Zəfər salnaməsi
"QARABAĞ - HƏSRƏTDƏN
ZƏFƏRƏ" KİTABI HAQQINDA BİR NEÇƏ
SÖZ
Şair, publisist, tərcüməçi Rəfail
Tağızadənin "Qarabağ - həsrətdən zəfərə"
kitabına otuz ildə başımıza gələn faciələrə
dair esselər, publisistik məqalələr, xatirələr
toplanıb. "Su üzərində bahar", "Gecə xəyalları,
"Su kimi sakit və güclü", "Qarabağ
rüzgarları", "Qapı" kitablarının
müəllifi Rəfail Tağızadə bu əsərində
hamımızın çəkdiyimiz torpaq-yurd həsrətinə,
Qarabağsız günlərimizin ağrısının,
nisgilinin, sanki sözlə rəsmini çəkib.
Böyüklü, kiçikli hamımız bu
ağrıları çəkə-çəkə həsrətdən-zəfərə
qədər çətin, məşəqqətli bir yol
keçmişik. Şair taleyimizə zorla yazılan
qaçqın-köçkünlük həyatını
sözlə bir rəssam fırçasından çıxan
bir əsər kimi təqdim edir.
Yazıdan-yazıya keçdikcə şair
işğal altında olan doğma Şuşanın, Kəlbəcərin,
Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın,
Qubadlının, Laçının - hamısının
oxşar halı yaşadıqlarını ürək
ağrısı ilə oxucuya çatdırır - Unutma! -
deyir.
Kitab başdan-başa torpaq, yurd, həsrətlə
birgə ata-analarımızın, ağbirçək,
ağsaqqallarımızın yaddaş ağrıları ilə
doludur. Hər bir yazı o ağrıları bizə təzədən
xatırladıb yaşadır. Uca səslə,
yaddaşına yaz, - deyir.
Yolunda izim qalmadı,
baxmağa gözüm qalmadı,
kül oldum, közüm qalmadı,
mən sənin nəyinəm, Vətən?
İstəyəndə gəlməyim yox,
səni görüb gülməyim yox,
sənin üçün ölməyim yox,
mən sənin nəyinəm, Vətən? - deyir.
"Mən sənin nəyinəm, Vətən"
şeirində əli-qolu bağlı, tapdaq altında qalan vətənə
öz əlləriylə çəkdiyi sərhəddən
baxanda, insan özünü istədiyi səmtə azad
uçub gedə bilən quşlardan da aciz sayır.
Qurub-yaratdığı evinə daşı-daş üstə
qalmayan, yolu, yolağasını kol-kos basan elinə-obasına
gendən yad kimi baxır. Axı mən quş cəsarətində
deyiləmsə, onda bəs mən kiməm? - deyir. Dəmir
barmaqlıq, tikanlı məftillər arasından dustaq qalan
yurda baxıb köks ötürəcəmsə, vətən
məni bağışlayarmı? - qənaətinə gəlir,
sarsılır, kiçilir. Uşaqlığının, gəncliyinin
üstündə hələ də paslanmayan gilizlər
yatdığını bilə-bilə, görə-görə
bu faciəni yaşamağa məcbur olur.
Vətəndə canlı nə varsa, hamısı
çəkilib getdilər, quşlar da güllə səsinə,
barıt qoxusuna uçub yad ağaclarda yuva qurdular - deyərək
Rəfail Tağızadə fəryad eləyir.
Paxıllığım tutur quşlara.
Göydə qanad çalırlar.
Yuvalarına dönmək üçün
nə tikanlı məftil tanıyırlar,
nə buraxılış vərəqəsi.
Təkcə səngər görəndə
yüksəkdən uçurlar...
O, vətəndə, ancaq bizdən sədaqətli
babalarımızın qoyduqları dərin bünövrə
daşları, bir də nənələrimizin qara
ocaqlarının qaldığını bildirir.
Kitabda yaşadığımız torpaq, yurd faciəsi,
ana-nənələrimizin, qız-gəlinlərimizin
vaqon-çadır taleləri sadalanır. İtirdiklərimizi
ürək yanğısı ilə nəzmə çəkir
və bu haldan bir şair, bir vətəndaş olaraq
ağrıyır.
Gözəl Qarabağımızda bitən
gül-çiçəklərin, ağacların, qəbir
daşlarının gülləboran edildiyi, Cıdır
düzündə Xarıbülbülün tökdüyü
göz yaşlarını söz-söz, heca-heca şeirə
köçürür. Çadır evlərdə, soyuq zirzəmilərdə
ovcunda bir xısma torpaq üzü vətənə sarı can
verən arzuları, ölkənin hər bölgəsinə səpələnmiş
şəhid məzarları, analarımızın qurumayan
göz yaşları zamanın tərs gərdişi deyilsə,
bəs nədir?
Kol-kos basmış yollarda
quruyub iz yarpağım.
Yolçu ordan quş göndər
dimdiyində torpağım.
Yel üzünə tutulan
tor qarını açdımı?
Uşaqlığım dururmu?
