"Köhnəlməyən
xiffət"ə sözardı... -
Şair, publisist Nəzakət Məmmədovanın
"Köhnəlməyən xiffət" adlı yeni poeziya
toplusu təkcə şairin qələm məhsulu deyil, həm
də bir xalqın yaddaşı, bir ananın fəryadı,
bir millətin övlad itkisi və qələbə sevinci ilə
yoğrulmuş epik salnamədir. Bu kitabda duyğular misra-misra
zamanın sinəsinə köçmüş izlərdir. Hər
şeir öz içində bir obrazı, bir həyatı, bir
fəlsəfəni daşıyır. Ən əsası isə
bu kitab heç vaxt unudulmaması gərəkənlər
üçündür.
Öncə kitabın adına diqqət çəksək,
"Köhnəlməyən xiffət" ilk baxışda
konkret obyekt, ona olan xiffət kimi başa düşülə
bilər, ancaq topluda yer alan şeirləri oxuduqca görürsən
ki, bu, düşmən əsarətində qalan vətən
torpağına, anaya, bütün itirilənlərə,
yaşanmamış ömrə, deyilməyən sözlərə,
hətta yarım qalmış ağrılara olan xiffətdir.
O xiffət ki, üstündən nə qədər zaman
keçsə də, yeni, dipdiri, təptəzədir.
Kitabın ilk misralarından etibarən oxucu Vətən
torpağının bənzərsiz ruhuna qədəm qoyur.
"Qarabağa bahar gəlir, İlahi!" şeiri Qarabağ
zəfərinin ruhunu oxucuya bir daha yenidən hiss etdirməklə
yanaşı, onu da göstərir ki, bu qələbə sadəcə
coğrafi deyil, həm də mənəvi
qayıdışdır. Qarabağa gələn bu bahar bir
xalqın milli dirçəlişidir. "Sevincə bax
bulaqların gözündə..." deyə başlayan
şeir Qarabağa qayıdan baharı təkcə təbiətin
oyanışı kimi yox, eləcə də millətin
içində yenidən doğulan ümidin simvolu kimi təqdim
edir:
Dalğalanır arzuların bayrağı,
Hər təbəssüm bir ümidin yarpağı,
Zəfər ətri bürüyübdür
torpağı,
Qarabağa bahar gəlir, İlahi!
Kitabdakı ən güclü poetik nüanslardan biri
qadın, xüsusilə ana obrazıdır. Müəllif bu
mövzuya poetik təhkiyədən əlavə, həm də
vətəndaş mövqeyi ilə yanaşır.
Övladı ömrünü Vətənin müdafiəsinə,
işıqlı sabahına həsr edən bir ananın dilindən
çıxan bu sözlər Vətən sevgisinin, ana
qürurunun və oğul fədaizminin sintezidir. Çünki
Nəzakət xanım həm də üç
övladının üçünü də müharibəyə
göndərən, 44 günlük Vətən müharibəsi
boyunca üç övladı ilə bərabər,
bütün əsgərlərimiz üçün ürəkdən
yanan, göz yaşları axıdan, Allahın dərgahından
dualarını əskik etməyən bir anadır. Kitabı səhifələdikcə
bir ananın dilindən oxuduğum həmin şeirlər o
günlərin canlı şahidi kimi içimdə həm
qürur, həm də nisgil yaratdı. Sanki beş il öncə
Nəzakət xanıma çəkinə-çəkinə zəng
edərkən onun fəxr və narahatlıq dolu səsini yenidən
eşitdim. Ancaq o günlər geridə qaldı, minlərlə
Azərbaycan övladı kimi onun da üç balası
müharibədən zəfərlə qayıtdı. Bu zəfərə
öz adlarını həkk edərək döndülər:
Şükür, sənin yanında alnım
açıqdır, Vətən,
Həm cəsur, həm qəhrəman oğul
böyütmüşəm mən,
Bir qarış torpaq üçün canını fəda
edən,
Bayrağına, himninə, şərəfinə and
içən
Zabit anasıyam mən!
"Səni Vətənə verdim, Sən Vətənin
oğlusan! - deyən ana minlərlə şəhid
anasının qəlbində yurd salan ümummilli qüruru iki
cümləyə böyük məharətlə
sığdırır.
lll
"Köhnəlməyən xiffət" vətənpərvərlik
şeirləri ilə məhdudlaşmır, əlbəttə.
Burada müəllif ağrını da, dərdi də eyni
ölçüdə poetik kodlarla, səmimi duyğularla təqdim
edir. O, şeirlərində oxucusu ilə deyil, özü ilə
söhbətləşir sanki. Onun vətənə, anaya,
övlada, hətta Tanıya belə xitabı, əslində,
özünə, öz "mən"inə olan müraciətidir.
O "mən" ki, orada hər kəs özünü,
öz duyğularını, öz
yaşanmışlıqlarını tapacaq.
