"Qarabağ qalib
xalqa yaraşan formada yenidən qurulur, abadlaşır"
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
bərpa quruculuq işləri sürətlə davam etdirilir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan
erməni işğalçılarının tamamilə
darmadağın edib, misilsiz vəhşiliklər törətdikləri
əraziləri öz gücünə qurur, yeni nəfəs
verir. İşğal dövründə ən böyük
dağıntılara məruz qalmış
rayonlarımızdan biri də Ağdam idi. Bu gün artıq
Ağdama da yeni həyat qayıdır.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da
Ağdama səfər zamanı bir sıra layihələrin, o
cümlədən Ağdam Dəmir Yolu və Avtovağzal
Kompleksinin, Kəngərli kəndinin birinci mərhələsinin,
Kəngərli kənd tam orta məktəbinin binasının,
körpələr evi-uşaq bağçasının
açılışını edib, kəndə köçən
sakinlərlə görüşərək onlara evlərin
açarlarını təqdim edib.
Ağdamda həyata keçirilən ilk və
mühüm layihələrdən biri də Muğam Mərkəzinin
tikintisidir. Dövlət başçısının bildirdiyi
kimi, Muğam Mərkəzini Ağdamda ilk layihələrdən
biri kimi inşa etməyimiz mənəvi köklərə
bağlı olduğumuzu göstərir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Ağdam Muğam Mərkəzinin
açılış mərasimində iştirak ediblər. Təməli
2023-cü ilin mayında qoyulan mərkəzdə 474 yerlik
konsert zalı, 15 dərs otağı, sərgi salonu, iclas
zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin
ərazisində 615 tamaşaçı tutumu olan açıq
amfiteatr da inşa edilib. Eyni zamanda, burda kafe, kinozal, kitabxana və
iki rəqs zalı yaradılıb.
Mərkəz Qarabağ bölgəsində qədim
muğam sənəti incisinin işğaldan əvvəlki
şöhrətinin bərpası, tədrisi və təbliğində,
gənc nəsildə muğama sevginin aşılanmasında
mühüm rol oynayacaq.
Muğamın təbliği və inkişafı
istiqamətində dövlətimiz tərəfindən
görülən işlərə Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı
və dəstəyi ilə bu istiqamətdə respublika və
beynəlxalq əhəmiyyətli ənənəvi layihələr
həyata keçirilir. Bu layihələrin nəticəsidir
ki, Azərbaycan muğamı UNESCO-nun "Bəşəriyyətin
şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri"
siyahısına salınıb.
Prezident İlham Əliyev mərasimdə
çıxışı zamanı bildirib ki, dirçələn
Ağdam şəhərində Muğam Mərkəzinin
açılışı tarixi bir gündür: "Bu
gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii
ki, rəmzi məna daşıyır. Bu gün Ulu öndər
Heydər Əliyevin doğum günüdür. Mənim
üçün, hər bir vətənpərvər insan
üçün əziz bir gündə bu tədbiri
keçirmək, əlbəttə ki, böyük məna
daşıyır. Ulu öndərin bütün həyatı,
bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə
həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir.
Məhz onun 1993-cü ildə Azərbaycan rəhbərliyinə
gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm
qoydu".
Dövlət başçısı bildirib ki,
İkinci Qarabağ müharibəsindən keçən
dörd il yarım ərzində quruculuq işləri göz
qabağındadır. O cümlədən Ağdam şəhərində
də bunu görmək mümkündür. Azad edilmiş
bütün torpaqlarda geniş quruculuq, bərpa işləri
aparılır. Prezident vurğulayıb ki, işğal
dövründə Ermənistan dövləti məqsədyönlü
siyasət apararaq bütün şəhər və kəndlərimizi
yerlə-yeksan edib, soyqırımı, urbisid, ekosid törədilib.
