"Azərbaycan qadınının
cəmiyyətdə mövqeyi və nüfuzu daha da yüksəlib"
Dövlət müstəqilliyinin bərpasından
sonra Azərbaycan qadını milli dövlət quruculuğu
prosesinin fəal iştirakçısına çevrilib,
ölkənin sosial-iqtisadi və mədəni
potensialının artırılması üçün dəyərli
töhfələr verib. Azərbaycan qadını tarix boyu
müqəddəs ana şərəfini uca tutaraq öz
mübarizliyi ilə tanınmış, qadınlarımız
ölkənin ictimai-siyasi, mədəni həyatında fəal
iştirak edib, Vətənin müdafiəsində və
dövlətin idarə olunmasında daim fədakarlıq
nümayiş etdirməklə yanaşı, döyüş
meydanlarında da şücaət göstərib. Şərqin
ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti
dövründə seçib-seçilmək hüququ
qazanmış Azərbaycan qadını ölkəmizin
ictimai-siyasi həyatında yaxından iştirak etməyə
başlayıb. Sürətlə maariflənən
qadınlarımız yüz illərdən bəri
formalaşmış milli dəyərlərə sadiq qalmaqla
ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın
ən etibarlı dayağı olublar. Keçmişimizin
unudulmaz səhifələrindəki möhkəm iradəyə
malik görkəmli qadın şəxsiyyətlərimizin
yüksək ləyaqətinin, ağbirçək
analarımızın müdrikliyinin
daşıyıcıları kimi müasir Azərbaycan
xanımları öz dərin zəkaları və tükənməz
daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə
fədakarcasına xidmət edirlər.
Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin
inkişafının bütün mərhələlərində
qadınlarımız kişilərlə bərabər
dövlət quruculuğunda, siyasi qərarların verilməsində
fəal iştirak edib, ailələrində də vəzifələrini
layiqincə yerinə yetiriblər.
Məhz Ümummilli lider Heydər Əliyevin qətiyyətli
addımları nəticəsində 1993-cü ildən
qadınların ictimai-siyasi həyata transformasiyası,
onların dövlət idarəçiliyində təmsilçiliyi,
bütün sahələrdə kişilərlə bərabər
hüquqlara malik olması dövlət idarəçiliyi kursunun
prioritet istiqamətlərindən birinə çevrilib.
Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan
xalqı həmişə qadına, onun cəmiyyətin həyatında
oynadığı rola, tutduğu yüksək mövqeyə
böyük hörmətlə yanaşıb: "Xalqın ən
əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən,
torpaq, dil anlayışları ana adı ilə bərabər
tutulub. Qadın adına göstərilən dərin ehtiram,
sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə
öz parlaq təcəssümünü tapıb. Ədəbiyyatımızın
və mədəniyyətimizin görkəmli nümayəndələri
öz əsərlərində Azərbaycan
qadınının mərdliyini, gözəlliyini, mənəvi
saflığını vəsf ediblər".
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul
olunan Konstitusiyası qadınların kişilərlə bərabər
hüququnu təsdiq edib və demokratik dövlət
quruculuğu prosesində onların fəal iştirakının
hüquqi bazasını yaradıb. Qadın
hüquqlarının müdafiəsinə etibarlı zəmin
formalaşdıran Konstitusiyanın 25-ci maddəsində
hamının qanun və məhkəmə
qarşısında bərabərliyi, habelə kişi ilə
qadının eyni hüquq və azadlıqlara malik olduğu
birmənalı şəkildə təsbit edilib.
Azərbaycanda qadınların hüquqlarının
qorunması, onların ictimai fəallığının təşkili
məsələsini hər zaman diqqət mərkəzində
saxlayan Ümummilli liderin qadın siyasətinin nəticəsi
idi ki, 1998-ci ildə ölkədə qadınların
hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək
məqsədilə Qadın Problemləri üzrə Dövlət
Komitəsi (hazırda həmin komitə 2006-cı ildən Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi adlanır) yaradıldı. 2000-ci ildə "Azərbaycan
Respublikasında dövlət qadın siyasətinin həyata
keçirilməsi haqqında" imzalanan Fərman ölkədə
qadınların imkanlarını daha da artırdı. Bu da
dövlət idarəçiliyində, təhsil, səhiyyə
və mədəniyyət sahələrində
qadınların sayının artmasına gətirib
çıxardı. Həm dövlət komitəsinin
yaradılması, həm də Fərmanın imzalanması
ölkədə qadın siyasətinin həyata keçirilməsində
yeni mərhələ oldu.
