"Azərbaycan
qadınları xalqımızın tarixinə sanballı
töhfələr veriblər"
Zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı,
vəfası ilə hər zaman fərqlənən Azərbaycan
qadınları yüksək keyfiyyətləri ilə də hər
zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti
xəzinəsinə nadir incilər bəxş etmiş
xalqımızın mənəvi dəyərlərinin
formalaşmasında və inkişafında
qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan
qadınları tariximizin bütün dövrlərində
xalqımızın taleyüklü məsələlərinin
həll edilməsinə öz sanballı töhfələrini
veriblər. Onların bir çoxunun adları çoxəsrlik
tariximizin səhifələrinə qızıl hərflərlə
yazılıb.
Azərbaycanın qədim tarixi qadınları həyat
mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf
etmək üçün zəngin material verib. Orta əsrlər
Azərbaycan qadını ana olmaqla yanaşı, klassik
poeziyanın ən gözəl nümunələrini
yaradıb, at belində qılınc çalıb, dövlət
idarəçiliyində sözünü deyib.
Millət vəkili Sevinc Hüseynovanın sözlərinə
görə, tarixin bütün dövrlərində Azərbaycan
qadını Vətənimizin müdafiəsində
yaxından iştirak etmiş, siyasi və dövlət
quruculuğu sahəsində əsl vətənpərvərlik
nümunələri göstərib. Azərbaycan xalq ədəbiyyatının
ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə
Qorqud" dastanında Azərbaycan qadınlarının
savaş meydanında göstərdiyi şücaət, eyni
zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris,
Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq
nümunəsi olan lider qadınlarımız bunun bariz
nümunəsidir. Məhz bu tarixi reallığın məntiqi
davamı olaraq Azərbaycan qadınları Şərqin ilk demokratik
respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti
dövründə seçib-seçilmək hüququ qazanaraq
ölkəmizin ictimai-siyasi həyatında yaxından
iştirak etməyə başlayıblar: "Sürətlə
maariflənən qadınlarımız yüz illərdən bəri
formalaşmış milli dəyərlərə sadiq qalmaqla
ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın
ən etibarlı dayağı olub. Keçmişimizin unudulmaz
səhifələrindəki möhkəm iradəyə malik
görkəmli qadın şəxsiyyətlərimizin yüksək
ləyaqətinin, ağbirçək analarımızın
müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan
xanımları öz dərin zəkaları və tükənməz
daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə
fədakarcasına xidmət edirlər. Dünyanın bir
çox ölkələrinin qadınlarından əvvəl
seçib-seçilmək hüququ əldə etməsi, elm,
mədəniyyət və digər sahələrdə
qazandığı uğurlar Azərbaycan qadınının
mədəni və intellektual potensialından xəbər
verir. Bu baxımdan da ölkəmizdə qadın
haqlarının hüquqi əsasları mövcuddur. Azərbaycan
Respublikasının Konstitusiyasına əsasən irqindən,
etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən,
mənşəyindən, əmlak vəziyyətindən,
qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən
asılı olmayaraq, hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə təminat verilir.
Kişi ilə qadının eyni hüquqları və
azadlıqları vardır. Bütün bu proseslər də
öz növbəsində ictimai-siyasi həyatın
bütün sahələrində gender siyasətinin güclənməsinə
gətirib çıxarıb".
Millət vəkili qeyd edib ki, 1995-ci ildə
keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan
Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını
qəbul edib: "Platformanın əsas məqsədi
qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin
yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi
və Fəaliyyət Platforması bütün dünya
qadınlarının hüquqlarının
qorunacağını, sülhə və gender bərabərliyinə
nail olmaq üçün inkişaf proseslərində
yaxından iştiraklarına mane olan amillərin aradan
qaldırılacağını bəyan etmişdir. Azərbaycanda
qadın siyasətinin əsası Ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulub. Ulu öndər ölkə
həyatının bütün sahələrində
qadınlara xüsusi yer ayırıb, onların hərtərəfli
fəaliyyətinə geniş meydan verib, lider qadınlar
yetişdirib. Ölkəmizdə dövlət səviyyəsində
qadın siyasətinin əsasını qoyan Ümummilli lider
Heydər Əliyev qadın şəxsiyyətinə hər
zaman böyük hörmətlə yanaşırdı. Fəal
vətəndaşlıq mövqeyi sərgiləyən Azərbaycan
qadını hər zaman ona göstərilən etimadı
yüksək səviyyədə doğruldub. Dövlət
müstəqilliyimizin bərpasından sonra Azərbaycan
qadını milli dövlət quruculuğu prosesinin fəal
iştirakçısına çevrilmiş, ölkəmizin
sosial-iqtisadi və mədəni potensialının
artırılması üçün dəyərli töhfələr
verib. Azərbaycan qadını tarix boyu müqəddəs ana
şərəfini uca tutaraq öz mübarizliyi ilə
tanınmış, qadınlarımız ölkənin
ictimai-siyasi, mədəni həyatında fəal iştirak
etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq
nümayiş etdirməklə yanaşı, döyüş
meydanlarında da şücaət göstərib".
