İbrahimbəyov
fraqmentləri
Maqsud İbrahimbəyov-90
"Povestvovanie est nekoe deystvie, a literaturnoe povestvovanie
- deystvie, vıpolnennoe masterski, iskusno" - sonralar da mən bu
cümləni azərbaycanca düşünmədim və bəlkə
də ona görə belə oldu ki, tələbəlikdə
oxuduğum Kuba yazıçısının anasının
Bakıdan olduğunu biləndə, hələ dünyanın
qəribə işlərinə heyrətləndiyim
vaxtlardı, üstəlik də, formalaşmamış qənaətimdə
tutqun işartı kimi dolaşan bu fikir heyrətimin (gör
ha, dünyada tanınmış yazıçının fikirlərinə
yaxın düşünmək də olarmış!) bir
bucağına daxil idi; heyrətin tərcüməyə yata
biləcəyinə o vaxt da inanmırdım. Amma iş bunda
deyil; Alexo Karpentyerin yuxarıdakı fikrini Maqsud İbrahimbəyovun
rusdilli mətbuatda oxuduğum publisist yazıları sonralar
dönə-dönə mənə xatırladırdı və
yazıçılıqla publisistika arasında kəskin sədd
qoymaq cəhdlərinin məhz "deystvie - vıpolnennoe
masterski..." olmayanda ayaq aldığına bir daha
inandırırdı.
Bu gün publisistikanın mahiyyətini dərk etməməkdən
gələn yanaşma və münasibətin, "kütləvi
istifadəçinin" iddiaları fonunda, bu ifadənin
çəkisini məhz
Yazıçı Publisistikasında seçilən Ritm, Ləngər
dəqiq ifadə edir. Məhz Ritm və Ləngər
publisistikaya ögey münasibəti rədd edir, ədəbiyyat
- jurnalistika sərhədlərini, şəffaf olmasa da, hikkəli
xüsusiyyətçilik ədasından uzaq, tül pərdə
zərifliyində təqdim edir. Bir az da Azərbaycana aid olan həmin
o Kuba yazıçısının "Mı iskali i naşli
sebya" kitabını təkrar vərəqləyəndə,
Maqsud İbrahimbəyovun üç dildə nəşr
olunmuş "Fraqmentlər" kitabını yenidən
xatırladım. Və yenə də həmin o fikir
yaddaşımda dolaşdı. Yenə də Ritmin, Ləngərin
yerini gördüm. "Fraqmentlər" - Azərbaycan
publisistikasına xüsusi çalar, intibah humanizmi, nəcib
prinsipiallıq tonu verən, Azərbaycanın həqiqətlərini
dünyaya çatdırmaqda "beşinci mikrofon"
statusunda çıxış edən bu kitab -Maqsud İbrahimbəyov
adlı bir Azərbaycan ziyalısının, əsilzadəsinin
Əsrdaşı İnsanla və Sabahla söhbətidir.
Bu söhbət uzun, ağır yolun
yolçuluğundan sonra təmkinli zəvvarın təəssüratlarını
bölüşməsi, yaşadıqları, gördükləri
ilə bağlı düşüncələridir;
özünün keçdiyi yolları keçəcək nəsillərə
tanıtmaq cəhdidir.
"Azərbaycanın ən müasir tarixinin
gerçək fraqmentləri" - onun publisistikasını
müasirləri belə qiymətləndirirlər.
Yaradıcı natura kimi Maqsud İbrahimbəyov
üçün insan azadlığı anlayışı çox vacibdir və
bu, yalnız düşüncə azadlığı ilə məhdudlaşmır,
buraya hüquq azadlığı da daxildir. "İstənilən
insan özünün şəxsi fikrini savadlı şəkildə
ifadə edirsə, onunla hesablaşmaq gərəkdir. Əgər
dediklərinə etiraz edirsənsə, yalnız məntiq və
faktlara əsaslanmalısan, daha
razılaşmadığına görə nifrinlər və
təhqirlər yağdıraraq üzərinə hücuma
keçməli deyilsən" (Sitatlar M.İbrahimbəyovun
eyni adlı kitabından götürülüb; "Fraqmentlər
- 3 dildə" Bakı-2005."Səda" nəşriyyatı).
Onun publisistikasında "mənəmlik" mərəzinin
simptomları görünmür.
Yazıçının müsahibə və məqalələrində
yalançı vətənpərvərlik tonu, "bu məqamda
məhz heysiyyətinə toxunulmuş çoxluğun
xoşuna gəlmək lazımdır, sonrası düzələr"
- düşüncəsi yoxdur, onu düzgün başa
düşməzlər nigaranlığı deyil, necə
ağır və acı olsa da, həqiqət həmişə
və hər yerdə öndə olmalıdır - prinsipi var.
