Muğamın
azad Ağdama Böyük Qayıdışı
AĞDAMDA YENİ MUĞAM MƏRKƏZİNİN
AÇILIŞI İLƏ BAĞLI MƏDƏNİYYƏT
NÜMAYƏNDƏLƏRİNİN TƏƏSSÜRATLARI
Otuz ilin sükutunu bir səs pozdu - muğam səsi. Bu
səs torpağın alt qatından,
dağıdılmış evlərin, viran qalmış həyətlərin,
külə dönmüş səhnələrin altından
süzülüb, yaddaşlara hopmuş iztirabların
üstündən uçub, azadlığa çıxan bir
xalqın ürəyindən gəldi. Qəlblərdə gizlənən,
dillərdə nisgillə çəkilən bir səs idi bu -
yurduna dönən muğamın səsi.
Ağdamın bağrında - illərlə nisgil
içində yatan torpağın sinəsində, təkcə
bir şəhər deyil, bir yarımçıq xatirə kimi
danışılan, azadlıq ümidi ilə gözlənilən
o məkanda Muğam Mərkəzi ucaldı. Bu, yalnız bir
binanın açılışı deyildi. Bu, bir ruhun yurduna
qayıdışı, bir mədəniyyətin əsirlikdən
azad edilişi idi.
Bu yeni Muğam Mərkəzi təkcə memarlıq
incisi deyil, xalqın qürurunun, milli kimliyinin və mənəvi
dəyərlərinin yenidən və möhtəşəm
şəkildə ucaldılmasıdır.
Qarabağın dirçəlişi yalnız
daşla, sementlə yox, ruhla, səslə, sənətlə
baş verir. Hər daşın, hər kərpicin içində
muğam sədası, hər sütunda alqışlı nəfəs
var sanki.
Və bu möcüzənin önündə-arxasında
dövlət dayanıb - sadəcə idarə edən deyil,
xalqın ruhuna sahib çıxan bir dövlət!
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi,
birinci xanım Mehriban Əliyevanın mədəniyyətə
və sənətə göstərdiyi sonsuz diqqət bu
gün yalnız paytaxtda deyil, azad olunmuş torpaqlarda da öz
bariz nəticəsini verir. Bu qayğı sözlərlə
deyil, əməllərlə danışır. Çünki
bu dövlətdə sənət təkcə estetik deyil, həm
də ideoloji gücdür, xalqı birləşdirən,
tarixi qoruyan, yaddaşı oyadan bir güc.
Ağdam Muğam Mərkəzi bu dövlətin incəsənətə
verdiyi önəmin ən parlaq ifadəsidir. Burada səslənən
muğamlar, sanki yalnız not deyil, bir xalqın azadlıq nəğməsidir.
Bu səslər göstərir ki, dövlət öz mədəniyyətini
ayaqda tutmaqla, həm də öz suverenliyini, ruhani müstəqilliyini
qoruyur.
Bu səsin əks-sədası təkcə Ağdamda
yox, bütün Azərbaycanda duyuldu. Hər kəsin ürəyindən
bir muğam keçdi o gün, yaddaşlarda doğuldu, torpaqda
səsləndi, səmaya qalxdı. Bu tarixi hadisə yalnız
bir mərkəzin açılışı ilə bitmədi.
Bu, həm də incəsənətə könül verənlərin,
illərlə o torpaq üçün darıxan sənətkarların
ürəyində qopan fırtınanın, qürurun, sevincin
adı idi.
Ağdam Muğam Mərkəzinin
açılışında iştirak edən sənət
adamlarının, ictimaiyyət nümayəndələrinin
baxışlarında dərin bir heyranlıq, sanki ruhani
rahatlıq vardı. Onlar bu günü sadəcə bir tədbir
kimi deyil, bir yurdun, bir səhnənin, bir səsin dirçəlişi
kimi yaşadılar. Hər birinin ürəyində muğamla
yoğrulan duyğular, illərin nisgilindən doğan,
azadlıqla cilalanan hisslər baş qaldırmışdı.
Onların sözlərində təkcə sənət
yox idi, torpaq, yurd, xalq, dövlət və yaddaş vardı. Bəziləri
göz yaşları ilə danışdı, bəzilərinin
səsi titrədi. Amma hamısının səsində və
sözündə bir həqiqət vardı: Muğam azad
Ağdama qayıtdı.
Bəs incəsənət xadimləri bu
qayıdışı necə yaşadılar, bu möhtəşəm
günü necə dəyərləndirdilər? Gəlin
onların dilindən oxuyaq...
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət
xadimi, professor Ceyran Mahmudova Ağdam Mədəniyyət Mərkəzinin
açılışını son dövrlər Azərbaycan
mədəniyyətində baş vermiş ən böyük
hadisələrdən biri hesab edir: "Ali Baş Komandan,
Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
ordumuzun 44 günlük Vətən müharibəsində əldə
etdiyi zəfərdən sonra işğaldan azad edilmiş
torpaqlarda yenidənqurma və bərpa işləri sürətlə
həyata keçirilməkdədir.
