Rəşad Nuri Güntəkin,
Üzeyir Hacıbəyli və musiqili teatr
ÜZEYİR HACIBƏYLİNİN 140 İLLİK
YUBİLEYİ ƏRƏFƏSİNDƏ
Hər bir milli mədəniyyətin inkişafı
sıx surətdə onun beynəlmiləl
qarşılıqlı əlaqələriylə
bağlıdır. Milli mədəniyyət öz təbii
ünsürləri əsasında inkişaf edərək
başqa xalqların mədəniyyətiylə daimi təmasda
olur. Hər bir milli mədəniyyət digər xalqların mədəni
sərvətləriylə zənginləşir, eyni zamanda
dünya xəzinəsinə öz dəyərini bəxş
edir.
Azərbaycan mədəniyyəti də çoxəsrlik
tarixi boyu həmişə müxtəlif xalqların mədəniyyəti
ilə bağlı olub. O, digər xalqların mədəni təsirindən
bəhrələnmiş, özü də bir çox
xalqların mədəni inkişafına əhəmiyyətli
təsir göstərib.
Hələ inqilabdan əvvəl Azərbaycanın
görkəmli mədəniyyət xadimləri
qarşılıqlı əlaqələrin tərəfdarı
və təbliğatçısı olmuş, öz
yaradıcılıqlarını dünya mədəniyyətinin
nailiyyətləriylə zənginləşdirməyə
çalışmışlar. Azərbaycan mədəniyyətinin
inqilabdan qabaqki illərdə doğma sərhədləri
aşıb məşhurlaşmış nümunələrindən
biri də Üzeyir Hacıbəylinin
yaradıcılığı idi. Böyük bəstəkarımızın
elə ilk əsəri - "Leyli və Məcnun"
operası böyük müvəffəqiyyət qazanaraq bir
çox xalqların sənətkarlarında öz musiqi dillərində
buna bənzər əsərlər yaratmaq istəyi oyatdı.
Bəstəkarın sonrakı əsərlərinin -
musiqili komediyalarının şöhrət xəritələri
daha geniş miqyaslı oldu. Həmin əsərlərin
böyük müvəffəqiyyəti müxtəlif
xalqların sənətkarlarını bu əsərlər
haqqında fikirlər söyləməyə sövq edir.
Hacıbəylinin musiqi komediyaları haqqında
maraqlı fikirlər söyləmiş sənətkarlardan
biri də Rəşad Nuri Güntəkindir.
Məşhur turk romançısı Rəşad Nuri
Güntəkin ölkəmizdə böyük şöhrət
tapmış "Çalı quşu",
"Damğa", "Dodaqdan qəlbə",
"Yaşıl gec?" və sair romanların müəllifidir.
O, həm də görkəmli dramaturq, tənqidçi,
lüğət və antologiya tərtibatçısı
olub. Rəşad Nuri Güntəkinin böyük bəstəkarımızın
əsərləri haqqında fikirləri çox maraqlı və
qiymətlidir. Həmin fikirlər Rəşad Nurinin 1919-cu ildə
"Böyük məcmuə" adlı türk sənət
jurnalında çap edilmiş məqaləsində əks
olunub. "Azərbaycan teartı" adıyla dərc
olunmuş bu məqalə Azərbaycan artistlərinin Türkiyədəki
qastrol tamaşaları münasibətiylə yazılıb.
"Arşın mal alan" və "Məşədi
İbad" musiqili komediyalarına həsr olunmuş bu məqalə
son vaxtlara qədər Üzeyirşünaslığa məlum
deyildi.
"İlk dəfə bu məqalə haqqında
geniş məlumat mənim "Üzeyir Hacıbəyovun
yaradıcılığında nəzəri və estetik
problemlər" monoqrafiyamda verilmişdir" (Səfərova
Z. "Üzeyir Hacıbəyovun
yaradıcılığında nəzəri və estetik
problemlər", Bakı, Elm,
1985. s.188).
