Cəmo bəyin
satiralarında faşizmin ifşası
Tanınmış maarif xadimi, respublikanın Əməkdar
müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru,
şair, nasir, dramaturq Cəmo bəy Cəbrayılbəylinin
(1887-1965) bədii yaradıcılığında satirik
şeirlər, məzhəkələr xüsusi yer tutur. Lirik,
aşiqanə nəzmlər, klassik üslubda
yazdığı qəzəllərlə yanaşı, onun
satirik janrlara meyllənməsində xalqımızın
qüdrətli söz ustası Mirzə Ələkbər
Sabirin (1862-1911) təsiri və tövsiyələri əhəmiyyətli
dərəcədə rol oynayıb. C.Cəbrayılbəylini
1905-ci ildə böyük satiriklə ilk dəfə şair,
qəzəl ustası Ağa Əli Naseh (1856-1914) tanış
edib. Şamaxıda Ümid məktəbinin
açılışına Sabirin dəvət etdiyi gənc
müəllimlərdən biri də Cəmo bəy olmuş, həmkarına
sinif otaqlarını, "parta"ları, yazı
taxtasını göstərmiş, "Məktəb, məktəb
nə dilguşəsən" - misrası ilə başlayan
şeirini burada C.Cəbrayılbəyliyə oxumuşdu.
Onların yaxınlıq, dostluq əlaqələri altı il
- M.Ə.Sabirin vəfatına qədər davam edib.
Cəmo bəy ustadı Sabirə həsr etdiyi
şeirlərindən birində yazırdı:
Xalq yolunda nə qədər can sıxdın,
Axırı qüssədən özün
bıxdın.
Unutmaz xalq səni vəfalı kişi,
Vicdanın, namusun misalı kişi.
Cəmo bəyin satiralarında qəbulediməz, adətdənkənar
pis vərdişlər, əxlaqi naqislik, tərbiyəsizlik,
yekəxanalıq, təkəbbürlülük, mənəvi
pozğunluq, böhtançılıq, yalançılıq,
paxıllıq kimi mənfi təzahürlər tənqid hədəfinə
çevrilib. C.Cəbrayılbəylinin "Aldada bilməzsən",
"Sərxoşun məsləhəti", "Papiros",
"Ərköyün övlada", "Bir nəfər
qorxağa", "İnsan ol", "Bir "alimə"
və digər satiraları həmin mənfi təzahürlərin
tənqidi-yumoristik üslubda ifadə tərzidir.
Cəmo bəy Cəbrayılbəyli İkinci Cahan
savaşı dönəmində də faşizmi,
revanşizmi, işğalçılıq iştahasına
düşənləri, imperialist xəyalpərvərləri
satirik qələmlə ifşa etməkdən çəkinməmişdi.
O, "Hitlerə" həsr etdiyi satirasını 1941-ci ilin
dekabr ayında yazmışdı. Şair bu əsərində
faşizmin ideya bayraqdarının və baş cəlladının
xarakterin xüsusiyyətlərini qabartmaqla siyasi portretini
yaratmağa nail olub. İndiyədək mətbu nəşrlərdən
kənarda qalan "Hitlerə" şeirində müəllif
ifşa obyektinin daxili çirkablığı ilə xarici
görünüşü arasındakı uyarlığı,
bənzəyişi vəhdətdə verib:
Gözlərin qəlbin tək əyridir,
sönük,
Üz-göz oynadırsan, dönüksən,
dönük.
Adi danışığın
çığır-bağırdır,
Səsin ürək sıxır, novmə (yuxu)
dağıdır.
Cəmo bəyin 1942-ci ildə, müharibənin ən
şiddətli günlərində Bakıda nəşr olunan
"Boyevoy listok" bülletenində iki satirik əsəri
işıq üzü görüb. "Adolf" rədifli
irihəcmli şeiri oynaq ritmli və tutumludur:
Çox zaman, çox ucadan banlardın hər tərəfə,
Çatdıra bilmədin amma səsini son hədəfə,
Bivəfa çıxdı səsin də, o da boş
getdi kəfə,
O da son günlər üçün başladı
batmağa, Adolf!
Hazır ol dar quyudq şəstlə yatmağa, Adolf!