"Prezidenti tərif etmək ədəbsizlikdir, hətta
ondan bir elə asılı olmayan, sərbəst vətəndaşçün
də yaxşı deyil - adamın qulağını dəlir"...
Yaxud "Azadlıq və müstəqilliyi heç bir kənar
amil olmadan özümüzün əldə etməyimiz barədə
odlu - alovlu mühakimələr, olsa-olsa, bu mühakimələrin
müəllifləri tərəfindən uydurulmuş təsərrüfat
hesablı, çox mənfəətli bir dastandır...
"Yeltsin və komandası" əsas məqsədlərini
- Sovet İttifaqını dağıtmaq planlarını həyata
keçirərək hamını birdən xoşbəxt
etmişdilər. "Çoxsaylı mitinq və
görüşlərdən sonra axşamlar Şaxray və
Starovoytova Bonnerin mənzilinə toplaşıb gerblərin və
bayraqların layihələrini çəkir və hazır
olduqca, yenicə yapılmış müstəqil dövlətlərin
paytaxtlarındakı rezidentlərinə göndərirdilər..."
(s.56)
Maqsud İbrahimbəyovun publisistik qələminə
xas olan yüksək humanizmlə yanaşı, nəzakətli
və eyni zamanda, son dərəcə kəskin tonu, el
arasında deyildiyi kimi, adamın yeddi qatından keçən,
çılpaq həqiqəti ifadə edən yazı tərzi,
kəskinliyin içində güclü və zərif yumor
onun publisistikasında da orijinallığı təmin edən
yazıçı və yazı mədəniyyətinin
elementləridir. Onun kifayət qədər qibtəolunacaq
nüfuzu və dairəsi, dünyagörüşü,
mütaliə zənginliyi, istedadlı qələmi,
İbrahimbəyovun publisistik yazılarının SSRİ-də
kifayət qədər nüfuzlu "Drujba narodov"
jurnalında dərc olunmasına imkan verirdi. 1989-cu ilin
oktyabrında bu ədəbi orqanda dərc olunmuş "Sabah
gec olacaq" məqaləsi - birmənalı
qarşılanmayan bu narahat və nigaranlıq dolu xəbərdaredici
müraciət - azərbaycanlı ziyalının mövqeyini
bəyan edirdi. Elə buradaca qeyd etmək lazım gəlir ki,
tarixin gərgin məqamlarında eşidilməmək
publisistikanın məğlubiyyəti, zəifliyi, kəsərsizliyi
haqqında tələsik nəticələrə gətirməməlidir.
Burada "ağıllı adam bəlanı, müdrik adamsa, bəlanı
törədən səbəbləri aradan
qaldırandır" məsəli yada düşür. Azərbaycan
yazıçı publisistiksının yaxşı nümunələrindən
olan Maqsud İbrahimbəyovun publisistikası müdriklik
mövqeyinə yaxınlığı ilə fərqlənsə
də, bu da faktdır ki, bu qiymətli keyfiyyət də
zamanının yox, Zamanın qiymətləndirdiyi dəyərlərin
sırasındadır. Ədəbi-bədii mübarizə
ictimai-siyasi mübarizənin tərkib hissəsi ola bilirdimi,
yaxud bu mübarizəyə nə dərəcədə
kömək edirdi? Birmənalı şəkildə və qətiyyətlə
demək olar ki, Azərbaycan publisistikasının daha geniş
və tələb olunan qolu - yazıçı
publisistikası bu cavabın nikbin notlarını təmin edir.
Bu, yalnız ayrı-ayrı yazıçıların ədəbi-bədii
yaradıcılıq səhifəsi olmaqla qalmayıb, həm də
ictimai fikir tariximizin, mübarizəmizin "uzaqvuran topu"
ola bilib.
Maqsud İbrahimbəyovun publisistik
yaradıcılığında epistolyar (məktub) formanın
uğuru xüsusilə diqqəti cəlb edir. Onun belə bir
nümunəsi olan "Norveç səfirinin bəyanatı
ilə bağlı bir neçə qeyd" açıq məktubu
xüsusi maraq doğurur. Hər şeydən əvvəl, məktubdakı
yüksək mədəniyyətdən xəbər verən
faktlarla işləmək səriştəsi və bizim
günlərimiz üçün heç də xarakterik
olmayan kübar ifadə tərzi (bu sarıdan
kasadlığımız yalnız təəssüf
doğurur) ilə sarkazmın (məhz belə!) etiraza yer
qoymayan səriştəli uyarlığını qeyd etmək
lazım gəlir. 2003-cü ilin 16 oktyabr hadisələri ilə
bağlı Norveçin ölkəmizdəki səfiri Steynar
Gilin rusdilli mətbuatda dərc olunmuş mülahizələrinə
cavab olaraq yazılmış bu məktub, əslində, bir səfirə
deyil, Azərbaycanın daxili işlərinə müdaxiləni
və diktəni özlərinə rəva bilən təsisatlara
müstəqil ölkənin vətəndaşının
heysiyyətini və qanunlara hörmət hissini qoruyan
ziyalının - yazıçının
ismarışıdır.