Rəşad Nuri məqaləsini
aşağıdakı sözlərlə başlayır:
"İki aya yaxın bir zamandan bəri şəhərimizdə
qonaq olan Azərbaycan teatrını xüsusilə iki
nöqteyi-nəzərdən əhəmiyyətə layiq
bilirik. Bu kampaniya, əvvəla, qonşuluqda yaşayan və son
illərdə böyük bir mənəvi inkişaf
istedadı göstərən... bir millətin həyatı
haqqında bizə bir fikir verəcəkdir. Bir millətin mədəni
səviyyəsini, kamalını, olan istedadını təyin
etmək üçün ən gözəl ölçü
mədəni və bədii müəssisələrin
olduğu bir qayda kimi qəbul edilmişdir. Buna görə də
biz Azərbaycanın teatrı haqqında məlumat almaq,
oradakı həyatın digər səhifələri
içində gözəl istidlal vasitəsi əldə
etmiş olacaqdıq ki, bu teatrın ikinci əhəmiyyəti
də bundadır".
Sonra Rəşad Nuri qeyd edir ki, eşitdiyinə
görə, İstanbulda qastrol tamaşaları verən Azərbaycan
truppasi gənc və nisbətən az təcrübəlidir.
Azərbaycanda daha təcrübəli və qüvvətli
teatr truppaları var. Bu məlumatdan sonra Rəşad Nuri deyir
ki, həmin sözləri söyləməklə İstanbula
gəlmiş artistlərin xidmətini azaltmaq istəmir, əksinə,
bu truppanı İstanbulda fəaliyyət göstərən
bütün yerli truppalardan üstün tutur. Onun demək istədiyi
odur ki, əgər Azərbaycanın nisbətən təcrübəsiz
və orta səviyyəli truppası belə qüvvətlidirsə,
deməli, Azərbaycanda teatr sənəti çox yüksək
səviyyəyə çatıb.
"İstər heyətlər, istər pyeslər və
istər təmsillərin bizdə oyandırdığı ilk
fikir azərbaycanlıların teatrını çox ciddiyyət
və əhəmiyyətlə tərəqqi etmələri və
bu xüsusda Türkiyəni keçmiş olduqları
idi". Bu mülahizədən sonra Rəşad Nuri Azərbaycan
və türk teatrını müqayisə edərək
birinciyə üstünlük verir. O, qeyd edir ki, Türkiyədə
teatra bir növ əyləncə kimi baxmaq meyli
güclüdür. Bu barədə yazıçı çox
kəskin bir dillə danışır: "Deyək ki,
İstanbul xalqı küçə süpürgəçilərindən
əski dövrün möhtəşəm paqonlu yavərlərinə
qədər qırx ildən bəri axmaq şeyləri dinlərkən
azərbaycanlılar boş durmayırlar,
çalışırlarmış".
Rəşad Nuri burada Üzeyir Hacıbəylinin məşhur
musiqili komediyalarını misal göstərərək
yazır: "Arşın mal alan", yaxud "Məşədi
İbad" operettalarına baxınız. Mövzularda
heç bir fövqəladilik yoxdur, fəqət bizim tənəkə,
zopa və küfr ilə heyvan sürüsü sövq edən
kimi çığır-bağırla idarə etdiyimiz səhnələri
onlar nə gözəl nəğmələr, nə
şayani-diqqət mülahizələr, nə səmimi lətifələrlə
doldurmuşlar".
Məqalə müəllifi yazır ki, bu əsərlərdə
bugünkü həyatdan, onun xüsusiyyət, adət və
ehtiraslarından çox şey var, "Məsələn, Məşədi
İbaddan mütəmadiən pul çəkənlərin hər
birisi öz məslək və məşrəblərinin
xüsusiyyətlərinə sadiq qalır. Qəzetçi lehdə,
yaxud əleyhdə şantaj təhdidlərilə məqsədini
təminə çalışır. Qəzetin və qəzetçinin
yeni cəmiyyətdəki rolunu biz düşünənədək
onlar teatrlarına salmışlar".
Rəşad Nuri Hacıbəyli komediyalarının
müsbət cəhətlərindən birini də xarakterlərinin
tipik cizgilərə malik olmasında, obrazların gözəlliyi
və sadəliyində görür.
O, Hacıbəylinin komediyalarını, onların
yumor səviyyəsini böyük fransız komediyanəvisi
Molyerin əsərləri ilə müqayisə edir: "Azərbaycan
komediyalarında Molyerin əsərlərini
düşündürən sadə və mətin bir mizah
vardır". Bu sözlərin məhz Rəşad Nuri tərəfindən
söylənilməsi xüsusi diqqətə layiqdir.
