ÖZ
ÖLÜMÜNƏ RƏSMƏN İMZA ATANLAR
O gün Azərbaycan tarixindəki ən xoşbəxt
ildönümü idi. Bu millətin bütün tarixi boyu
qazandığı ən ali zəfərin 1 yaşı tamam
olurdu. 1919-cu ilin 28 mayı idi, Bakı və Gəncə
bütün təntənəsiylə Azərbaycan adlı
dövlətin, ilk cümhuriyyətimizin birinci
yaşını bitirib ikinci yaşına qədəm
qoymasını bayram edirdi.
Tarixin ən çalxantılı dönəmində,
bu işi görməyə ümid və imkanların lap az
olduğu bir darmacalda qurucu babalar ("baba"nı elə məcazi
mənada deyirəm. Fağırların harası baba idi?!
Hamısı cavandı, sadəcə, əməlləri elə
nəhəng idi ki, onlara böyüklük anlamında
"baba" da desən yaraşar, "ulu baba" da
adlandırsan, yerinə düşər) hamımızı
onlara əbədi minnətdar edəcək möcüzəyə
imza atmış, xalqa istiqlalın şirin dadını
anlatmış, millətə dövlət sahibi olmağın
fərəhini yaşatmış, bu sevimli övladı - Azərbaycan
Cümhuriyyətini 1 yaşına
çatdırmışdılar. O gün, əlbəttə
ki, bu hürriyyət bayrağının bir daha enməyəcəyinə
qəlbən inanmaq istəyir, daha xoşbəxt gələcək
haqqında düşünürlərmiş. Ancaq məhz belə
olmasını istəyən ürəyin pıçıldadığına
inanmaqla yanaşı, vücuda gətirib bir yaşına
çatdırdıqları Cümhuriyyəti həyatının
mənası sayan o qurucu fədakarların içərisində
"soyuq ağlın" oyatdığı tərəddüdlər,
həndəvərdəki təhlükələrin
doğurduğı üşənmələr də yox
deyildi.
Milli tariximizin, söz yox ki, əbədilik altun
parçası sayılası 2 ilə çatan o
şanlı dövr haqında düşünürkən hər
dəfə qulaqlarımda unudulmaz xanəndəmiz Xan
Şuşinskinin sözləri əks-sədalanır. Xan əmi
ilə o söhbəti edəndə mən tələbə
idim, 1976-cı il idi və böyük sənətkarın
ömrü-günü, keçdiyi yol haqda o səmimi hekayətlərini
çoxdan yazılaşdırmışam, səs
yazısı da qalmaqdadır. Xan əmi ilk gənclik
çağlarının Qarabağından, hava azacıq
qaralandan sonra bir kənddən birinə getməyin nə qədər
qorxulu olmasından, hər kolun ardından qaçaq-quldurun
çıxacağı vahiməsinin insanları
üzdüyü əyyamlardan danışanda demişdi ki,
"Müsavat zamanı idi, adam adam əti yeyirdi".
"Adam adam əti yeyirdi" ifadəsi ilə
şairanə düşünüb danışan,
sözünü təşbihlərlə, məcazlarla bəzəməyi
sevən camaatımız vəziyyətin nə qədər
qarışıq və xatalı olduğunu bir az da
qabarıq, bir qədər də təsirli
çatdırmağı nəzərdə tutubsa da, o
dövrdə Azərbaycana elə hannibalcasına yanaşanlar,
onun ətini yeyib qanını içmək istəyənlər
də vardı, gizli və açıq qara qüvvələr
onun istiqlalını əlindən almaq, yolunu
yarımçıq qırmaqçün yüz cür tələlər
qurur, əl altından məkrlərini yeridirdilər.
Bunu da mənə Azərbaycan Cümhuriyyəti
çağlarında qardaşı Məmmədbağırdan
sonra 1919-cu ildə Cümhuriyyətin təhlükəsizlik
xidmətinə - Əksinqilabla Mübarizə İdarəsinə
rəhbərlik etmiş Nağı bəy
Şeyxzamanlının oğlu Yavuz bəy İstanbulda,
1996-cı ildə, atasının dilindən
danışırdı. Deyirmiş ki, qaçaq-quldur Azərbaycanda
biz hakimiyyətə gələndən əvvəl də
vardı, biz hakimiyyətdən gedəndən sonra da xeyli
müddət oldu. Ancaq bizə məlumatlar da
çatırdı ki, kənar qüvvələr bizi içəridən
zəiflətmək, diqqətimizi əsas hədəflərdən
yayındırmaq üçün qaçaq-quldurluğun,
soyğunçuluğun artmasına da cidd-cəhdlə rəvac
verirlər.
Xan əminin hafizəsində cavanlıq illərindən
qalmış o təşvişli mənzərə də elə
bu gedişatla bağlı idi.
1920-ci ilin aprelində Azərbaycana Şura hökuməti
gələndən sonra genişlənib qol-budaq atmasına
bolşevik xüsusi xidmətlərinin əl altından
fürsət yaratdığı
qaçaqçılıq indi onların özlərinin
də başına bəlaya çevrilmişdi. Cin
şüşədən buraxılmışdı,
qaytarıb onu təzədən o şüşəyə
salmaq mümkünsüzdü. Bir tərəfdən sovet
hökumətinə qarşı döyüşən, bu təzə
quruluşu qəbul etməyən milli mübarizəçi
siyasi qaçaqlar vardısa, o biri tərəfdən də
qansız soyğunçular, baş girləməyin ən az zəhmətsiz
yolu kimi bu xətti seçmiş quldurlar da xirtdəyəcən
idi.
