Zamanı aşan
söz
“TANRÇILIQ” KİTABININ ÇAĞIMIZA MESAJI
Azərbaycandan uzaqda
yaşadığım üçün maraq və ixtisas sahəmə
uyğun orada çap olunan kitabları gec əldə edirəm.
Yay tətilində Bakıya gedəndə alıdğın
kitabların da hamısını tez və diqqətlə oxuya
bilmirəm. Bəzilərini səthi gözdən keçirirəm,
bəzilərini isə "sonra oxuyaram" deyib kitab rəfimə
qoyuram. Bəzən sonra
oxuyacağım kitabları unuduram. Məqalə və
ya kitab üzərində işləyərkən yadıma
düşür ki, bir vaxtlar almış olduğum, amma
oxumadığım kitab var və həmin kitabın məzmununa
nəzər salıb, mənim işlədiyim mövzu ilə əlaqəli
nə kimi məlumatlar olduğunu öyrənmək istəyirəm.
AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı
ilə 2024-cü ildə “Elm və təhsil” nəşriyyatında
çap olunan “Tanrıçılıq” kitabını
görəndə onu əlimdən yerə qoya bilmədim.
Kitabın səhifələrini çevirdikcə sanki onu su
kimi içirdim. Bəzən gözlərim dolur sözər,
sətirlər bir-birinə qarışırdı.
Çünki kitabın yazarı Arif Rəhimoğlunun
keşməkeşli həyatını, Milli Azadlıq Hərəkatındakı mübarizəsi və etdiyimiz
söhbətlər gözlərimin önündən sinema
lenti kimi keçirdi.
Arif Rəhimoğlunun tanrıcılıq
mövzusundakı söhbətlərini, internetdən
oxuduğu məruzələri bir neçə dəfə dinləmişdim.
Hər dəfə də xahiş etmişdim ki, dediklərini,
yazdıqlarını toparlayıb kitab şəkilində
çap etdirsin. Lakin xəstəliyi ona əvvəlki kimi məhsuldar
işləməyə imkanını vermirdi. Son dövrlərdə
isə, yeni əsərlər yazmasından çox
sağlığını qoruması mənim
üçün də, dostları və ailə üzvləri
üçün də daha önəmli olmuşdu,
Lakin dostlarının, xüsusən də məslək
dostlarının bəziləri bizimlə eyni fikrdə deyildi.
Onun daha çox yazmasını, söylədiklərini,
düşündüklərini yazıya köçürməsini
istəyirdilər. Arif bəyi sağlamlığı, vətəndən
uzaqda olduğundan gərəkli qaynaqları əldə edə
bilməmədiyi ilə hesablaşmayaraq onu yazmağa təhrik
edənlərdə acığım tuturdu. Hansımızın haqlı
olduğunu demək çətindir. Arif Rəhimoğlu 2022-ci
il aprelin 3-də Yöteburqda (İsveç)
dünyasını dəyişəndə ailəüzvləri,
qohumları, dostları kədərləndilr, ah-uf edərək
göz yaşı tökdülər. Bütün əzizlərinin
itirənlər kimi bizlərin də “yaraları qaysaq
bağlamağa başladı”. Onun yazmağa və
düşüncələrini kağıza köçürməyə
“məcbur edənlər” Arif Rəhimoğlu
haqqında deyilənləri, yazılanları xatirələr
kitabı halına salmaqlan kifayətlənmədilər,
müxtəlif illərdə yazdığı, çoxunu qəzet
və jurnallarda dərc etdirdiyi məqalələrini bir yerə
toplayıb 2022-ci ildə “Dilimiz və tariximiz” adlı
altında nəşr etdirdilər. Bu Arif Rəhimoğlunun
yaradıcılığı, türkologiya ilə
maraqlananların işini asanlaşdırdı, qaynaqları əlçatmazlıqdan
qurtardı.
