Prezident İlham Əliyevin Ukrayna məsələsinə
uzaqgörən yanaşması
Azərbaycan Prezidentinin bir il əvvəlki fikirlərini
qərb liderləri hələ indi etiraf etməli olurlar
Prezident İlham Əliyevin bir il əvvəl səsləndirdiyi
fikri bu gün artıq hamı etiraf edir. Ukraynanı müharibəyə
sürükləyən Makron kimiləri də, müharibənin
davam etməsini istəyən digər Qərb dövlətləri
də, Ukraynanın özü də.
Rusiya ilə Ukrayna arasında dördüncü ilə
daxil olan müharibənin bitməsi üçün bir
sıra çağırışlar edilsə də, hələ
ki, bu istiqamətdə irəliləyiş əldə edilməyib.
ABŞ lideri Donald Tramp prezident vəzifəsinin icrasına
başladıqdan dərhal sonra müharibəni tezliklə
bitirmək üçün müəyyən addımlar
atıb, amma hər hansı inkişafa nail ola bilməyib. Səbəb
də budur ki, münaqişə artıq çox mürəkkəb
bir hal alıb və onun tez bir zamanda başa çatması, tərəflərin
razılığa gəlməsi mümkün
görünmür. Ukraynanı Rusiya ilə müharibəyə
təhrik edənlər, bütün sülh
çağırışlarını boykot edib, qanlı
müharibənin davam etməsinə rəvac verib və Kiyevi
çıxılmaz, çətin vəziyyətə salan
Fransa kimi Qərb dövlətləri artıq bu gün atəşkəsə
çağırır, sülh
danışıqlarının aparılması
üçün atəşkəs
razılığının vacib olduğunu bəyan edirlər.
Təkcə bəyan etmirlər, həm də əks təqdirdə,
Rusiyanı yeni sanksiyalar paketi ilə hədələyirlər.
Belə ki, Almaniyanın yeni kansleri Fridrix Mertz, Fransa
Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və
Böyük Britaniyanın Baş naziri Kir Starmer bir neçə
gün əvvəl Kiyevdə danışıqlar aparıblar.
Müzakirələrdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski
Avropa liderləri ilə birlikdə Ağ evin rəhbəri
Donald Trampa zəng edərək, Ukrayna və müttəfiqlərinin
12 maydan etibarən quruda, havada və dənizdə ən
azı 30 gün müddətində tam və qeyd-şərtsiz
atəşkəsə hazır olduqlarını bəyan edib.
Rusiyanın razılaşmayacağı halda Avropa və
Amerikanın yeni sanksiyalar paketi ilə üzləşəcəyi
bildirilib.
Mayın 11-də ABŞ dövlət katibi Marko Rubio
Böyük Britaniyanın xarici işlər naziri David Lemmi və
Almaniyanın yeni kansleri Fridrix Mertz ilə telefon
danışığı aparıb. Əsas müzakirə
mövzusu Ukraynadakı müharibə və onun sülh yolu ilə
həlli səyləri olub. Rubio qeyd edib ki, ABŞ-ın
prioriteti hərbi əməliyyatlara son qoymaq və Rusiya ilə
Ukrayna arasında dərhal atəşkəsə nail
olmaqdır. Vaşinqton sülhün bərqərar olması
üçün səylərini davam etdirəcək. ABŞ
dövlət katibi vurğulayıb ki, ABŞ və müttəfiqlərinin
ümumi məqsədi var - Ukraynada müharibəyə son
qoymaq və Avropada sabitliyi təmin etmək.
Polşanın Baş naziri Donald Tusk bildirib ki,
münaqişənin həlli, birbaşa sülh
danışıqlarına başlamaq üçün Moskva 30
günlük atəşkəslə
razılaşmalıdır: "Bizim
çağırışımıza cavab olaraq ruslar
mayın 15-dən sülh danışıqlarını təklif
etdilər. Lakin dünya dərhal və qeyd-şərtsiz atəşkəslə
bağlı dəqiq qərar gözləyir. Ukrayna
hazırdır. Qurbanlar kifayətdir".
Tusk bir gün əvvəl Kiyevdə keçirilən
müttəfiqlər koalisiyasının iclasının
iştirakçılarından biridir. Zelenski isə Teleqram səhifəsində
yazıb ki, hər hansı müharibəni həqiqətən
bitirmək üçün ilk addım atəşkəsdir.
Avropa və Qərb atəşkəsin vacibliyi
haqqında indi bəyanatlar səsləndirirlər, Azərbaycan
Prezidenti İlham Əliyev isə daha əvvəl, bir il
öncə bu məqamın zəruriliyini gündəmə gətirməklə
daha uzaqgörən, daha güclü lider yanaşmasını
bir daha təsdiqlədi.
