərəfli tarixi münasibətlərin əsasını qoyub. Ulu öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnamda səfərdə olub. Həmin səfər Vyetnam üçün misilsiz əhəmiyyət daşıyıb. Çünki Ulu öndər Vyetnamın ən çətin vaxtında, Fransa işğalından, ABŞ ilə ağır müharibədən sonra ora səfər edən Sovet İttifaqının yeganə və ən böyük nümayəndə heyətinin rəhbəri idi. Vyetnamın o zaman dəstəyə böyük ehtiyacı var idi. Səfər zamanı demək olar ki, bütün bölgələrdə olan nümayəndə heyəti problemləri öyrəndikdən sonra onların həlli yollarını tapır. Bu səfər və səfər zamanı qəbul olunan qərarlar Vyetnam üçün mühüm dəstək oldu. Azərbaycan SSRİ-nin tərkibində olmasına baxmayaraq, Vyetnamın azadlıq mübarizəsində və birləşməsi prosesində ən vacib töhfə verən respublikalardan idi. Vyetnam xalqı hər zaman bu dəstəyi yüksək qiymətləndirib.

Vyetnamın neft-qaz sənayesinin yaradılmasında, inkişafında da Azərbaycanın mühüm rolu olub. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Ötən dövr ərzində tərəflər arasında ümumi maraqlara söykənən dayanıqlı və qarşılıqlı faydalı əlaqələr yaradılıb.

Prezident İlham Əliyev də Vyetnamla əlaqələrə xüsusi əhəmiyyət verir. 2014-cü ildə dövlət başçısının Vyetnama ilk səfəri siyasi münasibətlərimizi yüksək səviyyəyə qaldırdı. Bir il sonra, 2015-ci ildə Vyetnamın Prezidenti Azərbaycanda rəsmi səfərdə oldu. Yüksək səviyyəli qarşılıqlı səfərlər bugünkü münasibətlərimizin siyasi səviyyəsini müəyyən edib. Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulub. Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın səfəri zamanı iki ölkə arasında bir sıra sənədlər imzalandı ki, onların arasında "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat"ın qəbulu xüsusi önəm daşıyır.

Prezident İlham Əliyev bildirib ki, bu, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir: "Əminəm ki, artıq bu yüksək səviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaq. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır. Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik".

Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam isə Birgə Bəyanatda əks olunan müddəaları icra etmək üçün beş məsələni təklif edib. Bunlar partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaq, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətləri inkişaf etdirmək, mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirmək, eyni zamanda, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmaq, BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda tərəflərin bir-birini dəstəkləməsindən ibarətdir. Göründüyü kimi, hər iki tərəf çoxşaxəli əməkdaşlığın inkişafında maraqlıdır və bunun üçün yetərincə potensial mövcuddur.

İki ölkə liderlərinin görüşündə Vyetnamın öz tarixində işğaldan əziyyət çəkdiyi, azadlıq müharibəsi nəticəsində ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu xatırlanıb. Eyni zamanda, Azərbaycanın da 30 ilə yaxın dövr ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi vurğulanıb. Vyetnam və Azərbaycanın tarixində oxşar cəhətlərdən biri də məhz bu məqamdır.