Ölkədə dövlət qadın siyasəti, bu
istiqamətdə Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu ənənələr bu gün Prezident İlham
Əliyev tərəfindən layiqincə davam etdirilir.
Qadınların cəmiyyətdəki roluna və yerinə,
onların dövlət idarəçiliyində təmsil
olunmalarına, irəli çəkilmələrinə diqqətlə
yanaşılır.
Millət vəkili Hicran Hüseynova deyir ki,
qadının cəmiyyətdə böyük rolu var.
Bugünkü cəmiyyət məhz dünənki
qadınların, anaların tərbiyəsinin məhsuludur.
Qadınlar nə qədər vətənpərvər, iradəli,
fədakar və fəaldırsa, gələcəyimiz də
bir o qədər inkişaf etmiş olar. Bir məsələni
də unutmaq olmaz ki, hər bir dövlətin, xalqın
inkişafı üçün hər zaman hərəkətverici
qüvvəyə ehtiyacı var və qadınlar belə bir məsuliyyəti
öz üzərinə götürməyi həmişə
bacarıblar: "Azərbaycan tarixinə nəzər salsaq,
kifayət qədər misallar göstərə bilərik: qəhrəman
qadın hökmdarlar Tomris, Nüşabə, Heyran Nisə Bəyim,
ilk diplomatlarımız Sara xatun, Dəspinə xatun və
Mehinbanu Sultan xanım Tuti Bikə, təkcə əsərləri
ilə deyil, həm də ictimai-siyasi fəaliyyətləri ilə
seçilən Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan,
Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım,
Aşıq Pəri və digərləri. Zaman keçdikcə,
nə qədər istedadlı, ağıllı və cəsarətli
qadının adı tarixə yazıldı. Xüsusilə də,
XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda
qadınların ictimai fəallığının çox
gözəl nümunələri mövcuddur. O vaxtın
qabaqcıl qadınları kifayət qədər
düşünülmüş formada, indiki terminlə desək,
yeni gender münasibətlərinin kontekstini yaradırdılar.
Və məhz onlar, adi xeyriyyəçilik tədbirləri
keçirməklə ilk qadın məktəblərinin,
qadın yığıncaqlarının və
klublarının yaradılması vasitəsilə digər fəal
qadın qruplarının formalaşmasına dəstək
oldular. Burada xüsusilə qeyd etmək lazımdır ki, bu
prosesdə həmin xanımların həyat yoldaşları
da onlara böyük yardım edir, birgə fəaliyyət
göstərirdilər".
Azərbaycanda dövlətin qadın siyasətinin əsas
prinsipləri məhz Ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Bunu vurğulayan
H.Hüseynova deyib ki, Ümummilli lider istər sovet hakimiyyəti,
istərsə də müstəqillik dövründə milli
qadın hərəkatının formalaşması, genişlənərək
institutlaşması üçün böyük işlər
görüb. Ulu öndər qadınların rəhbər vəzifələrdə
irəli çəkilməsinə xüsusi diqqət verirdi.
Qadınlarla bağlı heç bir yığıncaq, iclas,
qurultay nəzərindən kənarda qalmırdı.
Onun sözlərinə görə, dövlətin
qadınlarla bağlı yürütdüyü siyasət bu
sahədə Azərbaycanı öncül dövlətlər
sırasına gətirib. Ölkədə qadın problemləri
daim dövlət qayğısındadır və gender
proqramı ardıcıl surətdə həyata keçirilməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və
iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək
bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan
gender siyasətinin reallaşdırılması məsələsində
də yeniliklərə imza atıb. Həmçinin, hüquqi
bazanın təkmilləşdirilməsi və bərabər
hüquqların təmin edilməsi üçün
"Gender bərabərliyinin təminatları haqqında"
(2006-cı il), "Məişət
zorakılığının qarşısının
alınması haqqında" (2010-cu il) Azərbaycan
Respublikası qanunları qəbul olunmuşdur. Artıq hər
dəfə mən bunu bildirirəm ki, bu qanunların qəbul
olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın xüsusi rolu var. Ailə, Cinayət,
İnzibati Xətalar, Mülki məcəllələrinə dəyişikliklər
və əlavələr edildi. Bu qanunların qəbul edilməsi
insanların təfəkküründə yeni
düşüncə tərzinin formalaşmasına təkan
verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin
qırılmasına səbəb oldu. Bu gün ölkədə
həyatın bütün sahələrində
qadınların sayı artmaqdadır: sahibkarlıqda, qərarqəbuletmə
və idarəetmədə, hüquq-mühafizə
orqanlarında, diplomatiyada, elm və təhsildə. Qadınlar
ölkə əhalisinin ümumi sayının 50,1 faizini təşkil
edir. Ölkənin sosial-iqtisadi həyatında fəal
iştirak edən Azərbaycan qadınlarının məşğul
əhalinin ümumi sayındakı xüsusi çəkisi
48,2 faizdir".