Baş götürüb qaçdımı?
Daşıdılar qalmadı
torpağımı, daşımı.
Qoymağa yer qalıbmı
ayağımı, başımı?
("Yolçu ordan quş göndər, dimdiyində
torpağım" şeirindən)
Şair elə bil oxucunun əlindən tutub Qarabağ
torpağını, onun ürəyi sayılan doğma
Ağdamı qarış-qarış gəzdirir. İndi
yaddaş ağrılarına dönən qədim
yaşayış məskənlərindən biri olduğunu
xatırladır. Ağdamı - Əmir Teymurun ayağı dəyən
torpaqda, Pənah xanın "İmarət" deyilən yerdə
tikdirdiyi ağ sarayı oxucuya tanıdır. Ağdamın hər
tinini, yolunu, cığırını yada salır. İtən
uşaqlığını, gəncliyini axtarır.
"Yollar" şeirində o həsrəti, o üzüntünü
belə ifadə edir:
İzi yox olmuş yollarım
tük basmış üzüm kimidir.
Giləsin quşlar aparan
qurumuş üzüm kimidir.
Durub səni gözlədiyim
yol ayrıcı yoxdur, itib.
Mənim izim qalan yerdə
görən hansı otdu, bitib?
Şair həsrətin çəkdiyi yurdun dərdlərini
birəm-birəm şeirə köçürə-köçürə
Vətəndən qopan o kiçik vətəni ilə hər
gecə yuxuda danışır."Orda bir ev vardı"
şeirində qapısı çərçivəsiz, pəncərəsi
şüşəsiz ata ocağını xəyalında
canlandırır. O evin dərdi nə az, nə azacıq,
özü sanbalda, özü boydadır:
...bir ev vardı o yerlərdə,
bizi-bizə xatırladacaq bir ev.
Yox olan kəndin içində,
dərdləri mən biçimdə.
Rəfail müəllim hər dəfə qatardan
düşüb gedəndə onu ilk qarşılayan, ondan
küskün, incik düşən Gözəl nənəsini
heç olmasa yuxuda da könlünü ala bilmir. Yuxudan dik
atılıb oyanır: yurdunun, kəndinin həsrətin
çəkir, düşdüyümüz bəlaların,
çəkdiyimiz dərdlərin dünyanın hər tərəfində
mövcudluğunu önə çəkir. Başımıza
gələn fəlakətləri dünya dərdləri ilə
ümumiləşdirir. Vətəndə vətən dərdi
çəkmək bizim alnımıza yazılıb. Öz
torpaqlarımıza əllərimizlə sərhədlər
çəkib, o tay-bu taya, indi də Qarabağa bizimkinə bənzəri
varsa da, eynisi yoxdur qənaətinə gəlir. Əlini ver
falına baxım - deyən falçıya qəzəblənir:
...Nə yapışıb əl çəkmirsən əlimdən?
"Yana-yana gəl söyləmə dərdimi".
Mənim dərdim dərddimi?
Mənim dərdim dərddisə,
Söylə görüm dünyadakı dərd nədi?
Bu dünyanın falına bax, falına...
Nəhayət, otuz illik həsrət düyünü
Zəfər sədaları ilə açılır. 27
sentyabr 2020-ci ilin sübh çağı qisas
qollarımız gərildi, səngərdən
ruhlarımız dirilib özümüzə qayıtdı.
Hamımız bir nəfər kimi "Torpaq uğrunda ölən
varsa, Vətəndir", - deyib ayağa qalxdıq.
Xalqımızın milli ruhu özünə qayıtdı və
önündə şax yeriyən ordumuzla birlikdə
Qarabağlı olduq. Xəyallarda, yuxularda görmək istədiyimiz
Qarabağı, ata-baba yurdlarımızı gördük.
Laçından Şuşaya, Kəlbəcərə,
Ağdama, Füzuliyə, Cəbrayıla, Laçına,
Qubadlıya, Zəngilana qədər bağlı yolları
Milli Ordumuzun əsgər və zabitləri düşməndən
təmizləyib açdılar.
Dünyanı heyrətə gətirəcək
döyüşlərimiz dünya hərb tarixinə
qızıl hərflərlə yazıldı.
...Hər döyüş millətin tarix
yazısı,
Qurtuluş yazısı, taleh yazısı,
Ağrını unudan fateh yazısı.
Müqəddəs torpaqdan xaini qovdun,
Mənim məğrur ordum, qəhrəman ordum!
Verdiyimiz şəhid oğullar, vətənə
könüllü fədailər, mərmi zərbəsindən
huşunu itirib ayılanda ayağını axtaran qazilərimizlə
birgə şair də ölüb-dirilir. İnamlı
dostlarının, "Təki vətən
yaşasın!", - deyə gözlərini yuman igidlərin
şəhidliyinə sızlayır. Yenə qələmə,
sözə üz tutur. Sözün gözüylə torpaq,
yurd təəssübkeşlərinin şücaətlərini
əbədiləşdirir. Azad Qarabağa onların
gözüylə baxacağını vəd eləyir.
