Ana dilinə sevgi anadan
başlanır
Xarici dil bilmək özgə xalqlarla birbaşa
ünsiyyət qurmaq bacarığına malik olmaq deməkdir.
Ancaq bu ünsiyyət o zaman dəyərli olur ki, doğma dilinə
ögey münasibət bəsləməyəsən. Nə qədər
çox dil bilsən də, düşüncən gərək
ana dilinlə bağlı ola. Heç şübhəsiz, ana
dilinə məhəbbət, sədaqət, sevgi beşikdən
başlanır. Bəli, o beşiyin başında körpəsinə
ana dilində layla çalan, şirin-şəkər sözlərlə
balasını oxşayan ananın övladı böyüyəndən
sonra on əcnəbi dil bilsə də, mənsub olduğu
xalqın dilinə biganə qala bilməz.
Hələ gənc yaşlarından başlayaraq
doğma ana dilindən başqa, bir çox əcnəbi dildə
danışmağı bacaran, görkəmli
yazıçı, folklorşünas alim Yusif Vəzir Çəmənzəminli
"Ana və analıq" sərlövhəli məqaləsində
haqlı olaraq yazırdı: "Təbiət ananı xəlq
edəndə onunla bərabər, fədakarlığı
yaradıb və ziqiymət (qiymətli, bahalı) hədiyyə
olaraq ona əta edib. Fədakarlıq arvadların mənəvi
zinətidir ki, ondan uca bir şey ola bilməz".
Təsadüfi deyil ki, kim mənsub olduğu dili
alayarımçıq, kələ-kötür bilirsə,
günah əsasən onun anasında görülür.
Başlıca qənaət belədir ki, ana laylası, nəvazişi,
nazlamaları, oxşamaları, yanıltmacları ilə
boya-başa çatmayanlar milli ruhun
daşıyıcıları ola bilməzlər.
Görkəmli ictimai-siyasi xadim,
yazıçı-publisist, filosof, dinşünas, böyük
türkçü Əhməd bəy Ağaoğlu hələ
1924-cü ildə yazıb çap etdirdiyi "Milli
şüur" adlı məqaləsində yazırdı:
"Bir millətin formalaşmasında təzahür edən
başlıca amillər bunlardır: dil, din, ədəbiyyat, sənət
və müştərək tarix".
1828-ci ildən Çar, 1920-ci ildən başlayaraq
Sovet Rusiyasının işğalı və əsarəti
altında yaşamağa məhkum olmuş xalqımız gizli
və aşkar dil siyasətinə məruz qalmağına
baxmayaraq, öz doğma ana dilini qoruyub saxlaya bildi. Əhməd
bəy Ağaoğlunu uşaq yaşlarında olanda tərbiyə
verib həyata hazırlayan, heç bir məktəb
qurtarmamış, amma həyat dərsi almış, fitrətən
uzaqgörən anası Sarıcalı Rəfi bəyin
qızı Nairə xanım olub. Çox sonralar Əhməd
bəy anasını yad edərək yazırdı ki,
anamın oxuduğu o "hüznlü, ələmli
mahnılar" indi də qulağımda səslənib
"könlümü titrədir"
Əhməd bəyin - bu böyük fikir
adamının həyatından ibrət götürülməli
çox mətləblər var. 1888-ci ildə Gimnaziyanı əla
qiymətlə bitirib Peterburq Universitetində oxumağa yola
düşərkən anası onu kənara çəkib deyir
ki, əgər gavur qızı alsan, südüm haramın
olsun. Bəri başdan deyim ki, Əhməd bəy
anasının tövsiyəsinə əməl edir.
Təhsil almaq, Peterburq şəhərini görmək
arzusu ilə yola çıxmış, bir neçə
imtahanı uğurla vermiş gənc Əhməd bəyə,
özünün "Peterburq xatirələrim" əsərində
yazdığı kimi, ən yaxşı bildiyi triqonometriyadan
imtahan götürən gənc professor əsasız olaraq
"3" verir. Əhməd bəy xatirəsində etiraf edir
ki: "...Utanmaq hissini, ləyaqəti və izzəti-nəfs
duyğusunu unudub ağlamağa başladım. Bütün
auditoriyanın gözü qarşısında ucadan
ağlayır və professora başqa suallar soruşması
üçün yalvarırdım. Lakin onu rəhmə gətirmək
mümkün olmadı, bir-birinə sıxılmış
dodaqlarının arasında laqeyd və rəhmsiz səslə:
"Bunu edə bilmərəm, gedin!" - dedi".
Rusiyanın paytaxtında, əyalətdən gəlmiş
savadlı bir gəncə rus professorun şovinist münasibətini
görürsünüzmü?!
