Liderlik xarakterinin ayrılmaz hissəsi
Müasir dövlətçilik məktəbinin
mükəmməl simvolu olan Heydər Əliyev haqqında
düşünərkən onun nə qədər hərtərəfli,
geniş dünyagörüşünə və yüksək
intellektə malik şəxsiyyət olduğuna heyrətlənməmək
olmur. Zaman keçdikcə onun nadir zəkası, müdrikliyi,
böyüklüyü daha da aydın görünür.
Uzaqgörənliklə qurulmuş dövlətçilik fəlsəfəsi
ilə Ulu öndər çətin dövrlərin lideri,
sabitliyin təminatçısı, gələcəyin
yolgöstərəni kimi tariximizə
yazılmışdır. O, müxtəlif sahələr
üzrə peşəkar və çoxcəhətli təsir
bağışlayan lider idi. Onun fəaliyyəti yalnız
siyasi rəhbərliklə məhdudlaşmırdı; dövlət
idarəçiliyindən mədəniyyətə,
iqtisadiyyatdan təhlükəsizliyə qədər bir
çox sahələrdə dərin bilik və strateji
baxış nümayiş etdirirdi. Ölkənin ucqar əyalətində
sadə dəmiryolçu ailəsində dünyaya gəlmiş
bir gəncin SSRİ kimi böyük dövlətin ən
nüfuzlu qurumu olan "KQB"nin generalı rütbəsinə
qədər yüksəlməsi təsadüfi deyildi - bu,
fitri istedadın, dərin zəkanın və peşəkar
hazırlığın göstəricisi idi.
Azərbaycanın rəhbəri olduğu dövrdə
sənayenin inkişafı, xüsusilə neft, enerji və kənd
təsərrüfatı sahələrində ciddi islahatlar həyata
keçirmişdi. "Əsrin müqaviləsi"nin
imzalanması ilə o, Azərbaycanın neft strategiyasının
əsasını qoydu, ölkəni beynəlxalq enerji xəritəsinə
daxil etdi və göstərdi ki, iqtisadiyyatı və sənayeni
çox mükəmməl bilir. Həmçinin xarici siyasət
və diplomatiya sahəsində əvəzedilməz bir fenomen
olduğunu beynəlxalq arenada
balanslaşdırılmış siyasət yürütməklə,
Azərbaycanın həm Qərb, həm də Şərq
dünyası ilə əlaqələrinin möhkəmləndirməsi
ilə sübut etdi.
"Mən dünyada müəllim adından yüksək
ad tanımıram!", - deyərək və gənclərin
təhsil alması, onların intellektual səviyyənin
artırılması üçün çoxşaxəli təşəbbüslər
irəli sürərək bu ideyaları həyata keçirib
təhsilə, elmə nə qədər önəm verdiyini
göstərdi. Azərbaycan mədəniyyətinə və
ziyalılarına xüsusi diqqəti, milli dəyərlərə
sədaqəti, elm və texnologiyanın inkişafına
verdiyi önəm, səhiyyə sisteminin təkmilləşdirilməsi
üçün həyata keçirdiyi islahatlar, hüquqi
dövlət quruculuğu sahəsində gördüyü
işlər, ölkədə məhkəmə və
hüquq-mühafizə sistemini formalaşdırması, xaricdə
yaşayan azərbaycanlıların təşkilatlanması,
diaspor hərəkatının güclənməsi, ölkəmizdə
dini və etnik müxtəlifliyə əsaslanan cəmiyyət
modelinin qurulması, multikulturalizm və tolerantlığın
bərqərar olması, gənclərin vətənpərvərlik
ruhunda tərbiyə olunması, onların kütləvi şəkildə
elmə və idmana cəlb olunması, milli ordunun qurulması
və digər onlarla strateji xətt onun həyat yolunun istiqamətləri
sırasında olmuşdur.
Hesab edirəm ki, bu istiqamətlərin hər biri
haqqında saatlarla danışmaq, kitab-kitab məqalələr
yazmaq olar, bu, qədirbilən xalqımız tərəfindən
hər zaman edilmiş və ediləcəkdir. Bu nəhəng
və fenomenal şəxsiyyətin milyonlarla insana örnək
olan ömrü ərzində ölkəmiz və bütün
dünya üçün etdikləri barədə mən də
bir neçə kitab, onlarla məqalə yazmışam. Təqdim
olunan yazıda onun ali dəyərlərinin nisbətən az
öyrənilmiş, hələ tam sistemləşdirilməmiş
bir xüsusiyyəti barədə yazmaq istəyirəm - Ulu
öndərin dostluq münasibətləri haqqında.