Onun dərdə ithaf etdiyi şeirdə dərdin
konkret obyekti göstərilmir, insanın varoluşuna xas olan
ümumbəşəri dərd təqdim olunur:
Dərdlər çeşid-çeşid, dərdlər
növbənöv,
Göyün yer dərdi var, yerin göy dərdi.
Bu cadar səhralar yağışa həsrət,
Bu cadar dodaqlar çəkir ney dərdi.
Bu misralarda təkcə fərdi deyil,
ümummiqyaslı həsrət var. Dərd kainatın
özü qədər qədim və əhatəlidir. Məlhəm
olduğu deyilən zaman belə bu dərdlərin öhdəsindən
gələ bilmir. Çünki şairin poetik
dünyasında əzablar yalnız ağrı deyil, həm də
hikmətdir.
Dünyanın gəlişi, gedişi şairin
duyğularını ən çox məşğul edən məsələlərdəndir.
O bu fani dünyanın hər üzünü yaxşı
tanıyır və zaman-zaman cəmiyyətin
reallıqlarını sərt, lakin səmimi dillə ifadə
etməkdən çəkinmir. "Həyatı möcüzə
bilək" şeiri cəmiyyətin ədalətsiz nizamına
poetik etirazdır:
Mən belə görmüşəm dünyanı,
belə,
Gözü düzəldəndə qaş
düşür yerə.
Paxıllar, naqislər meydan sulayır,
Dilin dinc durmasa, baş düşür yerə.
lll
Respublika "Xatirə Kitabı"
redaksiyasının baş redaktoru olan Nəzakət Məmmədova
şəhid ailələrini - şəhid analarını,
yarlarını, övladlarını çox yaxşı
tanıyır. Onların hər birinin yarımçıq
hekayəsi, həsrəti, nisgili onun qadın və şair
ürəyində əbədi iz qoyub. O izlər zaman-zaman
şair qələmindən süzülüb misralarda əbədiyyət
qazanır.
N.Məmmədovanın şəhid qızına ithafən
yazdığı "Şəhid qızı" şeiri isə
xüsusən diqqət çəkir. Çünki burada ata həsrətli
iki qız övladı qarşı-qarşıyadır, bəs
hansının atasızlığı daha ağırdır?
Ağlama, şəhid qızı,
Dərdin mənə tanışdı...
Ürəyim paramparça,
Qəmim naxış-naxışdı...
Ağlama, şəhid qızı,
Mən də ata itirdim;
Atamı itirəndə
Elə sən yaşda idim...
Şair öz atasızlığı ilə şəhid
qızının ata həsrətini bir növ müqayisə
edir və təsəllini şəhadət zirvəsində
tapır:
Sən şəhidin qızısan
Ürəyində ağır yük,
Amma təsəllin böyük...
Burada sözlər göz yaşı kimi
süzülür. Dərdin ortaqlaşması, zamanlar
arasında bir körpünün qurulması və şəhid
balalarına yönəlmiş şəfqət bu misraları
oxucu yaddaşına həkk edir.
Eyni təsəllini oğlunu itirmiş analara da aid edir
şair. Çünki bu təsəlli də ona yad deyil. Şəhid
anasını, şəhid övladını ondan
yaxşı kim anlayar, kim tanıyar ki?"
Ananın harayı dərdin səsidir,
Tanrı dərgahında uca sayılan
Oğlunun yetdiyi şəhid zirvəsi,
Ananın yeganə təsəllisidir.
Nəzakət xanımın həyat və
yaradıcılıq yolunda Respublika "Xatirə
Kitabı"nın yeri, önəmi
ayrıcadır, məxsusidir. Azərbaycanın
şanlı tarixini gün-gün, nəfər-nəfər,
söz-söz toplayıb gələcək nəsillərə
xatirə buraxmağı hədəfləyən baş
redaktorun poetik yaradıcılığında da bu fəaliyyət
öz əksini tapmaya bilməzdi:
Bir xatirə qapısıdı bu kitab,
Sinəsində tarixlərə görk olan
Qırx dörd günlük müharibə əzmi
var,
Bu kitabda kimlər yoxdu, İlahi.
Uşaq da var, cavan da var, qoca da,
Adi əsgər, gizir, zabit, general...
Yaxasına al-qırmızı rəng hopub,
Hər vərəqi bir şəhidə abidə,
Hər abidə bir şəhidin medalı.
Nəzakət Məmmədovanın "Köhnəlməyən
xiffət" kitabı təkcə poetik duyğular toplusu
deyil, həm də milli yaddaşın poetik formasıdır.
Bu kitabı oxumaq bir şairin şeir dünyasına qonaq
olmaqla bərabər, həm də xalqın
yaşadığı tarixi, çəkdiyi ağrını,
qazandığı zəfəri, insan ömrünün
heç bitməyən, köhnəlməyən xiffətini
hiss etməkdir. Zaman keçir, illər dəyişir, amma Vətən
sevgisi, şəhid xatirəsi və anaların duası hər
zaman yenidir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 15 may(№83).- S.13.