"Üzeyir Hacıbəylinin
portreti"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Bakı şəhəri H.İskəndərov
adına 206 nömrəli tam orta məktəbin müəllimi,
sənətşünas Nurtəkin Hüseynovadır. Onunla
Xalq rəssamı Mikayıl Abdullayevin "Üzeyir Hacıbəylinin
portreti" əsərindən danışmışıq.
Mikayıl Hüseyn oğlu Abdullayev 1921-ci ildə
Bakı şəhərində anadan olub. İlk rəssamlıq
təhsilini Azərbaycan Rəssamlıq Texnikumunda, Azərbaycan
incəsənəti tarixinə ilk Xalq rəssamı kimi daxil
olan dahi Əzim Əzimzadənin sinifində alıb. 1939-cu ildə
texnikumu bitirən gənc Mikayıl təhsilinin davam etdirmək
məqsədilə Moskvaya yola düşüb və V.Surikov
adına Moskva Rəssamlıq institutuna daxil olub. İkinci
Dünya müharibəsi başladığına görə
Mikayıl Abdullayev təhsilinin başa vuraraq Bakıya
qayıdıb. Müharibə
illərində bir çox digər gənc rəssamlar kimi, o
da təşviqat plakatlarının yaradılmasında
iştirak edib. Yalnız 1944-cü ildə yenidən təhsilini
başa vurmaq üçün Moskvaya qayıdıb. Mikayıl
Abdullayev 2002-ci ildə vəfat edib.
- Bildiyimiz kimi, bu əsər Üzeyir bəyin naturadan
çəkilmiş ilk portretidir. Necə olur ki, Üzeyir bəy
Abdullayevin onu çəkməsinə razılıq verir?
- Azərbaycan təsviri sənətində tarixən ən
aktual janrlardan biri məhz portret janrı olub və daim rəssamlarımız
xalqımızın tanınmış elm xadimlərinin, mədəniyyət
nümayəndələrinin bir-birindən gözəl portretlərini
yaradıblar. Belə gözəl və olduqca maraqlı
tarixçəsi olan portretlərdən biri də Mikayıl
Abdullayevin Azərbaycanın görkəmli bəstəkarı
Üzeyir Hacıbəylinin portretidir. Mikayıl Abullayevin ilham
mənbəyi, yaradıcılığının təməli
doğma vətəni Azərbaycan olub və portret janrında
da onun qəhrəmanları çoxdur. Rəssamın portretlər
silsiləsinə diqqət yetirdikdə yaratdığı
obrazların daxilinə nüfuz etdiyini, sanki bir psixoloq kimi
yanaşdığının şahidi oluruq. Yəni belə
portretlərdən M.P.Vaqifin, İmadəddin Nəsiminin
Aşıq Ələsgərin, M.F.Axundovun, Akademik Yusif Məmmədəliyevin, F.Bədəlbəylinin, Rəsul
Rzanın, İbn Sinanın portretlərini misal göstərə
bilərik. Mikayıl Abdullayev xatirələrində portretinin
işlədiyi qəhrəmanlar haqqında çox maraqlı
söhbətlərə rast gəlirik. Amma ən möhtəşəm
unudulmaz xatirələrdən biri məhz haqqında
danışacağımız portretlə bağlıdır.
1943-cü il C.Cabbarlı adına teatr muzeyinin
açılışına hazırlıq gedir və Muzeyin
ekspozisiyasında Azərbaycan musiqi sənətinin
inkişafına əvəzsiz töhfələr verən
Üzeyir bəyin də portreti olmalı imiş. Mikayıl
Abdullayev "Yazılarım" adlı xatirəsində
bildirir ki, "bu şərəfli iş mənə həvalə
olundu, onda mənim cəmi 22, Üzeyir bəyin isə 58
yaşı var idi. Mən portreti naturadan çəkmək istəyirdim.
Lakin eşitdim ki, hansı rəssam bəyin şəklini
çəkmək istəyirmiş, rədd cavabı
alırmış. 22 yaşlı tələbənin də
yaxşı portret çəkə biləcəyinə
inanmayıb, yenə də etirazını bildirib. Beləliklə,
məsələ böyüyür və gedib
çıxır İncəsənət işləri idarəsinə.