"Sizə deməliyəm ki, son illər Azərbaycanda
bədxah bir ənənə yaranıb: başqa ölkələrdən
təşrif gətirən bəzi rəsmi şəxslər
- bizim müşahidələrimizə görə, bu dərəcədə
yüksək missiyanı yerinə yetirmək üçün
mənəvi-əxlaqi keyfiyyətlərdən xali olan kəslər
radikal müxalifətlə münasibətləri necə
qurmalı olduğumuzu təkidlə, sanksiyalarla hədələyərək
bizə öyrətməyə girişirlər" (səh.
41).
Eyni təmkinlə, "Harpun atan güclü toplarla
silahlanmış Norveç gəmiləri ziyansız və
müdafiəsiz balinaları amansızlıqla, vəhşicəsinə
məhv edirlər. Bununla da beynəlxalq qanunlara qətiyyən
məhəl qoymadıqlarını göstərir, həmçinin,
BMT və Avropa İttifaqının üzvləri olan ölkələrin
humanizmə çağıran müraciətlərinə
sayğısızlıq nümayiş etdirirlər" (səh
46) - deyə davam edir və diplomatiyanın nəzakət tonu
çərçivəsindən sonra, göndərildiyi
ölkənin daxili işlərinə burun soxmağın əcnəbi
səfirin nəzakətsizliyi kimi qəbul edildiyini
xatırladır. Burada bir məqam xüsusi
vurğulanmalıdır: Maqsud İbrahimbəyovun
yazıçı nigaranlığı yalnız Azərbaycanla
bağlı deyil.
"Ehkam həqiqətlərin özündən
müştəbeh, standart beyinli təbliğçiləri,
müsahibini adam balası kimi dinləməyi bacarmayan və
heç dinləmək də istəməyən kəslər
başa düşmürlər ki, Qafqazda ədalətli
sülh bərpa edilməyincə, Avropada da davamlı sülh
ola bilməz..." (səh. 19).
Zamanın bu həqiqəti təsdiq etməsini
gözləmək çox uzun çəkmədi;
Avropanın "oyanması" baş verdi və bu məqam
bir də bu fikri yada salır ki, publisistikanın missiyası, əhəmiyyəti
yazıldığı zamandan daha çox, tarixin yaddaş dərsləri
ərazisindədir.
Yazıçının müsahibələri ("Pəncərələri
Avropa prospektinə açılan ev", "Mühüm
mövzu ətrafında bəzi düşüncələr",
"Komplimentlər demək zamanı deyil") Azərbaycan -
beynəlxalq institutlar münasibətlərini təhlil edən
yazıçının siyasətlə bağlı
düşüncələri, dünyanın siyasi - iqtisadi -
maliyyə mənzərəsində ölkəsinin yeri və
mövqeyi ilə bağlı mülahizələri, bu
mülahizələrdə güclü məntiq və
reallığı heç bir halda unutmamaq, uzaqgörənlik,
dərin zəka məziyyətləri ilə limhəlim
doludur.
Maqsud İbrahimbəyovun müsahibələri
üçün xarakterik olan bu publisist amansızlıq "vəzifə
və status", "özgə - özününkü"
bölgüsü tanımır. Bu amansızlıq içərisində
daha çox ağrısı ilə seçilən
fantasmaqoriya haqqında danışmamaq onun
publisistikasının mənzərəsinin tamamlanmaması demək
olardı.
"Olmuş əhvalatlarla real adamların və qeyri
adamların davranışının qarşılıqlı
münasibətləri nəticəsində
yaranmış" fantasmaqoriya, əslində, Azərbaycanın
ən yaxın tarixinin hekayətidir. Bu tarixdə
qazandıqlarımızdan çox itirdiklərimiz var. Bunlar o
itkilərdir ki, yerini doldurmaq üçün hələ
çox illər gərək olacaq. Yox, bu, itirilmiş torpaqlar
deyil, bu, dağıdılmış infrastruktur,
qırılmış xarici əlaqələr deyil. Onları
qaytarmaq, bərpa etmək asandır, əslində. Bu illərdə
yaşadığımız ən ağır itkimiz -
insanların içərisində öldürülən
inamdı; əqidəni vasitə yox, məqsəd, ideal bilən
insanların qəlbini alt-üst edən, mübarizə ruhuna
və inamına vurulan zərbədi. "1992-ci il ölkəmizin
tarixində həmişəlik olaraq itkilər və
alçalmalar rəmzi, xəyanət və rəzalət
simvolu kim qalacaq" - Maqsud İbrahimbəyovun qələmi və
yaddaşı bu dövrü belə təqdim edir.