Arif Rəhimoğlunun uzun illər üzərində
çalışdığı “Milli kimlik şüuru”
adlı kitabının nəşr olunacağına ümid
edirdim. Lakin, “Milli kimlik şüuru” kitabı yerinə
“Tanrıçılıq” adlı əsəri gördüm və
bu, mənim üçün gözlənilməz, lakin
çox sevindirici bir hal oldu. Kitabın nəşri münasibətilə
Arif
Rəhimoğlunun ailəsinə və nəşrə
hazırlayanlara öz təşəkkürümü bildirmək
istədim. Təəssüf ki, bir çox tanınmış
və istedadlı alimlərimizin dünyasını dəyişməsindən
sonra, onların kitabları, yarımçıq əlyazmaları
və sənədləri bəzən əhəmiyyətsiz
hesab edilərək zibil yeşiyinə atılıb. Arif Rəhimoğlunun
irsi isə belə olmadı.
Arif Rəhimoğlu dilçi alim, milli
düşüncəli ideoloq olmaqla yanaşı gözəl
redaktor idi. Olduqca təvazıkar olduğundan çox vaxt
redaktə etdiyi əsərlərə öz adını və
soyadını qoymurdu. Tanışların çoxu da nəinki
kitablarını, hətda çapa göndərdikləri məqalələri
də Arif Rəhimoğluna redaktəyə verirdilər. O da
sakitcə və yüksək səviyyədə, dilimizin
qaydalarına uyğun redaktə edirdi. Redaktə işi zərgər
dəqiqliyi tələb edir. 2000-ci ildə nəşr
etdirdiyim “Fəlsəfi bədii fikir tarixində şəxsiyyət
konsepsiyası” kitabımı Arif Rəhimoğlu redaktə
etmişdi. Onun sözə necə həssas
yanaşdığının, fikirlərin oxucuya aydın və
anlaşıqlı şəkildə
çatdırılmasının, həmçinin dilimizin təmizliyinin
qorunmasına heyran qalmışdım.
Arif Rəhimoğlunun əsərlərini layiqli
birşəkildə nəşrə hazırlamaq hər
redaktorun bacara biləcəyi iş deyil. Müəllif sağ
ikən redaktə prosesi zamanı qarşıya çıxan
anlaşmazlıqları onunla məsləhətləşərək
aradan qaldırmaq mümkündür. Lakin müəllif
dünyasını dəyişdikdən sonra, bu cür məsələlərin
həlli tamamilə redaktorun üzərinə
düşür.
Bu baxımdan, “Tanrıçılıq”
kitabının redaktoru, filologiya elmləri doktoru Əfzələddin
Əsgərin işini təqdirəlayiq hesab edirəm. O, Arif
Rəhimoğlunun əlyazmasına böyük həssaslıqla
yanaşıb və oxuculara müəllifin yazmaq istədiyi,
lakin yaza bilmədiyi fikirlər haqqında ümumi məlumat
verərək, əsəri nəşrə hazırlamağa
müvəffəq olub.
Kitabı oxuduqca, gözlərimizin
qarşısında zəhmətsevər bir
araşdırıcının və dəyərli pedaqoqun surəti
canlanır. Arif Rəhimoğlu, Naxçıvan Dövlət
Pedaqoji İnstitutunda müəllim işləyərkən, tələbələrini
Muxtar Respublikanın şəhər, qəsəbə və kəndlərinə
folklor və dialekt toplamağa apararkən, onlara
aşağıdakı təlimatı
hazırlamışdır. Bu haqda kitabın ön söz
müəllifi, filologiya elmləri doktoru Əfzələddin
Əsgər yazır:
1. Tələbələrin vaxtını düzgün
qiymətləndirmək üçün öncədən
vacib sorğuları hazırlayır.
2. Tələbələrin söyləyicilərlə
rahat təmas qura bilmələrini, söhbəti lazımi
istiqamətə yönəltmələrini və yalnız
vacib materialları toplamalarını təmin etmək
üçün sorğuları qruplaşdırır.
3. Araşdırma prosesində tələbələrin
tanış olduğu yeni anlayışlara diqqət etmələrini
və gələcəkdə onların üzərində
işləyəcəklərini vurğulayır.
4. Araşdırmaların nəticəsi olaraq, tələbələrin
əldə etdikləri məlumatları dərc etməklə
onları yeni araşdırmalar aparmağa təşviq edir.