Çox araşdırdıqdan sonra belə qənaətə
gəlmişəm ki, xarizmatik liderliyi, praqmatik siyasəti,
strateji və çevik düşüncəsi nəticəsində
dünyanın tanınmış şəxsiyyətlərində ona qarşı yaranmış dərin
ehtiram və rəğbət hissini olduğu kimi gələcək
nəsillərə çatdırmaq lazımdır. Qoy onlar
Ümummilli lideri yalnız mürəkkəb siyasi və sosial
məsələləri geniş təhlil etməyi və dəqiq
strateji qərarlar verməyi bacaran müdrik siyasətçi
kimi yox, həm də çox alicənablıq, güvənlik,
kübarlıq keyfiyyətlərinə malik, dünya liderləri
tərəfindən "dərin düşüncəli, nəcib
və nüfuzlu dövlət xadimi" olaraq dəyərləndirilən
nəhəng şəxsiyyət olduğunu bir daha
görsünlər.
Tarix göstərir ki, çox vaxt bütün enerjilərini
və diqqətlərini öz sahələrində irəliləməyə
həsr etdikləri üçün əksər liderlər
insan kimi kamil olmamış, şəxsi həyatlarında, ətrafdakı
insanlara münasibətdə, yaxud etik davranışlarında
zəifliklər göstərmişlər. Yaxud, insan
psixologiyasına ciddi təsir edən tarixi şərait,
liderlik məsuliyyəti və daim ictimai diqqət altında
olmaq onların sərt, bir qədər də qeyri-adi,
insanlardan uzaq olmasına səbəb olmuşdur. Tarix səhifələri
liderliklə kamilliyin üst-üstə düşmədiyi
çoxsaylı nümunələrlə zəngindir. Bu şəxslər
öz ölkələrinin və ya dünyanın taleyinə
ciddi təsir göstərsələr də, onların şəxsi
həyatları, etik davranışları, dostları ilə
münasibətləri tarixin yaddaşında birmənalı
qalmamışdır. Bu siyahıda Uinston Çörçil,
Napoleon Bonapart, Mustafa Kamal Atatürk, İosif Stalin, Riçard
Nikson, Marqaret Tetçer və onlarla digər şəxsiyyətlərin
adları vardır.
Məsələn, "Dəmir ledi" təxəllüslü
Marqaret Tetçer tarixə Böyük Britaniyada həyata
keçirilən iqtisadi islahatların, liberal iqtisadi sistemə
keçidi təmin edən qətiyyətli və prinsipial
siyasətçi kimi düşsə də, ətrafında
olanlara, o cümlədən ailə üzvlərinə
qarşı sərt və kobud rəftarı, insanlarla həddindən
artıq böyük məsafə saxlaması, heç kəslə
dostluq münasibətində olmaması ilə xarakterizə
edilir.
Belə nümunələr göstərir ki, liderlik və
kamillik fərqli insani keyfiyyətlərdir. Liderlər cəmiyyətə,
tarixə və gələcəyə böyük fayda verə
bilərlər, lakin bu, onların şəxsi həyatlarının
və davranışlarının ideal olmasına zəmanət
vermir. Şəxsi keyfiyyətlərlə, münasibətlərdə
dürüstlük və təvazökarlıqla bağlı
olan mənəvi kamillik, nəciblik isə insandan həyata
keçirdiyi böyük işlərlə paralel ədalətli,
səbirli və təmkinli olmaq, empatiya göstərmək,
etik davranışları gözləmək kimi çox
mürəkkəb xüsusiyyətlər tələb edir.
1990-cı illərin xaosunda Azərbaycanı parçalanmaqdan
və vətəndaş müharibəsindən xilas edən,
həm Qərb, həm də Rusiya və İranla münasibətlər
quraraq balanslı siyasət yürütməyi bacaran,
"Əsrin müqaviləsi"ni imzalayaraq Azərbaycanın
iqtisadi gələcəyinin əsasını qoyan və
ölkəni dünya enerji bazarına çıxaran,
güclü natiqlik bacarığı ilə insanlarda ümid
yaradan Heydər Əliyev isə çoxsaylı dostları,
şəxsi münasibətləri, ailə dəyərlərini
yüksək qiymətləndirməsi ilə də tarixə
düşmüşdür.
Onun dostlarının siyahısı kifayət qədər
böyükdür - burada SSRİ kimi nəhəng bir dövlətə
18 il rəhbərlik etmiş Leonid Brejnevdən Bəxtiyar
Vahabzadəyə, Qara Qarayevə, Mstislav Rostropoviçdən
Fikrət Əmirova, Zeynəb Xanlarovaya, Niyaziyə, Hökumə
Qurbanovaya, Süleyman Dəmirəldən Rəşid Behbudova,
Müslüm Maqomayevə, SSRİ-nin rəhbəri olmuş
Yuri Andropova, ABŞ-ın 41-ci Prezidenti Corc Buşdan İhsan
Doğramacıya kimi onlarla müxtəlif insan vardır. Həm
də bu insanların hər biri dünya səviyyəsində
tanınmış xüsusi şəxsiyyətlərdir.
Onların hər birinə diqqət və vaxt ayırmaq, həm
də etimadlarını, sevgilərini qazanmaq sadə məsələ
deyildir. Belə insanların biri ilə hər hansı
münasibətdə olmaq özü böyük bir hadisə
hesab edilə bilər, ancaq hamısı ilə səmimi əlaqələr
qurmaq üçün Heydər Əliyev olmaq vacib idi.