Yazıçının "Çəyirtkə
mövsümü" adlandırdığı bu dövrdə
siyasi səhvləri kifayət qədər çox olan Azərbaycanın
reallıqlarını qələmə almağın ona nə
qədər ağır olduğunu hiss etmək
üçün çox da həssas olmaq tələb olunmur.
Nə yazıq ki, bu da bizim tariximizdir və bu sətirləri
oxuyan oxucu da o dövrdə bütün bunların şahidi
olmuş insanlardan az təəssüf və xacələt
hissi keçirmir: "Elementar məntiq və sağlam
düşüncə baxımından qəribə bir siyasi
xuliqanlıq təsiri bağışlayan addım" - MDB-yə
daxil olmaqdan imtina Ermənistanın mənafeləri və
maraqları sarıdan son dərəcə səmərəli
oldu, tələ qapandı" (səh. 75).
...Elə məsələlər və münasibətlər
də var ki, onları səriştəsizliyin ayağına
yazmaq olmur, istəsən də olmur... "Təsəvvür
edirsənmi, bir dəstə coşmuş cəbhəçi
Konservatoriya rektorunun kabinetinə soxularaq, Bax, Bethoven, Qriq,
Çaykovski və bir sıra digər bəstəkarların
- böyük bir siyahı varmış əllərində - əsərlərini
tədris proqramından çıxarmağı tələb
edirlər,.. bu dəliqanlı "xunbenvin demokratlar"
üçün siyahını kimsə hazırlayıb"
(səh. 80-81). Bax, bunun adı səriştəsizlik deyil, bu,
başqa cür səslənir...
Amma doğrudanmı bu utanc Azərbaycan müxalifətinin
adına yazılır? Qətiyyən. "Mən
"müxalifət" deyəndə yad təsirlərdən
azad ziyalı insanları, dövlətçilik şüuruna
malik adamları nəzərdə tuturam. O müxalifəti nəzərdə
tuturam ki, məqsədi qanuni iqtidarla daimi polemika aparmaqla
ölkədəki mövcud durumun yaxşılaşmasına
nail olmaqdır" (səh. 88). Maqsud İbrahimbəyov
iqtidar-müxalifət münasibətlərini belə
görür. Sağlam və sivil yanaşma olduğunu normal
düşüncə, şübhəsiz, qəbul edir.
Yazıçının publisistikasının kəskin
ruhunun, ifşaedici tərzində nəzakət, incə yumor,
heç bir halda milli özünəvurğunluq, əldə
olunmuş böyük və ya kiçik nailiyyətlərin
sevincindən xumarlanmaq hissinə qapılmamaq sərvaxtlığı
Azərbaycan yazıçı
publisistikasının yeni dövrə və yeni şəraitə
ciddi ənənələr, işgüzar ovqat və kəsərli
üslubla keçidi üçün diqqətəlayiq
nümunələrin olduğunu deməyə əsas verir.
...Görəsən, niyə Fraqment? Bəlkə ona
görə ki, Tarix özü fraqmentlərdən ibarətdir?
Ritm də fraqmentlər toplusudur. Həyatımız da. Maqsud
İbrahimbəyovsa, həyatını, həyat tərzini,
düşüncələrini tezis şəklində təqdim
edə bilən insanlardandır. Bu həyatda hər şeyin və
hər kəsin öz adı ilə öz yerində olması
Müdrikliyin adına yazılası səhmandır. Məsələn,
Yaradıcılıq onun fikrincə, ali həzdir. "Bakı
- mən özüməm" - deyir. Dostları ilə fəxr
edir.
"Publisistikaya mən iki konkret halda müraciət
edirəm: birinci - mənim ölkəmin ləyaqətinə
toxunulanda, ikinci - şəxsən məni təhqir edirlərsə..."
"Yazıçı, hər şeydən əvvəl,
vətəndaşdır. Və o, ölkəsində baş
verən hadisələrə qeyri-ixtiyari cavab verir.
Yazıçı əgər həm də Milli Məclisin
üzvüdürsə, bu, artıq onun vəzifəsinə
çevrilir".
Və bununla hər şey deyilib; Maqsud İbrahimbəyovun
fraqmentləri həm də bir vətəndaş, ictimai xadim,
Ədəbiyyat və Mədəniyyət xadimi və nəhayət,
insan obrazını dolğun və konkret təqdim edir.
...Həyatımız üçün biz Yaradana
borcluyuq.
...Həyat tərzimiz üçünsə - insanlara!
Bircə şərtlə: həyat tərzi "nekoe
deystvie" yox, məhz "vıpolnennoe iskusno" ola!
Südabə AĞABALAYEVA
525-ci qəzet .- 2025.- 15 may(№83).- S.12;13.