Sarsıntı içərisində qaldığı
ünvana qayıdan on səkkiz yaşlı gənc
"füsunkar Pyotr şəhərini" tərk etmək qərarına
gəlir. Səhəri gün Parisə yola düşür.
Qatarda bir fransız xanımla tanış olur. Dərk
edir ki, Sarbona Universitetində oxumaq üçün fransız
dilini öyrənməlidir. Parisdə böyük səy
göstərərək altı ay ərzində fransız
dilini mükəmməl öyrənir. Fransız dilini o dərəcə
mənimsəyir ki, müəllimi, filosof E.Renanın təklifi
ilə Şərq xalqlarının dil, məhzəb və
etnoqrafiyasına aid məqalələrlə mətbuatda
çıxış edir. 1891-ci ildə hüquq məktəbini
Lisan an Durda diplomu ilə bitirən Əhməd bəyə
müəllimi E.Renan Parisdə qalıb elmlə məşğul
olmasını təklif edir. Cavabında Əhməd bəy
deyir ki, mən vətənimə lazımam. Müəllimi
deyir ki, Əhməd bəy, sən burada qalsan, dünya
şöhrətli alim olarsan, getsən, Şərq səni
udacaq.
Əhməd bəy tərəddüd etmədən vətənə
qayıdır. Ana dilinə arxa çevirib Rusiyada
oxumağı, rus dilində oxuyub-yazmağı ilə fəxr
edənlərə üzümüzü tutub deyirik ki,
heç bir əcnəbi dil ana dilini əvəz edə bilməz.
Belə olmasaydı, Əhməd bəy fransızca, rusca,
farsca yazıb-yaradardı. Amma o, 5 dil bilməyinə baxmayaraq,
vətənində iki dildə, Türkiyədə Osmanlı
türkcəsində qəzet çıxarırdı.
Əhməd bəy Ağaoğlu 1909-cu ildə təziq
və hücumlardan təngə gəlib Türkiyəyə
mühacirət edəndən sonra da doğma dilini
unutmamış, hətta Qarabağ şivəsində
danışmağı ilə fəxr etmişdi.
Çünki ana laylası, bayatısı ilə böyüyənlər,
harada yaşamaqlarından asılı olmayaraq, mənsub
olduqları xalqın dilinə sayğı ilə
yanaşmışlar. Əhməd bəyin oğlu Səməd
Ağaoğlu "Atamın dostları" adlı xatirələr
kitabında yazır: "Başım dizinin üstündə,
Füzulinin "Məni candan usandırdı, cəfadan yar
usanmazmı?" qəzəlini Azərbaycan şivəsinin
şirin ahəngi ilə söyləyən anamı
xatırlayıram". Nə qədər insani bir duyğudur.
Səməd Ağaoğlunun anası, Əhməd bəyin
xanımı Sitarə xanım şuşalı idi. O, Vəzirzadələrin
yeganə qızı idi. Ərindən ayrılmayaraq Türkiyəyə
mühacirət etmişdi. Əsl azərbaycanlı xanım
kimi ailəsinin xoşbəxt yaşaması üçün
canı dildən çalışmışdı. Səməd
Ağaoğlu anası Sitarə xanım barədə belə
yazır: "Savadı, sadəcə təkbaşına
öyrəndiyi oxuyub yazmaq idi. Amma buna baxmayaraq, qədim, əsil-nəcabətli
bir türk ailəsinin maddi və mənəvi zənginliyi
içərisində pərvəriş tapan incə zəkasının,
həssas ruhunun yaratdığı romantik təbiəti əsl
xalq adamı olan atamın çılğın, əsəbi,
məsuliyyətsiz ağıl və xarakteri ilə durmadan
çarpışdı, bu zəkanın, xarakterin kobud tərəflərini
cilalayıb Ağaoğlu ailəsinin cəmiyyət içərisində
öz yerini tutmasına böyük kömək göstərdi".
Ana dilinə sevgini, sayğını biz klassik ədəbiyyatımızın
görkəmli simalarının
yaradıcılıqlarından da görə bilərik.
Məndə sığar iki cahan, mən bu cahana
sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü-məkana
sığmazam -
deyən Seyid İmadəddin Nəsimi fars və ərəb
dillərini də bilirdi, fars və ərəbcə şeirlər
də yazırdı, amma ana dilinə sevgisi içdən gəlirdi:
Yeddidir, dörd yeddidən bir yeddidir,
Yüz iyirmi dörd yenə üç yeddidir,
Evi bir, bacası yeddi, babı üç,
Əhli-beyt ilə özü on yeddidir.
misraları bu gün belə ruhumuzla həmahəng
deyilmi?