Məmmədhüseyn Əsədovun çekist fəaliyyətinin
başlanğıc illəri belə mübarizələrin ən
qızğın vaxtlarına təsadüf etdi.
Ömrün sonlarına doğru xatirələrinin bir
qismini yazıya almış Məmmədhüseyn Əsədov
1920-ci illərin başlanğıcında, Azərbaycan
ÇK-sında - Fövqəladə Komissiyada işə
başlayarkən bu baxımdan hansı acınacaqlı vəziyyətin
hökm sürdüyündən bilavasitə işin içərisində
olan canlı şahid kimi bəhs edir: "Təxminən elə
bir qəza yox idi ki, banditlər orda at oynatmasın. Kəndliləri
qarət edib öldürürdülər, kəndlərdə
olan fəal adamlara qarşı qəsdlər törədirdilər.
Bu bandaların tərkibində olanlar əsasən cinayətkarlar
idilər. Tərkibində keçmiş
müsavatçıların olduğu qaçaq dəstələri
də vardı. Qaçaq dəstələri çox zaman
mülkədarların qızışdırdığı fəallardan
istifadə edirdi ki, onlar da kəndlilərə, füqəraya
lap şiddətlə qan uddururdular. Bununla da əhalidə bu təsəvvürü
yaratmaq istəyirdilər ki, baxın görün vəziyyət
nə hala düşdü, mülkədarların vaxtında
bundan yaxşı idi. Bandalarla mübarizəni çətinləşdirən
bir də bu idi ki, alman, ingilis, türk interventlərindən
sonra əhalidə çox böyük miqdarda cürbəcür
tüfənglər və sursat qalmışdı.
Soyğunçuluq və qətllər kəndlilərin həyatında
adi bir hala çevrilmişdi. Cinayətkar quldur dəstələrindən
keçmiş müsavatçılar, panislamistlər
nüfuzu getdikcə qüvvətlənən sovet hakimiyyətinə
qarşı siyasi mübarizə və təxribatlar məqsədi
ilə istifadə edirdilər".
Qaçaq hərəkatının Azərbaycan milli
mübarizəsi tarixində məxsusi yeri var. Əqidəsinə
görə, siyasi baxışları ucbatından hakimiyyətdən
qaçaq düşərək mübarizəsini
aparmış el qəhrəmanları yalnız yaxın iki əsrin
hadisəsi deyildir. Elə orta əsrlərdə də belə
ipə-sapa yatmazlar olmuşdu və bircə 1231-ci ildə Gəncədə
qopmuş üsyana rəhbərlik etmiş, xalqın
arasından mərd oğulları seçib ətrafına
toplayaraq Xarəzmşahlara qarşı
çarpışmış, nəticədə məğlub
edilərək tikə-tikə doğransa da, yenilməzliyin ibrətini
yadigar qoyub getmiş, neçə bənzər
qaçağın yetişməsinin ilhamvericisinə
çevrilmiş Usta Bəndəri xatırlamaq yetər.
XIX yüzildə Azərbaycan ikiyə parçalanandan
sonra qaçaqçılıq daha çox siyasi rəng
alaraq sıralarında xalqın haqları uğrunda savaşa
qalxan, hünəri dillərdə dastan olan, mübarizələri
ilə qaçaqlığın qarətçilik,
soyğunçuluq, quldurluq kimi təmayüllərdən
büsbütün fərqləndiyini hər kəsə əyan
edən cərəyana çevrildi.
Qazaxlı Qaçaq Kərəmin, Qubalı Qaçaq
Mayılın, Şəmkirli Qaçaq Gülsümün,
Qarabağlı Məmməd bəy Kavalerin, Zəngəzurlu
Qaçaq Nəbinin, Sultan bəyin, Gəncəli Dəli
Alının, Qaçaq Qəmbərin və neçə-neçə
başqalarının adına sevə-sevə el nəğmələri
qoşuldu, dastanlar bağlandı.
1920-ci ilin son may günlərində qopan Gəncə
üsyanından başlayaraq sovet hakimiyyətinin Azərbaycanda
bərqərar olmasının ilk onilindən də artıq
müddətdə xalq ruhunun barışmazlığından,
əsarətə əyilməzliyindən deyən qaçaq hərəkatı
isə səngimək bilmədi.
Hərdən düşünürəm ki, bəlkə
də İkinci Dünya müharibəsi dövründə
Avropanın müxtəlif ölkələrində faşizmə
qarşı mübarizədə xariqələr
yaratmış partizanlar arasında azərbaycanlıların
belə öndəgedən, qabil olması qan
yaddaşındakı qaçaqçılıq təcrübəsindən
törəyibmiş.
Ancaq 1920-ci illərin əvvəllərində gənc
çekist Məmmədhüseyn Əsədov döyüş
meydanına atılanda onun qarşı-qarşıya gəldikləri
arasında qaçağın, quldurun hər çeşidindən
vardı və qaçaqçılığın heç
vaxt belə namüəyyən halı olmamışdı.
Gəncə üsyanının acı təcrübəsi
bolşevik hakimiyyətini Azərbaycana qarşı bu
baxımdan daha sərt addımlar atmağa sövq etmişdi.
Siyasi niyyətli qaçaqları aradan götürmək
hökumətçün nə qədər vacibdisə,
hakimiyyətinin gücünü göstərmək, daxili
sahman yaratmaqçün də quldurların,
soyğunçuların bandalarının da axırına
çıxmaq bir o qədər əhəmiyyətli idi.