Bir səngər uzanıb yolumun üstə,
Neçə baş qoyulub qolumun üstə.
Daha yatammıram solumun üstə,
Hər ölən əsgərlə ölürəm,
Allah!
Yuxumu görürəm, yatan yerinə,
Günəşim yol gedir batan yerinə.
Balam, sən uzanma atan yerinə,
Hər ölən əsgərlə ölürəm,
Allah!
(Şəhid dostu Vitalinin xatirəsinə
yazdığı "Hər ölən əsgərlə
ölürəm, Allah" şeirindəndir).
Qarabağ torpağını 28 il sonra
özümüzə qaytardıq. Qarabağın qayıdışı
ilə biz də özümüzü tapdıq, kimliyimizi, nəyə
qadir olduğumuzu anladıq. Şuşa ilə bizə Zəfərin
zəfərini gətirən qalib zabitlərimizə, qazilərimizə,
Şuşa fatehlərinə ehtiramla şair və
yazıçılar da "qələmi süngiyə"
döndərdilər. Qələmlə, sözlə
döyüşüb "heç kim unudulmur, heç nə
yaddan çıxmır", - dedik.
Qınaqlar, töhmətlər üstümüzdən
götürüldü. Vətənin əyilən qəddi
dikəldi. Ağlaya-ağlaya, sonra sevinə-sevinə gəldiyimiz
bu yollarda nələr gördük, İlahi! Zəfərimizə nə qədər
sevinmişdiksə, bir o qədər də ağladıq. Bizə
dözümlü xalq deyirlər. Amma dözümün də
bir həddi olur - deyən olmadı.
"Ayrılığın sonu yoxmuş", - deyən rəhmətlik
H.Əlizadənin təbiri ilə, faciəmizin sonu yoxmuş qənaətinə
gəldik.
Əlimizi yenə o qara torpağa dirəyib ayağa
qalxdıq. Bir amalımız oldu - Vətən-Torpaq!
Mədəniyyət beşiyimiz, and yerimiz. Kəbəmiz,
Məkkəmiz olan Şuşanın fəthi ilə yenidən
doğulduq. Fikrimiz, duyğularımız da təzələndi,
təzə don geyindi. Qədim Odlar yurdu təzə Zəfər
libasında dünyaya tanıtdı. Vətən, torpaq təəssübkeşliyimizə,
döyüş əzmimizə heyran qaldılar.
Şuşa fatehlərimiz and yerimiz, qürurumuz oldu.
Şəhidlərimizlə öyündük.
...Sənin yolun Zəfərlərə gedən yol,
Sənin yolun o müqəddəs Vətən, yol,
Sənin yolun bayraqlarda bitən yol,
Bu millətin ən əzizi Şəhidim,
Bu millətin ən dirisi Şəhidim!
- deyə şairin də səsi gurladı. Vətəni
- Vətən, milləti - millət, dövləti dövlət
edən Vətən oğullarının misilsiz şücaətindən
qürur duyur, öyünür.
Zəfərimiz iki qardaş türk dövlətinin
birgə Şuşa bəyannaməsi ilə tamamlandı. Bu,
dünyaya bir mesaj idi. Cənab Rəcəb Tayyib Ərdoğan
və Ali Baş Komandanımız İlham Əliyevin
imzaladıqları bu bəyannamə böyük Turan yolunun
açılışının dünyaya bəyan idi.
Rəfail Tağızadə bütün bunlarla kitab
boyu bizi tanış edir. Yaddaşımızı itiləyir,
korşalmağa qoymur. Bir oxucu kimi mən də "Qarabağ
- həsrətdən zəfərə" kitabından
ayrılmaq istəmirəm. Kitabı oxuduqca, ata-babalardan bizə
miras qalan torpaq, yurd məhəbbətimizə,
döyüş əzmimizə inanıb bir daha qürur
duyursan.
Rəfail Tağızadə kitabın əvvəlini
ürəyinin ağrısı, sonunu isə
gözünün sevinciylə yazıb.
Rəfail Tağızadə Qarabağ
ağrılarını bir zabit, vətəndaş, şair
olaraq yaşayaraq yazır, istər esselər, istərsə də
şeirlər adamla canlı kimi danışır, hissi,
duyğunu olduğu kimi oxucuya ötürə bilir. O,
iştirakçısı olduğu reallıqları yazır.
Yəni hadisəni yazır, hadisə haqqında yazmır.
"Qarabağ - həsrətdən zəfərə"
kitabı hər birimizin adından yazılan son 30 ilin
yaşantılarıdır.
Rəfail Tağızadə
yaşadıqlarımızı yazılarıyla kitaba
çevirərək onu bədii formada sənədləşdirib.
Bu kitab Qarabağ - Vətən həsrətimiz, Zəfərimiz
haqqında yazılan bir salnamədir.
Rəfail müəllimə təzə ruhlu yeni əsərlər
yazmağı arzulayıram!
Şövkət ZƏRİN HOROVLU
525-ci qəzet .- 2025.- 14 may(№82).- S.14.