Bağdatda ərəblərin əhatəsində
yaşayan dahi Məhəmməd Füzuli dilimizin gözəlliyini,
ahəngini belə qoruyub yaşatmağı
bacarmışdı. Çünki o, gecə-gündüz
içərisində ana dilində həsbi-hal etmişdir.
Unutmamaq üçün! Ona görə də bu böyük
söz sərrafının aşağıdakı ölməz
misralarından milli ruhumuzun ədəbiyyət nəğməsi
olan bayatılarımızın ətri gəlir:
Gül qönçəliyində xar iləndir,
Açılsa, bir özgə yar iləndir.
Əslində tikan çəkər əzabın,
Fəslində həkim alır gülabın.
Şah İsmayıl Xətaidən, Aşıq
Qurbanidən, Qövsi Təbrizidən, Tufarqanlı Abbasdan,
Qasım bəy Zakirdən, Aşıq Valehdən, Seyid
Əzim Şirvanidən, Xan qızı Xurşidbanu Natəvandan
doğma dilimizə bəslənən sayğı və
ehtiramla bağlı istənilən qədər misal göstərmək
olar. Anadilli hər bir şeir nümunəsi yaradıcı
insanlarımızın qəlb dünyasının ifadəsidir.
Əgərçi xoşdu mənə ətri, həm
səfası gülün,
Cəfası çoxdu, nə hasil ki, yox vəfası
gülün.
- deyən Natəvan bir ana kimi Xasay xan Usmiyevdən olan
oğlunu da milli ruhda böyütmüşdü. O, oğluna
öz atası Mehdiqulu xanın adını vermişdi.
Mehdiqulunu bir Azərbaycan türkü kimi
böyütmüşdü. Mehdiqulu yeniyetməlik və gənclik
illərini Tiflis, Peterburq şəhərlərində
keçirməsinə, zadəgan uşaqlarına məxsus hərbi
məktəbdə rus dilində təhsil almasına, orduda xidmət
edib podpolkovnik rütbəsinə yüksəlməsinə
baxmayaraq, ana dilini heç vaxt unutmamışdı.
Çünki Natəvan, oğlu dil açarkən onunla
doğma, sevgili ana dilində danışmışdı. Yoxsa
o da indi bəzi gənc analar kimi oğlunu rus dilində deyil,
yaxşı bildiyi fars dilində də danışmağa məcbur
edə bilərdi (Halbuki bu, uşağa qarşı şiddətdi,
genetik yaddaşa xəyanətdi). Xan qızı Natəvan bir
ana, əsilzadə xanım kimi başa düşürdü
ki, bünövrə, təməl ana dilində
olmalıdır. Əgər Mehdiqulu belə milli ruhda
böyüməsəydi, Vəfa təxəllüsü ilə
doğma türkcəmizdə şeirlər yaza bilməz,
yana-yana yazmazdı ki:
Avarə qalmışıq, sərdarımız
hanı,
Keçmiş zəmanədən asarımız
hanı?
Gətirdiyimiz bu nümunədən də
göründüyü kimi, dilin keşiyində duran əsas
qüvvə anadır. Bir anlıq təsəvvür edin ki,
Rusiyanın müxtəlif şəhərlərində
yaşayan azərbaycanlıdan, qazaxdan, özbəkdən,
türkməndən, çeçendən, ləzgidən, yəhudidən...
rus xanımları ilə izdivacdan nə qədər
oğlan-qız doğulub-böyüyüb. Amma rus
qadınları birmənalı olaraq yad millətin kişilərindən
törəyən uşaqları rus kimi böyüdüblər,
o uşaqlar göz açandan anaları onlarla rus dilində
danışıblar.Bu məhz rus xanımlarının ana dillərinə
olan sonsuz sevgisinin bəhrəsidir. Heç kəs bu həqiqəti
inkar edə bilməz.
Hərdən düşünürəm ki, Çar
Rusiyasının zamanında Qafqazın baş hakimi general
A.P.Yermolovun idarəsində Şərq dilləri tərcüməçisi
kimi fəaliyyət göstərən, polkovnik hərbi
rütbəsinə qədər yüksələn Abbasqulu
ağa Bakıxanov, ana dilindən başqa, rus, fars, ərəb,
Osmanlı türkcəsini mükəmməl bilən, Qafqaz
canişinliyinin baş mütərcimi, polkovnik Mirzə Fətəli
Axundzadə doğma ana dillərinə sayğı göstərməsəydilər,
necə olardı. Heç şübhəsiz, mədəniyyət
və ədəbiyyat tariximizdə böyük boşluq
olardı. Biz gərək XIX əsrdə Rusiyanın müxtəlif
şəhərlərində institut, universitet qurtarıb
ömrü boyu xalqının maariflənməsi üçün
çalışan Həsən bəy Zərdabinin, Nəcəf
bəy Vəzirovun, Əsgər ağa Goraninin, Firidun bəy
Köçərlinin, Soltan Məcid Qənizadənin,
Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun,
Üzeyir bəy Hacıbəylinin, Yusif Vəzir Çəmənzəminlinin
və onlarca başqa ziyalılarımızın həyatından,
fəaliyyətlərindən, təmənnasız xidmətlərindən
nəticə çıxaraq. Əsasən bəy ailəsindən
çıxmış bu aydınların hər biri (əlbəttə,
onların sırası daha genişdir) xalqının maariflənməsi,
tərəqqisi yolunda hər cür əzab-əziyyətə
qatlaşmışlar. Onlar öz xalqına yuxarıdan
aşağı baxmırdılar. Hər biri bir neçə əcnəbi
dil bilsələr də, ana dillərində
yazıb-yaratmağı özlərinə borc bilirdilər.