Belə dəstələrin hər birinin təqib edilməsi
və zərərsizləşdirilməsi üçün
çalışmaq elə özlüyündə kiçik
müharibə, ölüm-dirim döyüşü idi.
Məmmədhüseynin həyat yolunun
eniş-yoxuşlarından xəbərdar olaraq onun 90 il
yaşamasına təəccüblənməyə bilmirəm.
1922-ci ildə 23 yaşı vardı.
Qarda-yağışda, qızmarda-sazaqda, gecə-gündüz
bilmədən, yarıac-yarıtox
mütəmadi belə döyüşlərə
atılmaq Əsədovu erkən kişilətsə, tez
böyütsə də, canına zədələrini vururdu.
İlk dəfə ciddi şəkildə xəstələnərək
işdə müvəqqəti fasilə verməyə məcbur
olduğu vaxtlar 1922-ci ilin martı idi və Qubada bədən
ona qarşı istismara etirazını etdi. 23 yaşlı Məmmədhüseyn
vərəmə tutuldu və laxlamış səhhətini bərpa
etməkçün 4 aylıq məzuniyyət götürəsi
oldu. Dava-dərmanın qıtlığı, yemək-içməyin məhdudluğu, işin fasiləsizliyi
və ağlırlığı, daim çöllərdə
olmasını nəzərə alsaq, ona qoyulmuş "vərəm"
diaqnozu təxminən ölüm xəbərdarlığı
kimi idi. Vərəmin xışıltılı öskürəkləri
hələ onunla uzun müddət yoldaşlıq edir.
1924-cü ilin iyununda isə banditlər tərəfindən
amansız mühasirəyə alınaraq güllə
yağmuru altına düşəndə ağır
yaralanır və həmin anlardan onillər ötəndən
sonra yada salırdı ki, "yaralanaraq əmək qabiliyyətimin
45 faizini itirdim".
Bunlar azmış kimi, qəlbən bağlı
olduğu işini sədaqətlə və təhlükələrdən
çəkinməyərək, sinəsini qabağa verərək
yerinə yetirdiyi halda ona üstəlik cəza da verilir.
Yəni "cəza" bu sözün birbaşa mənasında
deyildi.
Sadəcə, 1925-ci ildəki 1 illik fəaliyyətlərini
qiymətləndirərkən çalışdığı
şöbənin rəisi elə insafsız sözlər
yazırdı ki, bu, elə ağır cəzaya bərabər
kimi idi: "Xüsusi xidmətləri yoxdur!"
Bu yazıq Əsədov xidmətlərinin
xüsusiliyinin görünməsi üçün elə həmin
qeyri-bərabər döyüşlərin birində həlakmı
olmalı idi?
Amma onsuz da Məmmədhüseyn heç həmin
anın istənilən növbəti atışmalı əməliyyat
əsnasında baş tutacaq gəlişini gözləmədən
irəlicədən ölümünə imza
atıbmış.
Ona aid məxfi qovluqlarda bunu birbaşa təsduq edən
2 sənəd var.
Bu iltizamnaməni Əsədov
1923-cü il martın 3-də imzalayıb. Amma imza makinada
çap edilmiş hazır arayış formasının mətninin
altında olduğundan, başlanğıcda "Mən, bu
imzanı atan" yazılaraq adın, soyadın əlavə
edilməsi üçün boş yerin saxlanmasından belə
anlaşılır ki, bu cür hazır iltizamnamələrə
Məmmədhüseyn kimi qol çəkən başqaları
da varmış. "Azərbaycan Fövqəladə
Komissiyası yanındakı Quba İnformasiya Bürosunda
işə başlayarkən bu imzanı ona görə
atıram ki, mənə həvalə edilən vəzifələrin
hansı səciyyəli və kimə aidliyindən
asılı olmayaraq, öhdəlik götürürəm ki,
qarşıma qoyulan bütün vəzifələri dərhal
və səliqəli şəkildə yerinə yetirəcəyəm.
Bütün sadalanan bəndləri yerinə yetirmədiyim və
konspirasiyanı gözləmədiyim təqdirdə mən
güllələnməliyəm".
Beləcə, Əsədov da, onun digər çekist
həmkarları da artıq işə başlayarkən özlərinə
güllələnmə hökmünü kəsmiş
olurdular. Həm də yalnız xəyanətə, sirr saxlama
qaydalarına lazımınca riayət edə bilməmələrinə
görə deyil, elə verilən əmri, qoyulan
tapşırığı tələb olunan səviyyədə
yerinə yetirməməyə görə.
Bu, qədimdən bəri Yaponiyada samuraylar arasında
dəb olmuş harakiri, ya seppukku - ölümü şərəfsizlikdən üstün tutaraq elə
öz-özünü ölümə məhkum etmək,
könüllü intihar kimi bir qayda imiş.
Çekist harakirisi!
Bu isə başqa öhdəlikdir. 1927-ci il mayın
5-də imzalanıb. "Mən, aşağıda imza atan
AzQPU əməkdaşı Əsədov xidmətdə olaraq
öhdəlik götürürəm ki, Azərbaycan Baş
Siyasi İdarəsinin işi ilə əlaqədar
bütün məlumatları məxfi saxlayacaq və heç
bir şəkildə onları yaymayacağam, bunları
heç kimlə, o cümlədən ən yaxın
qohumlarım və dostlarımla bölüşməyəcəyəm.