Yüksək intellekt və siyasi savad, dərin analitik
düşüncə və dövlət idarəçiliyi
istedadı, diplomatik çeviklik və fikirləri aydın, səlis
ifadə etmək bacarığı, cəlbedici zahiri
görünüş və zəngin daxili aləm, təvazökarlıqla
özünəinamın ideal balansı Ulu öndərə
dünyanın bir çox tanınmış şəxsiyyətləri
ilə səmimi münasibətlər qurmaq imkanı
yaratmışdı. Bugünkü gənclər yəqin ki,
bilmirlər, ancaq mən şahidəm ki, SSRİ-nin 1964-cü
ildən 1982-ci ilə kimi rəhbəri olmuş Leonid Brejnev o
dövrdə olduqca yüksək nüfuza malik siyasi lider idi. Mən
müqayisə üçün qeyd edirəm ki, onun həmin
illərdəki avtoriteti bugünkü ABŞ Prezidentinin
nüfuzundan heç də az deyildi. Həmin insanla nəinki
ünsiyyətdə olmaq, bir neçə kilometrdən onu
görməyin özü reallıqdan uzaq bir hadisə idi,
çünki o, dünyanın ən böyük ölkəsinin
simvolu hesab edilirdi. Ancaq Heydər Əliyev həmin əlçatmaz
insanla şəxsi münasibətlər qura bilmişdi,
Brejnevin ən yaxın ətrafında olan kəslərin belə
həsrət çəkdiyi təmaslarda ola bilirdi. Məsələn,
o, Brejnevin Krımda yerləşən iqamətgahında
keçirilən ailə tədbirlərində bir neçə
dəfə həyat yoldaşı ilə birgə iştirak
etmişdi. Bu cür qeyri-rəsmi görüşlər
qarşılıqlı etimadın və yaxın münasibətlərin
dərinliyinin göstəricisidir. Hamıya məlumdur ki, bu
cür görüşlər, rəsmi protokollardan kənar,
daha səmimi və açıq müzakirələrin
aparıldığı məkanlar hesab olunur. Moskvadan kənara
çıxmağı çox da xoşlamayan Brejnev
üç dəfə Bakıya gəlmişdi, bu faktın
özü Heydər Əliyevin Moskvanın siyasi dairələrində
nə qədər yüksək nüfuza malik olduğunun daha
bir təsdiqidir. Bu səfərlərin sadəcə ekskursiya
olmadığı da məlumdur, belə vizitlərdən sonra
Azərbaycana mərkəz tərəfindən böyük
investisiyalar ayrılır, nəhəng tikintilərə icazə
verilirdi. Bakı Məişət Kondisionerləri, Yeni
Neftayırma, Bakı Soyuducular, Etilen-polietilen, Sintetik
kauçuk, Sumqayıt şüşə, Bakı Dərin
Özüllər və digər
onlarla zavod məhz həmin səfərlərin yadigarları
kimi ölkəmizdə qalmaqdadır.
Uzun illər SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinə, Brejnevdən sonra isə bütün Sovet
İttifaqına rəhbərlik etmiş Yuri Andropovla Ulu
öndərin şəxsi münasibətləri də
çox maraqlı və ibrətamiz hadisədir. Hələ
1950-60-cı illərdə Azərbaycan "KQB"sində
çalışan Heydər Əliyev öz fenomenal mühakimə
qabiliyyəti, çevik düşüncə tərzi,
intizamı və intellekti ilə Andropovun diqqətini cəlb
etmiş, onda müsbət təəssürat
yaratmışdı. Xarakterindəki stabillik, öz üzərində
daim çalışmaq qabiliyyəti, prinsipiallıq və qətiyyət
Heydər Əliyevi zaman keçdikcə Kremldə həlledici
söz sahiblərindən biri olan Andropova daha çox
sevdirmiş, ömrünün sonuna kimi ona yüksək şəxsi
rəğbət bəsləmişdir. Bu münasibətlər
şəxsi simpatiyaya və qarşılıqlı hörmətə
əsaslanırdı. Rusiyanın Praqadakı Mədəniyyət
və Elm Mərkəzinin direktor müavini Oleq Soloduxin xatirələrində
yazır ki, Andropov özünün varisi rolunda məhz Heydər
Əliyevi görürdü, Ulu öndərin Siyasi Büroya
üzv seçilməsi, SSRİ Nazirlər Soveti sədrinin
Birinci müavini vəzifəsinə təyin edilməsi də
onun gələcəkdə SSRİ rəhbəri postuna
hazırlanması ilə bağlı idi. Lakin Andropovun gözlənilmədən
dünyasını dəyişməsi, Qorbaçov kimi
avantüristlərin hakimiyyətə gəlməsi təkcə
Heydər Əliyev fenomeninin kənarlaşdırılması
ilə yox, həm də böyük bir dövlətin
çökməsi ilə nəticələndi.
