Şair-qəzəlxan Mahcamal
Babayevanın 75 illiyi qeyd edilib
Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, prezident
mükafatçısı, şair-qəzəlxan Mahcamal
Babayevanın 75 illik yubileyinə həsr olunmuş “Hələ
də gec deyil” adlı ədəbi-bədii musiqili gecə
keçirilib.
AZƏRTAC xəbər verir ki, yazıçı Aysel
Fikrət qızının aparıcılığı ilə
keçən gecədə şairin qələm dostları və
ziyalılar iştirak ediblər.
Yazıçılar Birliyinin katibi, şair, dramaturq,
yazıçı İlqar Fəhmi çıxış edərək
Mahcamal xanımın klassik janrda yazdığı şeir
nümunələrində şairin öz dəst-xəti
olduğunu xüsusi qeyd edib. Yubilyarın müasir zamanı əks
edən qəzəllərində vətənpərvərliyi,
insanın duyğu və hisslərinin poetik tərzdə ifadəsinin
uğurlu olduğunu diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Televiziyasının rejissoru Nizami
Süleymanovun müəllifi olduğu şairin həyat və
yaradıcılığından bəhs edən qısa film
nümayiş olunub.
Tədbirdə “Azərbaycan” jurnalının baş
redaktoru, Əməkdar incəsənət xadimi İntiqam
Qasımzadə çıxış edərək klassik janrda
yazan müasir şairlər sırasında Mahcamal
Babayevanın xüsusilə seçildiyini bildirib, onun heca vəznində
yazdığı şeirlərin möhtəşəmliyini
qeyd edib.
“Qobustan” jurnalının baş redaktoru, yazıçı-dramaturq
Pərvin Nurəliyeva, professor, musiqişünas Zemfira Qafarova,
Əməkdar mədəniyyət işçisi Zöhrə
Əliyeva, Əməkdar incəsənət xadimi, bəstəkar
Elnarə Dadaşova, “Dədə Qorqud” Milli Fondunun rəhbəri,
“Azərbaycan dünyası” beynəlxalq jurnalının
baş redaktoru Eldar İsmayılov, Xalq artisti Şəfiqə
Eyvazova, Əmircan qəsəbəsinin ziyalıları
adından Hicran Şərifov və digər qələm sahibləri
çıxış edərək Mahcamal xanımın
müasir poeziyamızdakı rolunu qeyd edərək onun Azərbaycan
Yazıçılar Birliyinin üzvü kimi ədəbi və
ictimai proseslərdə fəal iştirakını
vurğulayıblar.
Gecədə Eldar İsmayılov tərəfindən
Mahcamal xanıma "Dədə Qorqud" mükafatı
verilib və aktyor Tural Əhməd şairin qəzəllərini
səsləndirib.
Yubilyar tədbirin iştirakçılarına və
təşkilatçılara minnətdarlığını
bildirib.
Bədii hissədə Xalq artistləri Şəfiqə
Eyvazova, Teyyub Aslanov, Əməkdar artist Bəsti Sevdiyeva, AMK
dosenti Mehri Arifqızı, gənc xanəndələr Məftun
Səfərli, Daşqın Kürçaylı, Mədinə
Səlimi və Cabbar Paşazadənin rəhbərliyi ilə
"Arazbarı" ansamblı çıxış edib.
525-ci qəzet .- 2025.-15 may(¹83).- S.9.