Bu haqda OQPU-nun 133 saylı 1923-cü il tarixli əmri mənə
məlumdur və bilirəm ki, bu tələbləri yerinə
yetirməməyimə görə inqilab məhkəməsi
qarşısında məsuliyyət daşıyıram".
İnqilab məhkəməsinin nə demək
olduğu da şərhsiz aydındır. Əgər imza atan
öhdəliyinə əməl etməzsə, onunla müharibə
dövrünün qanunları ilə rəftar ediləcək
- yenə güllələnmə!
İnqilab məhkəməsinin nə demək
olduğu da əlavə izahsız aydındır. İmza atan
öhdəliyinə əməl etməsə, onunla müharibə
dövrünün qanunları ilə rəftar ediləcək
- yenə güllələnmə.
Nə onu vadar edən olmuşdu, nə beynini dolduraraq
bu yola çəkən. Yolunu özü seçmişdi və
bu peşəni də sevdiyindən hər məşəqqətə
qatlaşmağa hazır idi. Ona görə də
qaçaq-quldura qarşı döyüşdə
ölümü düşünmədən irəli
şığıyırdı və Allah da onu
saxlayırdı.
Bu hadisələrdən yarım əsrdən də
çox keçərkən, gənclik alovu toxtayandan, vaxt
çox həqiqətləri ələyərək
yaxşı-yaman edəndən sonra
Məmmədhüseyn Əsədov xatirələrini qələmə
alanda özünə də, dövrə də, hadisələrə
də artıq çılğınlıqdan uzaq, sakit qiymət
verməyə çalışırdı: "Hansı yolkəsənin,
quldurun, banda başçısınınsa izinə
özüm düşürdüm, soraq-soraq axtarırdıq,
tapırdıq, məsələsini həll edirdik. Bəzilərini
də bizə rəislər tapşırıq kimi verirdi.
Adını eşitdiyimiz qaçaq-quldur da olurdu, haqqında
bir şey bilmədiklərimiz də. Bir çoxunu tutandan,
yaxud zərərsizləşdirəndən sonra bilirdik ki, əslində
kimmişlər. Şübhə yoxdur ki, aralarında elələri
də olurdu ki, o bandit dəstələrinə təsadüfi
düşürdü, ya məcbur olub onlara qoşulurdu.
Görürdün ki, birinin başqa şeyə gücü
çatmayıb, namus üstündə kiminsə
malına-mülkünə xətər yetirib, ancaq başa
düşüb ki, cəzası elə adam öldürməyə
bərabər tutulacaq, qaçıb qoşulurmuş
qaçaqlara. Elələri olurdu ki, görürdün bir inəyi
varmış, tutub əlindən alıblar, balalarını
dolandırmağa heç nəyi qalmayıb, hələ
artıq-əskik danışdığına görə
özünü də həbsə almaq istəyirlər,
itirmiş kənddən, gəlib hansısa dəstəyə
bağlanırmış, başlayırmış qisas
almağa. Bizə rəislərimiz deyirdi ki, əslində
inqilab qurtarmayıb, siz böyük inqilabı davam etdirib
axıra çatdırırsınız. Biz də əsgər
idik, deyiləni yerinə yetirirdik".
Məmmədhüseyn Əsədovun müxtəlif
dövrlərə aid şəxsi işlərində, öz əli
ilə yazdığı hesabatlarında,
mükafatlandırılmalarına səbəb olaraq əlavə
edilən arayışlarda onun bütövlükdə adı
banditizm kimi qeyd edilən, mahiyyətcə qaçaq və
quldur dəstələrinə, eləcə də bu qəbildən
olan ayrı-ayrı şəxslərə qarşı
soyuqqanlılıqla davrandığı, əməliyyatların
hər birini qətiyyətlə, güzəştsiz yerinə
yetirdiyi əksini tapır. Ancaq ixtiyar çağlarında
ömrünün bu risklərlə dolu parçasını
xatırlayır, artıq sonrakı ağlı ilə
başvermişləri qiymətləndirməyə
çalışır, nə necə olsaydı daha yaxşı
ola bilərdi kimi qənaətləriylə ürəyini
boşaldan kimi olurdu.
Ancaq onun köhnə dövrdəki fəaliyyətləri
ilə bağlı hesabatlar və ömrün son
parçasındakı xatirələrini
qarşılaşdıraraq oxuyarkən bunu da
düşünürəm ki, hansı möcüzəyləsə
yenə uzaq dünənlərə qayıdaraq eyni yollardan
keçməli olsaydı, artıq hansı addımı
atmağın daha doğru olmasını sonrakı
ağlı ilə bilsə də, yenə əvvəlki kimi hərəkət
edərdi. Çünki o, əsgər idi və əmrlərə
danışıqsız tabe olmaq onun sabit keyfiyyəti idi.