Arif Rəhimoğlu, bir alim olaraq hər zaman
keçmişlə gələcəyin, qədimliklə
çağdaşlığın arasında körpü
yaratmağa çalışmış və məqsədi
zamanın hər iki tərəfini birləşdirmək,
bütöv bir şəkildə təqdim etmək
olmuşdur. Onun əsərlərində hər hansı bir
araşdırma tarixin süzgəcindən keçir və
açıq şəkildə təqdim edilir. Bununla əlaqədar
olaraq, onun heç bir məqaləsi və ya kitabı yoxdur
ki, verdiyi informasiya oxucuda sorğu yaratmasın. Elm adamı
olaraq, hər bir elmi işə başlamazdan əvvəl
mövzu ətrafında olan və hətta
ağızdan-ağıza keçən hər bir informasiyaya
önəm vermiş, topladığı materialı yorulmadan
və zaman məfhumundan asılı olmayaraq, hər bir
xırda detala qədər incələmişdir.
Arif Rəhimoğlunun
“Tanrıçılıq” kitabı geniş auditoriya
üçün deyil, bilim insanları üçün
yazılmış elmi araşdırmadır.
“Tanrı anlayışına baxışlar. Tanrı
və Din” adlı birinci bölümdə müəllif,
tanrıçılıq və çoxtanrılıqla
bağlı bütün anlayışları ətraflı
şəkildə incələməyi qarşısına məqsəd
qoymuş və təkcə bu bölümdə deyil,
bütün bölümlərdə məqsədinə nail
olmuşdur. Bu bölümdə Arif Rəhimoğlu, dünyada
mövcud olan əsas dinləri daha dərindən başa
düşmək məqsədilə tarixin ən qədim
qatlarına enmiş, Tanrıçılığın əsas
dəyərlərini araşdırmış və hətta az
tədqiq edilmiş “əyə” anlayışına da
toxunmuşdur.
Birinci bölümdə Arif Rəhimoğlu,
tanrıçılığı dinlərlə müqayisə
edərək oxucuya təqdim edir və İslam dinindən fərqli
olaraq “atalar tapınışına” və “təbiət
tapınışına”, Xristianlıqdan fərqli olaraq isə
“təbiət tapınışına” və “yasaq
tapınışına” daha çox yer verildiyini
vurğulayır.
Dinlərdən fərqli olaraq,
Tanrıçılıqda ibadət özülləri
içərisində duaya və bədduaya, nəzir verməyə,
bayram mərasimlərinin keçirilməsinə xüsusi yer
ayrılmasını, Tanrıçılığın əxlaq
özülləri içərisində isə
aşağıdakı dəyərlərin yüksək
tutulduğunu özəlliklə açıqlayır:
1. alplıq,
2. bilgəlik,
3. tüzlük (düzlük),
4. əliaçıqlılıq.
Bunlarla yanaşı, bölümdə təktanrıçılıq,
çoxtanrıçılıq, ikilitanrılıq,
tekeltanrılıq, baştanrılıq və digər
anlayışlar təfsilatlı şəkildə təhlil
edilir.
Vurğulamaq lazımdır ki, Arif Rəhimoğlu anlayışı çox diqqətlə
araşdırdıqdan sonra ondan
istifadə edir, linqvist olaraq hər bir sözün
kökünə enir, etimologiyasını oxucuya tam olaraq
açıqlayır və nəticədə etiraz edilməyəcək
fikirlər ortaya qoyur.