O qadınların aktiv fəaliyyəti ictimai-siyasi həyatın
bütün sahələrini əhatə etdiyini söyləyib:
"Qadınlarımızın aktiv fəaliyyəti həyatın
bütün sahələrində olduğu kimi, ordu
quruculuğundakı xidmətləri də şərəf və
qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün
qoşun növlərində, xüsusi təyinatlı təhsil
müəssisələrində, hərbi tibb ocaqlarında və
digər sahələrdə yüzlərlə qadın xidmət
edir, Vətən qarşısında vəzifə
borclarını şərəf və ləyaqətlə
yerinə yetirirlər. Mülki işlərdə
çalışan qadınlarımızın da əməyi
yüksək qiymətləndirilir. Sözsüz ki, Azərbaycan
qadının ölkənin tərəqqisində danılmaz
payı böyükdür. Dövlət müstəqilliyimizin
bərpasından sonra ötən dövr ərzində Azərbaycan
qadını milli dövlət quruculuğu prosesinin fəal
iştirakçısına çevrilib. Ölkəmizin
sosial-iqtisadi, intellektual-mədəni potensialının
artırılması üçün dəyərli töhfələr
verib. Elm və təhsil, səhiyyə və mədəniyyət,
eləcə də digər sahələrdə
qazandığı uğurları ilə o öz nüfuzunu
ilbəil artırmağa müvəffəq olub. Vətəndaş
cəmiyyəti quruculuğu istiqamətində
qadınlarımızın nailiyyətləri məmnunluq hissi
doğurur. Eyni zamanda ölkəmizdə gender siyasətinin
gücləndirilməsi, qadınların cəmiyyətdə
rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər
həyata keçirilir. Azərbaycan qadınları
mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə
uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni
proseslərdə fəal iştirak edir, ölkə
idmanının inkişafına böyük töhfələr
verirlər".
Sevinc Hüseynova hesab edir ki, Azərbaycanda qadın
hüquqlarının qorunması, təbliğ olunması,
qadınların dövlət siyasətinin həyata
keçirilməsində və qanunların qəbul edilməsində
iştirakının artırılması dövlət siyasətinin
ayrılmaz tərkib hissəsidir: "1998-ci il sentyabrın
25-də keçirilmiş Azərbaycan qadınlarının
ilk qurultayı dövlət qadın siyasətinin tarixində
mühüm hadisə idi. Ölkədə cərəyan edən
mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan
qadınlarının daim milli dövlətçilik
mövqeyindən çıxış etdiklərini
nümayiş etdirən qurultayda mühüm məsələlər
müzakirə olunub. 1998-ci ildən etibarən hər beş
ildən bir Azərbaycan qadınlarının qurultayları
keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində
ən əlamətdar və böyük hadisələrdən
biri kimi qiymətləndirilir. Azərbaycanda qadın faktoruna
verilən ən yüksək dəyərin bariz nümunəsi
kimi 8 mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd
olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan
qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və
medallarla təltif edilirlər. Azərbaycan qadını
ölkənin bütün sahələrində olduğu kimi
Milli Məclisdə də uğurla təmsil olunur.
Bütün bunların fonunda ölkəmizdə qadın siyasəti
bu gün Prezident İlham Əliyev tərəfindən yeni
meyarlarla zənginləşdirilərək yüksək səviyyədə
davam etdirilir. Prezident ilə yeni siyasi və iqtisadi sistemlə
sürətlə inkişaf edərək bölgənin lider
dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin
reallaşdırılması məsələsində də
yeniliklərə imza atılır".
Millət vəkili Vüqar Rəhimzadə
vurğulayıb ki, dövlət müstəqilliyimizin bərpasından
sonra Azərbaycan qadını milli dövlət quruculuğu
prosesinin fəal iştirakçısına çevrildi,
ölkəmizin sosial-iqtisadi və mədəni
potensialının artmasına dəyərli töhfələr
verdi. Bu gün çoxşaxəli fəaliyyəti ilə
ölkə və dünya qadınlarına nümunə olan
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan
qadınının nüfuzunu daha da yüksəklərə
qaldırır. Birinci xanımın xeyriyyəçilik tədbirləri
bir sıra ölkələri, qitələri əhatə edir.
Mehriban Əliyevanın hərtərəfli parlaq fəaliyyəti,
xeyirxahlıq missiyası, mədəniyyətimizin
bütün dünyada təbliği sahəsində
gördüyü işlər əsl örnəkdir. Mehriban
Əliyevanın humanitar layihələri Azərbaycana yeni
dostlar qazandırır. Heydər Əliyev Fondu uzun illərdir
ki, Azərbaycanın humanitar və mədəniyyət
diplomatiyasının səlahiyyətli nümayəndəsinə
çevrilib və bu fəaliyyət hər şeydən əvvəl
dünyada ölkəmizin təqdimatı və təbliğidir.
Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə
milli maraqlarımıza xidmət edən və ənənələrimizi
yaşadan çoxlu sayda böyük layihələrin
uğurla icra olunması Azərbaycan qadınının mərhəmət
və xeyirxahlığının, zəngin mənəvi-intellektual
və yüksək əxlaqi dəyərlərə malik
olmasının bariz nümunəsidir.
Millət vəkilinin dediyinə görə, dövlət
qadın siyasətinin uğurla həyata keçirilməsi nəticəsində
Azərbaycan qadınının cəmiyyətdə yeri və
nüfuzu daha da artır. Ölkəmizdə gender siyasətinin
gücləndirilməsi, qadınların cəmiyyətdə
rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər
həyata keçirilir. Azərbaycan qadınları
mühüm dövlət strukturlarında, parlament və bələdiyyələrdə
uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni
proseslərdə fəal iştirak edir, ölkə
idmanının inkişafına böyük töhfələr
verirlər. Qadınlarımızın ölkəmizin
ictimai-siyasi həyatının bütün sahələrində
olduğu kimi, ordu quruculuğundakı xidmətləri də
şərəf və qürur mənbəyidir. Bu gün Azərbaycan
Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı
təhsil müəssisələrində, hərbi tibb
ocaqlarında və digər sahələrdə yüzlərlə
qadın xidmət edir, Vətən qarşısında vəzifə
borclarını şərəf və ləyaqətlə
yerinə yetirirlər.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 15 may(№83).- S.15.