Çalışdığı xüsusi xidmətlər
şəbəkəsində mütəmadi aparılan
attestasiyalarda yaxşı çekstliyinə, tutduğu vəzifələrə
uyğunluğuna dəlalət edən silsilə məziyyətlər
hər dəfə sadalansa da, təxminən hər attestasiya vərəqində
onun təşəbbüskar olmadığı qeyd edilir. Kim
bilir, bəlkə də ona guya nöqsan kimi tutulan bu cəhəti
əslində rəisləri həm də özlüklərində
təqdir edirmişlər ki, improvizəyə mail,
cızığından çıxan deyil? Çünki hər
təşəbbüskarlıqda mümkün uğur varsa da,
yanılmaq, büdrəmək ehtimalı da qalır axı. Bu
da istisna deyil ki, Məmmədhüseyn Əsədovun
bütün karyerası boyu qüsursuz işləməsi,
işinə görə heç bir cəza almamasının əsas
səbəbi də qoyulan tapşırıqları
artırıb-əskiltmədən, bədahətən nəsə
əlavələr etmədən olduğu kimi yerinə yetirməsi
imiş. Ancaq artıq ömür yolunun tamamlanmasına az
qalmış bir köhnə filmə baxırmış kimi
keçmişlərə qayıdanda qaçaq-quldur dəstələri
ilə mübarizə günlərini də
xatırlayırdı, zərərsizləşdirilməsində
iştirak etdiyi dəstələrdən biri kimi Saday bəyi və
ətrafındakıları da yada salırdı. Saday bəyi
də ədalətsiz təsadüflərin qaçağa
döndərdiyini etiraf edir və bir para qaçaqlarla,
quldurlarla atışmalarından, təqib edilən və
qorxulu sayılan kimlərinsə axırına şəxsən
özünün çıxmasından məmnunluqla söz
açırsa da, təqib edərkən Saday bəyin
cansız cəsədi ilə
qarşılaşdığına, sanki əlinin onun
qanına bulaşmadığına sevinən təhər
olurdu.
Həyatının sonlarında sağlam üslubla, qəşəng
xətti ilə qələmə aldığı xatirələrini
oxuduqca onlarca sualım yaranırsa da və bu sualların dəqiq
cavabları XX yüzildəki tariximizin bir çox qaranlıq
məqamlarına aydınlıq gətirə bilərsə də,
heyhat, o sualların veriləsi insana daha əl çatan deyil.
Elə Saday bəylə bağlı da dərhal sual doğur
ki, niyə Əsədov onu başqa qaçaq-quldurdan
ayıraraq fərqli yanaşırmış, onun cansız cəsədi
ilə qarşılaşmağı nə söhbətmiş?
Əsədova veriləsi çox suallar elə
açıq qalmağa məhkumsa da, xoşbəxt bir təsadüf
Saday bəylə bağlı həqiqətin kökünə
getməyimə yardımçı olu.
Aşıq Əhməd Rüstəmov Şirvan
bölgəsinin görkəmli saz-söz ustalarından idi və
Azərbaycanın yeni dövr aşıq şeirində onun təqdirəlayiq
yeri var.
Zehni, fikri, qəlbi təmiz adama
Əsli, kökü olan insan sataşmaz.
Qərinələr keçib əsr dolansa,
Yaratmasan, həyat səni yaşatmaz.
Bu sətirlər də Aşıq Əhməd
Rüstəmovun (1920-2008) yadigarıdır və mən onu
uşaqlıq illərimdən tanıyırdım.
Yaratdıqları ilə daim yaşayacaq Aşıq Əhməd
Kürdəmirdən çıxmış və bütün
Azərbaycanınkı olmağı bacarmış
Aşıq Şakir Hacıyev (1922-1978), Həsrət
Hüseynov (1927-1995), Eynulla Cəbrayılov (1935-1992) qafiləsinin
yalnız yaşca deyil, elə sanbalca da ağsaqqalı idi. Vəfalı
ömür yoldaşı Mələk xala da mənim anamla məktəbdə
eyni sinifdə oxuduğundan onunla yaxınlığım ilk tələbəlik
illərindən yaranmışdı və illərcə
çox söhbətlərini lentə almışdım.
2000-ci illərin lap əvvəllərində lentə
aldığım bir söhbətində ondan Saday bəyin
taleyi haqqında soruşmuşdum və hardan ağlıma gələrdi
ki, bunun üstündən 20 ildən də çox zaman
sovuşarkən o köhnə söhbət müəyyən
tarixi dəqiqləşdirmələrdən ötrü
yardımçıma çevriləcək. Bu, Saday bəyin
qaçaqlığa nə sayaq başlaması haqda
Aşıq Əhmədin söylədikləridir: "Saday bəy
sadəcə bir kəndli olub vətəgədə işləyirdi.
Mitrifan xozeyin vardı, Saday onun muzdlu işçilərindən
biriydi. Həm biyan kökü yığırdı, həm
balıq tutmaqla məşğuldu. Elə ki Saday gördü
Kürün o üzündə bunları "qulaq" etməyə
hazırlıq gedir, keçdi bu üzə, bir balaca
çayxana açdı. "Açdı" deyəndə
ki, təşkil elədi, dükanı yox, bir tikilisi yox, elə
bir kölgəli ağacın altında çardaq kimi düzəltdi,
camaat orda çay içirdi. Saday bir gözəl qızı
istəyirdi. Qızın adı Həyat idi. Elə bu istəyi
də Sadayın həyatını kökündən dəyişdi.
Qıza deyibmiş ki, səni ala bilmərəm, atanla dostuq,
eşidər, yaxşı düşməz, deyər ki, elə
qızıma görə mənimlə dostluq eləyirmiş.
Qızsa əl çəkmir, bir neçə ağbirçəyi
göndərir ki, Sadayın başına ağıl qoysunlar,
yola gətirsinlər ki, elçi düşsün.
Axırı Saday da ağsaqqaldan-qarasaqqaldan yığıb
göndərir ki, bəs Allahın əmri, Peyğəmbərin
şəriəti ilə qızını istəyirəm.
Sadayın bu hərəkəti Bədəl kişini çox əsəbiləşdirir.
Elə Saday düz fikir edirmiş ki, qıza elçi göndərməyinə
atası pis baxacaq, buna istifadəçilik kimi qiymət verəcək.