Dövlət başçısı hələ ötən
il Şuşa Media Forumunda Ukrayna ilə bağlı suala
cavabında demişdi: "Elə bir dövr var idi ki, biz atəşkəsə
razı olmalı olduq. Bu, 1994-cü ildə baş verdi. Bu,
çox çətin qərar idi, sizi əmin edirəm və
dəfələrlə Qərb ölkələrindən gələn
qonaqlar mənə sual verirdilər, bu məsələ necə
həll edilə bilər? Mən onlara deyirdim: mənim atam Azərbaycanı
məndən az sevmirdi və ya hər hansı bir azərbaycanlıdan
az sevmirdi. Ancaq o, məcburən 1994-cü ildə bu atəşkəsə
razı oldu, çünki ölkəni xilas etməli idi. O
zaman Azərbaycanın faktiki olaraq ordusu yox idi. Biz ordumuzu hələ
yeni qururduq və bu proses sonra davam etdi və bu gün biz
qürur duya biləcəyimiz ordu qurmuşuq... Təkrar edirəm,
bəzən biz çətin qərarlar verməli idik ki, əsas
məqsədimizə çataq. Yəni bu, uzun bir hekayədir.
Ancaq bu baxımdan Azərbaycanın təcrübəsi
maraqlı ola bilər".
Prezident İlham Əliyev bir neçə gün əvvəl
Ağdama səfəri zamanı da atəşkəs
mövzusuna toxunub: "O vaxt müharibəni dayandırmaq gənc
dövləti xilas etmək üçün yeganə yol idi.
Ağır bir qərar idi. Torpaqlarımızın
böyük hissəsi işğal altında idi, bir milyondan
çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibəni
dayandırmasaydıq, biz daha böyük faciə ilə
üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma
çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan
inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa
edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün
ilkin imkanlar yaransın. Yəni biz bütün keçmiş
tarixə nəzər salarkən, təbii ki,
görürük, nə qədər məqsədyönlü,
düşünülmüş addımlar
atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan
reallıqlarını təmin edir".
Azərbaycanın müstəqilliyinin ilk illərində
hansı problemlərlə qarşı-qarşıya
qaldığı bəllidir. Bunlar bəlkə də eyni vəziyyətdə
olan digər heç bir dövlətin öhdəsindən gələ
bilməyəcəyi problemlər idi. Amma Ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə Azərbaycan bu problemləri
həll edə, yeni bir dövrə, inkişaf mərhələsinə
qədəm qoya bildi. Təbii ki, burada atəşkəsə
nail olunması çox vacib rol oynadı. Azərbaycan öz
ordusunu formalaşdırdı, iqtisadiyyatını qurdu,
"Əsrin müqaviləsi" imzalandı ki, bunun da
ölkəmizin həyatında rolu olduqca böyükdür.
Bu gün artıq güclü, ərazi
bütövlüyünü, suverenliyini tam təmin etmiş
Azərbaycan var. Bütün bunlara isə ölkəmiz kiməsə
arxalanmadan, hansısa dəstəyi almadan öz gücünə
nail olub.
Prezident İlham Əliyevin yuxarıda qeyd edilən və
bir il əvvəl səsləndirdiyi fikrlərini bu gün
artıq hamı etiraf edir. Ukraynanı müharibəyə
sürükləyən Makron kimiləri də, müharibənin
davam etməsini istəyən digər Qərb dövlətləri
də, Ukraynanın özü də gec də olsa atəşkəsin
zəruriliyini anlayıblar.
Atəşkəsə nail olunacağını isə
birmənalı şəkildə demək mümkün deyil.
Çünki artıq vurğuladığımız kimi, vəziyyət
həm çox mürəkkəb hal alıb, tərəflərin
razılığa gəlməsi çətin
görünür. Yada salaq ki, atəşkəs
çağırışından sonra Rusiya Prezidenti Vladimir
Putin ilkin şərt olmadan mayın 15-də Türkiyədə
danışıqlara başlamağı təklif edib. Putin
qeyd edib ki, Rusiya uzunmüddətli sülhə nail olmaq
üçün Kiyevlə ciddi danışıqlara
hazırdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
həmin gün Putinə zəng edərək, bu
danışıqları qəbul etməyə hazır
olduğunu təsdiqləyib. Ukrayna lideri Vladimir Zelenskinin də
rusiyalı həmkarı ilə görüşməyə
hazır olmasını açıqlaması müəyyən
ümidlər yaratsa da, prosesin sonrakı gedişi hələ
ki, birmənalı şəkildə fikir yürütməyə
imkan vermir. Söhbət ondan gedir ki, Zelenski Türkiyəyə
səfər etmək niyyətini təsdiqləyib, amma
İstanbulda Vladimir Putindən
başqa heç bir Rusiya nümayəndəsi ilə
görüşməyəcəyini bəyan edib. O, şəxsən
mayın 15-də Rusiya lideri Vladimir Putini gözləyəcəyini
açıqlayıb.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri
Mixail Podolyak da deyib ki, İstanbulda daha aşağı səviyyədə
mümkün ikitərəfli görüş mənasızdır.