Aşağıda verilən elmi işin araşdırma
metodikası onun alim olaraq dəsti-xətlərindən biridir:
“Doğru düşüncədir və elə biz də məhz
tarixin böyük təktanrıçı dinlərini
(İslam, Xristianlıq, Yəhudilik) başlanğıc
nöqtəsi alır, bilinən bu dinlərdən bilinməyənə
– uyqar toplumların monoteist dinlərdən öncəki Ulu
Varlıq/Tək Tanrı anlayışına yetməyə
daha çox önəm veririk. Ancaq bu yanaşım
gözardı edilməyəcək bir gerçəkliyi də
gərəkdirir: bilinən bilinməyən paradiqmasına
Aristotelin formal məntiqi baxımından yox, Lütfi Zadənin
bəlirsiz məntiqi (qeyri səlis məntiq) baxımından
yanaşılmalıdır. Yəni, bilinəndən bilinməyənə
yetmə işi birbaşa yox, aşamalı biçimdə
olmalı və araşdırma sürəci bilinən bilinməyən
kimi ikidəyərli bir xətt üzrə deyil,
çeşidli keyfiyyət durumları gözə alınmaqla
bilinən, daha az bilinən, bilinməyən, ən çox
bilinməyən yönündə aparılmalıdır.
Burada bilinən - Yəhudilik, Xristianlıq və
İslamın tam oturuşub doqmalaşmış təktanrıçı
görüşləri; daha az bilinən - hər üç
monoteist dinin yiyə durmağa
çalışdığı təktanrıçı
İbrahim dini; bilinməyən - uyqar toplumların monoteist dinlərdən
öncə var olan ilkin təktanrıçı
görüşləri; ən çox bilinməyən isə
- tarixi ilkəl toplumların olası Ulu Varlıq/Tək
Tanrı anlayışı deməkdir”. (s.49)
Kitabın ikinci bölümü, “Təktanrıçılığın
ulu öndəri Hz. İbrahim Peyğəmbər” adlanır və
tam olaraq İbrahim Peyğəmbərə, onun soykökünə
və sülaləsinə həsr edilmişdir. Bu
bölümdə Arif Rəhimoğlu alim simasının
özünəməxsusluğunu tam şəkildə
nümayiş etdirir və İbrahim Peyğəmbəri
detallı şəkildə araşdırır. Məhz bu
bölümdə Arif bəyin böyük dilçi alim
olduğunun şahidi oluruq. O, İbrahim Peyğəmbəri
tarix, coğrafiya, din tarixi və linqvistika perspektivlərindən
incələyərək, dərin araşdırmalar
apardıqdan sonra aşağıdakı nəticəyə gəlir:
“Öncə də dediyimiz kimi, Hz.İbrahim Kəngər
(Şumer) kökənli bir şəxsdir və Kəngər
(Şumer) dili ilə Türk dilləri arasında qohumluq
düşüncəsi isə var olan bilimsəl
görüşlərdən biridir.
Biz bu görüşün doğruluğuna
inandığımız üçün Abram adını
Türk dilləri özülündə açıqlayır
və öz açıqlamamızı Hz.İbrahimin Kəngər
(Şumer) kökənli olmasını doğrulayan bir tutalqa sayırıq.
Eyni zamanda, düşünürük ki, Kəngər
(Şumer) kökənli Hz.İbrahim uruğunun sonrakı
qurşaqlarda assimilyasiya olunaraq samiləşməsi (Êðàìåð,
2010, Ãëàâà 8) – İshaq qolunun israilliləşməsi və
İsmayıl qolunun da ərəbləşməsi
Hz.İbrahimin özünü də öncədən Sami
saymaq anlamına gəlməz. Etnik kökən əyin
paltarı deyil ki, bir anda çıxarıb
başqasını geyəsən və özünü istədiyin
boydan sayasan. Bu cür ani dəyişmə dində ola bilər
(bir anda iman gətirib hansısa dinə keçmək olar),
etnik kimlik isə çox
tutucudur və asanlıqla dəyişməz. Ona görə də,
biz Hz.İbrahimi Batı Samtoplumu içərisində təktanrıçı
dinin ilk inananı – ilk təktanrıçı mömin
sayır və məhz bu anlamda onu üç Sami dinindən hər
birinin qurucu atası hesab edirik. Başqa sözlə,
Hz.İbrahim təktanrıçı bir din atası olaraq ilk
Yəhudi, ilk Müsəlman, ilk Xristian sayıla (ya da bu
üç dindən birinə daha yaxın olması
dartışıla) bilər, ancaq düşünürük
ki, onun etnik kökəni heç də dəyişməyəcək
və Abram - Hz.İbrahim yalnız Kəngər (Şumer)
olaraq qalacaqdır” (s.79).