Çünki onların hər biri ailə tərbiyəsi
görmüşdülər. Ata-anaları, ulu babaları Azərbaycan
türkcəsi ilə danışmağı özləri
üçün fəxarət bilmişdirlər.
Azərbaycan mətbuatının banisi Həsən bəy
Məlikov 1861-ci ildə gimnaziyanı bitirib dövlət
hesabına Moskva Universitetinə göndərilmiş və
fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdu. 1865-ci
ildə universiteti namizədlik diplomu ilə bitirmişdi. Həsən
bəy tez-tez tarixçi Solovyovun evinə gedirmiş, onunla
Şərq və İslam dini ilə bağlı söhbətlər
edirmiş. Həsən bəy tarixçi alimin qızına
aşiq olubmuş. Qız da Həsən bəyi çox
sevirmiş. "Lakin Həsən bəy ilk təhsil
almış müsəlman kimi xristian qızı almaqla geridə
qalmış xalqı özündən və arvadından
uzaqlaşdıracağından ehtiyat edərək çox
sevdiyi qızla evlənməkdən imtina etmiş, təhsilini
bitirən kimi öz xalqına xidmət etmək
üçün Vətəninə
qayıtmışdır" (Hənifə Məlikova).
Vətənə qayıdan Həsən bəy son nəfəsinə
qədər xalqına təmənnasız xidmət etdi.
"Əkinçi" qəzetinin nəşrinə icazə
almaq üçün 7 il şovinist rus məmurlarının
qapısını döydü. Nəhayət, 1875-ci ilin iyul
ayının 22-də onun redaktorluğu ilə
"Əkinçi" qəzetinin ilk nömrəsi çap
olundu. Budur əyalətdən, Zərdab kəndindən neft Bakısına
gələn kişinin şücaəti!
"Ona yaxın Şərq və Qərb
xalqlarının dilini bilən" (Abdulla Şaiq),
"İslam ümmətindən, Qərb mədəniyyətindən,
türk millətindən" olmaq ideyasının müəllifi,
alim, rəssam, şair, musiqişünas Əli bəy
Hüseynzadə Həsən bəy Zərdabi haqqında
yazırdı: "Keçmişdə aləmi-islam bir
qaranlıq içində qaldığı zaman bu adam əlinə
məşəl alıb qaranlığı
işıqlandırmağa çalışıyordu, o məşələ
nə idi? Əvvəlinci mətbu kəlam idi. Həsən bəy
əvvəlinci şəxsdir ki, Qafqaz, bəlkə Rusiya, demək
olar ki, bütün dünyada müsəlmanlar içində əvvəlinci
türk müsəlman qəzetəsi nəşr etmişdir.
Biz Qafqaz türklərinin öhdəsində bu adamın
artıq haqqı vardır. Çünki bu şəxs bizim
üçün dil yaratmışdır. Ədəbiyyata
qapı açmışdır".
Azərbaycan dilinin necə zəngin, çoxqatlı,
rəngarəng, ən mürəkkəb fəlsəfi fikrləri
ifadə etmək gücündə olduğunu dərk etmək
üçün el bayatılarını, nağılları,
dastanları, qoşma, təcnis və gəraylıları,
klassik Azərbaycan poeziyası nümunələrini oxumaq kifayətdir.
Əsas odur ki, ana dilini doğmaların qədər sevəsən,
o dildə danışmağınla, muğam, mahnı
oxumağınla qürur duyasan, minillik Azərbaycan
poeziyasını, zəngin ədəbi nümunələri
daim mütaliə edəsən, ünsiyyətdə olasan. Bax
o zaman bilərsən ki, Azərbaycan türkcəsi
dünyanın ən zəngin dillərindən biridir.
12 mart 2025-ci il
Mustafa ÇƏMƏNLİ
525-ci qəzet .- 2025.- 15 may(№83).- S.10.