Rusiya tərəfi bəyan edib ki, İstanbulda
keçiriləcək Ukrayna ilə danışıqlarda
nümayəndə heyətinə xarici işlər naziri
Sergey Lavrov rəhbərlik edəcək. Nümayəndə
heyətinə Rusiya Federasiyası Prezidentinin xarici siyasət
üzrə köməkçisi Yuri Uşakov da daxil edilib.
Digər tərəfdən, Ukraynanın 30
günlük atəşkəs çağırışına
Rusiya tərəfinin razı olacağı mümkün
görünmür. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova Qərb ölkələrinin 30 günlük atəşkəs
mövzusunda israr etməsi barədə danışıb. Onun
sözlərinə görə, Qərb bu addımı
qarşı tərəfin nəfəs alması
üçün atır.
Ukraynanın Almanya və Fransa tərəfindən
müharibəyə hazırlandığını bildirən
M.Zaxarova xatırladıb ki, eyni hal daha əvvəl də
yaşanıb.
"O zaman Almaniyanın keçmiş kansleri Angela
Merkel və Fransanın sabiq prezidenti Fransua Olland heç kimin
Minsk razılaşmalarını yerinə yetirməyi
planlaşdırmadığını və Ukraynanın Donbas
problemini güc yolu ilə həll etməyə
hazırlaşdığını söyləmişdilər.
Zaman qazanmaq üçün isə anlaşmalara ehtiyac
duyulduğunu bildirmişdilər. Bənzər hal indi də
yaşanır. Eyni ölkələr Ukrayna ordusunun nəfəs
alması və Rusiya ilə döyüşü davam etdirmək
üçün hərbi imkanlarını bərpa etməyə
görə 30 günlük atəşkəsə
çağırış edirlər".
ABŞ Prezidenti Donald Tramp Ukraynanı rusiyalı həmkarı
Vladimir Putinin təklif etdiyi və mayın 15-də Türkiyədə
baş tuta biləcək danışıqlara dərhal
razılaşmağa çağırıb.
ABŞ Dövlət Departamentinin keçmiş
xüsusi nümayəndəsi Kurt Volker hesab edir ki, indi
Ukraynada 30 günlük atəşkəs mümkün deyil,
çünki Rusiya tərəfi döyüşləri davam
etdirmək istəyir. Volker əmindir ki, nə vaxtsa hətta
daimi atəşkəs də reallığa çevriləcək,
lakin hazırda Putin buna hazır deyil: "O, atəşkəs
istəmir, qarşı tərəf qüvvələrinin yay
hücumunda nəyəsə nail olub-olmadığını
görmək istəyir. Ona görə də sadəcə buna
hazır deyillər".
Bununla belə, diplomat Rusiyaya maliyyə və hərbi
təzyiqlərin Putini güzəştə getməyə məcbur
edəcəyini düşünür: "Bu, onun
"Yaxşı, indi atəşkəsə
razılaşmalı olduğumuz andır" deməsinə səbəb
olacaq. Bu, payızda və ya gələn il baş verə bilər,
məncə, bu ilin sonuna qədər bu nöqtəyə
çatacağıq".
"Valday" klubunun eksperti Andrey Kortunov isə hesab
edir ki, mövqelər açıqlanıb və onlar
arasında hələ də ciddi fikir ayrılıqları
var: "Hər iki tərəfin hərbi əməliyyatları
dayandırmağa hazır olduğunu fərz etsək belə,
Rusiya tərəfinin Ukrayna rəhbərliyinin
razılığa gəlmək qabiliyyətinə ciddi
şübhələri var. Göründüyü kimi,
yaxın bir neçə gündə Amerika tərəfinin də
iştirakı ilə məsləhətləşmələr
aparılacaq. İnanıram ki, müəyyən şans var,
lakin danışıqların başlanacağını və
döyüşlərin dayandırılacağını
söyləmək tezdir".
O əlavə edib ki, Putin danışıqları
2022-ci ilin yazında dayandığı nöqtədən bərpa
etməyi təklif edir, lakin üç il ərzində vəziyyət
kəskin şəkildə dəyişib: "Münaqişənin
öz dinamikası var və bu gün onu dayandırmaq daha
çətindir. 2022-ci ilin aprelində yeni regionlar hələ
Rusiyanın tərkibinə daxil edilməmişdi, Ukrayna hələ
Qərb silahları ilə bu qədər təmin edilməmişdi,
Kiyevlə onun Qərb tərəfdaşları arasında belə
səviyyədə qarşılıqlı əlaqə yox
idi. Aydındır ki, 2022-ci ilin ilkin razılaşmalarına əsaslanaraq,
hansısa formada düzəliş edilməli olacaq".
Pərvanə
525-ci qəzet .- 2025.- 14 may(№82).- S.5.