Dövlət başçısı Azərbaycan
xalqının mütləq və tam qələbə qazanmaq əzminə
diqqət çəkərək, zəfəri şərtləndirən
amillərə toxunub: "Artıq biz "öldü var,
döndü yoxdur" şüarı ilə
yaşayırdıq və 44 günlük Vətən
müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq,
həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan
xalqının nə qədər böyük xalq olduğunu
göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı
mütləq və tam qələbə qazanmaq
üçün öz canından keçməyə
hazırdır. Qələbəmizi bir çox amillər
şərtləndirdi. Biz son dörd il yarım ərzində
bu barədə dəfələrlə
danışmışıq, fikirlərimizi
bölüşmüşük. Bütün bunlar cəmiyyətdə
birmənalı qəbul edilir: siyasi iradə, iqtisadi güc,
müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik
və gənc nəsil - milli ruhda tərbiyə olunan, bu
torpaqları heç vaxt görməyən gənc nəsil.
Bu torpaqları heç vaxt görməyənlərin,
müharibədə iştirak edənlərin əksəriyyəti
işğal dövründə doğulmuş insanlar idi.
Onları doğma torpağa çəkən o tarixi bağlar
- bütün bu və digər amillər bizim Qələbəmizi
şərtləndirdi və biz mütləq və tam Qələbə
qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində,
nə bizdən sonrakı dörd il yarım ərzində
heç kim mütləq və tam Qələbə
qazanmamışdır və elə görünür ki,
qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm.
Amma dünyada hər şey müqayisə ilə
ölçülür".
Yada salaq ki, bundan 7 il əvvəl Quzanlı qəsəbəsində
Muğam Mərkəzinin açılışı olub. Mərkəz
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
yaradılıb. Dövlət başçısı o zaman
açılış mərasimindəki
çıxışında mərkəzin
yaradılmasının Heydər Əliyev Fondunun təşəbbüsü
ilə mümkün olduğunu və bu təşəbbüsü
yüksək qiymətləndirdiyini deyərək, əlavə
edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın muğama göstərdiyi diqqət
bütün cəmiyyət tərəfindən yüksək
qiymətləndirilir: "Biz son illərdə muğamın
demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər
boyu bu gözəl milli sənətimizi
yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə
muğamın Azərbaycanda inkişafına çox
böyük təkan verildi. Ənənəvi muğam
müsabiqələri keçirilir və Azərbaycan
televiziyası ilə canlı yayımlanır. Muğam bizim
milli sənətimizdir, milli sərvətimizdir. Bizim mənəvi
dəyərlərimizin, Azərbaycan dəyərlərinin
inkişafı, qorunması üçün ədəbiyyatımızın,
musiqimizin çox böyük əhəmiyyəti var.
Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də
Azərbaycan dilinin saflığını qoruyan sənətdir".
Prezident yeddi il əvvəl Quzanlıda bəyan etdi ki,
Azərbaycan xalqı və dövləti heç vaxt
işğalla barışmayacaq: "Aprel döyüşləri
onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər
ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi
ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə
qadirdir, buna hazırdır və biz bunu sübut etdik. Biz
bütün vasitələrdən istifadə edib öz ərazi
bütövlüyümüzü bərpa edəcəyik...
Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə
barışmaq fikrində deyilik, beynəlxalq hüququn
normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət
bizim tərəfimizdədir. Bizim iradəmiz də,
gücümüz də var".
Həmin tarixi çıxışdan iki il sonra,
2020-ci ildə Azərbaycan öz torpaqlarını
işğaldan azad etdi, altı ildən bir qədər
artıq vaxtda isə Ağdamda Muğam Mərkəzi istifadəyə
verildi və muğamlarımız səsləndi.
