Lider mövqe
Avropa - qoca qitə hər zaman öz liderləri ilə
tanınıb. Onlar zaman-zaman özlərinin böyük
ideyaları, reformları ilə dünya tarixində örnək
olublar. Dünya xəritəsi və tarixi dəyişdikcə
yeni liderlər formalaşır. Almaniya, Fransa, İngiltərə
kimi nəhəng ölkələrlə müqayisədə
"sovet şineli"ndən çıxmış
respublikalar öz müstəqilliklərini yeni əldə etsələr
də, öz sözlərini və mövqelərini qismən
də olsa ifadə edə biliblər. Bu liderlər içərisində
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev öz dəst-xətti ilə daim seçilib.
Dünyanın son imperiyası çökəndə
Sovetlər Birliyi əhatəsindəki ölkələr
müstəqilliyə qovuşdular. Bu prosesi ən
ağrılı yaşayan ölkələrdən biri Azərbaycan
oldu. Sovetlər Birliyi hələ tam dağılmamış
Dalıq Qarabağ faciəsi Azərbaycan xalqına bu müstəqilliyin
dadını ilk günlərdən tam yaşamağa imkan vermədi.
Azərbaycan müstəqilliyini bərpa etməmişdən 3
il əvvəl düçar olduğu bu bəlanın
ucbatından sənayesi, kənd təsərrüfatı, təhsili,
səhiyyəsi, mədəniyyəti, iqtisadiyyatı
qurulmamış dağıldı. Ulu öndər - Azərbaycan
xalqının xilaskarı Heydər Əliyev özünün
dahiyanə çıxışları, preventiv tədbirləri,
böyük hakimiyyət ustası kimi bu prosesi həm ləngitdi,
həm də Azərbaycanda torpaq islahatını həyata
keçirdi. Atəşkəsə nail olaraq eyni zamanda, Azərbaycanın
müstəqilliyini qoruyub saxladı.
Ermənilər 1992-ci ildən etibarən o zamankı maymaq rəhbərlərin
sayəsində torpaqlarımızı zəbt etməyə
başladılar. Rus-sovet silahlı ordu birləşmələri,
erməni yaraqlıları Azərbaycanın 20 faiz ərazisini
nəzarətə götürdülər. Bunun
üçün əvvəlcədən "münbit"
şərait yaradılmışdı. Azərbaycanlıların
ov silahlarını belə əllərindən
almışdılar. Ermənistan isə kifayət qədər
silahlanmışdı. Dağlıq Qarabağdakı
separatçılara da xeyli sayda silah-sursat göndərmişdilər.
Əlbəttə, qüvvələr nisbəti bərabər
deyildi. Rus-sovet tankları ilə ərazilərimizə daxil
olub kəndlərimizdəki silahsız insanları qorxudaraq
doğma yurdlarını tərk etməyə məcbur edirdilər.
Beləliklə, ölkədə 1 milyona yaxın məcburi
köçkün kütləsi yarandı. Heydər Əliyev
həm bu qədər məcburi köçkünü yerləşdirməyə,
onları yaşayış sahəsi, həm də işlə
təmin etməyə məruz qaldı. Amma ölkədə
xaosun, özbaşınalığın yaranmasına imkan vermədi.
Heydər Əliyevin yaratdığı bu nizam, sabitlik
İlham Əliyevin rəhbərliyi altında özünü
qoruyub saxlamağı bacardı. Onun liderlik qabiliyyəti, dahi
siyasətçi olması Şərqi Avropa liderlərinin
heyranlığına səbəb oldu.
Onu da qeyd etmək lazımdır ki, Bolqarıstan,
Macarıstan, Slovakiya, Serbiya, Sloveniya, Rumıniya və digər
Avropa dövlətlərinin başçıları Azərbaycan
Prezidentinin yaratdığı bərabər hüquqları
sayəsində yeni bir əməkdaşlıq mərhələsinə
qədəm qoydular.
Serbiya Prezidenti Aleksandr Vuçiç Bolqarıstan
Respublikasının paytaxtı Sofiya şəhərində
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) 1 oktyabr
2022-ci ildə baş tutan açılış mərasimində
bu fikirləri bildirdi: "Layihə Serbiya üçün də
vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz
İlham Əliyevin iştirakı olmasaydı, bizim hər
birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının
şaxələndirilməsinə ümid etmək asan olmazdı.
Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız".
Sonra sözünə davam edərək fikrini belə
yekunlaşdırdı: "Mən onunla dəfələrlə
danışmışam. O, Avropada çox məşhurlaşıb.
Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən
də bilmək istərdim".