Bədəl şura sədri idi, əlindəki imkanlar
genişdi, hökumətin qaçaqlarla mübarizə
apardığını bildiyindən yalandan xəbər
çatdırmışdı ki, guya buralarda Saday bəy
adlı çox təhlükəli bir qaçaq var,
başına dəstə yığıb, buna əncam çəkmək
lazımdır. Uzun sözün qısası, şər-böhtanla
Sadayın qoparağını götürdü. Bu əhvalat
olub 1920-ci illərin axırlarında. Şura sədri nə təhər yazıb-pozmuşdusa, Sadayı necə
qələmə vermişdisə, gətirib post qurdular.
Gülməmmədov dəstənin naçalniki oldu. Gülməmmədov,
Bandotdel deyirlərdi, oranın rəisi idi. Bir xeyli silahlı
adam gətirmişdilər. Yazıq Sadayı bu gedişat elə
doğrudan döndərib qaçaq elədi".
Vaxtilə, hələ bu söhbətimizdən də
neçə illər qabaq Aşıq Əhməd mənə
bir nadir foto da bağışlamışdı. Saday bəyin
ayağı qandallı şəkli. Bədəlin fitnəsi
ilə Sadayı tutaraq nəyi varsa müsadirə ediblərmiş,
ailəsini də Qubaya sürgünə göndəriblərmiş.
Ancaq o vaxt Saday türmədən qaçmağa müvəffəq
olur və daha qaçaqçılıqdan savayı yolu
qalmır.
Əsas məqsədim Məmmədhüseyn Əsədovdan
bəhs etmək olsa da, bunca təfərrüatlara
varmağım bica sayılmasın. Bunlar keşməkeşli
tariximizin bilinməli və unudulmamalı hüznlü və
narahat parçalarıdır ki, əslində elə Əsədovun
da qaranlıqları çox olan ömür yolunu daha
ayrdın görməyə açılan nadir pəncərələrdəndir.
Aşıq Əhmədin söylədikləri
yadıma uşaq vaxtı nənəmdən eşitdiyim əhvalatı
salır. Nənəmin yeniyetməliyi,
gəncliyi həmin hadisələrin cərəyan etdiyi ətrafda
- Kürdəmirin Mollakəndində keçmişdi. Söyləyirdi
ki, Sadayın yanında iki başqası da vardı ki, onlar da
incidilmişdilər, şərait onları da qaçaq
etmişdi. Biri Kəblə Həsən bəy idi, digəri
Musa. Sonra onların dəstəsinə Kəblə Hüseyn
adlı bir nəfər də qoşulur. Bir axşam Saday bəy
Kəblə Hüseynin dəstənin gizləndiyi yerə gəlib
çıxmadığını görəndə
maraqlanır ki, hardadır. Cavab verirlər ki, burda Xədicə
adlı bir qadınla siğə edib, gecəni də onun evində
qalıb. Saday bəy hökmlə tapşırır ki, bu dəqiqə
gedib onu gətirin. Kəblə Hüseyn gəlincə qeyzlə
soruşur ki, sənin, mənim, burdakıların
arvad-uşağı hardadır? Cavab verir ki, Saday bəy,
hamısını Qubaya sürgün eləyiblər. Saday
qayıdır ki, yaxşı, bizim namusumuz, qeyrətimiz orda
milislərin əlindədir, sən utanmırsan, öz aləmində
guya kişilik edirsən? Biz namus ucbatından meşələrdə,
kolluqlarda, yulğunluqlarda, qaratikanlıqlarda
yaşayırıq, sənin vicdanın belə hərəkət
etməyə necə yol verir? Kəblə Hüseyn, səni
doğrayardım, amma qorxuram el deyə ki, Saday üç
adamla yola getmədi, aralan bizdən, hara gedirsən, get. Onu elə
həmin gün qovur.
Mərdi qova-qova düşmənə çeviriblərmiş
və Məmmədhüseyn Əsədovu illər sonra təəssüfləndirən
bu idi ki, 1920-ci illərdə Saday kimi, bir sıra
başqaları da kimlərinsə hikkəsi ilə
qaçaqlıq yoluna düşüblərmiş. Güllə
tuşladığınınsa sənə güllə
atacağı labüd idi. Elə Saday da dinc bir adam olduğu
halda bu minvalla qaçağa döndərilibmiş.
Yenə Aşıq Əhmədi dinləyirəm,
söyləyir ki, Saday onu bu günə salan Bədəldən
qisasını alır: "Bədəl tərəkəmə
idi, el dağa qalxanda o, qorxusundan gedə bilmirdi ki, Saday
bunu öldürər. Bədəlin öz əmisi
oğlunun arvadı Zeynəb xala vardı, o mənə
danışmışdı ki, altı ay Saday görünmədi,
Bədəl də nisbətən toxtayıb yaylağa
qalxmağa cəsarət edir. Ancaq müddət başa
çatır, qayıdırlarmış, yeganə araba yolu
Mehmanın qamışlığı deyilən yerdən
keçirmiş. Bədəl hər halda işini ehtiyatlı
tutubmuş, əyninə arvad paltarı geyib, qucağına da
bir uşaq götürüb ki, işdi, Saday
qarşılarını kəsəsi olsa, onu tanımasın.