O vaxtlar Bakıda incəsənət işləri idarəsinin
rəisi Xalq artisti Adil İsgəndərov idi. Adil İsgəndərovun
xeyli danışıq və təbliğindən sonra
Üzeyir bəyin bu işə razılıq verməsi məndə
həm sevinc, həm həyəcan, həm də məsuliyyət
hissi yaradır. İşə başlamaq üçün təyin
edilmiş vaxtdan bir qədər əvvəl konservatoriyanın
binasına getdim və Üzeyir bəyin otağında yerimi
rahatladım. Üzeyir bəy gələndə ehtiramla
salamlaşdıq və dərhal işə başladım.
Çəkməyə başlayanda hiss edirdim ki, bəstəkar
əsəri bəyənir, bir qədər sonra otaqdakı
sükutu Üzeyir bəy pozdu. "Deyəsən, iş pis
getmir özümü görürəm". Üç
günə əsəri tamamladım və muzeyin tələsməsinə
baxmayaraq, əsəri təhvil vermək bir qədər təxirə
düşdü. Səhər saat 09:30-da gəlib porterti
götürmək ücün otağa girdim və otağa
baxdım ki, portret yoxdur. Ramazan adlı komendat mənə
yaxınlaşdı və dedi ki, "Portreti biz dünən
apardıq Üzeyir bəyin evinə. Həyat yoldaşı Məleykə
xanım portretə baxmaq istəyir, xəstə olduğuna
görə gəlib burada baxa bilmir".
Beş gün keçdi, portretdən xəbər
çıxmadı. Düzü, bəstəkarın evinə
getməyə də utandım. Elə yenə də komendant
Ramazandan xəbər almaq qərarına gəldim.
Ramazanının cavabı məni çaşdırdı.
"Mikayıl, portret Məleykə xanımın çox
xoşuna gəlib, onu vermək istəmirlər. Üzeyir bəy
deyir əsərin qiyməti nədi, sənə ödəniş
etsin". Doğrusu, çox pərt oldum. Nə
danışırsan, Üzeyir bəy içi mən daxil
Moskvada oxuyan gənclərə atalıq edib. İndi mən
durub ondan portret haqqımı alacam? Əksinə, bu, mənim
üçün şərəfdir" dedim".
Bir neçə gündən sonra ikinci portreti işləməyə
başladım və bu dəfə Üzeyir bəy öz
iş masasının arxasında oturub, əllərini bir-
birinə keçirib "İndi də belə çəkək"
dedi.
Bu tablodada rəssam Üzeyir bəyin şəxsiyyətinə
xas məğrur duruşunu, təmkinli simasını,
düşüncəli nəzərlərini həssaslıqla
canlandırıb.
1944-cü ildə Mikayıl Abdullayev növbəti -
üçüncü portreti işləmək istəyir və
bu vaxt Üzeyir bəyi Moskvaya çağırırlar. Bu
zaman portreti işləmək üçün Üzeyir bəy
ən çox sevdiyi fotoşəkillərindən birini Mikayıl
Abdullayevə bağışlayır. Fotoşəkilin köməyi
ilə rəssam portreti uğurla tamamlayır. Sonralar qələmə
aldığı "Unudulmaz obraz" adlı məqaləsində
yazırdı: "Üzeyirlə
görüşdüyüm, onun portretini yaratdığım
günlər həyatımın ən əziz xatirələridir.
Üzeyirin mənə bağışladığı fotonu
gözbəbəyim kimi qoruyuram".
Haqqında danışdığımız birinci
tablonu 1943-cü ildə Mikayıl Abdullayev çəkməyə
başladı və qeyd etdiyim kimi, həcm etibarı ilə çox da böyük olmayan bu
tablonu 3-4 günə tamamladı. Onu da deyək ki, bu əsər
Azərbaycan təsviri sənətində ilk Üzeyir
Hacıbəyli obrazıdır. Tablo həm sənətkarlıq,
həm tarixi, həm də psixoloji baxımdan olduqca əhəmiyyətlidir.