Bu gün Azərbaycan İlham Əliyevin sayəsində
müstəmləkə siyasəti altında sızlayan
azsaylı xalqların ümid və dayaq yerinə
çevrilib. Onlar qulağı kar və gözü kor
dünyanın haqsızlığına məruz
qaldıqlarını, şikayət və etirazlarını
Azərbaycandan bəyan edirlər.
Xatırladım ki, BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) Liderlər
Sammitinin açılış mərasimində Prezident
İlham Əliyev çıxış edərək beynəlxalq
gündəlikdə mühüm məsələlərdən
birini qaldırdı - neokolonializm və iqlim dəyişmələri
məsələsini. Cənab Prezident həmçinin COP29 tədbiri
çərçivəsində bir sıra kiçik ada
dövlətlərinin rəhbər şəxsləri ilə
görüşlər keçirərək onlara lazım olan
dəstəyi Azərbaycan olaraq verəcəyimizi bildirdi.
İlham Əliyev sözünə mətanətlə əməl
etdi. Bu günə qədər həmin ada dövlətləri
Bakıda 20-yə yaxın görüşü baş tutub.
BTQ ardıcıl şəkildə bu prosesi davam etdirir.
Onu da xüsusi vurğulamaq lazımdır ki, bu gün
Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərinin
etibarlı tərəfdaşıdır. Buna misal olaraq Azərbaycan-İtaliya
iqtisadi əlaqələri, xüsusilə enerji tərəfdaşlığını
göstərmək olar.
Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr
getdikcə genişlənir. Bunu ilk növbədə iki
ölkə arasında ticarət dövriyyəsini əks etdirən
rəqəmlərdən görmək olur. 2023-cü ildə
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin
həcmi 15,7 milyard dollar olub ki, bunun da əsasını
ölkəmizin enerji ixracatı təşkil edib. 2024-cü
ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi
6,2 milyard dollara çatıb.
İtaliyanın Cənubi Qafqaz ölkələri
arasında əsas ticarət tərəfdaşı Azərbaycandır.
Belə ki, onun Cənubi Qafqaz ölkələri ilə ticarət
dövriyyəsinin 85 faizi Azərbaycanın payına
düşür.
İqtisadi əməkdaşlıq bir sıra sahələri
əhatə etsə də, öndə enerji tərəfdaşlığıdır.
Prezident İlham Əliyevin İtaliyaya 2024-cü ilin sentyabr
ayındakı işgüzar səfəri bu tərəfdaşlığın
inkişafına yeni bir təkan verəcək. Belə ki, yeni
layihələr üçün yollar açılır.
Əməkdaşlığın bünövrəsi möhkəm
olduğuna görə perspektivlər də böyük,
gözləntilər də çoxdur. Məlumdur ki,
İtaliya xeyli vaxtdır Azərbaycandan xam neft və neft məhsullarının
ixracında ən iri ticarət tərəfdaşına
çevrilib. Son illərin ən möhtəşəm
meqa-layihələrindən olan "Cənub qaz dəhlizi"nin
axırıncı məntəqəsi də məhz
İtaliyadır. Yəni bu dəhliz Azərbaycandan
başlayaraq Gürcüstanın,Türkiyənin,
Yunanıstanın, Albaniyanın ərazisindən və Adriatik
dənizinin altından 3500 kilometr yol keçərək
İtaliya torpağına çatır və orada bu ölkənin
"Snam Rete Gas" şirkətinin istismar etdiyi qaz nəqliyyatı
şəbəkəsi ilə birləşir.
"Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP
(Trans-Adriatik Qaz Boru Kəməri) ölkələrimiz
arasında enerji əməkdaşlığını möhkəmləndirən
vacib amildir. Bu kəmər 2020-ci il dekabrın 31-dən qaz nəql
edir və İtaliyanın enerji təhlükəsizliyinə
öz töhfəsini verir. Təkcə 2024-cü ildə
TAP-la İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub.
Qeyd edək ki, ölkəmizlə Avropa İttifaqı
arasında əldə edilən razılaşmaya əsasən,
2027-ci ilə qədər Azərbaycan qazının tədarükü
ildə azı 20 milyard kubmetrə çatmalıdır. Bu həcmin
Avropaya ixrac edilməsində "Cənub qaz dəhlizi"nin
ayrılmaz hissəsi - TAP-ın da rolu böyük olacaq. Onu da
xatırladaq ki, indi bu dəhliz yeni interkonnektorlarla şaxələnir
və nəticədə Azərbaycandan qaz alan ölkələrin
də sayı getdikcə artır.