Kitabda, İbrahim Peyğəmbərin dindəki
inqilabi fikirlərini əsaslandıraraq yazıb
yaratdığını dəfələrlə vurğulayan
Arif Rəhimoğlu qeyd edir: “İnanclı bir təktanrıçı
olan Hz.İbrahimin insan qurbanı istəməyən gerçək
Tək Tanrını seçəcəyi özlüyündə
aydındır, ancaq iş Hz.İbrahimdə yox, onun doğru
yola yönəltməyə çalışdığı
Sami toplumundadır. O Sami toplumu ki, ilk uşağı, ilk
doğulan mal-qaranı, ilk toxumu... qurban olaraq odda
yandırmağı istəyən bütləri öz
tanrıları sayır və onlara tapınırdılar. Ona
görə də, biz Hz.İbrahimin seçimini yalnız
özünə bağlı şəxsi bir seçim
saymırıq, düşünürük ki, bu seçim
insanlıq yolunu azmış, çağaları və
körpə uşaqları yandırıb qurban verməyi gələnəyə
çevirmiş bir topluma doğru yolu göstərmə
seçimidir. Özü də bu seçim Hz.İbrahimin bəyəndiyi
və Sami toplumuna örnək göstərdiyi bir Kəngər
kültür dəyəri olmaqla sınırlanmır, həm
də Ulu Tanrının öz seçimi olduğu
üçün daha böyük anlam daşıyır və
qurban sorunu ilə bağlı Ulu Tanrının bəyəndiyi
doğru yolu insanlığa tanıdır”. (s.123)... Beləliklə,
sonucda təktanrıçılığın
çoxtanrıçılığı yenməsi
Hz.İbrahimin başlatdığı yolun doğruluğunu
ortaya qoydu və bununla da insanlığın üzqarası
olan insan qurbanı sorunu biryolluq sıradan çıxdı.
(s.125)
Kitabın “Tanrıçılığın
Özülləri” adlı üçüncü bölməsində
Arif Rəhimoğlu hər zaman olduğu kimi, “tanrı”
sözünü aydınlaşdırmaq üçün
sözün əski və ilkin biçiminə üz
tutmuş, yalnız 10 səhifə yazabilmiş və bilim
insanları üçün çox dəyərli olan fikirlərini
tamamlayamayıb, heyif ki, yarımçıq buraxmalı
olmuşdur.
185 səhifəlik elmi əsərində Arif Rəhimoğlu
bir-birindən dəyərli 176 qaynaqdan istifadə etmişdir.
Onun necə bir araşdırıcı olduğunu bildiyim
üçün, bu qaynaqları sətir-sətir oxuduğuna əminəm.
O, mövzu ilə bağlı heç bir zaman yalnız bir
qaynaqla kifayətlənmir, çelişkili və bəzən
bir-birinə zidd fikirlər irəli sürən qaynaqları
araşdırdıqdan sonra tutarlı nəticələr əldə
edib oxucu ilə bölüşür.
Məqsədini geniş spektrdə açıqlamaq
üçün o, toxunduğu mövzunun üzərində
öncə çalışan bütün bilim
insanlarının elmi əsərlərini analiz edib dəyərləndirərək,
onlara sonsuz sayğı göstərərək öz
versiyasını irəli sürür. Yazarın metodikası əsərində
toxunduğu mövzuların hərtərəfliliyi və
anı modulyasiyalardan istifadə edərək elmi nəticələrə
varması ilə fərqlənir.
Arif Rəhimoğlunun yazı dili Azərbaycan Türkcəsinin
tam olaraq musiqili, axıcı bir dil olduğunu, bu dilin zənginliyini,
fikir tamlığını təqdim etməklə
yanaşı, eyni zamanda dilçilər üçün bir tədris
qaynağı olduğunu göstərir. Kitab, Azərbaycan
Türkcəsinə çoxşaxəlilik gətirən yeni
terminlərlə zəngindir. Dilçi alim olaraq, Arif Rəhimoğlu
alınma terminləri Azərbaycan Türkcəsinə
bir-birindən orijinal tərcümələrlə
vermişdir: Anoxraizm – yeniçağ, salnamə – illərlik,
patriarx – ilkata, matriarx – ilkana, linqvistik – dildaxili, ekstralinqvistik
– dilxarici, qaynaq -tutalqa, tsiklik - dönültü, tərəddüt
etmək - ikirçinmək, sərbəst qadın - gəzərgi,
sait və samit səslər - ünlü və ünsüz səslər,
təsəvvür – sanıltı, unifikasiya - birəlləşmə,
siyahı - sadalaq, planet – səyyarə, gəzəgən, determinator – bilərtəc,
aydınlaşdırıcı işarələr və s.