Heydər Əliyevin Türkiyənin sabiq Prezidenti
Süleyman Dəmirəllə münasibətləri fərqli
bir müstəvidə, həm şəxsi dostluq, həm də
çox incə diplomatik təmaslar səviyyəsində
qurulan ünsiyyət idi. Bu dostluq, uzun illər ərzində
qarşılıqlı hörmət, ortaq türk dünyası
ideyaları və bir-birinin liderlik keyfiyyətlərinə
duyulan ehtiram əsasında qurulmuşdu, həm də
yalnız siyasi tərəfdaşlıqdan ibarət deyildi, bu,
eyni zamanda dərin şəxsi simpatiyanın bəhrəsi
idi. Heydər Əliyev və Süleyman Dəmirəl SSRİ
dövründən bəri bir-birlərini siyasi liderlər kimi
qiyabi tanıyırdılar. Onların münasibətlərinin
əsas mərhələsi Heydər Əliyevin
Naxçıvan dövründə (1990-1993)
başlamışdı, bu, onların dostluğunun
formalaşdığı, sınaqdan keçdiyi və
möhkəmləndiyi dövr idi. Ermənistanın
başladığı müharibə nəticəsində
Naxçıvan faktiki olaraq ağır blokada şəraitində
yaşayırdı - enerji, ərzaq, dərman
qıtlığı mövcud idi. Belə çətin məqamda
Heydər Əliyev kimi mahir strateq çıxış yolunu
Türkiyə ilə birbaşa əlaqələrin
qurulmasında gördü. Bu da məhz Süleyman Dəmirəllə
şəxsi kanallar vasitəsilə mümkün ola bilərdi.
Bu münasibətlərin yaradılması nəticəsində
1992-ci ildə Türkiyə-Naxçıvan sərhədi
(Ümid körpüsü) açıldı. Süleyman Dəmirəlin
bilavasitə dəstəyi ilə açılan bu
körpü Naxçıvan üçün həyat dəhlizi
oldu və onun göstərişi ilə Türkiyə
Naxçıvana humanitar yardım, yanacaq və ərzaq
göndərməyə başladı. Bu, Azərbaycan-Türkiyə
əlaqələrinin mənəvi yönü və Heydər
Əliyevə verilən dəstək demək idi. Böyük
bir dövlətin başçısının kabinetindən
kiçik Azərbaycanın balaca əyalətinin -
Naxçıvanın rəhbərinin otağına çəkilən
birbaşa telefon xəttinin özü də çox həqiqətləri
göstərirdi. Heydər Əliyevin nəhəngliyini bir daha
təsdiq edən amillərdən biri də bu idi ki,
Süleyman Dəmirəl Naxçıvanı doğma bir yurd kimi qəbul
etmişdi, bütün Türkiyəyə də bu ideyanı
təlqin edirdi: "Naxçıvan tək qalmayacaq. Bizim
üçün Naxçıvan yalnız coğrafiya deyil,
qardaşımızın yurdudur". Heydər Əliyevin
Naxçıvan dövründə Süleyman Dəmirəllə
münasibəti yalnız siyasi deyil, həm də şəxsi
sədaqətə əsaslanırdı. Dəmirəlin bu
dövrdə Naxçıvana göstərdiyi yardım, sadəcə
rəsmi dövlət jesti yox, dostun dosta uzatdığı təmənnasız
əl idi. Bu münasibətlər sonrakı dövrdə iki
ölkə arasında "bir millət, iki dövlət"
fəlsəfəsinin təməlinə çevrildi.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
qayıtdıqda artıq Dəmirəllə sınaqdan
çıxmış bir etibar, möhkəm şəxsi əlaqə,
beynəlxalq səviyyədə istifadə edilə biləcək
siyasi dialoq qurmuşdu. Bu münasibətlər, onun prezidentliyi
dövründə və sonralar Azərbaycan-Türkiyə əlaqələrinin
sürətlə inkişafında əsas rol oynadı. Belə
demək mümkünsə, Naxçıvanda təməli
qoyulan münasibətlər, Bakıya daşındı.
İki lideri birləşdirən əsas məqamlardan biri də
Türk dünyasının birliyi ideyası idi. Hər ikisi
türk dəyərlərinin, dilinin, mədəniyyətinin
qorunması və siyasi yaxınlaşmanın tərəfdarı
idi. Heydər Əliyevlə Süleyman Dəmirəlin
dostluğu təkcə iki ölkə arasındakı strateji
tərəfdaşlığa deyil, iki şəxsin səmimi və
davamlı dostluğuna əsaslanırdı. Onların
münasibəti, Azərbaycan-Türkiyə əlaqələrinin
təməl daşlarıdır. Dəmirəlin Bakıya səfərləri
zamanı, Heydər Əliyev onu yalnız rəsmi şəxs
kimi yox, şəxsi qonaq kimi qarşılayırdı. Ulu
öndər deyirdi: "Bizim Dəmirəl kimi
dostlarımız olduqca, Azərbaycan-Türkiyə münasibətlərini
heç kim poza bilməz". Dünyanın bərkini-boşunu
görən, siyasi arenada insan sərrafı kimi tanınan
Süleyman Dəmirəl isə deyirdi: "Heydər bəy təkcə
Azərbaycanın deyil, bütün Türk
dünyasının lideridir. O, təkcə bir dövlət
başçısı deyil. Dərin zəkaya malik, uzaqgörən,
mərd bir insandır".
Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin
inkişafında mühüm rol oynamış Heydər
Əliyevin ABŞ-nin 41-ci prezidenti Corc Buş (Ata Buş) ilə münasibətləri də
çox böyük maraq doğurur. Dünyanın super
dövlətinin başçısı ilə müstəqilliyini
yenicə əldə etmiş kiçik bir respublikanın prezidenti
arasında səmimi münasibətlərin mövcudluğu
yalnız Heydər Əliyev kimi nəhəng zəka sahibinin
qüdrəti sayəsində mümkün ola bilmişdir.
Buş xatirələrində yazır ki, 2001-ci ilin aprel
ayında, ABŞ-da keçirilən Key Vest sülh
danışıqlarından sonra, Heydər Əliyevlə
Vaşinqtonda görüşdüm. Prezident Əliyevi
geniş dünyagörüşünə, yüksək mənəvi
keyfiyyətlərinə görə rəsmi ofisdə yox,
öz evimdə qəbul etdim,
okeana və mənim iki hobbimə -
balıqçılıq və qayıqla gəzintiyə
böyük maraq göstərdiyinə görə və şəxsi
münasibətlərimizin tərkib hissəsi kimi onu şəxsi
qayığımda gəzdirdim. Buş qeyd edir ki, Amerika-Azərbaycan
münasibətlərinin əhəmiyyətini vurğulamaq məqsədi
ilə qayıqda Azərbaycan bayrağı da
qaldırılmışdı.
Corc Buşun Heydər Əliyevi şəxsi
qayığında gəzdirməsi onların yaxın şəxsi
münasibətlərinin və ABŞ-Azərbaycan əlaqələrinin
dostluq xarakterinin bariz nümunəsi kimi tarixə
düşmüşdür. Bu görüş zamanı Corc
Buş Heydər Əliyevə olan hörmətini və onun
liderlik keyfiyyətlərinə olan heyranlığını
ifadə etmişdir. Bu, onların şəxsi münasibətlərinin
dərinliyini və qarşılıqlı hörmətini
göstərən bir nümunədir. Heydər Əliyev və
Corc Buş arasındakı münasibətlər, Azərbaycan
və ABŞ arasında strateji tərəfdaşlığın
əsasını qoymuşdur. Bu əlaqələr, yalnız
siyasi deyil, həm də iqtisadi, enerji və təhlükəsizlik
sahələrində əməkdaşlığın
inkişafına təkan vermişdir. 11 sentyabr 2001-ci ildə
ABŞ-da baş verən terror hücumlarından sonra, Heydər
Əliyev Azərbaycanın ABŞ-nin mübarizəsinə dəstək
verməyə hazır olduğunu bildirmişdir. Azərbaycan,
ABŞ-nin hərbi əməliyyatları üçün
öz hava məkanını istifadəyə vermiş və
bu, iki ölkə arasında hərbi əməkdaşlığın
inkişafına səbəb olmuşdur. Bu münasibətlər
ABŞ və Azərbaycan arasında dostluq və
qarşılıqlı hörmətə əsaslanan əlaqələrin
inkişafında mühüm rol oynamışdır.
Dünya şöhrətli violonçel
ifaçısı və dirijor Mstislav Rostropoviçlə də Heydər Əliyevi bir-birinə
bağlayan və illərlə davam edən möhkəm
dostluq telləri var idi. Bakıda doğulan və
uşaqlığının bir hissəsi bu şəhərdə
keçən Mstislav Rostropoviçlə Heydər Əliyev
arasında şəxsi dostluq çox dərin və səmimi
münasibətlərə əsaslanırdı. Bu dostluq sadəcə
mədəni və siyasi əlaqələrlə məhdudlaşmır,
şəxsi səviyyədə qarşılıqlı
hörmət və etimada əsaslanırdı. Moskvada
yaşayan Rostropoviç doğulduğu şəhərdən
ayrıldıqdan sonra Bakıya 1950-ci illərdə gəlib və
bu səfər zamanı Heydər Əliyevlə tanış
olub. Sonralar bu tanışlıq sıx dostluğa
çevrilib. Mədəniyyətə önəm verən, incəsənəti
dərindən duyan Heydər Əliyev Azərbaycana ilk dəfə
rəhbərlik etdiyi vaxtlarda da Rostropoviçin yaradıcılığına
və onun nəcib mədəni xidmətlərinə yüksək
qiymət verir, onu böyük sənətkar kimi dəyərləndirirdi.
SSRİ-də dissident fəaliyyətinə görə təqib
olunan Rostropoviç həyatının ən çətin məqamlarında
da Heydər Əliyevdən dəstək görmüş, ona
görə Qərbə köçdükdən sonra belə
onunla şəxsi əlaqələrini qoruyub
saxlamışdı. Bu, onların münasibətlərinin səmimiliyini
göstərir. Rostropoviç deyirdi: "Heydər Əliyev təkcə
böyük siyasətçi deyil, o həm də mənim
yaxın dostumdur. Onunla fəxr edirəm". Heydər
Əliyev də öz növbəsində onu "dahi sənətkar"
adlandırırdı və onun Azərbaycana olan sevgisini
yüksək qiymətləndirirdi.