Təsadüfi deyil ki, ötən il Romada Prezident
İlham Əliyevin İtaliya Respublikası Nazirlər
Şurasının sədri Ciorcia Meloni ilə
görüşündə də enerji sahəsində ikitərəfli
əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda
TAP layihəsinin əhəmiyyətinə, kəmərin
İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində
roluna toxunulub, xəttin ötürücülük qabiliyyətinin
artırılması barədə fikir mübadiləsi
aparılıb.
Artıq Avropa anlayır ki, Rusiya-Ukrayna
savaşından neft-qaz sahəsində yaşadıqları əziyyət
gələcəkdə yenə təkrarlana bilər. Buna
görə də onlar Azərbaycanın simasında özləri
üçün etibarlı tərəfdaş görürlər.
Bu inamı İlham Əliyev yaradır.
Azərbaycan 2025-ci ilin aprelin 9-da daha bir mötəbər
tədbirə ev sahibliyi etdi. Belə ki, ADA Universitetində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
iştirakı ilə "Yeni dünya nizamına
doğru" mövzusunda beynəlxalq forum keçirildi. Forum
Azərbaycanın prezidenti İlham Əliyevin dünyanın
diqqət mərkəzində olan lider olduğunu bir daha
sübut etdi. Forum zamanı İlham Əliyev ona ünvanlanan
suallara geniş və aydın şəkildə cavab verdi.
Prezident İlham Əliyev bildirib ki, Avropa maliyyə təsisatları
və Avropa Komissiyası böyük həcmdə qazı
almağı davam etmək və Azərbaycandan qaz təchizatını
artırmaq istəyirlərsə, onda onlar iki mühüm məsələni
həll etməlidirlər: "Birincisi, təsisatların
maliyyə siyasətidir. Bütün enerji layihələrimizdə,
- istər neft, istər qaz olsun, - eləcə də hasilat və
nəqlolunmada, korporativ maliyyələşmə ilə kreditə
götürülən pul vəsaitləri arasında
razılaşdırılmış nisbət var idi. Adətən
70 faiz kredit, 30 faiz isə korporativ pul vəsaitləri idi. Beləliklə,
indi Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir
və bu səbəbdən Avropa Komissiyasının Prezidenti
xanım Ursula Fon der Lyayen 2022-ci ilin iyulunda Azərbaycana səfər
etdi. O vaxt Avropa İttifaqı qaz təchizatından çox
narahat idi və biz energetika sahəsində Strateji Tərəfdaşlıq
haqqında Bəyannaməyə imza atdıq. Həmin vaxtdan
etibarən, Avropa Komissiyasının müraciəti əsasında,
biz Avropaya qaz təchizatını təxminən 60 faiz
artırmışıq və bu, 2021-ci ildə 8 milyard kubmetrdən
2024-cü ildə 13 milyard kubmetrə çatdı. Beləliklə,
bir çox Avropa ölkəsi, o cümlədən Xorvatiya Azərbaycan
qazının alıcısına çevrildi. Hazırda
mövcud yataqlardan ixrac üçün daha çox
qazımız var və həmin yataqlarda işlənilmənin
yeni fazasındayıq. Qaz hasil edilən yataqlar ilkin mərhələdədir.
Əlavə bir neçə milyard kubmetr qazımız da
olacaq, çünki biz yaşıl enerji stansiyalarını
quracağıq və beləliklə, bu gün elektrik
enerjisinin istehsalında istifadə etdiyimiz qaza qənaət edəcəyik.
Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı
minimum 10 milyard kubmetrə qədər artırmaq
potensialımızı formalaşdırır". Prezident
qeyd edib ki, hazırda qaz təchizatımız 12 ölkəni əhatə
edir, onlardan 10-u Avropa ölkəsidir, sonunculardan 8-i isə
Avropa İttifaqının üzvüdür.
Bəli, Ştaynmayerin də qeyd etdiyi kimi, dünyada vəziyyət
çox sürətlə dəyişir. Amma dəyişməyən
və günü gündən daha da mükəmməlləşən
İlham Əliyevin liderliyidir.
Prezident İlham Əliyevin dərin siyasi zəkası,
uzaqgörənliyi, mükəmməl diplomatik səriştəsi
onu bu gün Avropanın sayılıb-seçilən liderlərindən
biri edib. Heç şübhəsiz ki, dövlətimizin
başçısının bu mötəbər mövqeyi Azərbaycanı
daha da inkişaf etdirəcək və ölkəmizin
inkişafında əsaslı rol oynayacaq.
Səyyad ARAN
Milli Məclisin deputatı
525-ci qəzet .- 2025.- 14 may(№82).- S.8.