Bundan əlavə, o, araşdırma zamanı bir çox
terminlərə aydınlıq gətirərək onları
açıqlayır: Magiya, fetişizm, eminalizm, diffuzionizm,
apokrif, emanizm, demon, r və fikrini belə izah edir: “Bizcə,
qeyri-səlis məntiq terminindəki qeyri-səlis sözü
(hərfən: axıcı, səlis) çox uğursuzdur və
Azərbaycan Türkcəsində onun doğru
qarşılığı tapılmalıdır. Türkiyə
Türkcəsindəki bulanık mantık deyimi İngiliscə
Fuzzy logic termininin doğru qarşılığı olsa da,
bizə elə gəlir ki, Azərbaycan Türkcəsində bu
qarşılığı bulanıq sözü ilə deyil,
bəlirsiz sözü ilə vermək daha düzgün və
anlayışın mahiyyətinə daha uyğun olar. Ona
görə də, biz bəlirsiz sözünü termin kimi qəbul
edir və Lütfi Ələsgərzadə məntiqini onun
doğma ana dilində qeyri-səlis məntiq, yaxud bulanıq məntiq
yox, məhz bəlirsiz məntiq adlandırırıq.
(s.49)”
Arif Rəhimoğlu yarımçıq qalmış
“Tanrıçılıq” kitabında, sanki ömrünün
sona yetəcəyini bilərək, türksoylu xalqların gənc
alimlərinə və gələcəyə yönəlik
bir-birindən maraqlı və elm üçün dəyərli
olan mövzuların araşdırılmasını tövsiyə
edərək yazır: “Tanrıçılıqda Tək
Tanrı inancı başlıca yer tutur, ondan sonra isə atalar
ruhu tapınışı (kultu), təbiət
tapınışı (kultu) vb. inanclar böyük önəm
daşıyır. Yeri gəlmişkən, nə qədər
təəssüflənsək də, təbiət
tapınışının çox önəmli bir dəyəri
olan “əyə”
anlayışı ilə bağlı
araşdırmaların bir çoxunda indiyədək Azərbaycan
gözardı edilmiş və sanki Azərbaycanda “əyə”
anlayışı yoxmuş kimi davranılmışdır
(s.11)”. Və ya, “Tanrıçılıq dininin də
özümlü inanc, ibadət və əxlaq özülləri
var. Şübhəsiz, Tanrıçılığın istər
inanc, istər ibadət, istərsə də əxlaq
özüllərini daha dərindən və daha geniş incələmək,
bu özüllər sırasında nələrin
olub-olmadığını, olanların da mahiyyətinin necəliyini
bəlirləmək gələcək araşdırmaların
boynuna düşür (s.13)”
Araşdırıcı Arif Rəhimoğlu
tanrıçılığı öyrənərkən,
Midiya gələnəyində nədən peyğəmbərlik
sisteminin yayğın olmadığına da diqqət yetirir.
Bu qənaətə gəlir ki, Zərdüştün
özünü peyğəmbər kimi tanıtmasına səbəb,
Midiyada sürgün həyatı yaşayan Yəhudilərin təsiri
ilə baş vermişdir.
Arif Rəhimoğlu,
tanrıçılığın yəhudilik, Xristianlıq və
İslam kimi dinlərə çevrilməməsinə də
aydınlıq gətirməyə çalışır.