Çünki o, fransız ədəbiyyatını ötəri
bilən bir şəxs deyil, bu ədəbiyyatın və
fransız dilinin dərin bilicisi, mütəxəssisi idi. Rəşad
Nuri fransız ədəbiyyatının bir çox görkəmli
nümunələrini türk dilinə çevirmişdi.
Böyük şair Nazim Hikmət Rəşad Nuri haqqında
yazırdı: "Fransız ədəbiyyatı və şəxsən
Alfons Dode, Anatol Frans, Emil Zolya kimi yazıçılar ona
böyük təsir göstərmişdilər".
Bütün bunları nəzərə alaraq Rəşad
Nurinin Azərbaycan komediyalarına verdiyi qiymət, onları
Avropa ədəbiyyatının klassik nümunələri, o
cümlədən Molyer pyeslərilə müqayisə etməsi
xüsusi əhəmiyyət kəsb edir. Doğrudur, Rəşad
Nuri onu da qeyd edir ki, bu komediyalara Avropa sənəti
nöqteyi-nəzərindən baxmaq düzgün olmazdı.
Uzun tarixi olan yuksək Avropa teatr sənəti nöqteyi-nəzərindən
baxdıqca gənc Azərbaycan teatrının müəyyən
kəsir cəhətləri görünür. "Fəqət
səfvət və sadəlik bu əksiklikləri emal etdirən
və unutduran məziyyətdir".
Azərbaycan komediyalarının başqa bir
mühüm məziyyətini Rəşad Nuri onların
realizmində görür: "Sənət əsəri
üçün şərt olan həyat, həm də
bugünkü şəklində Azərbaycan əsərlərində
mövcuddur".
Yazıçı komediyaların dili üzərində
də xüsusi dayanır. Onun fikrincə, Hacıbəyli
komediyalarının dili canlı və duzlu xalq dilidir.
Rəşad Nurinin məqaləsi Azərbaycan
teatrına və Hacıbəylinin iki komediyasına həsr
olunsa da, adi bir resenziya deyil. Bu kiçik məqalədə
müəllif Hacıbəyli komediyalarından
çıxış edərək daha geniş estetik
ümumiləşdirmələrə də müraciət
edir. O, sənətdə millilik və beynəlmiləllik məsələsinə
dair maraqlı mülahizələr söyləyir: "Teatr
qaydaları və çərçivəsi etibarilə
ümumi və beynəlmiləl bir sənətdir. Fəqət
ruhu etibarilə mütləq doğulduğu və aid
olduğu mühitin qoxusuna malik olmaq, oradakı həyatla
yaşamaq iqtidarındadır. Hər məmləkətin əlaqədar
edə biləcək və başqa millətlərə aid əsərlərin
təqlidindən doğacaq əsərlər də məqbul
ola bilər. Fəqət əsl sənət tamaşanın
ümumi və beynəlmiləl qaydalarına riayətkar
qalmaqla bərabər, bütün şirəsini öz
torpağından alır. Bu etibarla Azərbaycan teatrı hər
yaşayan mövcud kimi böyüməyə və təkamül
etməyə namizəd bir sənətdir".
Göründüyü kimi, hələ o dövrdə
Rəşad Nuri Hacıbəyli sənətinin ən əsas
cəhətlərindən birini - doğma zəminlə
bağlılıq və eyni zamanda başqa xalqlara
anlaşıqlı olmaq prinsipini düzgün qiymətləndirib.
Rəşad Nurinin "Arşin mal alan" və
"Məşədi İbad" musiqili komediyaları
haqqında məqaləsi istər musiqi tariximiz, istərsə
də beynəlxalq mədəni əlaqələrin tədqiqi
üçün böyük əhəmiyyətə malikdir.
Bu vaxta qədər Azərbaycan operasının
yaranmasına aid çoxlu mülahizələr irəli
sürülmüşdü. Azərbaycan operasının
yaranmasında xalq musiqisinin, xanəndə və sazəndələrimizin
yaradıcılığının, həvəskarlar tərəfindən
qoyulmuş bir sıra tamaşaların - "Keçəçi",
"Çömçə xatın", "Xıdır Nəbi",
"Kilim arası" və bir çox xalq oyunlarının,
nəhayət, Qərb, rus operasının klassik nümunələrinin
böyük rolu olub. Bizə belə gəlir ki, bu siyahıya
Azərbaycan operasının yaranmasında mühüm rol
oynamış bir tamaşa formasını da əlavə etmək
lazımdır. Bu da "Şəbeh"
tamaşalarıdır. Onların operamızın
yaranmasında əsas amillərdən biri hesab edilməsi
şübhəli görünə bilər. Çünki
"Şəbeh"lər həm məzmun, həm də
forma etibarilə tam mənasında orijinal bir misteriya teatrı
olub.
Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin
bu haqda maraqlı fikirləri vardır. Bəstəkar məqalələrinin
birində yazırdı: "1907-ci sənədən bəri
Azərbaycan türkləri arasında opera əmələ gəlməsinin
birinci amillərdən birisinin "şəbeh" olduğu
şübhəsizdir" (Ü.Hacıbəylinin bu qəti
fikri ilə yazının müəllifi tam razıdır. Bu
haqda Z.Səfərovanın bir sıra kitablarına baxa bilərsiniz).
Başqa bir məqalədə Hacıbəyli Qərb
operasının mənşəyini misal gətirərək, qədim
xristian katoliklərin liturgiya dramlarında, yaxud
misteriyalarında operalarımızın da "Şəbeh"
adlanan səhnə tamaşası şəklini alaraq, vokal, bəzi
yerlərdə isə instrumental musiqi ilə müşayiət
olduğunu bildirib. Qeyd etmək lazımdır ki, "şəbeh"lərin
məzmununu islam tarixində baş verən qanlı əhvalatlar
təşkil edirdisə, bu tamaşaları müşayiət
edən musiqi dini şəkil almırdı. Burada xalq
musiqisinin böyük təsiri vardır. Unudulmamalıdır
ki, dünyəvi və dini musiqinin hər birinin özünə
məxsus üslubu vardır. Ü.Hacıbəyli təsdiq
edirdi ki, mərsiyə və növhələrin heç
birinin dini üslubu olmayıb, toylarda çalınan dəstgah
və təsniflərdən fərqi yoxdur. Belə məclislərdə,
hətta bir çox təsniflərin sözlərini dəyişib
növhə sözləri qoşub oxuyurlar. Beləliklə,
sözlərin məzmunu ilə musiqi arasında böyük fərq
yaranırdı. Həmin fərq "şəbeh"
tamaşaları göstərildikdə də müşahidə
edilirdi. Bu prosesi müxtəlif əsrlərdə bir çox
xalqların dini musiqisində müşahidə edə bilərik.
Məsələn, IV-VI əsrlərdə İtaliyada xristian
musiqisində dini himnlərin, XVI-XVII əsrlərdə
İtaliyada protestant xoralının əsasını xalq
mahnısı təşkil edirdi.
"Şəbeh"lərin operamızın
yaranmasına təsirindən danışan Ü.Hacıbəyli
qeyd edirdi ki, Azərbaycan-türk operalarının forması
(şəkli) Avropa operalarından əxz edilmişsə,
iştirak edənlərinin üsuli-təğənnisi
"şəbeh"lərdən
götürülmüşdür. O, "bu operaların
"şəbeh"dən daha artıq və daha geniş bir
surətdə dəstgahlarımızdan istifadə etdiyini, səhnə
tərtibatı və orkestr istemalı ilə zahirdə Avropa
operasına yavuq bir şəkil" aldığını
göstərirdi...
Azərbaycanda sovet hakimiyyəti qurulmasının elə
ilk illərində operamızın mənşəyi və
inkişafı məsələləri ciddi mübahisələrə
səbəb olmuşdu. Bu mübahisələr 1924-1926-cı və
1928-ci illərdə "Bakinski raboçi",
"Kommunist" qəzetləri, "Maarif və mədəniyyət"
jurnalı səhifələrində aparılmış və
"iyirmi-otuzuncu illər diskussiyası"
adlandırılmışdı. Müzakirə, əsasən,
bir məsələ ətrafında aparılırdı:
inqilabdan əvvəlki operanı saxlamaq və ya köhnəliyin
digər ünsürlərilə onu da arxivə təhvil vermək.