Tüfəngini də, Zeynəb xala danışırdı
ki, arabaya döşədiyi
xalçanın altına qoyubmuş. Ancaq Bədəl əlini
tüfənginə atmağa macal tapmır. Qəfildən
adamboyu qamışlıqdan atəş açılır,
Sadayın atdığı güllə Bədəlin düz
ürəyindən dəyir. Saday gəlir onun cəsədinin
yanına, deyir ki, a Bədəl, bu nə dəhşətli
ölümdür - dünyaya kişi gələsən,
dünyadan arvad köçəsən!"
Saday bəylə bağlı yenə uşaqlıq illərimdə
nənəmdən eşitdiyim bir əhvalatı dəqiqləşdirməkçün
Aşıq Əhməddən o vaxt "rus iyi gəlir" məsələsini
də soruşmuşdum.
ÇK Sadayı və dəstəsini ələ
keçirməkçün yollar arxtarırmış,
onların qohum-əqrəbasının arasından da yola gətirdikləri
varmış. Bir gün Sadayın kirvəsi Həsənalı
gəlir onların sığındığı yerə,
deyir ki, qoyun kəsmişəm, heç kəs yoxdur, gedək.
Qabaqda Saday bəy, ardınca qaynı Qaçaq Musa, lap arxada
da Kəblə Həsən gedirmiş. Ardını lap dəqiqlik
üçün Aşıq Əhmədin öz səsindən
verirəm: "Elə doqqazın ağzına çatanda Kəblə
Həsən bəy deyir ki, Saday, burdan urus iyi gəlir,
qayıt geri". Həsənalı tez dillənir ki, Kəblə
Həsən, başına soyuq dəyib, nə urus? Elə bu
sözü deyəndə Kəblə Həsən Həsənalının
təpəsinə gülləni yerindəcə
çaxır. Elə həmin dəqiqədə də Həsənalının
evində gizlənən pusquda duranlar başlayırlar atəş
yağdırmağa. Bizə də ertədən xəbər
veriblər ki, bəs, ay camaat, bəndinizə çıxmayın,
atışma olacaq. Saday bəylə müzəffər
qoşunumuz, firqəçilərimiz atışacaqlar. Bəndinizə
çıxsanız, güllə sizə dəyər. Gecə
gördük ki, atışma başladı. Gendən
atışma səsləriylə bərabər hərdən Kəblə
Həsən bəyin çığırtısı
eşidilirdi. Ruslar ona "krıçaşiy çelovek"
deyirdi, "çığırqan kişi". Elə nərə
çəkirdi ki, sədası kəndin obiri başına
çatırdı. Ruslar bunu da deyirdilər ki, o, bir adam deyil,
on adama bərabərdir. Xəlfə gölü tərəfdə
qızğın atışma getdi. Təxminən 10-12 dəqiqə.
Sən demə, Saday bəygil qoşunu yarıb mühasirədən
çıxırlar. Sadayla Musa bir tərəfə gedir, Kəblə
Həsən bəy ayrı tərəfə. Kəblə Həsənin
qoluna güllə dəyir, Xəlfə gölünə,
qamışlığa çəkilir, elə orda da onu qan
aparmışdı, keçinmşdi. Bir də gördük səhər
tezdən xəbər verirlər, ay firqəçilər, ay
komsomollar, yığılın gəlin, müzəffər
qoşunumuz Kəblə Həsən bəyi gəbərtdi.
Getdik, mən üzə-üzə keçdim Kürü.
Gördük ki, Kəblə Həsənin meyitini dəvənin
üstündə gətirirlər. Şaşkası belində,
tüfəngi yanında, postun böyründə iclas elədilər,
orda qəbir qazdılar. Orda da dəfn elədilər. Çox
keçmədi Musanı da vurdular. Bircə Saday
qalmışdı. Bir-iki nəfər düşür onun
ardınca. Axıcanlı kəndi vardı, Saday ora gəlir,
arxın qırağında, qarğılıqda, bir çəmənlikdə
uzanır. Beyninə qan sızmışdı, ya ürəyi
partlamışdı, elə ordaca qalmışdı.
Naxırçı Lütfəli sürünü
çölə aparanda Sadayın meyitini o görüb kəndə
xəbər vermişdi ki, Saday qamışlıqda
yatıb".
Məmmədhüseyn Əsədov həmin təqibdə
və atışmada iştirak edənlərdən biri idi.
Qamışlıqda Saday bəyi canını
tapşırmış görən də birinci o olmuşdu.
Saday bəyin dəstəsi ilə məsələni
biryolluq həll etmək tapşırığı kəskin
qoyulubmuş. Çünki son həmləyədək
üç dəfə hökumət adamları ilə Saday bəyin
dəstəsi arasında atışma baş versə də, nəticə
hasil olmayıbmış. Ona görə axırıncı dəfə
artıq hücuma gücləndirilmiş dəstə ilə
keçmişdilər. Əsədov da bu əməliyyata
qaçaq-quldur dəstələriylə döyüşlərdə
təcrübəsi olan əməliyyatçı kimi cəlb
edilibmiş.
"Danışırdılar ki, Moskvadan Gülməmmədova
teleqram gəlibmiş ki, bəsdir bu qoşunları
qırdırdığın, ya Saday, Musa, Kəblə Həsəni
ver, ya sənin özünü həbs edəcəyik. Gülməmmədov
da axırıncı dəfə Axıcanlı Həsənalıdan
istifadə etməyə çalışmışdı.
Saday çox mahir adam olub, ayıq adam olub. Qoşunu bir-birinə
qırdırmağı bacarırdı. Onu mühasirəyə
alanları üzləşdirirdi, gəlirdi burdan bir güllə
atırdı, gedirdi o yandan atırdı, onu izləyənlər
çaşıb qalırdılar. Kürdəmirdə Saday
kimi igid, Saday kimi günahsız, Saday kimi durduğu yerdə bəlaya
düşən bir elə özü olub".