Əldə etdiyi faktlara dayanaraq aşağıdakı qənaətə
gəlir: “Bizcə, təktanrıçılığın dəyişikliyə
uğrayıb pozulması ilə ortaya çıxan
Ülgen-Erlik qarşıdaş ikiliyinə məhz Altay
Türkləri yiyə durduğu üçün o,
Tanrıçılıqdan tam qopa və gəlişib
ayrıca bir yeni dinə çevrilə bilmədi... Düşünürük ki, bu
yanlışlığın başlıca nədəni
bütövlükdə uyqar toplumların Ulu Varlıq/Tək
Tanrı anlayışı ilə çağdaş ilkəl
toplumların Ulu Varlıq/Tək Tanrı anlayışı
arasındakı ayrıntıların gözardı edilməsində
aranmalıdır. Bu ayrıntılar gələcəkdə
bir-bir araşdırılmalı və bəlirlənməlidir.
Təbii ki, Ülgen - Erlik qarşıdaş ikiliyində
Tanrıçılığın qorunma düzeyi, dəyişikliyə
uğrama və bunda Ari (Fars-Əfqan...) tayfalarının
payı sorunu özəl geniş araşdırmalar gərəkdirir”
(s.37).
Arif Rəhimoğlunun “Tanrıçılıq”
kitabı, onun ensiklopedik bilgisi və akademik düşüncə
tərzini əks etdirən dəyərli bir əsərdir.
Yazar, bu əsərdə təməlli bilimlərin məntiqli
gedişatından çıxan nəticələr ilə
oxucuları valeh edir və bütün kitablarında olduğu
kimi dərin araşdırmalar nəticəsində əldə
edilən yenilikləri təqdim edir.
Arif Rəhimoğlunun bu mövzu ətrafında daha
çox araşdırma aparacağı şübhəsizdir,
amma zaman ona imkan vermədi.
Kitab, tarixi keçmişimiz, mədəniyyətimiz və
düşüncə tərzlərimiz haqqında çox
mühüm məlumatlar təqdim edir. Arif Rəhimoğlu,
"Tanrıçılıq" anlayışının
müxtəlif aspektlərini araşdıraraq, bu mövzunun həm
dini, həm də mədəni perspektivlərini müasir
dövrün şərtlərinə uyğun şəkildə
təqdim edir. Qazaxıstanda bəzi
araşdırıcıların
Tanrıçılığı dövlətin rəsmi dini
kimi qəbul etdirməyə çalışmaları
kontekstində, bu əsər
Tanrıçılığın belə bir statusa yüksəlməsinin
yanlış olduğunu vurğulayır. Onun bu mövzuda irəli
sürdüyü mülahizələr, təbii olaraq, dinlərin
və mədəniyyətlərin müxtəlifliyinə
hörmət göstərməyin vacibliyini göstərir.
Bu kitab həm də, dövlət siyasətindən kənarda
olan dini inancların necə qiymətləndirilməsi və təhlil
edilməsi mövzusunda mülahizələr təqdim edir.
Arif Rəhimoğlu, “Quran”, “İncil” və “Tövrat”
kimi yazılı müqəddəs kitabları olan dinlərin
dövlətdən ayrılığını müdafiə
edərək, Tanrıçılığın dövlətdə
rəsmi dini olaraq qəbul edilməməsi məsələsinə
diqqət çəkir. Onun fikrincə, yazılı müqəddəs
kitabı olmayan Tanrıçılığı belə bir
statusa qaldırmaq yanlış olardı.
Arif bəyin “Tanrıçılıq” əsəri,
linqvistik əsaslardan başlayaraq ruhani dəyərlərə
qədər geniş bir spektri əhatə edir. Bu əsər
həm dilçilik, həm də din tarixi üzrə
çalışan alimlər üçün yeni perspektivlər
təqdim edir və gənc alimlər üçün qiymətli
bir laboratoriya funksiyasını yerinə yetirir. Bu əsər eyni zamanda “Qurani Kərim”in təfsirçiləri
üçün yeni bilik mənbəyi olacaqdır.
Nigar CƏRULLA QIZI
Fəlsəfə elmləri doktoru, professor, Erciyes
Universiteti, Türkiyə
525-ci qəzet .- 2025.- 15 may(¹83).- S.14.