Təqdirəlayiq haldır ki, yenidən tikilən
obyektlər arasında mədəniyyət ocaqları da var. Bu
sırada Ümummilli lider Heydər Əliyevin anadan olduğu
gün - mayın 10-da ilk qonaqlarına ev sahibliyi etmiş
Ağdam Muğam Mərkəzinin açılışı
xüsusilə əlamətdar hadisədir. Cənab Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın açılışda iştirakı bizim
üçün - oraya toplaşan bütün incəsənət
xadimləri üçün ikiqat bayram oldu. Cənab Prezidentin
mənalı və hərtərəfli
çıxışı, yaxın keçmişimizlə
bağlı fikirləri, gələcəyə yönəlmiş
planları ilə bağlı açıqlamaları, eləcə
də dolğun, maraqlı konsert proqramı - bütün
bunlar ömrümüzün unudulmaz anlarına çevrildi.
Belə hadisənin canlı şahidi olmaq həm mənim, həm
də orada qonaq qismində iştirak edən bütün
ADMİU professor-müəllim heyətinin nümayəndələri
üçün böyük fəxrdir. Şübhə etmirəm
ki, azad olmuş torpaqlarımızda keçiriləcək belə
bayram ruhlu tədbirlərə şahidlik gələcəkdə
də bizə nəsib olacaq".
Azərbaycan Mətbuat Şurasının sədri,
Yazıçılar Birliyinin sədr müavini,
yazıçı, publisist Rəşad Məcid qürur və
kövrəklik dolu təəssüratını sosial şəbəkə
hesabında paylaşarkən təsirli notlara yer verib:
"Ağdam Muğam Mərkəzinin
açılışında "Qarabağ şikəstəsi"
oxuyan bu uşaqların - Gülablı kənd Uşaq Musiqi Məktəbinin
şagirdləri Əhəd Ağayev, Türrə Hüseynova
və Rüfət Axundovun səsi 30 illik işğalın yox
edə bilmədiyi İlahi verginin, sirli ənənənin
davam etməsinin, yaşamasının təcəssümüydü.
Cənab Prezidentin müəllifi olduğu, xəyal
etdiyi yeni Ağdamın, musiqi məkanı Qarabağın ən
möhkəm cövhərinin təntənəsiydi.
Əbədiyyətə, Ruhun davamına əminliyin
nişanəsiydi!
Kövrəlməmək, sevinc göz yazlarına
bürünməmək mümkünsüz idi!"
Xalq artisti Teyyub Aslanov da bu tarixi anların şahidi
kimi məmnunluğunu ifadə etdi: "Bu günlərdə
Ağdam şəhərində bütün muğamsevərlərlə
birlikdə tarixi bir günün şahidi olduq. Belə ki,
mayın 10-da - Ulu öndər Heydər Əliyevin anadan
olmasının 102-ci ildönümündə Ağdam
Muğam Mərkəzinin möhtəşəm
açılış mərasimi keçirildi.
Açılışda ölkəmizin
başçısı cənab Prezident İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın iştirakı bu tədbiri
əsl bayrama çevirdi. Mərkəzdə
muğamımızın, musiqimizin təbliği
üçün çox gözəl şərait
yaradılıb. Kinozal, rəqs zalları, kitabxana, ən əsası
isə 470 nəfərlik konsert zalı var. Bu da o deməkdir
ki, gələcəkdə burada müxtəlif tədbirlər,
konsertlər təşkil etmək üçün ideal şərait
yaradılıb. Bütün bunların da
muğamımızın inkişafında müstəsna rolu
olacağına inanıram. Mərkəzin ərazisində hətta
615 nəfərlik amfiteatr da inşa edilib. Bu da muğamsevərləri
sevindirməyə bilməz. Çünki mövsümi olaraq
hər fəsildə tədbirlər keçirilə biləcək
zalları var ki, bu da il boyunca keçiriləcək möhtəşəm
konsertlərin sorağını indidən verir.
İnanıram ki, yaxın gələcəkdən
etibarən burada gözəl səslər, xanəndələr,
musiqiçilər yetişəcək. Bildiyimiz kimi,
Qarabağ, xüsusilə Ağdam gözəl səslərin,
əvəzsiz xanəndələrin beşiyi olub. Yaradılan
bu cür şəraitlə Ağdam muğam mühiti bundan
sonra öz missiyasını daha möhtəşəm şəkildə
davam etdirəcək".