Baş katib To Lam Vyetnamın azadlığı uğrunda mübarizəsində və bu ölkənin birləşməsi prosesindən sonra quruculuq və bərpa işlərində Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Qeyd etdiyimiz kimi, Vyetnam öz tarixində həm də Fransa kolonializmdən, xarici hərbi müdaxilələr və işğaldan əziyyət çəkib, amma xalq ayağa qalxaraq Fransa kolonializminə son qoyub. Vyetnamda Fransa kolonializminin bütün eybəcərliklərini əks etdirən muzey fəaliyyət göstərir ki, fransız işğalçılarının burada xüsusi amansızlıqla həyata keçirilən işgəncə tədbirləri əks olunub. 1859-cu ildə Hoşimin (keçmiş Sayqon) şəhərinin işğalı ilə başlayan Fransa müstəmləkəçilik dövrü Vyetnam xalqının yaddaşında acı izlər buraxıb. Ötən əsrin 50-ci illərinə qədər davam etmiş müstəmləkə dövründə fransızlar vyetnamlılara qarşı qəddarlıq nümayiş etdirib, amansız cəza metodları tətbiq ediblər. Fransa müstəmləkəçiliyi dövründə Vyetnamın bütün sərvəti talanıb, xalq ucuz is?çi qüvvəsi kimi istifadə olunub. İşğalçıların zülmü, qarəti ilə barışmaq istəməyən Vyetnam xalqı 1930-cu illərdən başlayaraq ölkənin azadlığı üçün təşkilatlanmağa başlayıb. Təbii ki, azadlıq uğrunda ayağa qalxanları müstəmləkəçilər hər yerdə təqib edib, həbs olunanların əsas hissəsini isə məhz Hanoydakı məşhur "Hoa Lo" həbsxanasına salırdılar. 1956-cı ildə həbsxananın bir hissəsində muzey yaradılıb. Fransız müstəmləkəçilər həbsxanada saxlanılanlara işgəncə və əzab vermək üçün çox dəhşətli metodlarından, hətta başlarını kəsmək üçün gilyotindən də istifadə ediblər. Bütün bunlara baxmayaraq, Vyetnam xalqının əzmkar mübarizəsi nəticəsində Fransa məğlub olaraq bu ölkədən geri çəkilməyə məcbur oldu. "Hoa Lo" muzeyi isə Fransa müstəmləkəçiliyini, işğal dövründəki cinayətləri əks etdirən məkan olaraq həmin acı tarixi yaşadır.

Vyetnam və Azərbaycan dostluğunu möhkəmləndirən məqamlardan biri də vaxtilə Azərbaycanda təhsil alan tələbələrdir. SSRİ dövründə  5 mindən artıq vyetnamlı tələbə Azərbaycanda təhsil alıb və onlar bu gün Vyetnamın inkişafında mühüm rol oynayırlar.

Bu gün iki ölkənin əməkdaşlıq potensalı olduqca genişdir. Vyetnam tərəfi öz ixrac marşrutlarının şaxələndirilməsində maraqlıdır. Belə ki, Hind okeanı vasitəsilə İran üzərindən Azərbaycan və Rusiyaya, həmçinin cənub-qərb istiqaməti üzrə Avropa marşrutu üzrə öz yüklərini ixrac etmək imkanına malikdir, şərq-qərb nəqliyyat dəhlizi üzrə Vyetnam-Çin-Qazaxısan-Azərbaycan və Avropa istiqaməti üzrə nəqliyyat məsələlərində də ölkə çox maraqlıdır.

Milli Məclisin deputatı Vüqar Bayramov iqtisadi əlaqələrin perspektivinə toxunaraq deyib ki, son illər Vyetnam ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi müşahidə olunur. Pandemiyadan sonra iki ölkə arasındakı ticarət dövriyyəsində də artımlar müşahidə edilməkdədir. 2021-ci ildə 185.7 milyon dollar qarşılıqlı dövriyyə qeydiyyat alınmışdırsa, bu göstərici ötən il 223.9 milyon dollaradək yüksəlib. Bununla yanaşı, 2022-ci və 2023-cü illərdə daha böyük ticarət dövriyyələri qeydə alınıb: müvafiq olaraq 594.6 milyon və 482.1 milyon dollar.

Onun sözlərinə görə, Azərbaycan ilə Vyetnam arasında iqtisadiyyatın bir sıra sahələrində, xüsusən də turizm sektorunda və qarşılıqlı sərmayə qoyuluşları istiqamətində əməkdaşlıq imkanları yüksəkdir: "Ölkələrin paytaxtları arasında birbaşa hava nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı aparılan müzakirələr turzim sahəsində əməkdaşlığa xüsusi töhfə verə bilər. Vyetnamın xidmət və turizm sektoru Azərbaycan sahibkarları üçün də sərmayə qoyluşu aspektindən cəlbedici hesab olunur. Son illər bu ölkəyə investisiya qoyuluşu həyata keçirmək istəyən yerli sahibkarların sayı artmaqdadır. Eyni zamanda, Azərbaycanın emaledici qida, aqrar və xidmət sahələri də Vyetnam biznesi üçün cəlbedicidir. Bütövlükdə, ölkələr arasında əməkdaşlıq potensialı kifayət qədər yüksəkdir. Vyetnam rəhbərinin Azərbaycana dövlət səfəri münasibətlərin daha da dərinləşməsində yeni bir səhifə açacaq".

 

Pərvanə

525-ci qəzet.- 2025.- 9 may(80).- S.4.