1990-cı illərdə - Heydər Əliyevin Prezident
olduğu dövrdə Mstislav Rostropoviç dəfələrlə
Bakıya rəsmi səfərlər etmiş, konsertlər
vermiş və Azərbaycan xalqına olan sevgi və hörmətini
müxtəlif formalarda ifadə etmişdir. 1997-ci ildə
Rostropoviçin 70 illik yubileyi münasibətilə Bakıda
böyük tədbir keçirilmiş və Heydər
Əliyev ona Azərbaycan Respublikasının ən yüksək
mükafatı olan "İstiqlal" ordenini təqdim
etmişdi. Heydər Əliyevin şəxsində böyük
bir azərbaycanlı ilə dostluq etməsindən hər zaman
qürur duyan Mstislav Rostropoviç hətta 2007-ci ildə
doğulduğu Bakıda, Heydər Əliyevlə bir xiyabanda dəfn
olunmasını vəsiyyət etmişdi. Onların
arasındakı dostluq və mədəni əlaqələr,
Azərbaycan mədəniyyətinin inkişafında
mühüm rol oynamışdır. Bu əlaqələrin ən
əhəmiyyətli təzahürü, Bakıda keçirilən
Beynəlxalq Mstislav Rostropoviç Festivalıdır. Bu festival
onun xatirəsini yaşatmaq və klassik musiqini təbliğ
etmək məqsədilə hər il Bakıda keçirilir.
Festival, dünya səviyyəli musiqiçiləri bir araya gətirərək,
Azərbaycanı beynəlxalq musiqi xəritəsində önə
çıxarır. Festivalın təşkilatçılığında
Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət
Nazirliyi və Mstislav Rostropoviç Fondu mühüm rol oynayır.
Həmçinin Bakının mərkəzində 1925-1931-ci
illərdə Mstislav Rostropoviçin və atası Leopold
Rostropoviçin yaşadığı evdə ev-muzeyi fəaliyyət
göstərir. Bu məkan, Rostropoviçin
"Bakılı" olmağından qürur duyduğunu və
Heydər Əliyevin ona "Vətənini geri qaytardığını"
ifadə etdiyi bir yer olaraq xüsusi əhəmiyyət
daşıyır.
Türk dünyasının tanınmış alimi,
Bilkənt Universitetinin qurucusu, pediatriya üzrə dünya
şöhrətli mütəxəssis və pedaqoq, Almaniyadakı Leopoldina Naturforit Elmlər
Akademiyasının, ABŞ-dakı Pediatrlar
Akademiyasının, Hindistan Milli Tibb Akademiyasının,
İngiltərədəki Krallıq Tibb Kollecinin həqiqi
üzvü, Paris Milli Akademiyasının müxbir üzvü
və Ümumdünya Səhiyyə Təşkilatının
fəxri üzvü olmuş İhsan Doğramacı ilə
Heydər Əliyev arasındakı dostluq münasibətləri
Azərbaycan və Türkiyə arasında elmi və mədəni
əlaqələrin inkişafında mühüm rol
oynamışdır. Türk
dünyasının iki böyük ziyalısının Azərbaycan
və Türkiyə arasında sağlam mənəvi
körpünün əsası kimi mühüm əhəmiyyət
kəsb edən bu dostluğun təməlində vahid maraqlar -
təhsilə və intellektual potensiala böyük önəm
vermək, öz xalqına və türk dünyasına sədaqətlə
xidmət etmək kimi həyatlarının əsas məqsədi
dayanırdı.
İhsan Doğramacı, Heydər Əliyevin
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri
olduğu dövrdə Ankarada keçirilən
görüşlərində iştirak etmiş, orada
yaxından tanış olmuşdular. Azərbaycanla sıx əlaqələri
olan İhsan Doğramacı, Azərbaycan tarixi, mədəniyyəti,
hətta ləhcələri haqqında dərin biliklərə
malik idi. Doğramacının Azərbaycan ləhcələrini
bilməsi, xüsusilə Bakı, Naxçıvan və
Qarabağ ləhcələrini öyrənməsi, onun Azərbaycan
sevgisini və mədəniyyətinə olan hörmətini
göstərirdi. Onun bu xüsusiyyətləri Heydər
Əliyevin diqqətini çəkmiş və aralarında
yaxın dostluq münasibətləri yaranmışdır. Ulu
öndər yazırdı: "Bu ilk görüşlərdən
sonra İhsan Doğramacıyla aramızda böyük bir
dostluq başladı. Sanki yüz illik bir dostluq". Bu
münasibətlər nəticəsində, 1995 və 2000-ci
illərdə Doğramacının 80 və 85 illik yubileyləri
Bakıda böyük təntənə ilə qeyd edilmiş,
bu tədbirlərdə Heydər Əliyev şəxsən
iştirak etmiş və Doğramacıya yüksək
hörmətini ifadə etmişdir. 2005-ci ildə 90 illik
yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən İhsan Doğramacı "Heydər
Əliyev" ordeni ilə təltif edilmişdir.