Prezident çıxışında deyib ki, buraya gələrkən
yeddi il əvvəl Quzanlı qəsəbəsində
Muğam Mərkəzinin açılışını
xatırlayıb: "O vaxt Ağdam şəhəri və
rayonun böyük hissəsi işğal altında olduğu
üçün biz Quzanlı qəsəbəsini Ağdam
rayonunun mərkəzi elan etdik, orada mənim iştirakımla
Muğam Mərkəzinin təməli qoyuldu və 2018-ci ilin
noyabr ayında açılışı oldu. Mən orada incəsənət
xadimləri ilə görüş əsnasında demişdim
ki, biz ədalət tələb edirik. Demişdim ki, əgər
Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə
çıxmasa, biz istənilən varianta hazırıq. Ermənistan
rəhbərliyi buna məhəl qoymadı. Onlara dəstək
olan dairələr onlara pis məsləhət verdilər və
Azərbaycan xalqı haqqında yanlış təsəvvür
yaradılmışdı. İndi onlar peşmandırlar. O
gündən iki il sonra Vətən müharibəsi
başladı və cəmi 44 gün ərzində biz tarixi Zəfər
çaldıq, Ermənistan kapitulyasiya aktına qol çəkməyə
məcbur oldu və Qarabağın əsas hissəsi,
böyük hissəsi işğaldan azad edildi. Ancaq biz bilirdik
ki, bu, tarixi Qələbə olsa da, ölkə suverenliyi hələ
tam bərpa edilməyib. Hələ ki, Laçın istiqamətində
Azərbaycan-Ermənistan sərhədinə biz nəzarət
etmirdik, bəlli olan səbəblərə görə.
Əlbəttə ki, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il
sentyabrın 20-nə qədər yenə də hər gün,
hər saat siyasi, diplomatik, hərbi və digər alətləri
işə salaraq bax bu günü - 20 sentyabr gününü
yaxınlaşdırırdıq. Nəhayət 2023-cü il
sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi
tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət
göstərən dırnaqarası "Dağlıq
Qarabağ Respublikası" artıq tarixin zibilxanasına
göndərildi.
Bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu
gün Ağdam və bütün digər şəhərlərimiz
bərpa edilir".
Prezident ictimaiyyətə ilk dəfə bir məsələni
də açıqlayıb - Şuşanı Xankəndi ilə
birləşdirən "Kanat yolu" layihəsi üzərində
iş aparılır. Laçın şəhərində
kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə
də belə layihə var. Bu, həm turizm baxımından, həm
insanların rahat gediş-gəlişi üçün
çox gözəl bir vasitə olacaq.
Milli Məclisin deputatı Ceyhun Məmmədov
"525"ə deyib ki, Prezident növbəti dəfə
işğaldan azad edilmiş ərazilərdə, Qarabağda
yeni infrastruktur layihələrinin
açılışında iştirak etdi. Dövlət
başçısı Dəmir Yolu və Avtovağzal
Kompleksinin, Ağdam Muğam Mərkəzinin və digər
mühüm layihələrinin
açılışını etdi: "Həqiqətən
də bu gün Azərbaycan xalqı ölkə liderinin rəhbərliyi
ilə qürurlu, şərəfli günlərini
yaşayır. Qarabağ qalib xalqa yaraşan bir formada yenidən
qurulur, tikilir, abadlaşır. Bərpa-quruculuq, abadlıq
işləri sürətli şəkildə həyata
keçirilir. Deyə bilərik ki, həqiqətən də tarixi
hadisədir ki, bu gün biz işğaldan deyil, bu ərazilərin
tikilməsindən, yenidən qurulmasından, inşa
olunmasından danışırıq. Ərazilərimizin yenidən
qurulmasına inşa edilməsinə şahidlik edirik. Tarixi
bir mərhələdəyik. Cənab Prezident ötən həftə
Ağdamda ağdamlılarla, ziyalılarla, sənət
adamları ilə görüşdü. Möhtəşəm
musiqimiz səsləndi. Ümumiyyətlə, Qarabağ bizim
üçün olduqca strateji önəm daşıyan yerdir.
Həmişə ən böyük arzumuz, istəyimiz o olub
ki, bu ərazilər qurulsun, yenidən inşa edilsin,
insanlarımız doğma yurdlarına qayıtsınlar. Biz
bilirik ki, Ağdam Azərbaycanın muğam beşiyi,
muğam məkanıdır. Ağdamda Muğam Mərkəzinin
açılması burada yenidən muğamın
inkişafına, muğam sənətinin dirçəlməsinə,
daha da irəli getməsinə öz önəmli və
mühüm töhfəsini verəcək. Bu ərazilərimiz
yenidən öz inkişaf dövrünü yaşayacaq və
biz daha yeni nailiyyətlərə şahidlik edəcəyik".
Pərvanə
525-ci qəzet .-2025.- 13 may(№81).- S.4.