Əməkdar mədəniyyət işçisi Samirə
Əliyeva (Aşıq Samirə) muğam və aşıq sənətlərinin
bugünkü inkişafından çox məmnundur:
"Muğam sənəti, aşıq sənəti ölkəmizin
birinci xanımı Mehriban Əliyevanın əməyi sayəsində
UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni
İrsi üzrə Reprezentativ Siyahısına daxil olduqdan
sonra muğamımıza, aşıq sənətimizə yeni
bir nəfəs gəlib. İldən-ilə Azərbaycan
musiqisinin, mədəniyyətinin daha da inkişaf etdiyinin
şahidi oluruq. İşğaldan azad edilmiş ərazilərimizdə
gedən yenidənqurma işləri, gözlə görünən
inkişaf bizim üçün çox sevindirici haldır. Mədəniyyətimizə,
musiqimizə aid olan tarixi hadisələr - festivallar, beynəlxalq
forumlar, tədbirlər, mədəniyyət mərkəzlərinin,
musiqi məktəblərinin açılması olduqca təqdirəlayiqdir.
Ağdamın işğaldan azad olunmuş ərazisində
Muğam Mərkəzinin açılışı
muğamın həm də doğma diyara
qayıdışıdır. Bu tarixi günlərə
şahidlik etdiyim, açılışda iştirak edən
incəsənət nümayəndələrinin arasında yer
aldığım üçün özümü
aşıq sənətinin nümayəndəsi və Mədəniyyət
və İncəsənət Universitetində aşıq sənətinin
tədrisi ilə məşğul olan pedaqoq kimi çox
xoşbəxt və şanslı hesab edir, böyük
qürur duyuram. Bir sənət adamı kimi mədəniyyətimizin
inkişafına, eləcə də sənətkarlarımıza
məhz dövlətimiz tərəfindən göstərilən
bu cür diqqət və qayğı bizi daha da
ruhlandırır. Ölkəmizdə günbəgün sənətin,
mədəniyyətin inkişafına böyük şərait
yaradılır. Əminəm ki, biz sənət adamları da
yaradılan bu şəraitdən istifadə edərək incəsənətimizin
inkişafı, beynəlxalq arenalarda daha da uğurlu təbliği
üçün bundan sonra da əzmlə
çalışacağıq. Bu, bizim mənəvi
borcumuzdur".
Xalq artisti, ustad tarzən Zamiq Əliyev həmin tarixi
günün təəssüratlarını bölüşərkən
dedi: "Bu gün Qarabağda Muğam Mərkəzinin
açılması nəinki məni, bütün incəsənət
nümayəndələrini ürəkdən sevindirdi. Bir
zamanlar yerlə-yeksan edilən Ağdamda bu gün sürətlə
aparılan yenidənqurma işləri, tikilən yeni binalar,
Ağdam oteli və xüsusən, Ağdam Muğam Mərkəzi
hamımızı valeh etdi. Mərkəzdə çox gözəl
ab-hava, möhtəşəm atmosfer var. Möhtərəm
Prezidentimizin və ölkəmizin birinci xanımının
açılışda iştirakı, dövlət
başçısının söylədiyi möhtəşəm
nitq unudulmazdır. Daha sonra sənətkarlarımızın
çıxışı ilə baş tutan möhtəşəm
konsert proqramı ruhumuzu təzələdi. Konsertin sonunda isə
balaca xanəndələrin çıxışı bizdə
heyranlıq oyatdı. O uşaqların
çıxışı muğamımızın uğurlu gələcəyinə
olan inam, əminlikdir. Konsertin sonunda cənab Prezidentin və
Mehriban xanım Əliyevanın səhnəyə
çıxıb iştirakçılarla, sonra isə
Muğam Mərkəzinin önündə sənət
adamları və Ağdam sakinləri ilə görüşməsi
hamımızı qürurlandırdı.
Ağdam Muğam Mərkəzinin
açılışı təkcə dünənimizin yox,
bu günümüzün, sabahımızın qələbəsidir.
Əgər ordumuz cəbhədə düşmənə həddini
bildirirsə, muğamımız da beynəlxalq səhnələrdə
Azərbaycan incəsənətinin qüdrətini sübut
edir. Allah şəhidlərimizə rəhmət eləsin,
xalqımıza hər zaman gözəl günlər nəsib
etsin!"
Muğam indi təkcə bir musiqi janrı deyil,
muğam bu gün azadlığın sədasıdır.
Torpağa, səhnəyə, xalqın qəlbinə
qayıdan bir ruhdur. Qarabağa yuvaya qayıdaraq orada yenidən
və daha da əzəmətlə səslənən bu qədim
musiqi bir daha sübut edir ki, sənət doğma yurd,
münbit zəmin və səmimi, hərarətli nəfəs
istəyir. Bu, böyük bir xoşbəxtlikdir ki,
muğamımız Azərbaycan dövlətinin
qayğısı ilə indi doğma məcrasında rahat,
geniş nəfəs ala bilir. Bu gün azad Qarabağla birlikdə
muğamımız da tam mənada azaddır və onun sədaları
xalqımızın dünyaya bəxş etdiyi uca dəyər
kimi bəşəriyyətə azadlıq
mesajlarımızı çatdırır!
Şahanə MÜŞFİQ
525-ci qəzet .-2025.- 13 may(№81).- S.11.