...1920-ci ildən 1931-ci ilədək Məmmədhüseyn
Əsədov qaynar bir tarixin içindəydi. Paytaxtdan
aralıda idi, bununla, əlbəttə ki, səviyyəsinin
artması, biliklərinin çoxalması, ictimai-siyasi
gerçəkliyin nəbzindən tuta bilməsi
baxımından nələrisə itirirdi, amma ayrı
nöqteyi-nəzərdən qazanırdı ki, yüzlərlə
kitabın, dərsin verə bilmədiyini hər gün həyat
özü ona öyrədirdi. Qarabağda, Şirvanda, Aranda,
Muğanda çalışdığı illərin hər
biri tutumuyla, hadisələriylə, gərginliyi ilə bir
neçə ilə bərabərdi. Tale elə gətirmişdi
ki, məhz bu dövrdə - 1925-ci ildə Seyid Cəfər
Pişəvəri ilə ilk dəfə
görüşmüşdü, mehriban münasibətləri
yaranmışdı və illər ötəndən sonra,
artıq Güney Azərbaycanda 1940-cı illərdə yenidən
davam edəcək təmaslarına vaxt özü təməl
tökmüşdü.
Bölgələrdəki fəaliyyəti
dövründə Məmmədhüseyn misilsiz bir məktəb
keçmişdi və artıq rəhbərlik də hiss edirdi
ki, bu cavanın daha kamil olması, daha səriştəli bir
çekistə çevrilməsindən ötrü digər məktəbi
də keçməsinə lüzum var.
1931-ci ildə Məmmədhüseyn 32 yaşında
idi və ona yazılan növbəti xasiyyətnamə həm
o vaxtadək keçdiyi çekistlik yolunun yekun dəyərləndirməsi
idi, həm də yığılmış bu zəngin təcrübəni
daha faydalı bir məcraya yönəldə bilməkçün
tədarük. O xasiyyətnamə belə bir təkliflə
tamamlanırdı: "Əyalətdə 10 il fasiləsiz işləməsi və
ictimai-siyasi baxımdan geri qalması səbəbindən Birləşmiş
Dövlət Siyasi İdarəsinin (OQPU - 1923-1934-cü illərdə
SSRİ Dövlət Təhlükəsizlik Xidməti belə
adlanırdı - R.H.) kurslarında hazırlıq keçməsinə
ehtiyac vardır. Oranı bitirdikdən sonra yaxşı milli əməliyyatçı
olacaqdır".
O il OQPU-nun Mərkəzi Məktəbi ilk dəfə öz təkmilləşdirmə
kurslarına yığım keçirirmiş və Əsədovun
da bəxti gətirmişdi ki, bu qrupa
düşmüşdü. Onun 1931-ci il mayın 1-dən
1932-ci il martın 1-dək Moskvada keçdiyi bu kursdakı hər
günü elə bölgədəki həftələri,
ayları kimi ikiqat, üçqat uzunluqda götürülə
bilər. Biliklərini artırmaq, səviyyəsini yüksəltmək
üçün yaranmış bu girəvədən onsuz da
gecə-gündüz nəfəs dərmədən işləməyə
adət etmiş Məmmədhüseyn Əsədov
dolğunluğu ilə yararlanır: "Təhsilə ciddi
yanaşıb. Çox və səylə işləyib. Siyasi
biliklər üzrə silsiləni dərindən öyrənib
və kursu yaxşı mənimsəyib. Mərkəzi Məktəbdə
olduğu müddətdə səviyyəsi əhəmiyyətli
dərəcədə yüksəlib. Operativ-döyüş
işi üzrə təlim
tapşırıqlarını qənaətbəxş dərəcədə
yerinə yetirib. Şərq siyasi partiyaları, müsəlman ruhaniləri məsələləri
ilə məşğul olub, banditizmə qarşı
mübarizə təcrübəsi vardır. Çekistlik
silsiləsi üzrə tapşırıqları əsaslı
şəkildə mənimsəyib və əldə edilmiş
bilikləri düzgün tətbiq edib. Çekist işinin əsas
metodlarını mənimsəyib və malik olduğu əməli
təcrübəni möhkəmləndirib. Məktəbin
ictimai həyatında iştirak edib. Ona
tapşırılmış işlərin öhdəsindən
gəlib. Məktəbi bitirmiş hesab edilsin".
Məmmədhüseyn Əsədova Moskvada verilmiş
və onun bir çekist kimi yetkinliyini və peşəkarlığını
bütün yönləriylə nişan verən bu attestat
indinin ölçüləriylə Dövlət Təhlükəsizliyi
Akademiyasını bitirməyə bərabər bir sənəd
idi.
Həm də nəzərə alsaq ki, bu, Mərkəzi
Məktəbin ilk buraxılışı idi, demək, Məmmədhüseyn
Əsədov dövlət təhlükəsizliyi mütəxəssisi
kimi belə bir yüksək təhsil sənədi alan əvvəlinci
azərbaycanlı imiş. O dövrdə bu sahədə
yüksək Moskva təhsilli daha neçə azərbaycanlımız
olub?
1932-ci ilin yazı idi, Məmmədhüseyn Əsədovun
çekist ömrünün bir mühüm mərhələsi
bitib, yeni, vacib səhifəsi açılırdı.
6 may 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 14 may(¹82).- S.12-13.