1924-cü il müzakirəsi, əsasən, xalq maarif
komissarı Mustafa Quliyevin Azərbaycan operası haqqında məqaləsi
və onun həmfikirlərinin çıxışları ətrafında
başlanmışdı. M.Quliyevin məqaləsində bir
sıra müsbət tezislərlə bərabər ciddi səhvlər
də vardır. O yazırdı ki, Azərbaycan musiqisi elə
bir dövrdədir ki, bəstəkarlarımız opera yazmaqla
yox, mahnılarımızı toplamaq, Avropa musiqi
texnikasını yaymaqla məşğul olmalıdırlar.
Opera yazmaq işini isə Şərqə bələd olan
Avropa və rus bəstəkarlarına tapşırmaq
lazımdır.
Bu illərdə aydın və prinsipial mövqe
tutmuş Ü.Hacıbəyli, M.Maqomayev və onların həmfikirləri
böyük ehtirasla, inamla Azərbaycan opera sənətinin
müdafiəsinə qalxmışlar. Ü.Hacıbəyli
inqilabdan əvvəlki əsərlərin ilk növbədə
tərbiyəvi-estetik əhəmiyyətindən
danışır, bu əsərlərin camaatın tərbiyəsində
təsirsiz qalmadığını göstərirdi:
"Əvvəla, Bakı şəhəri sanki daim bir yaş
içində idi. Heç kim öz evində azad surətdə
çalğı çalmaq və ya hava oxumaqla məşğul
ola bilməzdi. Çünki qonşusundakı "Hacı,
molla və axund filankəs eşidər", - deyə çəkinərdi.
Opera və operettalardan sonra havalar camaatın ağzına
düşüb hər yerdə yayılmağa və hətta
mollaların evlərinin içinə qədər
icrai-hökm etməyə başladı. Bu əsərlərin
nəticəsi idi ki, musiqi məktəbinə elə şəxslər
uşaqlarını qoyurdular ki, əvvəllər musiqi səsi
eşidəndə qulaqlarını yumardılar".
Ü.Hacıbəylinin fikrincə, azərbaycanlıların
tərəqqi və tərbiyəsi işində müəyyən
rol oynayan ilk opera və operettalarının səhnədən
götürülməsi teatr və musiqi tariximizin
mühüm səhifələrinin cırıb atılması
demək olardı. Bəstəkar tamamilə haqlı olaraq
göstərirdi ki, yalnız opera və operettalardan sonra Azərbaycan
musiqisinin tərəqqisi məsələsi meydana
çıxdı. O, dünya musiqi mədəniyyətinə
yaxınlaşmaq məsələsini yalnız bu əsərlərdən
sonra həyata keçdiyini söyləyirdi.
Doğrudan da, şərq musiqisinin orkestr vasitəsilə
ifası, bu musiqiyə harmoniya qoşmaq, onu polifoniya etmək,
vəzn və bəhrini müəyyənləşdirmək,
dəstgahların nota salınması kimi mühüm problemlərə
cavab vermək, ancaq opera və operettalarla əlaqədar
mümkün olub. Müzakirənin mütərəqqi fikirli
iştirakçıları inqilabdan əvvəl
yaranmış musiqi əsərlərini müdafiə etməklə
bərabər onların nöqsan cəhətlərini,
qüsurlarını da göstərirdilər. Üzeyir bəy
etiraf edib ki, bu əsərlərin pis təsir
bağışlamasının əsas səbəblərindən
biri də onların bərbad halda tamaşaya
qoyulmasıdır.
Hacıbəyli və Maqomayev o dövrdə Azərbaycanda
M.Quliyevin dediyi kimi Vaqner operasının yaranmasının
qeyri-mümkün olduğunu göstərirdilər.
1926-cı ildə "Maarif və mədəniyyət"
jurnalının səhifələrində M.Quliyevin "Azərbaycanda
musiqi kulturunun inkişafı məsələləri haqda"
məruzəsi və Ü.Hacıbəylinin bu məruzəyə
cavab məqaləsi əvvəlki müzakirənin müəyyən
əks-sədası kimi səslənib.
M.Quliyev məruzəsinin opera bəhsində deyirdi ki,
musiqi gərək Azərbaycanda olan inqilabi və ictimai dəyişiklikləri
əks etdirsin. Onun dediyinə görə "bugünkü
mövcud türk operaları məzmunca əsrə müvafiq
deyildilər. Bu operalar inqilab dövründə böyüməkdə
olan nəslə bədii bir ideya verə bilməzlər,
çünki mövcud operalarda inqilabi vəqiələrin əksi
yoxdur".