Cəmo bəyin "Halını saz görmürəm"
əsəri həcm etibarilə on bəndlik, əhatəli
satirası olmaqla yanaşı, alman faşist
general-leytenantı Kurt fon der Şevaleriyə (1891-1945) həsr
edilib. O, Almaniya ordusunda 83-cü piyada diviziyasının
komandiri idi və 1941-ci ildə general-leytenant hərbi rütbəsinə
layiq görülmüşdü. General 1942-1944-cü illərdə
59-cu ordu korpusunun, Birinci tank ordusunun komandiri kimi Ukrayna ərazisində,
Kiyevdə qəddar, cinayətkar döyüşlərə,
kütləvi qırğınlara rəhbərlik edirdi. Cəmo
bəy alman faşist general-leytenantı Kurt fon der Şevaleriyə
bilərəkdən "Fon der Şvax" deyərək onu
Sabiranə üslubda ifşa hədəfinə çevirib.
Satirik şeir müəllif əlyazmasına istinad olunaraq tam
həcmdə oxuculara təqdim edilir:
HALINI SAZ GÖRMÜRƏM...
Halını saz görmürəm, Fon der Şvax,
nolmuş sənə,
Gözlərin üstü göyərmiş, qan ilə
dolmuş yenə,
Sir-sifətdən dönmüsən, rəngin yaman
solmuş yenə,
Yaxşı anlat bir görək, nəyçün bu
cür dəhşətdəsən?
Mənzərən xeyli fənadır, qəmlisən,
heyrətdəsən...
Bel onurğan da üzülmüş, lax-qaçar
olmuş bədən,
Qıçların tir-tir əsir, tab etməyir murdar
gödən,
Ya başın bəlkə ağırlıq eyləyir
üst pillədən,
Nəysə halın pis gəlir, bimarsən, illətdəsən.
Gəl düzün söylə, nəyçün
böylə yaman halətdəsən?!
Söyləyirlər son zaman tutmuş səni bədxahlıq,
Çox acıqlı olmusan, məruz olub bitablıq,
Sevdiyin qəlyandan düşmür daha
qüllablıq,
Gözlərindən qan tökərsən hər səhər
xəlvətdə sən.
Aldadırsan ölkəni, guya ki, lap cənnətdəsən.
Dərdin ancaq bir deyil, köpmüş o mənhus
anbarın,
Daxilində sancı var, artıq düşüb
udduqların,
Lap boşalmış, durmayır üstündə
iyimiş şalvarın,
İndi çatmışdır sonun, ay Kurt, yaman surətdəsən.
Çox keçirtdin ömrünü bihudə,
boş söhbətdəsən.
Vəqti ilə çullu dovşan ağzına
sığmaz idi,
Gop basırdın gündə min cür, dil quşun pərvaz
idi,
Xırda xalqa qan içirtdikdə kefin çox saz idi
İndi dünya çövrülüb, tutmur əlin,
çox bəddəsən.
Diz çökərsən vaxt olar, hər saniyə, əlbəttə
sən!
Boş yerə hay-küy salıb, aldatma xalqı, bir
usan,
Hiylənin üstü açılmış, ay həyasız
bir utan,
Eybi yoxdur, bir zaman da adətin üzrə dayan,
Hər nə hiylən varsa qur, ta ki, bu gün fürsətdəsən.
Çün qalan az ömrünü xoşluqda yox,
zillətdəsən.
Ləzzətin gördün ki, sən Ordu vuran
yumruqların,
Kəllənə endirdi zərbə, sən qəfil
vurduqların,
Sallanıb indi qotur it quyruğu tək
bığların,
Arxaya doğru daban almaqda bərk sürətdəsən.
Ta çatınca son dəqiqən, bu fəna xidmətdəsən!
Müqtədir xalq ordusu hər gün sənə qan
qusdurur,
"Heç zaman məğlub olunmaz" ordunu lap
susdurur,
Qorxudan marşalların quyruq qısıb bərk...
Belə vəziyyətdə ikən bax əcəb
"hörmət"dəsən.
Amma keçmiş günlər üçün daima
həsrətdəsən.