Çünki o dövrdə müharibə illərində
milli və mədəni kimliyimizi təcəssüm etdirən
obrazlar xüsusi məna kəsb edirdi və Üzeyir bəy
obrazı da bu baxımdan tərəddüdsüz ən önəmli
obraz hesab oluna bilərdi. Rəssam əsəri yağlı
boya ilə kətan üzərində işləyib.
- Portretdə Üzeyir bəy obrazı necə təsvir
olunub?
- Tabloda Üzeyir bəyin yalnız vizual bənzərliyi
deyil, xarakteri, mənəvi zənginliyi dərin
düşüncəli, aydın baxışlı və iradəli
şəxsiyyət kimi təsvir edilib. Rəssam bu portretdə
sadə, lakin bir çox məna daşıyan fon və
işıq kölgə oyunları vasitəsilə obrazın
təkcə zahiri görünüşünü deyil, eyni
zamanda daxili aləmini açmağa çalışıb.
Portretin ümumi strukturunda obrazın quruluşu, duruşu,
baxış istiqaməti onun yüksək mənəvi
dünyasını və intellektual potensialını əks
etdirir. Əsərdə bəstəkar sadə geyimdə təsvir
olunur və bu, onun təvəzökarlığını,
şəxsiyyətinin yüksəkliyini və sadə ruhunu
vurğulayır.
- Tablo hazırda harada saxlanılır?
- Bu əsər Üzeyir bəyin vəfatından sonra
bir müddət Moskvadakı M.İ.Qlinka adına Musiqi Mədəniyyəti
Muzeyində nümayiş olunub. Mikayıl Abdullayev yeni bir
portret təqdim etdikdən sonra yenidən Bakıda ev-muzeyinə
qaytarılıb.
- Bəs Teatr Muzeyinə verilən hansı portretdir?
- Hə, Azərbaycan Teatr muzeyinə
üçüncü fotoşəkil əsasında işlənmiş
portret təqdim olunur. Macəralı, amma bədii cəhətdən
çox kamil olan birinci portret də hazırda Üzeyir bəyin
ev-muzeyində qorunur.
- Əsərin rəng həlli haqqında nə deyə
bilərsiniz?
- Tabloda rəssam bəstəkarın alicənab və
dərin zəkasını, musiqi və vətən sevgisini
incə rəng çalarları və yumşaq firça
vuruşları ilə ifadə edib. Rəsmdə əsasən
yumşaq, sakit və harmonik tonlara üstünlük verilib.
Sanki rəssam rənglər vasitəsilə musiqi və rəssamlıq
arasında bir körpü qurur. Üzeyir bəyin qürurlu, məğrur
duruşu sadəcə bir şəxsi deyil, böyük br
xalqı onun mədəniyyətini təmsil edr.
- Başqa hansı rəssamlarımızın
yaradıcılığında Üzeyir bəyin obrazına
rast gəlirik?
- XX əsrin ortalarından başlayaraq Azərbaycan təsviri
sənətində Üzeyir Hacıbəylinin obrazı
aktuallaşmağa başlayıb. Onun portretləri fəaliyyətini
əks etdirən kompozisiyalar və simvolik təsvirlər,
milli bədii yaddaşın formalaşmasında mühüm
yer tutur. Azərbaycan rəngkarlığında Üzeyir
Hacıbəyli obrazına Tahir Salahov, Tofiq Kərimov, Nəcəfqulu
İsmayılov, Tağı Tağıyev, Ənvər
Əliyev, Hüseyn Əliyev, Vəcihə Səmədova kimi
rəssamların yaradıcılığında rast gəlinir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Realist üslubda işlənmiş portret Azərbaycan
musiqi mədəniyyətinin banisi dahi Üzeyir bəy şəxsiyyətini
və mənəvi irsini tərənnüm edir. Üzeyir bəy
sadəcə bəstəkar kimi yox, paralel olaraq milli dəyər
və mənəviyyat təmsilçisi, milli ruhu oyadan şəxs
kimi təqdim olunur. Əsər bir növ meditativ ovqat
yaradır. Tabloya baxan tamaşaçı sükut və dərinliklərdə
böyük bir şəxsiyyətin dərin
dünyasını hiss edir.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 14 may(№82).- S.11.