Millət vəkili Ceyhun Məmmədov deyir ki, Azərbaycan
qadını milli dövlət quruculuğu işinin fəal
iştirakçıları kimi daim ölkəmizin
ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, elmi potensialının
artırılması istiqamətində və dövlətin
idarə olunmasında öhdələrinə düşən
vəzifələri şərəflə yerinə yetirib. Azərbaycan
qadını öz iradəsi və mərdliyi,
saflığı və sədaqəti ilə cəmiyyətimizin
həyatında, xalqımızın milli-mənəvi dəyərlər
sisteminin formalaşdırılmasında müstəsna rol
oynayıb. Qadınlar gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə
layiqli övlad kimi yetişməsi naminə üzərinə
düşən ağır yükü şərəflə
daşıyırlar: "Dövlət müstəqilliyimizin bərpasından
sonra ölkəmizdə qadın hüquqlarının
qorunması, təbliğ olunması, qadınların dövlət
siyasətinin həyata keçirilməsində və
qanunların qəbul edilməsində iştirakının
artırılması dövlət siyasətinin ayrılmaz tərkib
hissələrindən birinə çevrilib. Azərbaycanda
dövlət qadın siyasətinin əsasını qoyan
Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə
böyük hörmətlə yanaşıb. Ulu öndər
ölkə həyatının bütün sahələrində
qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli
fəaliyyətinə geniş meydan verdi, lider qadınlar
yetişdirdi".
Ceyhun Məmmədov vurğulayıb ki, dövlət
müstəqilliyimizin bərpasından ötən müddətdə,
xüsusən son onilliklərdə Azərbaycan
qadınının cəmiyyətdə mövqeyi və
nüfuzu daha da yüksəlib. Azərbaycan qadını milli
dövlət quruculuğu prosesinin fəal
iştirakçısına çevrilib, ölkəmizin
sosial-iqtisadi, intellektual-mədəni potensialının
artırılması üçün dəyərli töhfələr
verib: "Bu gün Ulu öndər Heydər Əliyevin layiqli
davamçısı Prezident İlham Əliyev
qadınların cəmiyyətdə mövqelərini möhkəmləndirmələri
üçün hər cür imkan yaradır. Ölkəmizdə
gender bərabərliyi siyasəti uğurla həyata
keçirilir. Prezident cəmiyyətdə qadının rolunun
yüksəldilməsinə yönəlmiş dövlət
siyasətini ardıcıl surətdə uğurla davam etdirir,
ölkənin inkişafına töhfələrini verən
qadınların əməyi həmişə layiqincə qiymətləndirilir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradovanın dediyinə
görə, Azərbaycan dövləti qadınların,
qızların hüquqları, onların
anlaşılması, dərk edilməsi və məsuliyyət
yükünün qəbul edilməsi, eləcə də təminatı
məsələlərində öhdəliyinə düşən
məsələlərə çox ciddi yanaşır:
"Əldə etdiyimiz müstəqil dövləti, onun ərazi
bütövlüyünün, suverenliyinin qorunması istiqamətində
verdiyimiz qurbanları nəzərə alaraq, sabahkı günə
bu nailiyyəti qorumaq, bu Qələbəni qorumaq, növbəti
nəsillər üçün gələcək dönəmlərə
daşımaq üçün çalışırıq.
Uğurlu beynəlxalq layihələr icra edirik. Milli
uğurlarımız meydana gəlir. Bu, sevindirici və
qürurvericidir. Dövlətin bizə ayırdığı
imkanlar çərçivəsində, beynəlxalq təşkilatlarla
əməkdaşlıq çərçivəsində,
sahibkarlarımız, iş adamlarımız biznes subyektləri
ilə münasibətlərində qadınların da bu
istiqamətlərdə iştirak olmasına
çalışır. Kənd təsərrüfatı
subyektləri, ailə təsərrüfatları, fermer təsərrüfatları,
orta və kiçik sahibkarlıq subyektləri sahəsində
bu, artıq öz nəticəsini verib".
Sevinc QARAYEVA
525-ci qəzet .-2025.- 13 may(№81).- S.15.