İhsan Doğramacı, Azərbaycan müstəqillik
qazandıqdan sonra ölkəyə yardım edən ilk
türk ziyalılarından biri olmuşdur. Onun təşəbbüsü
və şəxsi nüfuzu ilə bir çox azərbaycanlı
gənc Türkiyədə təhsil ala bilmişdir. Heydər
Əliyev bu dəstəyi yüksək qiymətləndirirdi və
İhsan Doğramacını "Türk dünyasının
böyük oğlu" adlandırırdı. İhsan
Doğramacı da Heydər Əliyevə olan böyük
sevgisini xoş sözlərlə ifadə edirdi: "Heydər
Əliyev zəmanəmizin böyük türküdür. Mən
80-ci illərdə Moskvada bir türk oğlunun sovet rəhbərliyində
yüksək post tutması haqqında eşitmişdim və
onu görmək istəyirdim. Nəhayət, 90-cı illərdə
bu, mənim qismətim oldu. Qeyd edim ki, Heydər Əliyev mənim
təsəvvür etdiyimdən də nəhəng şəxsiyyət,
dərin zəkalı və yüksək mədəniyyətli
bir insan, çox etibarlı və səmimi dost imiş. Mən
onunla dostluğumdan qürur duyuram".
Heydər Əliyevin xarici siyasətdə, şəxsi
münasibətlərdə, tanınmış insanlarla
formalaşdırdığı dostluq və etimad prinsipi
yalnız diplomatik ritorika deyildi - bu, onun şəxsiyyətinin,
liderlik xarakterinin ayrılmaz hissəsi idi. O, münasibətlərə
uzunmüddətli baxır, qarşılıqlı hörmət
və etibara əsaslanan əlaqələr qururdu. Ulu öndər
təkcə siyasi xadim deyildi - o, həm də zamanının
dərin düşüncəli strateqi və insani münasibətlərə
xüsusi önəm verən lideri idi. Onun rəhbərliyi
dövründə Azərbaycan hələ gənc bir dövlət
olaraq dünyada yerini müəyyənləşdirirdi. Bu mərhələdə
Heydər Əliyevin qurduğu beynəlxalq münasibətlər
bir çox hallarda məhz şəxsi dostluğa,
qarşılıqlı hörmətə və diplomatik
etibara əsaslanmalı olurdu. Türkiyə, Rusiya, ABŞ,
Avropa və İslam dünyasında bir çox liderlərlə
Heydər Əliyevin qurduğu əlaqələr, təkcə
rəsmi deyil, mənəvi yaxınlıq üzərində
qurulmuşdu. Qurulan bu dostluq və qarşılıqlı
hörmət prinsipləri, onun təkcə lider kimi yox, həm
də dərin insani keyfiyyətlərə malik şəxsiyyət
olduğunu nümayiş etdirirdi. O, dövlətlərarası
əlaqələri yalnız rəsmi protokollar üzərindən
deyil, şəxsi etimad və diplomatik etiket vasitəsilə də
möhkəmləndirirdi. Məhz bu yanaşma, həmin çətin
və ağır illərdə Azərbaycanın beynəlxalq
nüfuzunun formalaşmasında əsas rol
oynamışdı. Heydər Əliyevin dostluğa əsaslanan
bu diplomatik yanaşması təkcə onun şəxsi
uğuru deyildi - bu, eyni zamanda Azərbaycanın beynəlxalq
siyasətə baxışının bünövrəsini təşkil
edirdi.
Fikrimcə, bu baxış bucağından
yanaşdıqda, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin bu gün apardığı siyasət də,
bir çox hallarda, həmin ənənənin zamana uyğun
davamıdır. Əgər Heydər Əliyev dostluqla
etibarı birləşdirirdisə, İlham Əliyev bu prinsipləri
strateji tərəfdaşlığa və geosiyasi
tarazlığa çevirmişdir. Bu gün həmin diplomatik
irs cənab İlham Əliyev tərəfindən
həm siyasi, həm də mənəvi baxımdan daha yüksək
səviyyədə davam etdirilir. O, atasının dostluq fəlsəfəsini
yeni reallıqlara uyğunlaşdıraraq, Azərbaycanı
regional və qlobal miqyasda mühüm tərəfdaşlardan
birinə çevirmişdir.
Heydər Əliyev yolunun uğurlu
davamçısı kimi Prezident İlham Əliyev, dövlətçilik
ənənələrinə sadiq, milli maraqları qətiyyətlə
müdafiə edən, beynəlxalq nüfuzlu, müasir
çağırışlara çevik cavab verə bilən
və xalqla bir olan güclü lider kimi səciyyələndirilə
bilər. Mən bu barədə düşünərkən
gözlərim önündə "ata vəsiyyətini yerinə
yetirən", həm də Heydər Əliyevin açıq
və ya dolayısı ilə verdiyi "vəsiyyəti"
yalnız 44 günlük rəşadətli müharibədə
yox, bütün cəbhələr boyu uğurla yerinə yetirən
qeyrətli bir oğul canlanır.