Biz igid xalqıq, cahanda daima mərd olmuşuq,
Aç gözün, diqqətlə bax, biz ayrı
cür yoğrulmuşuq,
Süngümüz əldə, o daş qəlbin
üçün doğrulmuşuq,
Çox da çəkməz, tez görərsən
halını möhnətdə sən.
Haqlısan, tarix boyu tam qalmağa lənətdə sən!
Aləmi incitmisən, tökdürmüsən
çox göz yaşı,
Boş yerə oynatma indi hər yana gözü,
qaşı,
Sadə bir ölməklə qurtarmaz canın
quldurbaşı!?
Parça-parça doğrayıb, üstdən təkərlə
od daşı,
Gövdəni it də yeməz, itçün də sən
nifrətdəsən.
Gör necə boşdur başın ki, hala da qəflətdəsən!
Cəmo bəy Cəbrayılbəylinin faşist
general-leytenantı Kurt fon der Şevaleriyə həsr etdiyi
"Halını saz görmürəm" satirasından bəlli
olur ki, müəllif əsərinin qəhrəmanı
haqqında yetərincə məlumatlıdır. Onun törətdiyi
hərbi cinayətlər barədə dövrün mətbuatında
araşdırmalar aparıb. Şairin antisipasiya hissi də
çox güclüdür və heyrət doğurur. Cəmo
bəy elə bil faşist generalı Kurt fon der Şevaleri
yaxından müşahidə edib, görüb və
oxucularına satirik şeiri vasitəsilə göstərir. O,
faşist generalının mağmın, məğlub durumunun
canlı psixoloji təsvirini verir, qatillik, cəlladlıq əməllərinə
görə öncə qınayır, məzəmmət, nifrət,
lənəthədəfinə alır,
aşağılayır, təhqir edir.
Üstüörtülü "qəlyandan düşmür
daha qüllablıq" misrası ilə nəinki orduya, hətta
özünə nəzarəti itirməmək
üçün narkotikadan istifadəsinə işarə
vurur. Faşist generalının idbar, eybəcər sifətini
şair aşağıdadı misralarda da dəqiq təsvir
etmişdir: "Sallanıb indi qotur it quyruğu tək
bığların", "Müqtədir xalq ordusu hər
gün sənə qan qusdurur, "Heç zaman məğlub
olunmaz" ordunu lap susdurur, Qorxudan marşalların quyruq
qısıb bərk..." və sair.
Amansız müharibə meydanlarından durna qatarı
kimi düzülüb vətənə göndərilən gənc,
igid oğlanların tabutları nəinki söz
adamlarını, şairləri, eləcə də
bütün insanların əsəblərini tarıma çəkib,
lənəti, qarğışı da silaha çevirib
mübarizə aparırdılar. Şairin hiddət və nifrətinin
boğazında düyünlənməsi nəticəsində
söyləyəcəyini üç nöqtə ilə əvəzlənməsi
mümkünsüzlükdən yaranan və
başadüşülən reallıqdır.
Cəmo bəy Cəbrayılbəyli 1942-ci ildə
yazdığı "Halını saz görmürəm"
adlı satirasından faşist general-leytenantı Kurt fon der
Şevaleri haqqında "Kəllənə endirdi zərbə",
"Diz çökərsən", "qalan az
ömrün", "Ta çatınca son dəqiqən"
və sair söz birləşmələrindən uzaqgörənliklə
istifadə edib. Həqiqətdə isə general 1945-ci ilin
yanvar ayında hərbi xidmətdən azad edilir, aprelin 18-də
isə bombalanma nəticəsində 54 yaşında qətlə
yetirilib.
Cəmo bəy Cəbrayılbəyli yalnız məzhəkələri,
nəsr əsərləri və lirik şeirləri ilə
deyil, faşizm əleyhinə yazdığı satiraları ilə
də ədəbiyyat tariximizdə mühüm yer tutur. Nə
qədər ki, çağdaş zəmanəmizdə
faşizmi, revanşizmi dəsətləyənlər, onu
stimullaşdıranlar mövcuddur, o vaxta qədər bu
satiralar aktuallığını qoruyub saxlayacaq, mədəni
və mənəvi mübarizəmizdə ideoloji silah
funksiyasını özündə ehtiva edəcək və
yaşadacaqdır.
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 15 may(№83).- S.11.