Ü.Hacıbəyli göstərirdi ki, Quliyev
operaların mövzusu haqda danışdıqda
haqlıdır, lakin onun arzu etdiyi bugünkü həyatın
tələblərinə cavab verən opera türk operaları
içində olmadığı kimi, gürcü, erməni,
Ukrayna, hətta rus operaları içində də yoxdur.
Bununla bərabər, həmin xalqların köhnə
operaları səhnədən götürülmür və
götürülməsini istəyənlər də yoxdur. Gənc
opera inqilabdan əvvəlkinin ləğv edilməsi
hesabına deyil, əksinə, onun əsasında
yaranmalıdır. Ü.Hacıbəyli heç də
inqilabdan əvvəlki əsərlərlə məhdudlaşmaq
fikrində deyildi. Onun yeni-yeni planları vardı. Digər tərəfdən
isə o, yeni mövzulu operaların yaranmasını inqilabla
doğulmuş, inqilabla tərbiyələnmiş, Azərbaycan
musiqi məktəblərində təlim almış cavanlardan
gözləyirdi.
1928-ci ildə qəzetlər yenə Azərbaycan
operasının vəziyyəti ətrafında müzakirə
açdılar. Həmin müzakirə əvvəlkilərinə
nisbətən daha geniş rezonans almışdı. 1928- ci il
müzakirəsində bir tərəfdən proqressiv tələblər
irəli sürülür, digər tərəfdən isə
yanlış müddəalar nəzərə
çarpırdı. Məsələn, "Bakinski
raboçi"də köhnəliyə və ştampa
qarşı qiyam" şüarı proqressiv idi, lakin
"İndiki türk operasını ərəb əlifbası
və çadra ilə birlikdə arxivə təhvil verək"
tələbi proletkultçuların klassik irsə olan
yanlış münasibətilə səsləşirdi.
"Biz gərək türk operalarının
keçmişdəki xidmətlərini unutmayaq; onlar geniş
türk kütlələrini musiqi teatrına cəlb etdi...
Türk operasına gedənlərin sayı azalmır, əksinə,
çoxalır və bu da geniş kütlələrin mədəni
səviyyəsinin yüksəlməsinə bir
sübutdur". Görkəmli incəsənət xadimi
Şövkət xanım Məmmədovanın 1928-ci ildə
söylədiyi bu fikir çox səciyyəvidir.
Bu illərdə aparılan müsahibələrin əksəriyyətində
söhbət ilk operaların məzmunundan, səhnə
quruluşundan, professional artist qüvvəsinin zəifliyindən
gedirdi. Bu əsərlərin musiqisini isə heç kəs
inkar edə bilmirdi.
Ü.Hacıbəyli ilə M.Maqomayevin müzakirə
dövründə tutduqları mövqeyin doğruluğu
artıq 30-cu illərin əvvəlində isbat olundu. 1935-ci
ildə M.Maqomayevin müasir inqilabi süjetə
yazılmış "Nərgiz" operası meydana
çıxdı. Daha sonralar müasir mövzulara həsr
olunmuş operalar yarandı və onları Ü.Hacıbəylinin
dediyi kimi, Azərbaycanın gənc bəstəkarları
yaratdı. Q.Qarayev və C.Hacıyevin "Vətən",
F.Əmirovun "Sevil", C.Cahangirovun "Azad" və sair
operalar səhnəmizə yeni həyat gətirdi.
20-30-cu illərin müzakirəsi operamızın o
vaxtkı yaradıcılıq təcrübəsinə əsaslanırdı.
Mülahizələrin hansının doğru, hansının
yanlış olduğunu isə opera sənətimizin
sonrakı inkişaf yolu göstərdi. Ü.Hacıbəylinin
ölməz "Koroğlu" operasının meydana gəlməsi
bu janrın Azərbaycanda düzgün istiqamətdə
inkişaf etdiyini sübuta yetirdi.
Azərbaycanda opera sənətinin inkişafında nəzəri
fikir mübadiləsinin, müzakirələrin, mübahisə
və mülahizələrin böyük əhəmiyyəti
olub ki, onları tədqiq etmək lazım və vacibdir.
Zemfira SƏFƏROVA
Akademik, Əməkdar Elm Xadimi
525-ci qəzet .-2025.- 13 may(№81).- S.12-13.