İlham Əliyevin xarici siyasəti balanslı və
çoxşaxəlidir. Məsələn, son günlərdə
Çinə etdiyi səfər bu siyasətin
davamlılığını və yenilənmiş
formasını aydın göstərir. Əgər Ulu öndər
dünyanın siyasi liderləri ilə etibarlı münasibət
qururdusa, İlham Əliyev bu münasibətləri dərinləşdirir,
rahat danışan tərəfdaşdan daha çox beynəlxalq
enerji və nəqliyyat layihələrinin liderinə
çevrilir. Çinlə "hərtərəfli strateji tərəfdaşlıq"
səviyyəsində əlaqələrin qurulması, Şərq-Qərb
nəqliyyat dəhlizinin inkişafı və
qarşılıqlı vizasız rejim - bunlar hamısı
Prezident İlham Əliyevin atası tərəfindən
qoyulmuş "beynəlxalq etimad" modelini bu günün
qlobal şərtlərinə uyğun şəkildə davam
etdirdiyini göstərir.
Bu günlərdə İran prezidenti Məsud
Pezeşkianın Azərbaycana səfəri isə
mühüm bir diplomatik hadisə oldu. Bu səfər,
İran-Azərbaycan əlaqələrində yeni mərhələnin
başlanğıcını simvolizə edirdi. Səfər
çərçivəsində cənab İlham Əliyev
İranın siyasi rəhbərliyi ilə bir neçə
mühüm görüşlər keçirərək bu
görüşlərdə İranla Azərbaycanın ticarət
və iqtisadi əlaqələrinin genişləndirilməsi,
regiondakı sabitliyin qorunması, enerji əməkdaşlığının
inkişafı və hər iki ölkənin strateji
maraqlarına uyğun yeni layihələrin təşviqi məsələlərini
müzakirə etmişdir. İran-Azərbaycan münasibətləri
ən gərgin dövrlərindən birini
yaşadığı vaxtda belə, bu cür diplomatik
görüşlər iki ölkə arasında əlaqələrin
gücləndirilməsi, regionda siyasi münasibətlərin
normallaşdırılması və qarşılıqlı
anlaşmanın təşviqinə xidmət edir.
Azərbaycan və İsrail arasında münasibətlər
son illərdə daha da möhkəmlənmişdir. 2023-cü
ildə Azərbaycan İsraildə səfirlik
açmış və bu, iki ölkə arasında diplomatik əlaqələrin
30 illiyinə təsadüf etmişdir. 2024-cü ilin
fevralında Prezident İlham Əliyev İsrail Prezidenti
İsxak Hersoq ilə görüşərək ikitərəfli
münasibətləri müzakirə etmişdir. Azərbaycan,
İsrailin əsas neft tədarükçülərindən
biri olmaqla yanaşı, müdafiə və təhlükəsizlik
sahələrində də sıx əməkdaşlıq
edir. Bu hadisələr bir daha göstərir ki, Azərbaycanın
xarici siyasəti son zamanlar keyfiyyətcə yeni mərhələyə
yüksəlir.
Biz içəridə olduğumuzdan bunu o qədər
də hiss etmirik, əslində, Azərbaycan qlobal Cənubun
qlobal Şimalla birləşməsində təkanverici rol
oynayır, birləşdirici həlqəyə çevrilir.
Belə bir funksiya dünyada artıq qəbul olunmağa
başlayıb. Avropa Birliyinin Xarici Əlaqələr üzrə
Ali Nümayəndəsi Azərbaycana gəlirsə, erməni
lobbiləri bəyanatlar verirsə, İran Prezidenti Azərbaycana
gəlirsə, Çin Azərbaycanla münasibətləri bu
cür təşkil edirsə, Türk Dövlətləri Təşkilatının
Azərbaycanda yenidən ən yüksək səviyyədə
görüşlərinin təşkilini görürüksə,
deməli, fərqli mühiti yaşayırıq.
Deməli, Prezident İlham Əliyev "ata vəsiyyətini"
yerinə yetirməklə həm də dövlətə və
xalqa sədaqətlə xidmət, sabitliyin və təhlükəsizliyin
qorunmasına, Azərbaycanın müstəqilliyinin və
suverenliyinin əbədi olmasına, milli maraqların hər
şeydən üstün tutulmasına böyük önəm
verir. Bu baxımdan cənab Prezident ölkədə sabitliyi
qoruyur, milli maraqlara uyğun praqmatik xarici siyasət
yürüdür, Ulu öndərin siyasi irsini davam etdirir və
onun vəsiyyətini həyata keçirmək yolunda xalqla birgə,
milli həmrəylik və ədalətli idarəçilik
prinsipləri ilə mühüm addımlar atır. Bu şərəfli
və tarixi yolda müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevə daha böyük uğurlar arzu edirəm.
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet .-2025.- 13 may(¹81).- S.8-9.